Uşaqlıq artımlarının iltihabı

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 4311

uşaqlıq artımlarının iltihabı nədir?Uşaqlıq artımlarının iltihabı – yumurtalıq və uşaqlıq borularında gedən iltihabi prosesdir. Patologiyanın səbəbi uşaqlıq artımlarına daxil olan bakteriya və viruslardır. Xəstəliyin əsas təkanverici amili yerli və ümumi immunitetin zəifləməsi ilə nəticələnən soyuqlamadır. Uşaqlıq artımlarının iltihabı müxtəlif simptomatika ilə təzahür edir: qarnın aşağı hissəsində dartıcı ağrılar və az miqdarda ifrazatdan tutmuş aybaşı siklinin pozğunluqları ilə müşayiət olunan kəskin iltihabı prosesə kimi. Bu səbəbdən düzgün diaqnoz qoymaq məqsədilə laborator, differensial və instrumental üsulları birləşdirən hərtərəfli diaqnostika aparılır. Müalicənin əsas mərhələsini spesifik etiotrop terapiya təşkil edir, remissiya dövründə isə profilaktik tədbirlərin aparılmasına üstünlük verilir.

  • Uşaqlıq artımlarının yaranma səbəbləri
  • Uşaqlıq artımlarının təsnifatı
  • Uşaqlıq artımlarının əlamətləri
  • Uşaqlıq artımlarının ağırlaşmaları
  • Uşaqlıq artımlarının diaqnostikası
  • Uşaqlıq artımlarının müalicəsi

Uşaqlıq artımlarının iltihabı barədə ümumi məlumat

Uşaqlıq artımlarının iltihabı bir və ya ikitərəfli ola bilər. Tibb mütəxəssisləri xəstəliyin son zamanlar daha geniş yayılmasını qeyd edirlər. Pasiyentlər arasında cavan qadınlar və yaşı 30-dan az olan qızlara daha çox rast gəlinir, onlar həm də risk qrupunu təşkil edirlər. Bu ilk növbədə cinsi azadlıq, cinsi partnyorların tez-tez dəyişdirilməsi, cinsi infeksiyalar ilə yoluxma riskini azaldan baryer kontraseptivləri əvəz edən KOK-un istifadəsi ilə əlaqədardır.

Tibb ədəbiyyatında xəstəliyin digər adları – adneksit, salpinqooforit (2 terminin birləşməsindən yaranan: «salpingit» – fallop borularının iltihabı, «ooforit»-yumurtalıqların iltihabı) da qeyd olunur. Adneksitin silinmiş, gizli formaları daha ağır fəsadlarla – uşaqlıqdan kənar hamiləlik, düşük halları, sonsuzluqla nəticələnir.  Təcrübəli ginekoloq və elmi ekspertlərin fikrincə uşaqlıq artımlarının iltihabı müasir ginekologiyanın aktual problemlərindən sayılır və xüsusi diqqət tələb edir. Xəstəliyin müalicəyə çətin tələb olan ağırlaşmalarının qarşısını almaq üçün hər bir qadın müntəzəm olaraq ginekoloq müayinəsindən keçməlı və narahatçılıqlarını bildirməlidir.

Uşaqlıq artımlarının iltihabının səbəbləri

Uşaqlıq artımlarının iltihabının səbəbləriXəstəliyin səbəbi müxtəlif yollarla qadın cinsiyyət sisteminin yuxarı hissələrinə (yumurtalıq, fallop boruları və bağlar) daxil olan virus, bakteriya və digər patogen mikroorqanizmlərdir. İnfeksiyanın ən çox rast gəlinən yoluxma mexanizmi qalxan yol hesab edilir. Bu zaman törədici qadın cinsiyyət sisteminin aşağı hissələrindən –uşaqlıq boynu, uşaqlıq yolu, eləcə də infeksiyalaşmış qonşu orqanlardan – sidik kanalı, sidik axarları, düz bağırsaqdan yayılır. Adətən belə hallarda xəstəliyin törədiciləri bağırsaq çöpləri, qonokokk, xlamidiya, strepto-, stafikokokk, göbələklər və onların assosiasiyaları olur. Qalxan infeksiyanın çox rast gəlinən səbəbləri uşaqlıq yolunun normal mikroflorasının və yerli immunitetin pozulmaları ilə müşayiət olunan cinsi yolla ötürülən xəstəliklər, gigiyenik qaydalara riayət olunmaması, cinsi partnyorların tez-tez dəyişdirilməsidir.

İnfeksiyanın enən və ya ikincili yolla yayılmasına az hallarda rast gəlinir. Bu hal kiçik çanaq orqanlarının yaxınlığında kəskin iltihabi proses olduqda (məsələn, peritonitlə ağırlaşmış appendisit) müşahidə olunur. İnfeksiyanın yayılmasının daha az rast gəlinən üsulu hematogen yol (infeksiyalaşmış qan) hesab olunur. Proses sepsislə müşayiət olunur. Eləcə də uşaqlıq artımlarının hematogen infeksiyalaşmasına spesifik törədici – Kox çöpü tərəfindən yaranan genital vərəm səbəb ola bilər.

Birtərəfli lokalizasiyalı iltihabi proseslər adətən bağırsaq cöpləri, streptokokk və stafilokklar tərəfindən törədilir. Kox cöpü və qonokokk əksər hallarda uşaqlıq artımlarının ikitərəfli iltihabını yaradır. İnfeksiyanın törədicisi yuxarıda sadalan yollardan birilə fallop(uşaqlıq) borularının selikli qişasına daxil olur, tədricən qişanın dərinliyinə keçərək, yanaşı yerləşən seroz qişa və əzələ liflərinə yayılır. Daha sonra proses daha böyük sahələri- yumurtalıqların epitel qatı və çanaq peritonunu əhatə edir. Yumurtalıq və butun uşaqlıq borusunun iltihabı ilə müşayiət olunan geniş əhatəli zədələnmələr zamanı tuboovarial abses formalaşa bilər. Uşaqlıq artımlarının iltihabına kirpikli epitelin normal aktivliyi, hərəkətini  və uşaqlıq borularının yığılma qabiliyyətini məhdudlaşdıran çoxsaylı bitişmələr də səbəb ola bilər.

İmmunitetə neqativ təsir göstərən soyuqlama, stress və digər hallar adneksitin inkişafına təkan verir. Lakin bu faktorlar uşaqlıq artımlarının iltihabının əsas səbəbləri hesab olunmur və orqanizmdə infeksiya olmadıqda onların təsirindən patologiya yaranmır.

Uşaqlıq artımlarının iltihabının təsnifatı

Xəstəlik kəskin və xroniki gedişə (residivlərlə və ya residivsiz) malik olur. Uşaqlıq artımlarının kəskin iltihabının kliniki şəkli ifadəli əlamətlərlə müşahidə olunur.  Zədələnmiş orqan tərəfdə lokazlizasiya olunmuş və ya bütün qarın boşluğuna yayılan, düz bağırsaq, büzdüm, belə irradiasiya olunan ağrı, bədən hərarətinin yüksəlməsi (38-40°С), ifrazat (o cümlədən irinli ifrazat) aşkar olunur.  Laborator müayinələr zamanı EÇS-nin kəskin artması və leykositlərin artması ilə müşayiət olunan qan formulunun patoloji sola yerdəyişməsi izlənilir. Ginekoloji kresloda palpasiya zamanı «kəskin qarın», əzələ müdafiəsi mexanizmi, yüksək gərginlik müşahidə olunur. İnfeksion prosesin kliniki təzahürləri –qusma, ishal, halsızlıq, AT və nəbzin azalması, ürək-damar sisteminin dəyişiklikləri, böyrək çatışmazlığının əlamətlərinə rast gəlmək mümkündür.

Uşaqlıq artımlarının xroniki itihabının əlamətlərinə qarnın aşağı hissəsində dartılan, vaxtaşırı güclənən ağrı hissi, bədən hərarətinin periodik olaraq az nəzərəçarpan və ya mülayim dərəcədə qalxması (38°С –yə qədər), müxtəlif intensivlik və rəng dəyişikliyinə malik ifrazat aiddir.  Əlamətlər siklik xarakter daşıyır və keçib gedir, residivlər isə 7 günə qədər davam edir. 50% hallarda aybaşı siklinin pozğunluqları qeyd olunur. Menorragiya-güclü və uzunmüddətli aybaşı qanaxmaları; metroragiya- aybaşı arası dövrdə uşaqlıq qanaxmaları, oliqomenoreya inkişaf edə bilər.

Uşaqlıq artımlarının iltihabının əlamətləri

Uşaqlıq artımlarının iltihabının əlamətləriUşaqlıq artımlarının iltihabı kəskin və xroniki formalarda mərhələli gedişə malik olur.  Hər bir mərhələnin simptomatika və müalicəsi öz spesifikliyi ilə fərqlənir. Kəskin gediş zamanı xəstəliyin hər bir mərhələsinə uyğun patoqnomik əlamətlər aydın şəkildə izlənilir.

Toksiki mərhələ intoksikasıya əlamətlərilə xarakterizə olunur. Bədən hərarəti mülayim dərəcədə yüksəlmiş, yüksək, bəzən çox yüksək (40-41°С-yə qədər) olur. Titrətmə, qarında köp və ağrı, dizuritik pozğunluqlar (sidik ifrazının pozulması), dispeptik əlamətlər (ishal, qusma) müşahidə olunur. Cinsiyyət sisteminin pozulmalarına gur ifrazat, güclü, lokalizasiya olunmuş və ya yayılan ağrı, qanaxmalar aiddir.  Əlamətlər 1-1.5 həftə ərzində izlənilir, sonra isə xəstəliyin ikinci mərhələyə keçməsi (septiki mərhələ), tam sağalma (uşaqlıq artımlarının adekvat müalicəsi zamanı) və ya patologiyanın xronikləşməsi (daxili immun müdafiənin hissəvi fəaliyyəti zamanı) baş verir.

Septiki mərhələ üçün əlamətlərin ağırlaşması, halsızlıq, başgicəllənmə, anaerob infeksiyanın qoşulması nəticəsində perforasiya təhlükəsi olan tuboovarial absesin formalaşması xarakterikdir. İltihabi prosesin kiçik çanaq orqanları və peritona yayılması xəstənin həyatına təhlükə törədən pelvioperitonitlə nəticələnir.

Xronizasiya mərhələsində xəstəliyin əlamətləri az nəzərəçarpan olur. Periodik olaraq güclənən, siklin bu və ya digər fazalarına uyğun küt ağrılar müşahidə olunur. Bədən hərarətinin cüzi yüksəlməsi, aybaşı funksiyasının pozulmaları, cinsi sferada (ağrılı cinsi akt, libidonun azalması və s.), ümümi halın pisləşməsi, əmək qabiliyyətinin azalmasına rast gəlinir. Uzunmüddət davam edən xroniki iltihab zamanı müalicə aparılmadıqda MBS (kolit və s.) və sidik sisteminin (pielonefrit, residivləşən sistit və s.) xəstəlikləri inkişaf edə bilər.

Uşaqlıq artımlarının iltihabının ağırlaşmaları

Vaxtında düzgün müalicə aparılmadıqda uşaqlıq artımlarının kəskin iltihabının ən ağır fəsadı – peritonit  yaranır. Xroniki iltıhab əksər hallarda sonsuzluqla ağırlaşır. Uşaqlıq artımlarının iltihabının səbəb olduğu qarışıq genezli sonsuzluq müalicəyə çox çətin tabe olur, bu, fallop borularının fizioloji funkasiyalarının azalması (yığılma qabiliyyəti və kirpikli qatın fəaliyyətinin pozulması) və ya tam keçməməzliyinə yumurtalıqların zədələnməsi nəticəsində yaranan hormonal disfunksiyanın əlavə olunması ilə əlaqədardır. Aybaşı siklinin pozulmaları, ovulyasıyanın olmaması qadın cinsiyyət sisteminin ciddi funksional və anatomik dəyişikiklərinə gətirib çıxarır.

Uşaqlıq artımlarının xroniki iltıhabı zamanı ilfiltratların formalaşması fallop borularında sklerozlaşma proseslərinin inkişafı ilə ağırlaşa bilər. Bu, ektopik (uşaqlıqdan kənar) hamiləlik və ağrılı bitişmələrin formalaşmasının əsas səbəbi hesab olunur. Patologiyanın qonşu orqanlara yayılması əksər hallarda xolesistit (kəskin və xroniki), kolit, pielonefritin inkişafı ilə nəticələnir.

Uşaqlıq artımlarının iltihabının diaqnostikası 

Ginekoloqun ilkin müayinəsi xəstənin anamnestik məlumatlarina əsaslanaraq uşaqlıq artımlarının kliniki şəklinin  qıymətləndirilməsinə yönəlir. Bu zaman aparılan abortlar, UDS (uşaqlıqdaxili spiral), doğuş prosesinin ağırlaşmaları, uğurla başa çatmayan hamiləliklər, cinsi partnyorların sayı, sağıamlıq vəziyyəti, şikayətlər nəzərə alınır. Ginekoloji krosloda müayinə zamanı (bimanual müayinə) uşaqlıq artımlarının iltihabının xarakterik əlamətləri aşkar edilir. Onlar uşaqlıq artimlarının bir və ya ikitərəfli ağrılı böyüməsi ilə təzahür edir.

Mikrofloranın bakterioloji müayinəsi və antibiotikoqramma, eləcə də uşaqlıq yolu, servikal kanal və sidik kanalından götürülən yaxmanın mikroskopik müayinəsi törədicinin növünü və onun titrini (konsentrasiyasi) təyi etməyə kömək edir. Bu məlumatlara əsasən kiçik çanaq orqanında gedən iltihabın ağırlıq dərəcəsini müəyyən etmək olar. Kiçik çanaq orqanlarının USM müayinəsində uşaqlıq artımlarının iltihabi törəmələri, onların lokalizasiyası (hidrosalpinks, piosalpinks) izlənilir. Uşaqlıq artımlarının diaqnostikasında intrumental üsullardan da istifadə olunur: diaqnostik laparoskopiya fallop borularında irinli törəmələri, bitişmə proseslərini aşkar edir. Bu üsul diaqnostik müayinə və müalicəvi müdaxilələri birləşdirməyə imkan verir. Uşaqlıq boşluğunun kontrast maddə yeridilməklə aparılan rentgenoloji müayinəsi –histerosalpinqoqrafiya zamanı fallop borularının patoloji dəyişiklikləri və onların keçiriciliyi müəyyən edilir.

Uşaqlıq artımlarının iltihabının müalicəsi 

Uşaqlıq artımlarının iltihabının kəskin fazası zamanı müalicə stasionar şəraitində aparılır. Xəstəyə yataq rejimi, fiziki və psixi sakitlik, asan həzm olunan qidalar, sidik ifrazına nəzarət etməklə adekvat miqdarda su  qəbulu təyin olunur.   Adneksitin əsas müalicəsi- törədicinin növü nəzərə alınmaqla aparılan (penisillin, tetrasiklin, makrolid, aminoqlikozid, flüorxinolon) antibakterial etiotrop terapiyadır. Anaerob infeksiyanın qoşulma təhlükəsi olduqda müxtəlif qrup antibiotiklərin kombinasiyasi (məsələn, yuxarıda sadalanan preparatlarla metronidazol-damardaxili, peroral) təyin olunur.

Konservativ terapiyada həmçinin ağrıkəsici preparatlar, intoksikasiya əlamətləri və onların nəticələrini aradan qaldıran vasitələrdən (infuzion terapiya) istifadə olunur. Uşaqlıq artımlarının iltihabının irinli ağırlaşmaları zamanı cərrahi üsul tətbiq edilir. İlk növbədə az travmatik ginekoloji əməliyyat- laparoskopik müdaxilə, uşaqlıq yolunun arxa tağının punksiyası yolu ilə kisəyəbənzər törəmənin irinli möhtəviyyatının evakuasiyası və dərman preparatlarının yeridilməsinə üstünlük verilir. Xəstəliyin ağır formalarında, irinli ərimə riski olduqda uşaqlıq artımlarının cərrahi yolla çıxırılması göstərişdir.

İltihabın kəskin əlamətləri aradan qaldırıldıqdan sonra fizioterapevtik üsullar: ultrasəs, Mg, K, Zn preparatları ilə elekrofarez, vibromassajdan istifadə olunur. Bu metodlar həmçinin uşaqlıq artımlarının xroniki iltihablarının müalicəsində etiotrop antibakterial terapiya ilə yanaşı təyin olunur. Sanator-reabilitasion terapiya bitişmə proseslərinin yaranmasının qarşısını almağa və onların sorulmasına kömək edir. Palçıq terapiyası, parafinlə müalicə, müalicəvi vannalar  və natrium xlorid və sulfid tərkibli mineral sularla yuyulmaların aparıldığı kurortlar tövsiyyə olunur.

Uşaqlıq artımlarının iltihabının proqnoz və profilaktikası

Uşaqlıq artımlarının kəskin iltihabının vaxtında aşkar olunması və adekvat müalicəsi zamanı tam kliniki sağalma orta hesabla 10 günə əldə edilir. Adneksitin xroniki mərhələsində müntəzəm müayinələr, dəstəkləyici terapiya, sanator-reabilitasion tədbirlərin aparılması və  xəstənin vəziyyətinin nəzarətdə saxlanılması vacibdir.

Residivlərin yaranmasının qarşısını almaq məqsədilə, xüsusən risk qrupuna daxil olan xəstələrdə (uşaqlıqdaxili spiralın istifadəsi, anamnezdə uğursuz hamiləlik və abortlar) xəstəliyi yaradan amilləri- cinsi yolla keçən infeksiyalar, soyuqlama, stressi  istisna etmək lazımdır. Rasional kontrasepsiya üsullarından istifadə etmək, patologiyanın törədicisi nəzərə alınmaqla kiçik çanaq orqanlarının xəstəliklərinin adekvat terapiyasını aparmaq, profilaktik məqsədlə il ərzində minimum 1 dəfə ginekoloq müayinəsindən keçmək məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: