Uşaqlıq boynunun eritroplakiyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2296

uşaqlıq boynunun eritroplakiyası nədir?Uşaqlıq boynunun eritroplakiyası — ekzoserviksin selikli qişasının atrofiyası ilə təzahür edən xərçəngönü xəstəlikdir. Simptomsuz gedişə malikdir, nadir hallarda təmas qanaxmaları və selikli ifrazatlar qeydə alınır. Diaqnoz vaginal müayinə, genişləndirilmiş kolposkopiya, onkositoloji analiz və bioptatın histoloji müayinəsinin nəticələrinə əsasən qoyulur. Patoloji dəyişilmiş toxumalar adətən az invaziv texnikadan istifadə olunmaqla cərrahi yolla dağıdılır və ya xaric edilir. Servikal kanalın müvafiq zədələnmələrində uşaqlıq boynunun konizasiyasının aparılması mümkündür.

  • Uşaqlıq boynunun eritroplakiyasının yaranma səbəbləri
  • Patogenez
  • Uşaqlıq boynunun eritroplakiyasının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Uşaqlıq boynunun eritroplakiyasının müalicəsi
  • Proqnoz və profilaktika

Uşaqlıq boynunun eritroplakiyası barədə ümumi məlumat

Uşaqlıq boynunun eritroplakiyasının səbəbləriEritroplakiya  — çox nadir hallarda rast gəlinən və az öyrənilən xəstəlikdir. «Eritroplakiya» termini patologiyanın xarici forması ilə bağlı olub, yunan dilindən tərcümədə «qırmızı ləkə» deməkdir. Reproduktiv yaşda olan qadınlarda, eləcə də menopauza və postmenopauza dövründə rast gəlinir. Qızlarda menarxenin başlanmasına qədər adətən müşahidə edilmir. Eritroplakiya çox zaman iltihabi proseslərlə (servisit, kolpit) müştərək şəkildə inkişaf edir. Bu patologiyanın erkən diaqnostikasının aktuallığı onun xərçəngönü vəziyyətlərə aid olması ilə izah olunur. Adekvat müalicə pasiyentin tam sağalmasını təmin etdiyindən eritroplakiyanın vaxtında aşkarlanması uşaqlıq boynunun bədxassəli neoplaziyalarının sayının azalmasına səbəb olur.

Uşaqlıq boynunun eritroplakiyasının səbəbləri

Xəstəliyin etiologiyası tam müəyyənləşdirilməmişdir. Ehtimal olunur ki, ekzoserviksin epitel hüceyrələrinin yetişməsi və yenilənməsi bir və ya bir neçə risk amillərinin təsirindən pozulur. Onlara aşağıdakılar aiddir:

  • Xroniki kolpit və servisitlər. İltihab nəticəsində ekzoserviksin çoxqatlı yastı epitelində nekrobioz və deskvamasiya prosesləri baş verir. Papillomavirus infeksiyasının xlamidioz, sitomeqalovirus və ya herpes infeksiyası ilə assosiasiyası zamanı atipiyanın yaranma riski artır.
  • İrsi meyllik. Eritroplakiyanın gen və xromosom aberrasiyaları ilə əlaqəsini sübut edən statistik məlumatların olmamasına baxmayaraq, ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən yaxın qohumlarında eritroplakiyanın rast gəlindiyi qadınlarda xəstəliyin yaranma ehtimalı yüksək olur.
  • Travmalar. Uşaqlıq boynunun mikrozədələnmələri və cırılmaları, doğuş və abort, histeroskopiya, diaqnostik qaşıma və digər invaziv prosedurlardan sonra epitelin fizioloji inkişafı pozula bilər. Belə hallarda atipik dəyişikliklərin əsasında toxumaların trofika və innervasiyasının pozulması dayanır.
  • Kimyəvi təsirlər. Uşaqlıq boynu epitelinin xərçəngönü transformasiyasına aqressiv kimyəvi agentlər (spermisid, kontraseptiv vasitələrin keyfiyyətsiz lateksi, şırınqalama üçün maye və s.) səbəb olur. Onların daimi istifadəsi pozğunluqların inkişaf ehtimalını artırır.
  • İmmun və endokrin patologiya. Eritroplakiya əsasən estrogenlərin disbaalnsı (estradiolun yüksək konsentrasiyası) və oksidləşmiş 17-ketosteroidlərin səviyyəsinin artması fonunda formalaşır. Bununla yanaşı displastik dəyişikliklərin dərəcəsi immunosupressiyanın səviyyəsinə düz mütənasibdir.

Xəstəliyin inkişafında cinsiyyət orqanlarının involyutiv atrofiyası müəyyən rol oynayır. Uşaqlıq boynunun digər xərçəngönü xəstəlikləri kimi eritroplakiya erkən yaşlarda cinsi həyata başlayan və cinsi partnyorlarını tez-tez dəyişən qadınlarda daha çox müşahidə edilir. Əlavə risk amilinə nikotin asılılığı aiddir –  eritroplakiyanın yaranma riski ilə çəkilən siqaretlərin sayı və siqaretdən istifadə müddəti arasında əlaqənin olması barədə məlumatlar mövcuddur.

Uşaqlıq boynunun eritroplakiyasının patogenezi

Uşaqlıq boynunun eritroplakiyası zamanı ekzoserviks hüceyrələrinin yenilənmə, yetişmə və deskvamasiya prosesləri pozulur. Epitel qişasının müxtəlif qatlarının hüceyrələri arasında disbalans yaranır. Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişası səthi və aralıq qatların atrofiyası hesabına xeyli nazilir. Eyni zamanda bazal və parabazal qatlar çoxalır, atipiya əlamətləri meydana çıxır. Dəyişikliklər ocaqlı xarakter daşıyır, zədələnmiş sahələr normal çoxqatlı yastı epitellə əhatə olunur. Zədələnmiş ekzoserviksin spesifik xarici forması nazilmiş selikli qişadan stromanın damarlarının sezilməsi ilə əlaqədardır. Damar şəbəkəsi qanla dolu olub,  limfoid infiltrasiya sahələrinə malikdir.

Uşaqlıq boynunun eritroplakiyasının əlamətləri

Uşaqlıq boynunun eritroplakiyasının əlamətləriXəstəlik adətən simptomsuz gedir və ginekoloji baxış zamanı təsadüfən aşkarlanır. Yalnız zədələnmiş sahələr iri ölçülərə çatdıqda təmas qanaxmaları baş verir. Cinsi akt və ya şırınqalamadan sonra az miqdarda qanlı ifrazatlar izlənilir. Çox nadir hallarda daha intensiv qanaxmalar müşahidə edilir. Еritroplakiya kolpit, endoservisit və ya servisit fonunda inkişaf etdikdə əsas xəstəliyin simptomatikası üstünlük təşkil edir. Pasiyent selikli və ya selikli-irinli vaginal ifrazatlar, xarici cinsiyyət orqanları nahiyəsində qaşınma və göynəmədən şikayət edir.

Uşaqlıq boynunun eritroplakiyasının ağırlaşmaları

Eritroplakiya uşaqlıq boynunun xərçəngönü xəstəlikləri kateqoriyasına aiddir. Onun ən təhlükəli ağırlaşması maliqnizasiya – ekzoserviksin xoşxassəli hüceyrələrinin bədxassəli formaya çevrilməsidir. İri ölçülü patoloji ocaqlar və zədələyici amillərinin (şırınqalama, kobud cinsi akt) tez-tez təkrarlanması zamanı daimi qanama, hətta uzunmüddətli qanaxmalar mümkündür. Belə hallarda anemiya yaranır.

Uşaqlıq boynunun eritroplakiyasının diaqnostikası

Əksər hallarda eritroplakiya təsadüfən aşkarlanır. Xarakterik xarici əlamətlər sayəsində onun diaqnostikası heç bir çətinlik törətmir. Onkoprosesin diaqnozunu təsdiq və ya inkar etmək üçün aşağıdakı müayinələrdən istifadə olunur:

  • Ginekoloji kresloda baxış. Ekzoserviksin dəyişilməyən səthində tünd-qırmızı və ya al-qırmızı sahələr müəyyən edilir. Ocaqlar qeyri-düzgün formaya, dəqiq sərhədlərə malikdir. Zondla təmas zamanı selikli qişa qanaya bilir.
  • Genişləndirilmiş kolposkopiya. Epitel qişa nazikdir, onun səthindən uşaqlıq boynunun stroması sezilir. Lüqol məhlulu ilə işlənildikdə (Şiller tetsi) ocaqlar rənglənmir, 3%-li sirkə turşusunun çəkilməsi zamanı solğunlaşır.
  • Uşaqlıq boynunun sıyrıntısının sitologiyası. Bu müayinə bazal hüceyrələrinin atipiya əlamətləri ilə hiperplaziyasını aşkar edir. Atipiya hüceyrələrinin sayı çox olduqda uşaqlıq boynunun konxotom və ya hədəfli biopsiyası, materialın histoloji analizi göstəriş sayılır.

Eritroplakiya infeksion proseslərlə müşayiət olunduqda yaxmanın mikroskopiyası və floraya görə əkilməsi, PZR-diaqnostika, seroloji müayinə üsulları (İFR, İFA və s.) təyin edilir. Reproduktiv orqanların ümumi vəziyyətini qiymətləndirmək üçün USM-skrininq aparılır. Xəstəlik uşaqlıq boynunun xərçəngi, fon və xərçəngönü xəstəliklər – ektopiya, xoşxassəli, papillyar, xərçəngönü transformasiya sahələri, endometrioz, ektropion, leykoplakiya, servisit, həqiqi eroziya, displaziya, adenomatozla differensiasiya edilir. Mürəkkəb hallarda diaqnostika prosesinə onkoginekoloq cəlb olunur.

Uşaqlıq boynunun eritroplakiyasının müalicəsi

Terapiyanın konservativ üsulları mövcud deyil. Eritroplakiya ocağının ölçüləri, histoloji müayinənin nəticələri, pasiyentin yaşı və onun reproduktiv planı nəzərə alınmaqla zədələnmiş sahənin destruksiyası və ya xaric edilməsinə yönəldilmiş cərrahi üsullardan istifadə olunur:

  • Az invaziv orqanqoruyucu müdaxilələr. Əməliyyat zamanı zədələnmiş toxumalar fiziki amillərin köməyilə dağıdılır. Adətən kriodestruksiya (aşağı temperaturla təsir), diatermokoaqulyasiya (yüksək tezlikli cərəyanla yandırma) və ya lazer vaporizasiya (lazer şüaları ilə destruksiya) tətbiq edilir. Ocaqla iri ölçülü olduqda uşaqlıq boynunun radioekssiziyası və toxumaların histoloji müayinəsi aparılır.
  • Uşaqlıq boynunun konizasiyası. Patoloji sahə sağlam toxumaların bir hissəsi ilə konus şəklində kəsilir. Bu üsul eritroplakiyanın servikal kanalın toxumalarının zədələnməsi ilə müştərəkliyi zamanı həyata keçirilir. Aparılma texnikasından asılı olaraq, bıçaq, lazer, ilgək radio- və elektrokonizasiyalar ayırd edilir. Klassik əməliyyatlar – toxumaların cərrah bıçağı ilə kəsilməsi çox nadir hallarda icra olunur, ilgək üsulu daha geniş yayılmışdır.

Cərrahi müalicə çox zaman antibakterial vasitələr, sonra isə vaginal  mikrofloranı bərpa edən eubiotiklərin, reaktivliyi artıran preparatların (immunostimulyatorlar, vitamin-mineral kompleksləri) təyini ilə tamamlanır.

Uşaqlıq boynunun eritroplakiyasının proqnoz və profilaktikası

Xəstəlik vaxtında müalicə olunduqda proqnoz qənaətbəxşdir. Eritroplakiya çox nadir hallarda maliqnizasiyaya uğrayır, əməliyyatdan sonra residivlərə demək olar ki, rast gəlinmir. Pasiyentə cərrahi müdaxilədən bir ay sonra, sonra isə il ərzində 4 dəfə (hər 3 aydan bir) kolposkopik, sitoloji və bakterioloji nəzarət məsləhət görülür.

Profilaktik tədbirlərə müntəzəm ginekoloji müayinələr, cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin vaxtında müalicəsi, müalicəvi-diaqnostik invaziv müdaxilələrin yalnız ciddi göstərişlər üzrə təyini, hamiləliyin planlaşdırılması, qorunmamış cinsi əlaqədən imtina  aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: