Uşaqlıq boynunun psevdoeroziyası
Uşaqlıq boynunun psevdoeroziyası – normada çoxqatlı epitel toxuması ilə örtülən uşaqlıq boynunun uşaqlıq yolu səthində servikal kanalın silindrik epitelinin yerləşməsi ilə xarakterizə olunur. Əksər hallarda simptomsuz gedir və ginekoloji müayinə zamanı təsadüfən aşkarlanır. Cuzi ifrazatlar, cinsi əlaqə zamanı ağrının yaranması mümkündür. Diaqnostika məqdəsilə kolposkopiya, uşaqlıq boynunun sıyırntı və ya biopsiyası, sitoloji müayinə tətbiq edilir. Simptomsuz gediş zamanı müalicə tələb olunmur, müşahidə və vaxtaşırı müayinə təyin edilir, ağırlaşmalar baş verdikdə kriodestruksiya, elektrokoaqulyasiya, lazer və ya kimyəvi yandırma icra olunur.
- Uşaqlıq boynunun psevdoeroziyasının səbəbləri
- Uşaqlıq boynunun psevdoeroziyasının patogenezi
- Uşaqlıq boynunun psevdoeroziyasının təsnifatı
- Uşaqlıq boynunun psevdoeroziyasının əlamətləri
- Uşaqlıq boynunun psevdoeroziyası ağırlaşmaları
- Uşaqlıq boynunun psevdoeroziyasının diaqnostikası
- Uşaqlıq boynunun psevdoeroziyasının müalicəsi
- Uşaqlıq boynunun psevdoeroziyasının proqnozu
Uşaqlıq boynunun psevdoeroziyası barədə ümumi məlumat
Uşaqlıq boynunun psevdoeroziyası həmçinin epitelin ektopiyası və ya endoservikoz adları ilə məhşurdur. Terminlər bu vəziyyətə səbəb olan prosesin mahiyyətini- servikal kanalın birqatlı epitelinin uşaqlıq boynunun uşaqlıq yolu hissəsinə keçməsini əks etdirir. Əslində eroziya (epitel örtüyün dağılması və ya zədələnməsi) baş vermir. Ümümdünya səhiyyə təşkilatının ekspertləri uşaqlığın psevdoeroziyasını patoloji proses kimi deyil, fizioloji dəyişikliyə uğramış vəziyyət kimi qəbul edirlər. Ektopiya demək olar ki, həmişə 35-40 yaşdan kiçik qadınlarda qeydə alınır, pasiyentlərin yarıdan çoxu 20-23 yaş arasında olur. Endoservikoz hamilələrin əksəriyyətində yaranır və doğuşdan 1-2 il sonra öz-özünə itir. Bu proseslə kombinəolunmuş oral kontraseptivlərin istifadəsi arasında əlaqə müşahidə edilmişdir.
Uşaqlıq boynunun psevdoeroziyasının səbəbləri
Uşaqlıq boynunun psevdoeroziyasının yaranmasında embrional inkişaf zamanı qadın cinsiyyət orqanlarının formalaşma anomaliyaları böyük rol oynayır. Bətndaxili dövrdə uşaqlıq və uşaqlıq yolunun daxili səthi birqatlı silindrik epitellə örtülür. Doğuşdan bir qədər əvvəl bu örtük çoxqatlı yastı epitel toxuması ilə əvəz olunur. Normada o, yalnız servikal kanalda saxlanılır, lakin bəzi qadınlarda birqatlı silindrik epitel uşaqlıq boynunun vaginal hissəsinin kiçik bir sahəsində qala bilər. Zamanla bu zonanın ölçüləri müxtəlif amillərin təsirindən dəyişir:
- Hormonal fon. Cinsiyyət orqanlarının epitel hüceyrələri hormonlara həssas olub, endokrin sistemin fəaliyyətinə fərqli reaksiya verir. Cinsi yetişkənlik, hamiləlik və hormonal kontraseptivlərin qəbulu zamanı psevdoeroziyaların sıx rast gəlinməsi bununla izah olunur.
- İnfeksion amillər. Cinsi yolla keçən xəstəliklər və ya cinsiyyət orqanlarnın qeyri-spesifik iltihabları (kolpit, servisit) servikal ektopiya sahəsinin genişlənməsinə səbəb olur.
- Kimyəvi amillər. Vaginal şam, lubrikant, prezervativlər üçün sürtkünün tərkibinə daxil olan kimyəvi birləşmələr bu vəziyyətin inkişafına gətirib çıxara bilər.
- Mexaniki zədələnmə. Silindrik epitelin yaranması tez-tez təkrarlanan cinsi akt, kontrasepsiyanın baryer üsulları, doğuşlarla əlaqədar uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin zədələnməsi zamanı qeyd olunur.
Bu vəziyyətin qazanılmış xarakterli olması ginekologiyada müşahisəli məsələ olaraq qalır. Xarici mühit amillərinin endoservikoza meyllilik olmadan ona səbəb olması barədə heç bir dəlil yoxdur. Uşaqlıq boynunun psevdoeroziyasının qazanılmış xarakteri barədə hipotezin tərəfdaşları onun inkişafında iltihabi, immunoliji və endokrin pozğunluqların iştirakını hesab edirlər.
Uşaqlıq boynunun psevdoeroziyasının patogenezi
Uşaqlıq boynunun psevdoeroziyası anadangəlmə və qazanılmış amillərin müştərəkliyi zamanı yaranır. Bətndaxili inkişaf dövründə birqatlı silindrik epitel uşaqlıq boynunun bir hissəsində saxlanıldıqda gələcəkdə həmin qadınlarda həyatlarının müxtəlif dövrlərində ektopiya zonasının sahəsi fərqli olur. Genişlənmə qadın cinsi hormonlarının təsirindən baş verir, bu da servikal epitelin onlara daha həssas olması ilə izah olunur. Hormonların konsentrasiyasının azalması zamanı böyümə hüceyrələri hesabına çoxqatlı örtüyün bərpası baş verir.
Bu səbəbdən qadınlarda həyatın müxtəlif mərhələlərində ektopiya parlaq ifadə oluna və ya ümumiyyətlə aşkarlanmaya bilər. Bu vəziyyət patoloji sayılmasa da, silindrik epitelin baryer funksiyasının zəifləməsi ilə əlaqədar təhlükə daşıya bilər. Belə hallar infeksion agentlərin orqanizmə daxil olma ehtimalını yüksəldir. Çoxqatlı yastı epitelin ehtiyyat böyümə hüceyrələrinin daimi aktivasiyası onların anomal böyümə və çoxalma riskini yaradır, bu da gələcəkdə uşaqlıq boynunun xərçəngi ilə nəticələnə bilər. Endoservikozun müxtəlif klinik növlərinin formalaşmasını iltihabın qoşulması və ya digər amillərin təsiri ilə əlaqələndirirlər.
Uşaqlıq boynunun psevdoeroziyasının təsnifatı
Ektopoyanın histoloji quruluşuna görə fərqlənən bir neçə forması ayırd edilir:
- Papillyar forma. Epitel toxumada özünü iltihabi infiltratlar kimi büruzə verən məməciyəbənzər törəmə və bitişmələr formalaşır. İnfeksiyanın və ya iltihaba səbəb olan digər amillərin təsirindən yaranır.
- Vəzili forma. Çoxqatlı yastı epitellə örtülmüş kiçik ölçülü kista və follikullar əmələ gəlir. Etiologiyası müəyyən edilməmişdir, hormonlar və ya hüceyrə dəyişikliklərinin təsiri ehtimal olunur.
- Qarışıq forma. Epitel örtüyü həm məməciklər, həm də kistoz törəmələr formalaşdırır.
Əlavə olaraq uşaqlıq boynunun vaginal hissəsinin çoxqatlı yastı epitelinin bərpası ilə müşahidə edilən epidermizasiyalaşan və ya sağalan formalar qeyd olunur. Bəzi mütəxəssislər yuxarıda qeyd olunan formaları ektopiyanın patoloji ağırlaşmalarına aid edərək, bu təsnifatı qəbul etmirlər.
Uşaqlıq boynunun psevdoeroziyasının əlamətləri
Əksər hallarda ektopiya simptomsuz gedir, nəzərə çarpan əlamətlər yalnız infeksiyanın qoşulması və ya çoxqatlı epitel toxumasının anomal böyüməsi zamanı yaranır. Məsələn, servisitin inkişaf etdiyi hallarda uşaqlıq yolundan şəffaf və ya ağımtıl rəngli, bəzən xoşagəlməz iyli ifrazatlar qeydə alınır. Qadınların bir qismi dispareuniya və cinsi əlaqədən sonra az miqdarda qanlı axıntının olmasından şikayət edir. Qarnın aşağı hissəsində ağrı, uşaqlıq yolunda qaşınma, göynəmə hissi nadir əlamətlərdən sayılır. Təzahürlər proqressivləşmədən aylarla, hətta illərlə davam edə bilər, həmçinin onların geriyə inkişafı və ya əksinə, ağırlaşmaların qoşulması mümkündür.
Uşaqlıq boynunun psevdoeroziyasının ağırlaşmaları
Silindrik epitelin müqavimətinin azalması ilə əlaqədar endoservikoz zamanı infeksion, kimyəvi və mexaniki qıcıqlandırıcıların təsirindən çox asanlıqla iltihab yaranır. Servikal seliyin həcmi və konsistensiyasının dəyişməsi geridönən sonsuzluğa gətirib çıxarır – sekret spermatozidlərin hərəkətinə mane olan baryer formalaşdırır. Nizamsız cinsi həyat, şəxsi gigiyena qaydalarına riayət edilməməsi uşaqlıq boynunun örtüyünün dağılmasına və həqiqi eroziyanın inkişafına səbəb ola bilər. Ektopiya xərçəngönü xəstəlik sayılmır, lakin onun fonunda xroniki iltihab hüceyrələrin displaziyasına gətirib çıxara bilər, bu da maliqnizasiyaya ilk addım hesab olunur.
Uşaqlıq boynunun psevdoeroziyasının diaqnostikası
Uşaqlıq boynunun psevdoeroziyası xərçəngönü vəziyyətlər, iltihabi zədələnmələr və müalicə tələb edən digər patologiyalardan differensiasiya edilməlidir. Endoservikozun diaqnostikasında aşağıdakı müayinə üsullarından istifadə olunur:
- Ginekoloji kresloda müayinə. Uşaqlıq boynunun vaginal güzgülərlə müayinəsi zamanı ektopiya əlamətlərini aşkar etmək mümkündür. Diaqnozun təsdiq olunması üçün həkim əlavə prosedurlar təyin edir.
- Genişlənmiş kolposkopiya. Uşaqlıq boynunun dəyişilmiş hissəsinin dəfələrlə böyüdülmüş görüntüsünün hədəfli öyrənilməsi epitel örtüyünün strukturunun müəyyən edilməsinə kömək edir. Müayinə prosesində Şiller-testi aparılır.
- Servikal sıyrıntı. Toxuma nümunələrinin müayinəsi anomal nahiyədə hüceyrələrin xarakterini təyin etməyə, eləcə də displaziya və iltihabi proseslərin istisna edilməsinə imkan verir. Uşaqlıq boynunun sıyrıntısının sitologiyası (PAP-test) tətbiq edilir.
- Cinsi hormonların müayinəsi. Hormonal fonun öyrənilməsi ektopiyanın səbəblərini aşkar etməyə və vəziyyətin proqnozunu dəqiqləşdirməyə şərait yaradır. Məsələn, hamiləlik zamanı belə hal normal sayılır.
Cinsi infeksiyalar, allergiya və uşaqlıq boynunun psevdoeroziyasının yaranmasına təsir edən digər vəziyyətlərin aşkarlanması məqsədilə əlavə üsullar-immunoloji müayinələr icra oluna bilər.
Uşaqlıq boynunun psevdoeroziyasının müalicəsi
Şikayət və ifadəli əlamətlər olmadıqda müalicə tələb olunmur, belə hallarda sadəcə ağırlaşmaların qarşısının alınması üçün müntəzəm ginekoloji müayinələrin aparılması kifayət edir. İnfeksiyanın qoşulduğu hallarda göstərişlərə əsasən etiotrop müalicə tətbiq olunur. Kontrasepsiyanın hormonal və bəzi baryer üsulları (qapaqcıqlar) istisna edilməlidir. Çoxqatlı epitelin anomal böyüməsi ilə xarakterizə olunan, eləcə də ifrazat, qarında ağrı ilə müşayiət edilən ektopiyalarda psevdoeroziyaların müxtəlif üsullarla koaqulyasiyası həyata keçirilir:
- Diatermokoaqulyasiya. Silindrik epitelli sahənin yandırılması elektrik cərəyanının termiki təsirinə əsaslanır. Orta səviyyəli effektivlik (75-90%) və bir sıra ağırlaşmalarla- qanaxma, servikal kanalın stenozlaşması-sonsuzluğun inkişafı ilə xarakterizə olunur. Doğuş keçirməyən qadınlarda ektopiyanın müalicəsində bu üsulun tətbiqi qadağandır.
- Lazer destruksiya.Karbon dioksid və ya helium-neonlu lazerlərdən istifadə edilir. Effektivlik çox yüksəkdir – 98-100%.
- Kriodestruksiya. Anomal sahənin maye azotla dondurulması. Bu üsulun ardınca sağalma və epitelizasiya müşahidə edilir. Sadəliyi ilə əlaqədar bu üsul geniş tətbiq olunur, effektivlik 87-95% təşkil edir.
- Kimyəvi koaqulyasiya. Müxtəlif birləşmələr və farmakoloji vasitələrin travmatik təsiri ilə səciyyələnir. Uşaqlıq boynunun psevdoeroziyasının digər müalicə üsullarının effektivliyini artırmaq məqsədilə onlarla müştərək şəkildə aparıla bilər.
Uşaqlıq boynunun psevdoeroziyasının proqnozu
Ektopiyanın geniş yayılması və onun qadın cinsiyyət sisteminin inkişaf forması kimi qiymətləndirilməsini nəzərə alaraq, endoservikozun proqnozu qənaətbəxş sayılır. Psevdoeroziyaların ağırlaşmaları- örtük toxumalarının iltihabı, patoloji böyüməsi nisbi təhlükə daşıyır. Lakin dəyişikliklərin müntəzəm müşahidəsi və vaxtında korreksiyası zamanı ağır fəsadların yaranma riski çox az olur.
Ektopiyanın profilaktik tədbirlərinə şəxsi gigiyena qaydalarına riayət, təsadüfi və qorunmamış cinsi əlaqələrin məhdudlaşdırılması, cinsi orqanların iltihabi patologiyalarının və endokrin pozğunluqların müalicəsi aiddir. Ektopiyalı qadınlar kontrasepsiyanın seçimində diqqətli olmalıdır, çünki hormonal və digər baryer üsullar ağırlaşmalara gətirib çıxara bilər.