Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1594

uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi nədir?Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi – müxtəlif dərəcəli atipiyalı yastı epitel hüceyrələrindən formalaşan bədxassəli neoplaziyadır. Patologiya «lal» gedişə malik ola bilər. Klinik ifadə olunmuş formalar qanlı ifrazat, leykorreya, gecikmiş onkoproseslər isə çanaq nahiyəsində ağrılar, sidik kisəsi və düz bağırsağın funksional pozğunluqları ilə xarakterizə olunur. Diaqnoz vaginal müayinə, PAP-test, kolposkopiya, biopsiya, qanda SCC onkomarkerin səviyyəsinin təyininə əsasən qoyulur. Yastı hüceyrəli UBX-nin müalicə üsulları: cərrahi müdaxilə (uşaqlıq boynunun konizasiyası, traxelektomiya, histerektomiya), kimya-şüa terapiyası.

  • Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginın yaranma səbəbləri
  • Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin təsnifatı
  • Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin əlamətləri
  • Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin diaqnostikası
  • Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin müalicəsi

Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi barədə ümumi məlumat

Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi – uşaqlıq boynunun vaginal hissəsini örtən çoxqatlı yastı epiteldən yaranan servikal xərçəngin bir formasıdır. İnvaziv UBX-nin strukturunda bu histoloji tip 70-80%, uşaqlıq boynunun adenokarsinoması -10-20%, aşağı differensiasiyalı xərçəng-10%, uşaqlıq boynunun digər bədxassəli şişləri isə təxminən 1% təşkil edir. Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin maksimal yayılma tezliyi 40-60 yaş arasında qeyd olunur. «Lal» gedişin uzunmüddətli olması ilə əlaqədar 35% hallarda uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi gecikmiş mərhələlərdə aşkarlanır, bu da proqnoza və xəstəliyin sonluğuna neqativ təsir edir. UBX ilə bağlı profilaktik strategiyanın hazırlanması və qadınlar arasında kütləvi skrininqin aparılması praktik ginekologiya və onkologiyanın prioritet məsələlərindən sayılır.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin səbəbləri

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin səbəbləriUşaqlıq boynunun yastı hüceyrəli xərçənginin etiologiyası müəyyən edilməmişdir. Hazırkı dövrdə yalnız çoxqatlı yastı epitelin maliqnizasiyasına səbəb olan amillər ayırd olunmuşdur. Onlar arasında insan papilloma virusu (HPV), xüsusən 16 və 18-ci tiplər, bəzən isə 31 və 33-ci tiplər başlıca yer tutur. Əksər hallarda uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi zamanı HPV-16 identifikasiya olunur.  Cinsi yolla ötürülən digər virus agentlər arasında 2-ci tip sadə herpes virusu, sitomeqalovirus və s. onkogen rolunu oynayır. Patologiyanın fon proseslərinə uşaqlıq boynunun eroziyası, ektropionu, servikal kanalın polipi, leykoplakiya, servisit və s. aiddir.

Bundan əlavə hüceyrə degenerasiyasına digər amillər: hormonal pozğunluqlar, immunosupressorların (qlükokortikosteroidlər, sitostatiklərin) qəbulu, immun çatışmazlığı səbəb olur. Çoxsaylı doğuşlar, UDS-in qoyulması, cərrahi müdaxilələrin aparılması: abortlar, diaqnostik qaşınmalar, diatermokoaqulyasiya və diatermokonizasiya və s. zamanı uşaqlıq boynunun travmatizasiyası xəstəliyin inkişafına təkan verir. Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin inkişafı üzrə risk qrupuna erkən cinsi həyata başlayan, cinsi partnyorları tez-tez dəyişdirən, baryer kontrasepsiyadan istifadə etməyən, CYKİ keçirən qadınlar daxildir.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin təsnifatı

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin buynuzlaşan və buynuzlaşmayan formaları ayırd edilir. Buynuzalaşan yastı hüceyrəli xərçəng mikroskopik quruluşuna görə fərqlənir, bu forma hüceyrələrin  keratinizasiyasının əlamətləri- «xərçəng mirvariləri» və keratohialin qranulların olması ilə xarakterizə olunur. Epitel hüceyrələri anomal iri, pleomorf olub, dəqiq olmayan sərhədlərə malikdir. Mitotik fiqurlar az miqdarda qeyd olunur. Buynuzlaşmayan yastı hüceyrəli xərçəngin preparatlarında keratin «mirvarilər» müşahidə olunmur. Xərçəng hüceyrələri əsasən iri, polioqonal və ya oval formalı olur. Onların yüksək mitotik aktivliyi izlənilir. UBX-nin differensiasiya dərəcəsi yüksək, orta və aşağı ola bilər.

Şişn böyümə istiqamətindən asılı olaraq, uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi  ekzofit, endofit və qarışıq formalara bölünür. Xoralı-infiltrativ forma UBX-nin gecikmiş mərhələləri üçün xarakterikdir; adətn o, endofit böyüyən şişlərin parçalanması və nekrozu zamanı formalaşır.

UBX-nin inkişafı 4 klinik mərhələdən ibarətdir. Eləcə də 0 və ya başlangıc mərhələ (epiteldaxili xərçəng) ayırd edilir, bu zaman yalnız səthi epitel hüceyrələri zədələnir, bazal membrana invaziya  baş vermir. Birinci mərhələ 2 dövrə ayrılır: stromaya 3 mm-ə qədər dərinlikdə sirayət edən mikroinvaziv xərçəng (1A mərhələsi) və 3 mm-dən artıq invaziya edən invaziv xərçəng (1B mərhələsi). II mərhələ  şiş prosesinin uşaqlığın cisminə yayılması ilə səciyyələnir. UBX-nin III mərhələsi şişin kiçik çanağa yayılması ilə xarakterizə olunur; sidik axarının sıxılması və ya obturasiyası zamanı hidronefroz inkişaf edir. IV mərhələdə düz bağırsaq və omaya invaziya, şişin parçalanması, uzaq metastazların yaranması qeyd edilir.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin əlamətləri

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin əlamətləriUBX-nin 0 və 1А mərhələləri bir qayda olaraq simptomsuz gedir. Bu dövrdə uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi  planlı ginekoloji müayinə zamanı aşkarlana bilər. Şişin invaziyası və ekspansiv böyümə artdıqca xarakterik triada yaranır: leykorreya, qanaxma və ağrı sindromu. Cinsi yollardan axan ifrazatlar seroz, şəffaf və ya qan qarışıqlı («ət suyu» şəklində) olur. İnfeksiyalaşma və ya şiş düyününün parçalanması hallarında ifrazat ufunət iyə malik olub, bulanıq və irinli xarakter alır.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi zamanı cinsi yollardan qanaxma öz intensivliyinə görə (yaxılan ifrazatdan tutmuş asiklik və ya menopauzal qanaxmalara kimi) fərqlənir. Əksər hallarda qanaxmalar kontakt mənşəli olur, ginekoloji müayinə, cinsi akt, şırınqalama, defekasiya ilə bağlı gücənmə zamanı baş verir.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi zamanı ağrı sindromu müxtəlif lokalizasiya (bel, oma, aralıq nahiyəsində) və ifadəliliyə malik olur. Ağrı onkoprosesin gecikmiş mərhələsinə, parametral toxumaya invaziyaya, bel, oma və ya büzdüm sinir kələflərinin zədələnməsinə dəlalət edir. Xərçəngin qonşu orqanlara yayılması zamanı dizurik pozğunluqlar, qəbizlik, urogenital fistulalar qeyd edilir. Terminal mərhələdə xərçəng intoksikasiyası və kaxeksiya inkişaf edir.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin diaqnostikası

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin klinik «lal» formaları kolposkopiya zamanı və ya sitoloji PAP-yaxmanın nəticələrinə əsasən təyin edilir. Dəqiq toplanmış ginekoloji anamnez (cinsi partnyorların, doğuşlar, abortlar, keçirilmiş CYKİ-nin sayı), eləcə də  PZR üsulu ilə sıyrıntıda İPV-nin yüksək onkogenliyə malik ştammlarının aşkarlanması xəstəliyin diaqnostikasında mühüm rol oynayır.

Ginekoloji müayinədə uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi papillomatoz və ya polipəbənzər törəmə şəklində müəyyən edilir. Endofit şişlər uşaqlıq boynunun deformasiya edərək, ona  çəlləkşəkilli forma verir. Təmas zamanı törəmə qanayır. Onkoxəstəliyin mərhələlərinin təyini və kiçik çanaq orqanlarına metastazların istisnası məqsədilə ikiəlli vaginal və ya rektovaginal müayinə aparılır. Patoloji dəyişilmiş uşaqlıq boynu aşkar olunduqda bütün hallarda mütləq şəkildə genişlənmiş kolposkopiya, onkositologiyaya görə yaxmanın götürülməsi, hədəfli biopsiya və servikal kanalın qaşınması aparılmalıdır. Diaqnozun morfoloji təsdiqi üçün bioptat və sıyrıntı histoloji müayinəyə göndərilir.

Əlavə olaraq, qan zərdabında SCC səviyyəsi (yastı hüceyrəli xərçəngin onkomarkeri)  təyin olunur. Neoplazaiyanın yayılma dərəcəsini qiymətləndirməyə və optimal müalicə üsulunun seçilməsinə kömək edən dəqiqləşdirici diaqnostik üsullar transvaginal USM, kiçik çanağın KT və MRT, ekskretor uroqrafiya, ağciyərlərin rentgenoqrafiyası, sistoskopiya, rektoromanoskopia xüsusi əhəmiyyət kəsb edir.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin müalicəsi

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin müalicəsi cərrahi, şüa, kimyaterapevtik və kombinəolunmuş üsullarla icra olunur. Bu və ya digər üsulun və yaxud onların kombinasiyasının seçilməsi şişin yayılması, morfoloji növü, eləcə də xəstənin yaşı və reproduktiv planından asılıdır.

0 – IA mərhələlərində uşaqlıq boynunun konizasiyası və ya amputasiyası aparılır. IB-II mərhələlərində optimal cərrahi üsul uşaqlıq yolunun yuxarı 1/3 hissəsinin xaric edilməsi ilə histerektomiya sayılır, bəzən neoadyuvant kimyaterapiya tələb olunur; postmenopauza dövründə  panhisterektomiya uşaqlığın artımlarla birlikdə xaric edilməsi göstəriş hesab olunur. Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin III–IV mərhələlərində standart müalicə üsulu kimya-şüa terapiyasıdır (şüa müalicəsi+sisplatin), lakin bəzi müəlliflər cərrahi müalicənin mümkünlüyünü hesab edirlər. Sidik çıxarıcı yolların zədələnməsi zamanı sidik axarının stentlənməsi tələb oluna bilər.

Qeyri-operabel hallarda boşluqdaxili şüa terapiyası təyin edilir. UBX-nin residivlərində kiçik çanağın ekzenterasiyası, palliativ kimya-şüa və simptomatik terapiya tətbiq olunur.

Proqnoz və profilaktika

Müalicə başa çatdıqdan sonra ilk 2 il ərzində hər 3 aydan bir, sonra isə 5 il müddətində ildə 2 dəfə    dəfə dinamik müşahidə aparılır. Uşaqlıq boynunun yastı hüceyrəli xərçəngi 0 mərhələsində aşkar olunmuşsa, vaxtında aparılan müalicə 100% sağalma ilə nəticələnir. 5 illik sağ qalma ehtimalı UBX-nin I mərhələsində 85%, II mərhələsində – 75%, III mərhələsində isə 40%-dən az olur. IV mərhələdə xəstənin sağalması mümkün olmadığından bütün səylər yaşam müddətinin uzadılmasına yönəldilir. Uşaqlıq boynunun güdülünün xərçəngi 5%-dən az xəstələrdə inkişaf edir.

Uşaqlıq boynunun yastı hüceyrəli xərçənginin profilaktikası kütləvi və müntəzəm sitoloji skrininqin aparılmasından, uşaqlıq boynunun fon və xərçəngönü xəstəlikləri olan qadınların dispanserizasiyasından ibarətdir. Siqaretdən imtina, CYKİ-nin qarşısının alınması və yeniyetmə dövründə UBX əleyhinə profilaktik vaksinasiyasının aparılması preventiv rol oynayır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: