Uşaqlığın polipləri

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 5688

uşaqlığın poliplərinin səbəbləriUşaqlığın polipləri – endometriumun ocaqlı hiperplaziyası olub, uşaqlığın selikli qişasının enli əsas və ya ayaqcığa malik tək və yaxud çoxsaylı törəmələr şəklində patoloji böyüməsi ilə xarakterizə edilir. Uşaqlığın polipləri uşaqlıq qanaxmaları, vaxtaşırı yaranan ağrılar, sonsuzluqla təzahür edir. Diaqnostik məqsədlə ginekoloji müayinə – baxış, USM, histeroskopiya, histoloji müayinələr aparılır. Uşaqlığın poliplərinin müalicəsi: polipektomiya və uşaqlıq boşluğunun küretajı, bəzən isə uşaqlığın supravaginal amputasiyası və ya uşaqlığın ekstirpasiyası.

  • Uşaqlığın poliplərinın təsnifatı
  • Uşaqlığın poliplərinin yaranma səbəbləri
  • Uşaqlığın poliplərinin əlamətləri
  • Uşaqlığın poliplərinin diaqnostikası
  • Uşaqlığın poliplərinin müalicəsi
  • Uşaqlığın poliplərinin proqnoz və profilaktikası

Uşaqlığın polipləri barədə ümumi məlumat

Uşaqlığın polipləri (endometriumun polipləri)endometroid hüceyrələrin bazal qatından yaranan, uşaqlığın selikli qişası üzərində ayrı-ayrı qabarlar şəklində yerləşən xoşxassəli lokal törəmədir. Uşaqlığın poliplərinin ölçüləri geniş diapazonda dəyişir: bir neçə millimetrdən (küncüt toxumu böyüklüyündə) bir neçə santimetrə kimi (qolf üçün top). Endometriumun polipləri tək və ya çox saylı olub, uşaqlıq divarı ilə nazik ayaqcıq və ya enli əsas vasitəsilə birləşir. Endometriumun çoxsaylı polipləri uşaqlığın polipozu kimi qəbul edilir.

Adətən endometroid poliplər uşaqlıq boşluğunun hüdudlarından kənara çıxmır, lakin çox nadir hallarda onların servikal kanaldan uşaqlıq yoluna yayılması müşahidə olunur. Uşaqlığın polipləri müxtəlif yaş qrupuna aid pasiyentlərdə-cavan qızlar, orta və klimakterik yaşlı qadınlarda aşkarlanır; patologiyanın yayılma tezliyi 6-20% arasında variasiya edir. Çox zaman endometriumun polipləri servikal kanalın polipləri ilə müştərək şəkildə inkişaf edir. Ginekologiyada uşaqlığın polipləri xərçəngönü xəstəlik kimi qiymətləndirildiyindən onlar mütləq qaydada xaric olunmalıdır.

Uşaqlığın poliplərinin təsnifatı

Uşaqlığın poliplərinin fəsadlarıUşaqlığın polipi 3 komponentdən ibarətdir: endometrial vəzi, endometrial stroma və mərkəzi damar kanalı. Polip xaricdən epitel qatı ilə örtülü olur. Ayaqcıqda isə fibroz stroma və qalın divarlı damarlar ayırd edilir. Uşaqlığın polipləri xoralaşa, infeksiyalaşa, nekrozlaşa, hüceyrə metaplaziyasına uğraya bilər.

Morofoloji quruluşuna görə uşaqlığın polipləri vəzili, vəzili-fibroz, fibroz və adenomatoz növlərə bölünür. Vəzili poliplər tərkibində vəzi olan endometrium toxumasından əmələ gəlir, əsasən cavan yaşlarda inkişaf edir. Vəzili-fibroz polipoz törəmələr endometrium vəziləri və birləşdirici toxumadan (stromadan) yaranır; yetkin qadınlarda rast gəlinir. Uşaqlığın fibroz tipli polipləri adətən tək-tək vəzilərin rast gəlindiyi sərt birləşdirici toxumadan başlanğıc götürür; belə poliplər əksər hallarda 40 yaşdan yuxarı qadınlarda aşkarlanır. Uşaqlığın adenomatoz polipləri proliferasiya, struktur dəyişikliklərinin rast gəlindiyi vəzili epiteldən ibarətdir; endometriumun xərçənginə çevrilə bilir, bu səbəbdən xüsusi diqqət tələb edir.

Uşaqlığın polipləri arasında ağırlaşmış abort, doğuş, özbaşına düşük, inkişafdan qalmış hamiləlik zamanı ciftin uşaqlıq boşluğunda ləngiyən fraqmentlərindən formalaşan plasentar poliplər ayrıca qeyd olunur. Uşaqlığın plasentar polipləri uzunmüddətli gur qanaxmalarla təzahür edir, bu da gələcəkdə infeksiyalaşma və sonsuzluğa gətirib çıxara bilər.

Uşaqlığın poliplərinin yaranma səbəbləri

Uşaqlığın poliplərinin etiologiyasında neyrohumoral təsir və endometriumun iltihabı dəyişiklikləri başlıca yer tutur. Uşaqlığın polipləri bir qayda olaraq, endometriumun polipəbənzər törəmələr şəklində ocaqlı hiperplaziyası ilə müşayiət olunan yumurtalıqların hormonal disfunksiyası və hiperestrogeniya fonunda inkişaf edir. Uşaqlığın polipləri ilə yanaşı xəstələrdə estrogeniyanın səbəb olduğu digər xəstəliklərə – endometriumun vəzili hiperplaziyası, uşaqlığın fibroması, adenomioz, mastopatiya, polikistoz yumurtalıqlar və s. rast gəlinə bilər.

Uşaqlığın polipləri xroniki cinsi infeksiyalar və cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (endometrit, adneksit, ooforit), cərrahi abortlar zamanı uşaqlığın travmatizasiyası, endometriumun qaşınması, UDS-nin uzunmüddətli istifadəsi ilə əlaqədar yaranır. Patologiyanın risk qrupuna arterial hipertenziya, piylənmə, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, immun dəyişikliklər, sinir-psixi travmaları olan qadınlar aiddir.

Uşaqlığın poliplərinin əlamətləri

Uşaqlığın poliplərinin əlamətləriQuruluşundan asılı olmayaraq uşaqlığın bütün polipləri oxşar simptomatikaya malikdir. Gizli dövrdən sonra siklik və ya asiklik xarakterli disfunksional uşaqlıq qanaxmaları baş verir. Uşaqlığın polipləri zamanı menorragiyalar – gur aybaşı, qan qarışıqlı predmenstrual ifrazat, aybaşıarası dövrdə və cinsi aktdan sonra yaxılan qanlı ifrazat, metrorragiya, menopauzada qanaxmalar qeyd olunur. Adətən daimi qanaxmalar dəri örtüklərinin solğunluğu, başgicəllənmə, zəifliklə müşayiət edilən anemiyalara gətirib çıxarır.

Uşaqlığın iri ölçülü polipləri üçün patoloji selikli ifrazat, qarnın aşağı hissəsində tutmaşəkilli ağrılar, cinsi əlaqə zamanı diskomfort və ağrı xarakterikdir. Endometriumun polipləri reproduktiv yaşda olan qadınlarda əksər hallarda sonsuzluğa səbəb olur, hamilələrdə isə düşük və vaxtından qabaq doğuş riskini yüksəldir. Uşaqlığın poliplərinin əlamətləri endometrioz, uşaqlığın mioması, düşük təhlükəsinin təzahürləri ilə oxşar olduğundan müayinə prosesində bu patologiyalar differensiasiya edilməlidir.

Uşaqlığın poliplərinin diaqnostikası

Uşaqlığın poliplərinin müayinəsi ginekoloji və reproduktiv anamnezin toplanmasına, vaginal müayinə, kiçik çanağın USM, histeroskopiya və metroqrafiya, endometriumun diaqnostik qaşınması və sıyrıntının histoloji analizinə əsaslanır.

Ginekoloji müayinədə uşaqlığın poliplərini aşkar etmək olar, halbuki endometriumun polipləri adətn vizualizasiya və palpasiya olunmur. Kiçik çanağın USM prosesində uşaqlıq boşluğunun genişlənməsi, endometriumun qalınlaşması müəyyən edilir.

Histeroskopiya – servikal kanaldan yeridilən videokameralı cihazla  uşaqlıq boşluğunun müayinəsi uşaqlığın polipləri zamanı standart diaqnostik üsul sayılır. Bu zaman uşaqlıq boşluğunda vizual olaraq, tək və ya çoxsaylı, yumru və ya uzunsov, solğun-çəhrayı, sarımtıl və ya tünd-qırmızı törəmələr aşkarlanır. Histeroskopiya vasitəsilə poliplərin sayı, ölçüləri, lokalizasiyası təyin edilir, eləcə də eyni zamanda vizual nəzarət altında onların kəsilməsi həyata keçirilir, diaqnozun morfoloji verifikasiyası aparılır.

Toxuma nümunələrinin əldə edilməsi məqsədilə endometriumun diaqnostik qaşınması icra olunur. Metroqrafiya – uşaqlıq boşluğunun kontrast rentgenoqrafiyası  zamanı uşaqlıq boşluğunun nahamar sərhədləri, polipoz törəmələr müəyyən edilir.  Uşaqlığın poliplərinin transservikal yolla xaric edilməsindən əvvəl qadın infeksiyalara (mikoplazmoz, xlamidioz, qonoreya, trixomoniaz, kandidoz) görə müayinə olunmalı, cinsi yollardan götürülmüş yaxmanın onkositoloji və mikroskopik analizi aparılmalıdır.

Uşaqlığın poliplərinin müalicəsi

Uşaqlığın poliplərinin optimal müalicə üsulu endoskopik polipektomiya sayılır, histeroskopiya prosesində törəmələrin kəsilir və endometriumun qaşınması aparılır. Ayaqcıqlı poliplər «burulma» yolu ilə xaric edilir, residivlərin qarşısını almaq üçün yara sahəsi elektrokoaqulyasiya və ya kriogen yolla yandırılır. Polipektomiya və qaşınmadan 3-4 gün sonra USM-nəzarət məsləhət görülür.

Uşaqlığın poliplərinin histerorezektoskopiyasından sonra 10 gün ərzində cinsi yollardan qanlı yaxılan ifrazatlar, spastik ağrılar müşahidə oluna bilər. İnfeksiyaların profilaktikası məqsədilə bu dövrdə cinsi aktivlik məhdudlaşdırılmalıdır. Sonrakı müalicə taltikası polipin histotipindən, xəstənin yaşından və aybaşı siklinin pozulmalarının olmasından asılıdır.

Uşaqlığın fibroz tipli polipi zamanı aybaşı disfunksiyası olmadıqda polipektomiya, uşaqlıq boşluğunun küretajı ilə kifayətlənilir. Uşaqlığın vəzili və ya vəzili-fibroz polipləri xaric olunduqdan sonra istənilən yaş dövründə əlavə hormonal müalicə təyin edilməlidir. Hormonal proseslərin normallaşması üçün oral kontraseptivlər (KOK-etinilestradiolun dienogest və ya dezogestrellə kombinasiyası), uşaqlıqdaxili hormonal vasitə «Mirena», gestagenlərdən (progesteron, noretisteron, didrogesteron) istifadə olunur.

Uşaqlığın adenomatoz polipləri aşkar olunduqda daha radikal müalicə tələb olunur. Premenopauza və ya postmenopauza dövründə olan qadınlarda uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya icra olunur. Maliqnizasiya riski və ya endokron pozğunluqlar zamanı panhisterektomiya-uşaqlığın artımlarla birgə xaric edilməsi göstəriş sayılır.

Uşaqlığın poliplərinin proqnoz və profilaktikası

Uşaqlığın polipləri residivləşməyə meylli olur. Residivləşən poliplər 1.5% hallarda bədxassəli şişə çevrilir; endometriumun xərçənginin yüksək inkişaf riski adenomatoz poliplərlə bağlıdır. Bu səbəbdən müalicədən sonra xəstə ginekoloqun müşahidəsi altına alınmalıdır. Uşaqlığın polipləri müalicə olunmadıqda anemiya, hətta sonsuzluqla nəticələnir. Endometriumun polipləri düşük ehtimalını artırdığından hamiləliyin aparılması zamanı bu amili nəzərə almaq lazımdır.

Endometriumun poliplərinin profilaktikası uşaqlıq və artımların iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsindən, yumurtalıqların disfunksiyasının korreksiyasından, uşaqlıqdaxili manipulyasiyaların ehtiyatla aparılmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: