Uşaqlığın subseroz mioması
Uşaqlığın subseroz mioması — miometriumun saya əzələ hüceyrələrindən inkişaf edən, uşaqlığın serozaltı qatında yerləşən hormondan asılı xoşxassəli şişdir. 60-70% hallarda xəstəlik simptomsuz gedir. Bəzi pasiyentlərdə qarnın aşağı hissəsində və bel nahiyəsində ağrılar, reproduktiv funksiyanın pozulması, çanaq orqanlarının sıxılması əlamətləri qeydə alınır. Diaqnozun təsdiqlənməsi üçün USM, uşaqlığın angioqrafiya və doppleroqrafiyası, çanaq orqanlarının tomoqrafiyası, laparoskopiya təyin edilir. Müalicə hormonal preparatların tətbiqindən, miomektomiya və radikal müdaxilələrin aparılmasından ibarətdir.
- Subseroz miomanın yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Subseroz miomanın əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Subseroz miomanın müalicəsi
- Proqnoz və profilaktika
Uşaqlığın subseroz mioması barədə ümumi məlumat
Subseroz və ya peritonaltı miomalar (leyomiomalar) əsasən 30 yaşdan yuxarı qadınlarda aşkarlanır. Bununla yanaşı son illər 20-30 yaş qrupunda xəstəliyin yayılması 30-35% artmışdır. Menopauza dövründə subseroz miomaya çox nadir hallarda rast gəlinir, adətən aybaşı funksiyasının pozulması şişin involyusiyası ilə müşayiət olunur. Qızlarda menarxenin başlanmasına qədər miomatoz düyünlər müşahidə edilmir. Belə statistika subseroz miomanın inkişafında hormonal amilin aparıcı rolunu təsdiqləyir.
Uşaqlığın subseroz miomasının yaranma səbəbləri
Ginekologiya sahəsinin əksər mütəxəssislərinin fikrincə subseroz leyomiomalarin yaranması endokrin dəyişikliklər və miometrium hüceyrələri səviyyəsində gedən patoloji dəyişikliklərlə əlaqədardır. Hormonal disbalansın birbaşa səbəbləri aşağıdakılardır:
- Mərkəzi tənzimin pozulması. Baş beyin damarlarının travma və zədələnmələri, şiş, daimi stresslər hipotalamo-hipofizar nahiyənin sekretor aktivliyinə təsir edir. Bu tip dəyişikliklərin təzahürlərindən biri yumurtalıqların endokrin funksiyasını tənzimləyən qonadotrop hormonların – FSH və LH hipersekresiyasıdır.
- Ekstragenital endokrin patologiya. Hipotireoz, autoimmun tireoidit, şəkərli diabet, böyrəküstü vəzin xəstəlikləri və digər patologiyalar estrogenlərin sintezinin pozulması və onların ayrı-ayrı fraksiyaları arasındakı nisbətin dəyişməsi ilə gedir.
- Yumurtalıqların xəstəlikləri. Uşaqlıq artımlarının neoplaziyaları, iltihabi proseslər və travmatik zədələnmələri zamanı miometrium hüceyrələrinin proliferativ aktivliyinə təsir edən əsas qadın cinsi hormonlarının – estrogen və progesteronun sekresiyası pozula bilər.
- Piylənmə. Adipositlər endokrin sekretor aktivliyə malik olub, estrogen hasil edir.
- Uzunmüddətli hormonal kontrasepsiya. Sintetik cinsi hormonların köməyilə ovulyasiyanın davamlı tormozlanması onların təbii produksiyasını poza bilər.
- Kiçik çanaq orqanlarında durğunluq. Aşağı fiziki aktivlik, qeyri-müntəzəm cinsi həyat uşaqlıq və artımlarda venoz durğunluğa səbəb olur, bu da sonralar hormonal disbalansın inkişafı ilə nəticələnir.
Subseroz miomalı pasiyentlərin hamısında hormonal dəyişikliklər aşkar edilmədiyindən bəzi müəlliflər hesab edir ki, xəstəliyin yaranmasında miometrium hüceyrələrinin patoloji həssaslığı və ya aktivliyi mühüm rol oynayır. Bu dəyişikliklər aşağıdakı amillərlə bağlı olur:
- İrsi amil. Alimlər tərəfindən miomatoz düyünlərin inkişafına təsir edən 2 qrup gen müəyyən edilmişdir. Onlardan biri miometrium hüceyrələrinin proliferasiyasını artırır, digərləri isə estrogen və progesterona həssaslığı dəyişir.
- Miometriumun travmaları. Tez-tez təkrarlanan abortlar, uşaqlıqa aparılan invaziv diaqnostik və müalicəvi prosedurlar, cərrahi müdaxilələr saya əzələ hüceyrələrinin lokal dəyikliklərinə səbəb olur.
Uşaqlığın subseroz miomasının patogenezi
Subseroz düyünün formalaşmasının ilk mərhələsində patoloji dəyişikliklər hüceyrə səviyyəsində gedir. Bəzi saya əzələ hücerələrində cinsi hormonların təsirindən mübadilə prosesləri sürətlənir, bununla yanaşı toxuma keçiriciliyinin artması qeyd olunur. Patogenezin ikinci mərhələsi mikroskopik düyünlərin yaranması ilə xarakterizə edilir. Üçüncü mərhələdə törəmə makroskopik təyin edilir. Düyünlər onları qidalandıran damarlardan ibarət nazik ayaqcıq və ya enli əsasa malik olur. Subseroz miomanın patogenezinin ən vacib anı prolefirasiyaya uğrayan hüceyrələrin hormonların stimulyasiyasına həssaslığının azalması və şişin sonrakı inkişafının autoparakrin amillərin təsiri altında baş verməsidir. Xəstəlik inkişaf etdikcə miometriumun yığılma qabiliyyətinin zəifləməsi və qonşu orqanlara təzyiqlə təzahür edir.
Uşaqlığın subseroz miomasının təsnifatı
Subseroz leyomiomalar düyünlərin sayı, ölçüləri, histoloji quruluşu və lokalizasiyasına görə fərqlənir. Xəstəlik aşağıdakı kriteriyalar üzrə təsnif edilir:
- Öçülərinə görə. Ölçüləri 20mm-dən az olan (4-5 həftəlik hamiləliyə qədər) kiçik, 20-60 mm (4-5 həftəlikdən 10-11 həftəliyə qədər) – orta, 60 mm-dən böyük olan (12 həftəlikdən çox) – iri submukoz şişlər ayırd edilir.
- Düyünlərin sayına əsasən. Peritonaltı miomalar tək və ya çoxsaylı ola bilər.
- Morfoloji quruluşuna görə. Saya əzələ hüceyrələrinin tipi və proliferativ aktivliyinə nəzərən sadə subseroz mioma, proliferasiyaedici düyünlər və predsarkoma qeydə alınır.
- Yerləşmə xüsusiyyətlərinə əsasən. Subseroz törəmələr uşaqlığın səthində və ya onun bağları arasında yerləşə; enli əsas və ya ayaqcığa malik ola bilər.
Uşaqlığın subseroz miomasının əlamətləri
Klinik simptomatika yalnız 30-40% pasiyentlərdə müəyyən edilir və xəstəliyin xeyli müddət əvvəl yaranmasına dəlalət edir. Tək saylı və kiçik neoplaziyalar adətən simptomsuz inkişaf edir və ginekoloji USM-də təsadüfən aşkarlanır. Düyünlərin subseroz böyüməsi üçün aybaşı siklinin pozulması xarakterik deyil. Şiş enli əsasa malik olduqda miometriumun yığılma aktivliyi pozula bilər, bu da gur və uzunmüddətli aybaşılar, dəri solğunluğu, ümumi halsızlıq, tez yorulma, aşağı əmək qabiliyyəti, periodik başgicəllənmələr, baş ağrıları ilə müşayiət edilən anemiyanın inkişafına səbəb olur.
İri ölçülü şişlərdə ağrı sindromu və qonşu orqanların sıxılması əlamətləri izlənilir. Pasiyentlər aybaşı vaxtı bel nahiyəsində güclənən periodik ağrılardan şikayət edir. Miomatoz düyünün peritona bitişdiyi hallarda ağrı hissiyyatı çox güclü olur. Neoplaziyanın sidik kisəsinə təqyiqi zamanı sidiyə getmə çağırışları tezləşir. Düz bağırsağın sıxılması qəbizlik, defekasiyanın tezləşməsi, hemorraidal düyünlərin böyüməsi ilə özünü büruzə verir. Bəzi pasiyentlərdə mioma ətraflardan venoz axını pozur, bu da ödemlə müşahidə olunur. Submukoz şişlərdən fərqli olaraq, peritonaltı neoplaziyalar reproduktiv funksiyaya az təsir edir – sonsuzluq yalnız düyünün təsirindən uşaqlığın əyilməsi və ya onun boşluğunun əhəmiyyətli dərəcədə deformasiyasının rast gəlindiyi qadınlarda izlənilir.
Uşaqlığın subseroz miomasının ağırlaşmaları
Subseroz miomanın ən təhlükəli ağırlaşmalarına bel və qarnın aşağı hissəsində intensiv ağrılar, halsızlıq, tərləmə, qusma, hərarətin yüksəlməsi, düz bağırsaq və sidik kisəsinin funksiyasının pozulması ilə müşayiət olunan ayaqcığın burulması, nekroz və ya infarkt aiddir. Törəmənin peritonaltı lokalizasiyası zamanı qanaxma səbəbindən ikincili anemiya, sonsuzluq və hamiləliyin vaxtından əvvəl pozulması (spontan düşük), şişin miksomatoz transformasiyası, endometriumda hiperplastik proseslər müşahidə edilə bilər. Maliqnizasiya çox nadir hallarda baş verir (0,25-0,75% -dən az hallarda).
Uşaqlığın subseroz miomasının diaqnostikası
Subseroz miomanın diaqnozunun qoyulmasında törəməni aşkar edən, onun ölçülərini, qan təhcizatının xüsusiyyətlərini, lokalizasiyasını, quruluşunu təyin edən xüsusi müayinə üsullarından istifadə olunur:
- Ginekoloji baxış. Bimanual müayinə zamanı böyümüş uşaqlıq və onun səthində düyünlər palpasiya olunur.
- Transvaginal və transabdominal USM. Uşaqlıqla əlaqəli olubqarın boşluğuna doğru böyüyən şişlər aşkarlanır, onların ölçüləri, quruluş və lokalizasiyası müəyyən edilir.
- Uşaqlığın doppleroqrafiyası və angioqrafiyası. Qan cərəyanının intensivliyini qiymətləndirilməsinə, uşaqlığın qan damar sisteminin vizualizasiyasına, bədxassəli prosesə dəlalət edən əlamətlərin təyininə imkan verir.
- Çanaq orqanlarının MRT və KT. Kiçik çanaq orqanları və miomatoz düyünlərin maksimal dəqiq topoqrafik şəklinin əldə olunmasını təmin edir.
- Diaqnostik laparoskopiya. Subseroz miomalar açıq-çəhrayı rəngli, parlaq hamar səthə malik yumru törəmələr şəklində izlənilir.
Laborator analizlərdən qanın ümumi analizi (eritropeniya, aşağı səviyyəli hemoqlobin qeyd olunur) və cinsi hormonların (FSH, LH, estradiol, progesteron) səviyyəsinin təyini məsləhət görülür. Differensial diaqnostika hamiləlik, uşaqlığın sarkoması, yumurtalıqların şişləri və retroperitoneal törəmələrlə aparılır. Ehtiyac olduqda müayinə prosesinə onkoginekoloq, endokrinoloq, uroloq, cərrah, terapevt cəlb edilir.
Uşaqlığın subseroz miomasının müalicəsi
Kiçik ölçülü neoplaziyaları olan xəstələrdə şikayətlərin və neoplaziyanın böyümə əlamətlərinin olmadığı, reproduktiv funksiyaların saxlanıldığı hallarda ildə 1 dəfə ginekoloji baxışdan keçməklə dinamik müşahidə tövsiyyə olunur. Xəstəliyin digər formalarında müvafiq konservativ, kombinəolunmuş və ya cərrahi müalicə aparılır. Ölçüləri 60 mm-dən kiçik, zəif böyüyən şişlər və mülayim klinik simptomatika zamanı hormonal və simptomatik terapiya göstəriş hesab olunur. müalicə sxeminə aşağıdakı qrup preparatlar daxil ola bilər:
- Qonadotrop hormonların sekresiyasının inhibitorları. Antiqonadotropin və QnRH (qonadotrop rilizinq- hormonların) aqonistlərin təyini düyünlərin ölçülərinin stabilləşməsinə və kiçilməsinə səbəb olur.
- Gestagen və estrogen-gestagen preparatlar. Hormonal disbalansı korreksiya edir, reproduktiv yaşda olan qadınlarda şişin böyüməsini dayandırır, aQnRH və antiqonadotropinlərin təsirini stabilləşdirir.
- Androgenlər. Hamiləlik planlaşdırmayan, yaşı 45-dən yuxarı olan qadınlarda aybaşı funskiyasının medikamentoz yolla kəsilməsi məqsədilə istifadə edilir.
- Simptomatik vasitələr. Ağrı sindromu zamanı analgetiklər, metrorragiyalarda hemostatiklər və uşaqlığı yığan preparatlar təyin olunur. Göstərişlərə əsasən dəmir, vitaminlər, mineral kompleksləri və s. qəbul edilir.
Kombinəolunmuş müalicə ölçüsü 50mm-dən başlayan, zəif böyüyən tək və ya çoxsaylı törəmələr, klinik simptomatika fonunda reproduktiv yaşda olan pasiyentlər üçün optimal variantdır. Bu zaman konservativ miomektomiyadan əvvəl miomatoz düyünlərin böyüməsini stabilləşdirmək üçün QnRH aqonistləri təyin edilir. Residivlərin profilaktikası məqsədilə postoperasion dövrdə qonadotrop hormonların sekresiyasını inhibə edən preparatlarla müalicə kursu aparılır.
İntensiv böyüyən, ölçüləri 60 mm-dən böyük olan şişlər, ifadəli ağrı sindromu, metrorragiyalar, reproduktiv funksiyalar və çanaq orqanlarının fəaliyyətinin pozulması zamanı cərrahi müalicə icra olunur. Submukoz miomalardan fərqli olaraq, subseroz neoplaziyaların müalicəsində yüksək nekroz riski ilə əlaqədar uşaqlıq arteriyalarının embolizasiyası məsləhət görülmür. Qadının reproduktiv planı və xəstəliyin gedişi nəzərə alınmaqla müxtəlif orqanqoruyucu və radikal müdaxilələr həyata keçirilir:
- Laproskopik və laparotomik miomektomiya. Subseroz düyünlərin kəsilməsi və enukleasiyası üçün mexaniki, lazer- və elektrocərrahi alətlərdən istifadə olunur.
- FUS-ablasiya. Az invazivliyinə baxmayaraq, bu üsul məhdud şəkildə tətbiq edilir. 6-dan çox düyünlər, iri ölçülü neoplaziyalar, ayaqcıqlı şişlərdə FUS-ablasiyanı təyin etmək olmaz.
- Poluradikal və radikal əməliyyatlar. Transvaginal, laparoskopik və ya laparotomik əməliyyatlar zamanı defundasiya, uşaqlığın yüksək və adi supravaginal amputasiyası və ya total ekstirpasiyası icra edilir.
Uşaqlığın subseroz miomasının proqnoz və profilaktikası
Subseroz mioma aşağı maliqnizasiya riski və qənaətbəxş proqnoza malik xoşxassəli törəmədir. Xəstəliyin erkən diaqnostikası və düzgün müalicə taktikası aybaşı və reproduktiv funksiyanı bərpa etməyə imkan verir. Subseroz düyünlərin və şiş olduqda ağırlaşmaların yaranma riskini azaltmaq üçün dinamik müşahidə (xüsusən hiperestrogeniya ilə müşayiət olunan xəstəliklərdə), kontrasepsiya üsullarının rasional istifadəsi, invaziv prosedurların yalnız ciddi göstərişlər üzrə aparılması tövsiyə olunur.