Uşaqlıq-plasentar qan dövranının pozulması

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 5040

Uşaqlıq-plasentar qan dövranının pozulması nədən olur?Uşaqlıq-plasentar qan dövranının pozulması – ciftin üzvi və funksional pozğunluqları ilə əlaqədar hamiləlik dövründə inkişaf edən simptomokompleksdir. Ana orqanizmində patologiyanın klinik əlamətləri müşahidə olunmaya bilər. Mamalıq patologiyası fonunda dölün ürək yığılmalarının tezləşməsi və ya azalması, aktivliyinin zəifləməsi ilə təzahür edən hipoksiya yaranır. Uşaqlıq-plasentar qan dövranının pozulmasının diaqnostikası USM, KTQ və dopplerometriya vasitəsilə həyata keçirilir. Müalicə stasionar şəraitdə konservativ yolla-cift damarlarında hemodinamikanı yaxşılaşdıran preparatlardan istifadə etməklə aparılır.

  • Uşaqlıq-plasentar qan dövranının pozulmasının səbəbləri
  • Uşaqlıq-plasentar qan dövranının pozulmasının təsnifatı
  • Uşaqlıq-plasentar qan dövranının pozulmasının əlamətləri
  • Uşaqlıq-plasentar qan dövranının pozulmasının diaqnostika və müalicəsi
  • Uşaqlıq-plasentar qan dövranının pozulmasının proqnoz və profilaktikası

Uşaqlıq-plasentar qan dövranının pozulması barədə ümumi məlumat

Uşaqlıq-plasentar qan dövranının pozulması – mamalıq patologiyası olub, «ana-cift-döl» sistemində hemodinamik pozğunluqlar nəticəsində yaranır. Bu anomaliya təxminən 4% hamilələrdə qeyd olunur. 25% hallarda ananın ekstragenital xəstəlikləri fonunda inkişaf edir. Uşaqlıq-plasentar qan dövranının pozulması ana və dölün sağlamlığı üçün təhlükə daşıyır: dölün kifayət qədər qidalı maddələrlə təmin olunmaması bətndaxili inkişafın ləngiməsinə, hipoksiyaya, hətta uşağın ölümünə də səbəb ola bilər.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının təhlükəliyi onun ağırlıq dərəcəsindən və müddətindən asılıdır. Dölə qidalı maddələr nə qədər az daxil olarsa, patoloji halların formalaşma ehtimalı bir o qədər yüksək olur. Statistik məlumatlara əsasən bu patologiyaya məruz qalan yenidoğulmuşların təxminən 85%-i müxtəlif dərəcəli hipoksiya əlamətləri və ya anadangəlmə pozğunluqlarla doğulur. Uşaqlıq-plasentar qan dövranının pozulması hamiləliyin istənilən mərhələsində yarana bilər, lakin əksər hallarda patologiya II-III trimestrdə aşkar olunur. Hestasiyanın 16-cı həftəsinə qədər yaranan hemodinamik pozğunluq çox zaman özbaşına (spontan) düşüklərlə nəticələnir.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının səbəbləri

Uşaqlıq-plasentar qan dövranının pozulmasının səbəbləriUşaqlıq-plasentar qan dövranının pozulması ciftin təməlinin qoyulması dövründə döl qişalarının xovlu qatının düzgün formalaşmaması və ya normal ciftdə hemodinamik pozğunluğa səbəb olan əlverişsiz amillərin ana orqanizminə təsiri nəticəsində yaranır. Xəstəliyin patogenezi dölün oksigenlə təhcizatını pozan natamam uşaqlıq-plasentar perfuziya ilə əlaqədardır. Uşaqlıq-plasentar qan dövranının pozulması dölün inkişafını ləngidən hipoksik dəyişikliklərə səbəb olur.

Uşaqlıq-plasentar qan dövranının pozulması endogen və ekzogen amillərin təsirindən baş verir.  Birinci qrupa ana orqanizminin daxilində olan amillər aiddir. Şəkərli diabet, böyrək, ürək və damar xəstəlikləri, qalxanabənzər vəzinin disfunksiyası fonunda patologiyanın inkişaf riski artır. Ağırlaşmış mamalıq anamnezi – gecikmiş hestozlar, düşük təhlükəsi, çoxsaylı abort və düşüklər, uşaqlığın xoşxassəli mioması uşaqlıq-plasentar qan dövranının pozulmasına gətirib çıxarır. Hemodinamik pozğunluğun yüksək riski rezus-uyğunsuzluqla  müşayiət edilən hamiləlik fonunda, eləcə də sonsuzluq problemi yaşayan qadınlarda müşahidə olunur.

Bir sıra hallarda uşaqlıq-plasentar qan dövranının pozulması dölün genetik pozğunluqları və ananın reproduktiv sisteminin anadangəlmə qüsurları (ikibuynuzlu və ya yəhərəbənzər uşaqlıq, uşaqlıqdaxili arakəsmə) ilə əlaqədar olur. Cinsi infeksiyalar, o cümlədən virus infeksiyaları (məsələn, qrip, KRVİ)  da mamalıq patologiyasının inkişafına səbəb ola bilər.

Uşaqlıq-plasentar qan dövranının pozulmasına səbəb olan ekzogen amillərə zərərli əmək şəraiti, qeyri-rasional qidalanma, narkotik, spirtli içkilər, siqaretdən istifadə aiddir. Patologiyanın inkişafı üzrə risk qrupuna yaşı 18-dən və 35-dən yuxarı olan qadınlar daxildir. Daimi stresslər, intensiv fiziki yüklənmələr zamanı anomal hemodinamika riski mövcuddur.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının təsnifatı

Patoloji dəyişikliklərin lokalizasiyasına əsasən uşaqlıq-plasentar qan dövranının pozulmasının bir neçə ağırlıq dərəcəsi ayırd edilir:

  • – uşaqlıq və cift arasında hemodinamik pozğunluqla xarakterizə olunur, lakin bu zaman dölün qidalı maddələrlə təhcizatı
  • 1b– qan dövranını pozulması «döl-cift» dairəsində baş verir.
  • II dərəcə– uşaqlıq-plasentar qan dövranının pozulması «döl-cift-ana» dairəsində izlənilir, hipoksiya zəif ifadə olunur.
  • III dərəcə– hemodinamik göstəricilərin kritik pozulması ilə müşayiət olunur, bu da uşağın ölümü və ya özbaşına abortla nəticələnə bilər.

Uşaqlıq-plasentar qan dövranının hestasiyanın hansı dövründə başlamasından asılı olaraq, patologiyanın aşağıdakı formaları qeyd olunur:

  • Birincili – I trimestrdə yaranır, əsasən anomal implantasiya, ciftin formalaşma və ya birləşməsi fonunda inkişaf edir.
  • İkincili– embriogenezin 16-cı həftəsindən sonra aşkarlanır, bir qayda olaraq, neqativ ekzogen amillər və ya ananın xəstəlikləri ilə əlaqədar olur.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının əlamətləri

Uşaqlıq-plasentar qan dövranının pozulmasının əlamətləriUşaqlıq-plasentar qan dövranının pozulmasının klinik əlamətləri mamalıq anomaliyasının ağırlıq dərəcəsindən asılıdır. Ana orqanizmində patoloji əlamətlər müşahidə olunmaya bilər. Bəzən pasiyentlərdə hestoz formalaşır, düşük və ya vaxtından əvvəl doğuş təhlükəsi izlənilir, belə hallar qarın və qasıq nahiyəsində ağrı ilə müşayiət olunur. Cinsi yollardan qanlı seliyin axması mümkündür. Uşaqlıq-plasentar qan dövranının pozulması fonunda şərti-patogen floranın fəaliyyəti aktivləşir, çox zaman kolpit inkişaf edir. Uşaqlıq-plasentar qan dövranının pozulmasının bu fəsadı dölün bətndaxili infeksiyalaşmasına səbəb ola bilər.

Mamalıq patologiyası döldə daha qabarıq təzahür edir. Bir sıra hallarda hamilə qadının özü dölün hipoksiyasından şübhələnə bilər. Patoloji vəziyyət zamanı uşağın hərəki aktivliyi zəifləyir. Müayinə zamanı mama-ginekoloq döldə ürək yığılmalarının tezliyinin artması və ya azalmasını aşkar edir, bu da uşaqlıq-plasentar qan dövranının pozulmasının xarakterik əlamətidir. Qidalı maddələrin çatışmazlığı ciftin vaxtından qabaq ayrılmasına gətirib çıxara bilər. Bu zaman ana və dölün vəziyyəti tez bir zamanda ağırlaşır, həyati təhlükənin yaranması mümkündür.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının diaqnostika və müalicəsi

Uşaqlıq-plasentar qan dövranının pozulması USM prosesində aşkarlana bilər. Ciftin patologiyaları və dölün anatomik hissələrinin ölçülərinin hestasiya müddətinə uyğun gəlməməsi ilə təzahür edən bətndaxili inkişafın ləngiməsi mamalıq patologiyasına dəlalət edir. Uşaqlıq-plasentar qan dövranının pozulma dərəcəsi doppleroqrafiya vasitəsilə təyin olunur. Dölün ürək-damar sisteminin fəaliyyətinin qiymətləndirilməsi üçün KTQ tətbiq edilir. Patologiyanın xarakterik əlamətlərinə hipoksiya fonunda yaranan taxikadiya və ya bradikardiya aiddir.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının müalicəsi stasionar şəraitdə aparılır. Xəstəyə yataq rejimi təyin edilir. Stresslər və intensiv fiziki yüklənmələr istisna edilməlidir. Uşaqlıq-plasentar qan dövranının pozulmasının qarşısını almaq və dölün oksigenlə təhcizatını bərpa etmək üçün  konservativ terapiya tətbiq olunur. Patologiyanın müalicəsində həmçinin  antiaqreqantlardan və baş beyin toxumasının qidalanmasını yaxşılaşdıran vasitələrdən də istifadə edilir. Uşaqlıq-plasentar qan dövranının pozulması zamanı vitaminlər, uşaqlığın hipertonusunu aradan qaldıran kalsium kanallarının blokatorlarının təyini göstəriş hesab olunur.

Patologiya aşkar olunduqda mütəxəssislərin bütün səyləri hamiləliyin 37-38-ci həftəyə qədər uzadılmasına yönəldilir. Medikamentoz terapiyanın kifayət qədər effekt verdiyi hallarda  xəstə 4 həftədən sonra ambulator müalicə rejiminə keçirilir. Uşaqlıq-plasentar qan dövranının pozulması  müalicəyə tabe olmadıqda və dölün vəziyyətinin pisləşməsi davam etdikdə təcili surətdə Qeysəriyyə əməliyyatı icra olunur. Hamiləliyin 38-ci həftəyə qədər uzadılması mümkün olduqda doğuş təbii yolla aparıla bilər. II mərhələdə dölün vakuum-ekstraksiyasının tətbiqi və ya mamalıq maşalarının qoyulması göstəriş sayılır. Uşaqlıq-plasentar qan dövranının pozulmasının ananın digər xəstəlikləri fonunda inkişaf etdiyi hallarda hestasiyanın 38-ci həftəsində planlı Qeysəriyyə əməliyyatı icra edilir.

Uşaqlıq-plasentar qan dövranının pozulmasının proqnoz və profilaktikası

Uşaqlıq-plasentar qan dövranının pozulmasının vaxtında müalicəsi hamiləliyin 37-ci həftəyə qədər uzadılmasına və tam sağlam uşağın doğulmasına imkan verir. Xəstəliyin birincili formasında dölün bətndaxili ölümü və ya özbaşına düşük halları mümkündür.

Patologiyanın profilaktikası ekstragenital xəstəliklərin hələ mayalanmadan əvvəl aradan qaldırılmasından, hamilə qadınların erkən qeydiyyata düşməsindən və ginekoloqun bütün təyinatlarına əməl edilməsindən ibarətdir. Hamilələr rasional qidalanmalı, zərəli vərdişlər, stress və ağır fiziki işlərdən uzaq olmalıdır. İnfeksiya mənbələri ilə əlaqənin istisna edilməsi uşaqlıq-plasentar qan dövranının pozulmasının yaranma ehtimalını azaldır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: