Uşaqlıq boynunun çapıq deformasiyası
Uşaqlıq boynunun çapıq deformasiyası (UBÇD) — uşaqlıq boynunun anatomik formasının postravmatik və ya anadangəlmə pozulması olub, servikal kanal çatışmazlığı ilə xarakterizə edilir. Əksər hallarda klinik simptomatika zəif ifadə olunur. Patologiya uşaqlıq boynunun selikli ifrazatı, dispareuniya, çanaq ağrıları, aybaşının müddətinin uzanması ilə təzahür edir. Diaqnozun qoyulması zamanı anamnestik məlumatlar, vaginal güzgülərlə müayinə, kolposkopiya, sitomorfoloji və laborator müayinələrin nəticələri nəzərə alınır. Müalicə məqsədilə cərrahi üsullardan: ablasiya, traxeloplastika, konizasiya, dairəvi tikişin qoyulması.
- Uşaqlıq boynunun çapıq deformasıyasının səbəbləri
- Patogenez
- Təsnifat
- Uşaqlıq boynunun çapıq deformasıyasının əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Uşaqlıq boynunun çapıq deformasıyasının müalicəsi
- Proqnoz və profilaktika
Uşaqlıq boynunun çapıq deformasiyası barədə ümumi məlumat
Ginekologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən uşaqlıq boynunun anadangəlmə və posttravmatik xarakterli çapıqlı dəyişikliklərinin tezliyi 15,3-54,9% təşkil edir, reproduktiv dövrdə olan qadınlar arasında bu göstərici 70%-ə çata bilər. Xəstəlik ilk doğuşu 30 yaşdan sonraya təsadüf edən pasiyentlərdə daha çox aşkarlanır. Servisitin rast gəlindiyi qadınlarda normal epitelin çapıq toxuması ilə əvəzlənmə ehtimalı yüksək olur. UBÇD-nin profilaktika, erkən diaqnostika və müalicəsinin aktuallığı xəstəliyin sonsuzluq, iltihabi və onkoloji proseslərin inkişaf riskini əhəmiyyətli dərəcədə yüksəltməsi ilə izah olunur.
Uşaqlıq boynunun çapıq deformasiyasının səbəbləri
Uşaqlıq boynunun normal anatomik quruluşunu pozan çapıqların formalaşması adətən epitel, ətraf əzələlər və birləşdirici toxumanın zədələnməsinə səbəb olan bir sıra proses və müdaxilələrlə əlaqədar baş verir. Çapıqlı deformasiyanın ən geniş yayılmış səbəbləri aşağıdakılardır:
- Patoloji doğuş. Servikal kanalın kifayət qədər açılmaması ilə gedən sürətli doğuşlar, mamalıq maşalarının qoyulması, dölün iri olması və ya onun qeyri-düzgün vəziyyəti zamanı uşaqlıq boynunun cırılmaları baş verir. 30 yaşdan sonra ana olan qadınlarda bu zədələnmələrin ehtimalı 2 dəfə artır.
- İnvaziv manipulyasiyalar. Abortlar, uşaqlıq boşluğu və onun artımlarında aparılan müalicəvi-diaqnostik prosedurlar və endoskopik əməliyyatlar zamanı epitelin tamlığı pozulur.
- Tikişlərin qoyulması zamanı yol verilən səhvlər. Doğuş prosesində və ya kobud invaziv manipulyasiyalar nəticəsində yaranan cırılmalar düzgün tikilmədikdə regenerasiya prosesi pozulur.
Çox nadir hallarda uşaqlıq boynunun çapıq tipli deformasiyası anadangəlmə olur, belə vəziyyətlərdə patologiya adətən qadın cinsiyyət sisteminin digər orqanlarının patologiyaları ilə müştərək inkişaf edir.
Uşaqlıq boynunun çapıq deformasiyasının patogenezi
Çapıq deformasiyasının formalaşması zamanı ekzo- və endoserviksin zədələnmiş sahələrinin fizioloji bərpa prosesləri pozulur. Cırılma zonasında epitel hüceyrələrinin əvəzinə birləşdirici toxuma proliferasiya edir. Əvvəlcə o, elastik olur, lakin çapıq formalaşdıqca toxumanın dartılma və yığılma qabiliyyəti zəifləyir. Nəticədə servikal kanal tam bağlanmır və öz müdafiə funksiyasını itirir. Təkrar doğuşlarda çapıq dəyişiklikləri olan uşaqlıq boynunun tam açılmaması onların gedişi ağırlaşdırır. Dərin zədələnmələrdə cırıqların kənarları loskut şəklində sağala bilər. Servikal kanalın çatışmazlığı ektropionun inkişafı ilə müşayiət olunur.
Uşaqlıq boynunun çapıq deformasiyasının təsnifatı
UBÇD-nin dərəcəsinin təyinində bir sıra kriteriyalar – xarici əsnəyin çatışmazlığı, çapıqların say və ölçüləri, endo-və ekzoserviksin, ətraf toxumaların vəziyyəti nəzərə alınır. Çapıqlı deformasiyaların 4 dərəcəsi ayırd edilir:
- I dərəcə. Xarici əsnək barmaq ucu və ya 1 barmaq ölçüsündə açıqdır. Servikal kanal konus formasındadır, onun zirvəsini uşaqlığın daxili əsnəyi təşkil edir. Tək və ya çoxsaylı köhnə cırılmaların dərinliyi 2 sm-dən azdır. Servikal kanalın aşağı hissələrində ektropion əlamətləri aşkarlanır.
- II dərəcə. Xarici uşaqlıq əsnəyini identifikasiya etmək mümkün deyil. Uşaqlıq boynu ön və arxa dodaqlara «parçalanmışdır», köhnə cırılmalar tağlara qədər yayılır. Endoserviks tamamilə çevrilir.
- III dərəcə. Köhnə cırılmalar vaginal tağlara çatır. Xarici əsnək müəyyən edilmir. Uşaqlıq boynunun dodaqlarından biri hipertrofiyalaşmışdır. Epitelin displaziyası və iltihabi prosesin əlamətləri qeydə alınır.
- IV dərəcə. Uşaqlıq yolu tağlarına qədər yayılan köhnə cırılmaların çanaq dibi əzələlərinin çatışmazlığı ilə müştərəkliyi müşahidə edilir.
Uşaqlıq boynunun çapıq deformasiyasının əlamətləri
I dərəcəli UBÇD zamanı əksər hallarda xəstəlik yeganə əlamət – uşaqlıq boynunun selikli ifrazatının çoxalması ilə təzahür edir. II-IV dərəcəli çapıqlı deformasiyalarda bəzi pasiyentlər qarnın aşağı hissəsi və bel-oma nahiyəsində dartılan və ya sızıltılı ağrılardan şikayət edir. İnfeksiyanın qoşulması zamanı ifrazatların rəngi dəyişərək, bulanıq, ağımtıl və ya sarı olur. Adətən aybaşıların dövriliyi pozulmur, lakin davametmə müddətləri 1-2 gün uzanır. 13-15% hallarda qadınlar cinsi əlaqə zamanı ağrı hiss edir. Uşaqlıq boynu nahiyəsində çapıqlı deformasiyanın əsas əlamətlərindən biri də mayalanma və hamiləliyin davam etdirilməsinin mümkün olmamasıdır.
Uşaqlıq boynunun çapıq deformasiyasının ağırlaşmaları
Çapıq deformasiyası çox zaman ikincili infeksiyanın qoşulması – xroniki servisitin inkişafı ilə ağırlaşır. Servikal kanalın müdafiə funksiyasının zəifləməsi iltihabi prosesin endometriuma, uşaqlıq boruları və yumurtalıqlara yayılmasına gətirib çıxarır. Endoserviks uşaqlıq yolunun turş mühitinin daimi təsirinə məruz qaldığından eroziya, displaziya, leykoplakiya, polip, bədxassəli şişlərin yaranma ehtimalı yüksəlir. Çapıqlaşmış uşaqlıq boynu təbii doğuşların gedişini ağırlaşdırır və ya onları mümkünsüz edir. Xəstəlik uşaqlıq boynu sonsuzluğunun səbəblərindən sayılır.
Uşaqlıq boynunun çapıq deformasiyasının diaqnostikası
Anamnezdə ağırlaşmış doğuşlar və ya invaziv prosedurların olması servikal kanal və uşaqlıq boynunda çapıqlı dəyişikliklərdən şübhələnməyə əsas verir. Diaqnozun təsdiqlənməsi üçün aşağıdakı müayinələrdən istifadə olunür:
- Ginekoloji kresloda müayinə. Vaginal güzgülərlə baxış zamanı xarici əsnəyin genişlənməsi, köhnə cırılmalar, ektropion əlamətləri aşkarlanır. Xarici əsnək 1 barmaq ölçüsündə açıq olur.
- Kolposkopiya. Mikroskop altında uşaqlıq boynu və servikal kanalın çapıqlı dəyişikliklərinin xarakteri ətraflı öyrənilir.
- Sitomorfoloji müayinə. Yaxmaların sitologiyası və bioptatın histologiyası uşaqlıq boynu hücyerələrinin vəziyyətini qiymətləndirməyə, eləcə də toxuma degenerasiyasını vaxtında müəyyən etməyə imkan verir.
- Laborator diaqnostika. İltihabi proseslər olduqda spesifik və qeyri-spesifik infeksion agentləri təyin etmək üçün seroloji analizlər, PZR və floraya görə əkilmə icra olunur.
Kobud çapıqların aşkarlanması diaqnozun qoyulmasını asanlaşdırır. Ağırlaşmalar olduqda onkoginekoloq və dermatoveneroloqun konsultasiyası tələb oluna bilər.
Uşaqlıq boynunun çapıq deformasiyasının müalicəsi
Xəstəlik anatomik dəyişikliklərlə müşayiət olunduğundan onun müalicəsinin cərrahi yolla aparılması məqsədəuyğundur. Müalicə üsulu deformasiyanın dərəcəsi, qadının reproduktiv planı və ağırlaşmalar nəzərə alınmaqla seçilir. Patologiya zamanı aşağıdakı əməliyyatlar məsləhət görülür:
- Ablasiya üsulları. Çapıqlaşmış toxumalar, ektropion, endoserviksin polipləri, displaziya və leykoplagiya sahələrinin xaric edilməsi üçün radiodalğalı və arqon-plazmalı müalicə, lazer vaporizasiya, kriodestruksiya, diatermokoaqulyasiya tətbiq edilir. Ablasiya üsulları hamiləlik planlaşdıran reproduktiv yaşlı qadınlarda uşaqlıq boynunun I dərəcəli deformasiyalarında effektiv hesab olunur.
- Тraxeloplastika. Rekonstruktiv əməliyyatlar zamanı çapıq toxumaları əzələ, selikli qişalar saxlanılmaqla hissəvi və ya tam soyulma üsulu ilə xaric edilir, servikal kanal bərpa olunur. Bu üsul II-III dərəcəli çapıq deformasıyası olan reproduktiv yaşlı pasiyentlərdə icra edilir.
- Konizasiya və traxelektomiya. Deformasiyanın intraepitelial neoplaziyalar və çanaq dibi əzələlərinin zəifliyi ilə kombinasiyası zamanı zədələnmiş sahələrin kəsilməsi və ya amputasiyası göstəriş sayılır. Radikal əməliyyatlar adətən yaşlı xəstələrdə aparılır.
- Dairəvi tikişlərin qoyulması. Hamiləlik dövründə istmiko-servikal çatışmazlığın əlamətləri müşahidə edildikdə uşaqlıq boynunun müdafiə funksiyası mexaniki üsullarla bərpa edilir. Əməliyyata alternativ olaraq, belə hallarda pessarium qoyula bilər.
Köməkçi medikamentoz üsullar iltihabi prosesin aradan qaldırılmasına yönəldilir. Uşaqlıq yolunun sanasiyasından sonra pasiyentlərə vaginal mikrofloranı bərpa edən preparatlar təyin edilir.
Uşaqlıq boynunun çapıq deformasiyasının proqnoz və profilaktikası
Aparılan rekonstruktiv-plastik əməliyyatlar 90-93% hallarda uşaqlıq boynunun forma və funksiyasını bərpa etməyə imkan verir. İstmiko-servikal çatışmazlıqla ağırlaşmış çapıq deformasiyaları olan hamilələrdə dairəvi tikişlərin qoyulmasının effektivliyi 70-94% təşkil edir.
Xəstəliyin profilaktikası məqsədilə invaziv prosedurların əsaslı təyini, hamiləlik zamanı erkən vaxtlarda qeydiyyata düşmə, doğuşlara düzgün hazırlıq və onların adekvat aparılması məsləhət görülür.