Uşaqlıq borularının keçməməzliyi
Uşaqlıq borularının keçməməzliyi – fallop borularının mənfəzinin tutulması və ya disfunksiyası olub, yumurtahüceyrə və spermatozoidlərin orqan daxilində hərəkətinin mümkünsüzlüyü, mayalanma və embrionun implantasiyaönü inkişafı üçün əlverişli mühitin olmaması ilə müşayiət olunur. Uşaqlıq borularının keçməməzliyi sonsuzluq, çanaq ağrıları sindromu, alqomenoreya, leykorreya və ya uşaqlıqdan kənar hamiləliyin inkişafı ilə təzahür edə bilər. Diaqnoz kiçik çanaq orqanlarının USM, ExoHSQ, HSQ, histeroskopiya, laparoskopiya, fertiloskopiyanın nəticələrinə əsasən qoyulur. Uşaqlıq borularının keçməməzliyi zamanı medikamentoz terapiya, cərrahi korreksiya, EKM tətbiq olunur.
- Uşaqlıq borularının keçməməzliyinin səbəbləri
- Uşaqlıq borularının keçməməzliyinin əlamətləri
- Uşaqlıq borularının keçməməzliyinin diaqnostikası
- Uşaqlıq borularının keçməməzliyinin müalicəsi
Uşaqlıq borularının keçməməzliyi barədə ümumi məlumat
Uşaqlıq borularının keçməməzliyi- fallop borularının anatomo-fizioloji dəyişikliyi olub, onların fəaliyyətinin-yumurtahüceyrə ilə əlaqəsi, mayalanma prosesi, mayalanmamış və ya mayalanmış yumurtahüceyrənin uşaqlıq boşluğuna transportunun pozulmasına səbəb olur. Hazırda reproduktologiya və ginekologiyada qadın sonsuzluğu mövzusu xüsusi əhəmiyyət kəsb edir: onun birincili forması əksər hallarda 30 yaşdan kiçik qadınlarda qeyd olunur. Sonsuz qadınlarda uşaqlıq borularının keçməməzliyi bu patologiyanın öndə gedən (20-30% hallarda) və mürəkkəb səbəblərindən sayılır. Patologiya dayanıqlı kontraseptiv effektlə xarakterizə olunur, çox zaman yüksək texnoloji tibbi yardımın və köməkçi rekroduktiv üsulların cəlb olunması ilə səbəblərin korreksiyasını tələb edir.
Uşaqlıq boruları mayalanma prosesində mühüm rol oynayır: fallop boruları spermatozoidlərin yumurtahüceyrə ilə rastlaşmasında, ovulyasiyadan sonra yetişmiş oositin qarın boşluğundan uşaqlığa keçməsində ötürücü funksiya daşıyaraq, mayalanma və hamiləliyin ilk 7-10 günündə embrionun inkişafı üçün əlverişli şərait yaradır. Uşaqlıq borularının keçməməzliyi zamanı yumurtahüceyrə spermatozoidlə rastlaşa bilmir və qısa müddətdən sonra mayalanmamış halda məhv olur, mayalanma baş verdikdə isə boru kanalında ləngiyərək, onun selikli qişasına implantasiya olunur, nəticədə uşaqlıqdan kənar hamiləlik inkişaf edir.
Uşaqlıq borularının keçməməzliyinin səbəbləri
Uşaqlıq borularının keçməməzliyi zədələnmənin lokalizasiyası (birtərəfli, ikitərəfli), kanalın bağlanma səviyyəsi, obstruksiya dərəcəsi (tam, hissəvi) və yaranma səbəblərinə əsasən sistemləşdirilir. Patologiya fallop borularının struktur dəyişiklikləri (orqanın olmaması, natamam inkişafı, mənfəzin daralması və ya bağlanması) və ya fizioloji pozğunluqlarla (əzələ qatının hipotonusu, rigidliyi, kirpiklər, xovlar-fimbriyaların adinamiyası, onların hərəkətinin diskoordinasiyası) ilə bağlı ola bilər. Uşaqlıq borularının keçməməzliyi adətən reproduktiv sistemin digər xəstəliklərinın ağırlaşması kimi inkişaf edir. Uşaqlıq borularının keçməməzliyinə cinsiyyət orqanlarının geniş yayılmış spesifik və qeyri spesifik infeksion-iltihabi prosesləri, endometrioz, uşaqlıq boruları və uşaqlığın selikli qişasının mexaniki travmaları, hidrosalpinks, uşaqlıq borularının mayasının qoyulması, embrio- və postembriogenezin anadangəlmə anomaliyaları (izoləolunmuş şəkildə və ya uşaqlıq və uşaqlıq yolunun inkişaf qüsurları ilə birgə) səbəb ola bilər.
Cinsi yolla keçən infeksiyalar (qonoreya, sifilis, xlamidioz, mikoplazmoz və s.), genital vərəm uşaqlıq borularının quruluşu və inkişafının pozulmasının ən çox rast gəlinən etioloji amillərdən sayılır. İltihabi prosesin kəskin fazasında keçməməzlik uşaqlıq borularının selikli qişasının güclü ödemi, iltihabın sönməsi və ya onun ləng gedişi zamanı isə çapıq və bitişmələrin formalaşması nəticəsində yaranır. Uşaqlıq artımlarının bir dəfə iltihablaşmasından sonra uşaqlıq borularının keçməməzliyinin yaranma ehtimalı 12%, 2 dəfədən sonra – 35%, 3 dəfədən sonra 75%-ə qədər təşkil edir. Həmçinin uşaqlıq bucaqları nahiyəsində inkişaf edən iri ölçülü miomalar və endometriumun polipləri də uşaqlıq borusunun kanalının tutulmasına səbəb ola bilər. Bir sıra hallarda tibbi manipulyasiyalar (küretaj üsulu ilə abort, diaqnostik qaşınma, histeroskopiya, EKM cəhdləri, uşaqlıqdaxili kontrasepsiya), çətin doğuşlar iltihab və bitişmələrin inkişafı (Aşerman sindromu) ilə müşayiət olunur, bu zaman uşaqlıq boşluğunda yaranan birləşdirici toxuma ipləri fallop borularının girişini bağlaya bilər.
Patologiyanın inkişafında peritoneal amillər – kiçik çanaqda bitişmələr və ya törəmələr tərəfindən uşaqlıq borularının xaricdən sıxılması böyük rol oynayır. Qarın və çanaq boşluğunda kəskin iltihabi proseslər (ooforit, enterokolit, proktit, appendisit, ureterit, peritonit) fibrinin çökməsi ilə gedir, bu da tez bir zamanda uşaqlıq borularının quruluşunun deformasiyasına və topoqrafiyasının pozulmasına səbəb olan iri və sərt çapıqların yaranması ilə nəticələnir. Müalicədən sonra fallopiya boruları nahiyəsində bitişmənin qalmadığı hallarda keçməməzlik müvəqqəti xarakter daşıyır. Peritonun fibrin bitişmələrin yaranması ilə müşahidə olunan analoji reaksiyası çanaq nahiyəsində travmalar və cərrahi əməliyyatlardan (yumurtalığın kistasının partlaması və kistektomiya, uşaqlıqdan kənar hamiləlik zamanı tubotomiya, miomektomiya, appendektomiya, qarın boşluğunun reviziyası və s.) sonra baş verə bilər. Xarici bitişmələr uşaqlıq borusunun divarına birbaşa yapışaraq, onun burulmasına və ya yaxın məsafədən keçməklə onun mənfəzinin sıxılması və ya tutulmasına (adətən bir tərəfdə) səbəb olur.
Uşaqlıq borularının kiçik çanaqda iri ölçülü (3-4 sm-dən böyük) şişlər və kistalarla, hematomalar, abseslərlə kompressiyası boru kanalının tam bağlanması ilə nəticələnə bilər. Uşaqlıq borularının funksional pozğunluqları hormonal disbalans (yumurtalıq və böyrəküstü vəzilərin disfunksiyası, yumurtalıqların polikistozu), uzunmüddətli stress, qarın nahiyəsi və onurğa sütununun bel şöbəsinin travmaları, neyrodegenerativ proseslər zamanı innervasiyanın pozulması nəticəsində yaranır.
Uşaqlıq borularının keçməməzliyinin əlamətləri
Uşaqlıq borularının keçməməzliyi əksər hallarda klinik əlamətlərlə müşahidə olunmur və qadının ümumi halına təsir etmir, yalnız arzuolunan hamiləliyin baş tutmaması ilə bağlı aparılan müayinələr zamanı aşkar olunur. Uşaqlıq borularının keçməməzliyi heç bir xarakterik əlamətə malik olmayıb, onun yaranmasına səbəb olan əsas xəstəliyin və ya inkişaf edən ağırlaşmanın əlamətləri ilə müşayiət oluna bilər.
Birtərəfli keçməməzlik zamanı hamilə qalmaq ehtimalı mövcud olsa da, bu göstərici 50% təşkil edir; patologiya ikitərəfli olduqda bir qayda olaraq, boru sonsuzluğu inkişaf edir. Hissəvi keçməməzlik (uşaqlıq borusunun müəyyən bir sahəsində daralma və ya funksional çatışmazlıq) zamanı mayalanma istisna edilmir. İzoləolunmuş tam boru keçiriciliyində mənfəzin bağlanması ilə əlaqədar mayalanma mümkün olmur, kontrasepsiyadan istifadə etmədən müntəzəm cinsi münasibətdən 1 il sonra hamiləliyin izlənilməməsi zamanı sonsuzluğun inkişafına dəlalət edir.
Kəskin və xroniki residivləşən iltihabi proses fonunda uşaqlıq borularının keçməməzliyi zamanı qadınlarda sonsuzluq faktından əlavə, qarnın aşağı hissəində yüklənmələr, kəskin hərəkətlər və cinsi akt zamanı kəskinləşən mülayim və ya güclü ağrılar izlənilir. Qızdırma, selikli və ya irin qarışıqlı ifrazat müşahidə oluna bilər. Ləng gedişli infeksiya zamanı pasiyent vaxtaşırı çanaq ağrıları sindromu, alqomenoreya, gur ifrazatlardan şikayət edir. Temperatur reaksiyası izlənilmədən qarnın aşağı hissəsində mexaniki qıcıqlanmaların təsirindən kəskinləşən ağrılar bitişmə proseslərinin olmasından xəbər verir.
Uşaqlıq borularının hissəvi keçməməzliyi zamanı uşaqlıqdan kənar hamiləlik mümkündür. Erkən dövrlərdə amenoreya, qarnın aşağı hissəsində dartıcı ağrılar yaranır. Təsdiq olunmuş hamiləliyin 5-6-cı həftəsində uşaqlıq borusunun güclü gərilməsi və cırılması baş verdikdə ağrılar kəskinləşir, gur qanaxmalar, halsızlıq, taxikardiya yaranır, sidik ifrazı pozulur. Ağrı şoku arterial təzyiqin kəskin azalması və bayılma halı ilə müşayiət olunur. Pelvioperitonitin inkişafı zamanı hərarət yüksəlir, qadının həyatı təhlükə altına alınır.
Uşaqlıq borularının keçməməzliyinin diaqnostikası
Diaqnoz ultrasəs, rentgenokontrast və endoskopik müayinələr – USHSS, histerosalpinqoqrafiya (HSQ), histeroskopiya, xromohidrotubasiya ilə aparılan laparoskopiya, transvaginal hidrolaparoskopiyanın (fertiloskopiyanın) nəticələrinə əsasən qoyulur.
Kiçik çanaq orqanlarının USM vasitəsilə cinsiyyət orqanlarının quruluşu, xəstədə müntəzəm ovulyasiyanın olması, ehtimal olunan iltihab, bitişmələr, hidrosalpinks, törəmələrin olması müəyyənləşdirilir. Uşaqlıq borularının tam keçməməzliyi zamanı tətbiq olunan ExoHSQ prosesində steril fizioloji məhluldan istifadə etməklə uşaqlığın divarlarının gərilməsi və onun boşluğunun genişlənməsi müşahidə olunur; hissəvi forma və bitişmə prosesi zamanı bu əlamətlər izlənilmir. Uşaqlıq borularının HSQ-nın köməyilə əldə olunan kontrast rentgenoqrammasında mənfəzin formasına əsaslanaraq borunun hər bir şöbəsində keçməməzliyin olması, onun dərəcəsi və maneənin lokalizasiyası (onun xarakteri dəqiqləşdirilmədən) müəyyən edilir.
Uşaqlıq borularının kontrastlaşdırılması ilə birgə aparılan diaqnostik laparoskopiya onların ölçü və formalarını, inkişaf qüsurlarını, burulmaları, boru kanallarının daralmış və genişlənmiş sahələrini; divarın rigidliyini, eləcə də uşaqlıq və yumurtalıqların, peritonun və digər orqanların vəziyyətini, bitişmə prosesi, xarici endometriozun ifadəliyini birbaşa qiymətləndirməyə imkan verir. Bu üsulun köməyilə müxtəlif kənaraçıxmaları korreksiya etmək mümkündür. Transvaginal hidrolaparoskopiya (fertiloskopiya) fizioloji üsulla aparıldığına görə informativ və az travmatik hesab olunur.
Əlavə olaraq qan və sidiyin analizi, vaginal yaxmanın bakterioloji müayinəsi, hormonların təyini, serodiaqnostika (xlamidiya, ureaplazma və mikoplazmaya görə İFA) tətbiq olunur. Cinsi partnyora spermoqramma təyin olunur. Ginekoloq-endokrinoloq, reproduktoloqun konsultasiyası aparılır.
Uşaqlıq borularının keçməməzliyinin müalicəsi
Uşaqlıq borularının keçməməzliyinin müalicəsi onu yaradan səbəblərin aradan qaldırılmasına yönəldilir və xəstənin hərtərəfli müayinəsindən sonra təyin olunur. Müalicə taktikası cütlüyün reproduktiv funksiyasının vəziyyətindən asılıdır. Cinsiyyət sisteminin iltihabi xəstəlikləri zamanı uşaqlıq boruları və uşaqlığın selikli qişasında degenerativ proseslərin inkişafının qarşısını almaq məqsədilə erkən mərhələlərdə medikamentoz terapiya aparılır. İltihabəleyhinə və antimikrob preparatlar, aybaşı siklinin pozğunluqları müşahidə edildikdə hormonal vasitələr tətbiq olunur. Vitaminlər, Ca preparatları, immunoterapiya, fizioprosedurlar (US-terapiya, lazeroterapiya, Ca və Mg ilə elektrofarez, uşaqlıq və uşaqlıq artımlarının elektrostimulyasiyası, ginekoloji masaj, balneoterapiya) təyin oluna bilər. Müalicə dövründə cinsi əlaqədən imtina etmək lazımdır.
Uşaqlıq borularının üzvi mənşəli keçməməzliyinin müalicəsi cərrahi müdaxilələr və köməkçi reproduktiv üsullarla (EKM) icra olunur. Cərrahi korreksiya hamiləliyin özbaşına yaranma ehtimalının yüksək olduğu (partnyorların yüksək fertilliyi, müntəzəm ovulyasiya, boruların hissəvi keçməməzliyi) yaşı 35-dən az olan qadınlara məsləhət görülür. Kiçik çanaq orqanlarının törəmələri, bitişmə prosesləri və irinli iltihab ocaqlarının likvidasiyası, tubektomiya, uşaqlıq borularının mənfəzinin bərpa olunması məqsədilə laparoskopiya, rekonsktruktiv plastika aparılır. Uşaqlıq borularının keçiriciliyinin bərpası üzrə aparılan əməliyyatlar uşaqlıqdan kənar hamiləliyin yaranma riskini artırdığına görə cərrahi müalicədən sonra hamiləlik faktı təsdiq olunduqda erkən mərhələlərdə USM-nəzarət icra olunmalıdır. 40 yaşdan yuxarı qadınlarda əməliyyatdan sonra 1-1,5 il ərzində hamiləlik müşahidə olunmadıqda, eləcə də uşaqlıq borularının tam keçməməzliyi zamanı EKM üsullarından istifadə etmək məqsədəuyğundur.
Uşaqlıq borularının keçməməzliyinin inkişafının profilaktik tədbirlərinə arzuolunmaz hamiləlikdən və CYKİ-dən qorunma üsullarının tətbiqi, cinsiyyət orqanlarının iltihabi proseslərinin, endometriozun vaxtında müalicə olunması aiddir.