Uşaqlıq borularının xoşxassəli şişləri
Uşaqlıq borularının xoşxassəli şişləri — zəif sürətlə böyüyən qeyri-invaziv, həcmli törəmələr olub, fallop borularının epitel, əzələ, seroz qişalarından və ya ətraf toxumalardan inkişaf edir. Adətən klinik olaraq təzahür etmir. Həcmli neoplaziyalar zamanı diskomfort hissi, qarnın aşağı hissəsində ağrı, ətraf toxumaların sıxılması əlamətləri, sonsuzluq müşahidə oluna bilər. Diaqnoz ginekoloji müayinə, çanaq orqanlarının USM, KT, MRT, histerosalpinqoqrafiya, ultrasonoqrafiya, laparoskopiyanın köməyilə qoyulur. Müalicə cərrahi yolladır: laparoskopik və ya laparotomik adneksektomiya, tubektomiya, uşaqlığın artımlarla birgə ekstirpasiyası və ya uşaqlıq yolu üstü amputasiyası.
- Uşaqlıq borularının xoşxassəli şişlərinin yaranma səbəbləri
- Patogenez
- Uşaqlıq borularının xoşxassəli şişlərinin əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Uşaqlıq borularının xoşxassəli şişlərinin müalicəsi
- Proqnoz və profilaktika
Uşaqlıq borularının xoşxassəli şişləri barədə ümumi məlumat
Uşaqlıq (fallop) borularının xoşxassəli şişləri – nadir ginekoloji patologiya olub, adətən postmenopauza dövründə aşkarlanır. Onkologiya, mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən qadın cinsiyyət orqanlarının neoplaziyaları arasında uşaqlıqborularının xoşxassəli törəmələri 0,5-3% təşkil edir. Lakin onların simptomsuz gedişi, aşağı proqredientliyi və kiçik ölçülü olmalarına əsasən populyasiyada daha çox yayılmaları ehtimal olunur. Ən çox rast gəlinən xoşxassəli törəmələrə 1-2 sm ölçülü adenomatoid şişlər və teratomlar aiddir. Uşaqlıq borularının xoşxassəli şişlərinin vaxtında diaqnostikasının aktuallığı onların maliqnizasiyası və yumurtalıqlara, peritona, böyük piyliyə yayılması ilə bağlıdır.
Uşaqlıq borularının xoşxassəli şişlərinin səbəbləri
Şişəbənzər törəmələrdən (endometroid kista, xroniki qeyri-spesifik və vərəm mənşəli iltihabi proseslər zamanı epitel qatın adenomatoz proliferasiyası, hidrosalpinks, piosalpinksdən) fərqli olaraq, uşaqlıq borularının həqiqi xoşxassıli şişlərinin etiologiyası az yayılması ilə əlaqədar demək olar ki, öyrənilməmişdir. Fallop borularının xoşxassəli törəmələrinin mənşəyi ilə bağlı bir sıra hipotezlər işlənilir, lakin neoprosesin polietioloji olması ehtimal edilir. Neoplaziyaların ehtimal olunan yaranma səbəbləri aşağıdakılardır:
- İltihabi xəstəliklər. Əksər xroniki spesifik və qeyri-spesifik salpingit, adneksitlər zamanı ilk növbədə epitel hüceyrələri zədələnir. Uzunmüddətli infeksion-iltihabi reaksiya epiteliositlərin metabolizminə təsir edərək, epitel qatının hiperplaziyasına gətirib cıxara bilir.
- Embriogenezin pozulması. Uşaqlıq borularının yetişmiş teratomaların (dermoid kistaların) əmələ gəlməsinin başlıca səbəbinin disembriogenetik proseslər olması güman edilir. Embrional qatların differensiasiyasının pozulması və ya embriogenezin hər hansı bir mərhələsində baş verənanomal induksiya gələcəkdə xəstəliyə səbəb ola bilər.
- Mutagen amillərin təsiri. Uşaqlıq borularının normal toxumalarının şişə transformasiyası peşə zəhərləri (ilk növbədə ətirləndirici karbohidratlar), fiziki təsirlərdən (UB-şüalar, ionlaşdırıcı radiasiyadan) yarana bilər. Genetik materialın viruslarla zədələnməsi halları da mümkündür.
- İmmun çatışmazlıq halları. Anomal hüceyrə elementləri immun hüceyrələr və humoral amillər tərəfindən eliminasiya olunur. Fallop borularının müxtəlif qişalarının mutasiyaya uğramış hüceyrələrinin böyüməsinə nəzarətin itirilməsi stress, immunosupressorların qəbulu, İİV-infeksiya səbəbindən immunitetin zəfləməsi zamanı baş verir.
Uşaqlıq borularının xoşxassəli şişlərinin patogenezi
Uşaqlıq borularının xoşxassəli şişlərinin yaranma mexanizmi sona qədər müəyyənləşdirilməmişdir. Neogenezin əsasında hüceyrə elementlərinin bölünmə, böyümə, differnsiasiyasına nəzarətin itirilməsu dayanır. Provokasiyaedici amillərin təsirindən hüceyrənin DNT-si zədələnir, apoptoz mexanizmi (hüceyrənin genetik determinə olunmuş məhvi) pozulur. İmmun çatışmazlıq hallarında anomal hüceyrələr bölünməyə davam edir, bu da müvafiq toxumaların ocaqlı hiperplaziyası ilə müşayiət olunur, lakin xoşxassəli prosesdə hüceyrə atipiyası əlamətləri və həcmli törəmənin invaziyası müşahidə olunmur.
Embriogenezin erkən mərhələlərində toxumaların zədələnməsi adətən saktosalpinksə bənzər yetişmiş teratomaların inkişafına gətirib çıxarır. Epiteliositlərin prosesə cəlb olunması zamanı çox vaxt fallop borularının abdominal hissəsində yerləşən məməyəbənzər adenomalar və papillomalar, nadir hallarda isə poliplər inkişaf edir. Əzələ və birləşdirici toxuma liflərinin hiperplaziyası fallopiya borusunun uşaqlıq ucunda və ya enli uşaqlıq bağında leyomioma, fibromioma, fibromanın əmələ gəlməsi ilə müşayiət olunur. Eləcə də neoprosesə digər toxumalar cəlb olunması nəticəsində adenomatoid şişlər, lipoma, limfangioma, xondroma, nevrilemmanın formalaşması müşahidə olunur.
Uşaqlıq borularının xoşxassəli şişlərinin əlamətləri
Uşaqlıq borularının iltihabi proseslə ağırlaşmayan həqiqi xoşxassəli şişləri adətən simptomsuz gedişə malik olur və planlı müayinə zamanı və ya digər xəstəlik səbəbindən aparılan laparotomiya prosesində təsadüfən aşkarlanır. Kiçik ölçüləri və asta böyüməsi sayəsində neoplaziyalar ətraf toxumalara təzyiq göstərmir, ağrı sindromuna səbəb olmur. Nadir hallarda iri teratomalar zamanı qadınlarda qarnın aşağı hissəsində zədələnmiş tərəfdə ağırlıq, diskomfort, ağrı hissi izlənilir. Çanaq orqanlarının sıxılması əlamətləri: sidiyə və defekasiyaya çağırışların tezləşməsi, qəbizlik, meteorizm, sidik ifrazının çətinləşməsi, düz bağırsağa təzyiq hissi yaranır. Reproduktiv yaşda olan qadınların yeganə şikayəti qorunmamış, müntəzəm cinsi həyat zamanı hamiləliyin baş tutmamasıdır.
Uşaqlıq borularının xoşxassəli şişlərinin ağırlaşmaları
Fallop borularının mənfəzini daraldan həcmli törəmələr mayalanmış yumurtahüceyrənin hərəkətinə mane olaraq, uşaqlıqdan kənar hamiləliyə səbəb ola bilir. Tam obturasiya zamanı xoşxassəli şişlər boru sonsuzluğu, saktosalpinkslə ağırlaşır. Ampulyar hissədə yerləşən ayaqcıqlı epitelial törəmələr bəzən burularaq, toxumaların nekrozuna, kəskin qarının klinikasının inkişafına gətirib çıxarır. Şişlərin (xüsusən epitel mənşəli) maliqnizasiyası mümkündür. Bundan əlavə birsıra onkoginekoloqların fikrincə uşaqlıq borusunun əksər papilloma və adenomaları yüksək differensiasiyalı adenokarsinoma sayılır, bu da dolayı yolla belə törəmələr zamanı assitin inkişafı ilə təsdiqlənir.
Uşaqlıq borularının xoşxassəli şişlərinin diaqnostikası
Uşaqlıq borularının xoşxassəli həcmli törəmvə ələrinin diaqnozunun qoyulması klinik simptomatikanın zəif ifadəliyi və ya müşahidə olunmaması və tibb işçilərinin bu patologiyaya az diqqət yetirməsi səbəbindən çətinləşir. İlkin diaqnostika fizikal və instrumental müayinə, son diaqnostika isə patohistoloji müayinələrin nəticələrinə əsasən aparılır. Neoplaziyalar zamanı aşağıdakı müayinə üsulları məsləhət görülür:
- Ginekoloji kresloda baxış. Şiş uşaqlıq artımları nahiyəsində six-elastik konsistensiyalı, hamar səthli, ətraf toxumalarla birləşməyən həcmli törəmə şəklində palpasiya edilə bilər. Kiçik ölçülü neoplaziyalar adətən palpasiya zamanı müəyyən olunmur.
- Kiçik çanaq orqanlarının USM. Şişin ölçüləri, quruluşu, səthinin xüsusiyyətlərini təyin etməyə imkan verir. Diaqnozun dəqiqliyinin artırmaq məqsədilə tomoqrafiya (KT, MRT), histerosalpinqoqrafiya, uşaqlıq borularının ultrasonoqrafiyası aparılır.
- Diaqnostik laparoskopiya. Uşaqlıq artımlarının vizualizasiyası şiş prosesinin dəqiq lokalizasiyasını və onun uşaqlıq boruları ilə əlaqəsini dəqiq müəyyənləşdirməyə imkan verir. Ehtiyac olduqda müayinə prosesində şişin quruluşunun öyrənilməsi məqsədilə biopsiya aparılır.
Son diaqnozun qoyulması adətən çıxarılmış törəmənin histoloji analizindən sonra mümkündür. Uşaqlıq borularının xoşxassəli şişləri yumurtalıqların xoşxassəli şişləri, uşaqlıq borularının xərçəngi, endometroid poliplər, istmik nodoz salpingit, hidrosalpinks, piosalpinks, tuboovarial abses, uşaqlıq artımlarının vərəmi ilə differensiasiya edilir. Göstərişlər olduqda xəstə ftiziatr, onkoloq, infeksionist müayinəsinə yönəldilir.
Uşaqlıq borularının xoşxassəli şişlərinin müalicəsi
Uşaqlıq borularının həqiqi xoşxassəli şişlərinin qeyri-medikamentoz və medikamentoz müalicəsi aparılmır. Reproduktiv yaşda olan xəstələrdə imkan daxilində zədələnmiş toxumanın funksiyası saxlanılır, neoplaziyanın inkişafı dinamik müşahidə altına alınır, boru sonsuzluğunun müalicəsi aparılır. Perimenopauza dövründə şiş prosesinin aşkarlanması əksər hallarda cərrahi müdaxiləyə göstəriş hesab olunur. İri ölçülü, qonşu orqanlara təzyiq göstərən, ağırlaşmış gedişli törəmələr zamanı əməliyyat qısa müddət ərzində aparılmalıdır. Müdaxilənin həcmi şişin növündən, qadının yaşı və reproduktiv planından asılıdır. Uşaqlıq borularının neoplaziyası olan xəstələrdə aşağıdakı əməliyyatlar aparılır:
- Laparoskopik adneksektomiya. Zədələnmiş tərəfdə uşaqlıq artımlarının histoloji ekspress-diaqnostika ilə aparılan endoskopik çıxarılması klimakterik dövrdə seçim əməliyyat hesab olunur. Ovarial və tubar xoşxassəli şişlərin differensiasiyası hətta intraoperasion mərhələdə çətinlik törətdiyindən belə əməliyyatlar radikal sağalmanı təmin edir və maliqnizasiyanı vaxtında təyin etməyə imkan verir. Dərin postmenopauza dövtündə ağır ekstragenital patologiyalar və uşaqlıq borularının törəmələrinin aşkarlanması zamanı tubektomiya aparılır.
- Laparatomik adneksektomiya. Uşaqlıq borularının xoşxassəli şişlərinin ayaqcığının burulması zamanı klassik boşluqlu əməliyyatın aparılması məsləhət görülür. Həmçinin endoskopik müdaxilənin tətbiqini və yumurtalığın digər şişləri ilə differensial diaqnostikasını çətinləşdirən iltihab fonunda yaranan dəyiyikliklərlə müşayiət olunan uşaqlıq borularının xoşxassəli şişləri laparotomiyaya göstəriş hesab olunur. Boşluqlu əməliyyatlar şişin maliqnizasiyalaşması histoloji yolla təsdiq olununduqda müdaxilənin həcmini genişləndirməyə imkan verir. Postmenopauza dövründə daha radikal əməliyyatlar- uşaqlığın artımlarla birgə ekstirpasiyası və ya uşaqlıq yolu üstü amputasiyası aparılır.
Uşaqlıq borularının xoşxassəli şişlərinin proqnoz və profilaktikası
Xoşxassəli şişin vaxtında aşkarlanması və əməliyyatın lazimi həcmdə aparılması zamanı xəstəliyin proqnozu qənaətbəxşdir. Uşaqlıq borularının xoşxassəli patologiyalarının etiologiya və patogenezi kifayət qədər öyrənilmədiyindən neoplaziyaların birincili profilaktikası tam hazırlanmamışdır. Şiş prosesinin profilaktikasında qadın cinsiyyət sisteminin iltihabi xəstəliklərinin adekvat terapiyası, kontrasepsiyanın baryer üsulları, təsadüfi cinsi əlaqələrdən imtina müəyyən qədər rol oynayır. İkincili profilaktikaya müntəzəm olaraq mama-ginekoloqun müayinəsindən keçmək və 40-yaşdan sonra ildə 2 dəfə USM-skrininq aiddir.