Uşaqlıq yolunda yad cisim

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 3087

uşaqlıq yolunda yad cisim nədən olur?Uşaqlıq yolunda yad cisim – cinsi yarıqdan uşaqlıq yoluna duşən əşya hesab olunur. Uşaqlıq yolunda yad cismin olması vulvovaginit əlamətləri ilə – leykorreya, uşaqlıq yolu dəhlizinin hiperemiyası, göynəmə, qanlı ifrazatla  özünü büruzə verir. Yad cisim uşaqlıq yolunda uzun müddət qaldıqda yataq yaraları, toxumaların nekrozu, xoralar inkişaf edə bilər. Diaqnostikada ginekoloji müayinə (vaginal və ya rektal), kolposkopiya, uşaqlıq yolunun zondlanması, yaxma analizindən istifadə olunur. Müalicə barmaq, irriqasiya, alətlərin köməyilə və ya cərrahi üsulla yad cismin xaric olunmasından ibarətdir.

  • Uşaqlıq yolunda yad cismin əlamətləri
  • Uşaqlıq yoluna düşən yad cismin diaqnostikası
  • Uşaqlıq yolundan yad cismin çıxarılması
  • Uşaqlıq yoluna yad cismin düşməsinin qarşısının alınması

Uşaqlıq yolunda yad cisim barədə ümumi məlumat

Ginekoloqlar öz təcrübələrində uşaqlıq yolunda müxtəlif əşyalarla qarşılaşdıqlarını qeyd edirlər, bunlara uşaqlıq yoluna təsadüfən və ya xarici cinsiyyət orqanlarının zədələnməsi nəticəsində daxil olan, eləcə də bilərəkdən yeridilmiş (cinsi həzz, kontrasepsiya, hamiləliyin pozulması, tibbi müdaxilələrin aparılması məqsədilə) yad cisimlər aiddir.

Qızlarda təsadüfi yolla və ya oyun zamanı, dəcəllik nəticəsində uşaqlıq yoluna düşən uşaq üçün səpmə toz yığını, qum dənələri, sancaq, ip, oyuncaqların kiçik hissələri, düymələr və s. müşahidə oluna bilər. Pubertat dövrdə uşaqlıq yoluna müxtəlif əşyalar adətən masturbasiya prosesində yeridilir. Yetkin qadınlarda isə yad cisimlər masturbasiya ilə yanaşı hamiləlikdən qorunma və ya özbaşına abort cəhdlərində, eləcə də az hallarda ginekoloji manipulyasiyalar zamanı uşaqlıq yoluna daxil olur.

Uşaqlıq yolunda yad cismin əlamətləri

Uşaqlıq yolunda yad cismin əlamətləriYad cisim uşaqlıq yoluna daxil olaraq, uzun müddət heç bir pozğunluq və patoloji əlamət yaratmadan qala bilir. Sonralar selikli qişanın davamlı qıcıqlanması və mikrob infeksiyasının qoşulması kolpit (qızlarda – vulvovaginit) əlamətləri ilə: vulvanın ödemi, uşaqlıq yolu dəhlizinin hiperemiyası, sulu xarakterli leykorreya və yaxud sarımtıl rəngli və ya selikli-irinli, bəzi hallarda qan qarışığı olan kəskin irin iyli ifrazatla müşayiət olunur. Gur ifrazat adətən aralıq dərisinin maserasiyası və piodermiyaya səbəb olur.

Qalxan infeksiya bir çox hallarda servisit, endometrit, uretrit, sistit və qarındaxili infeksiyaya, kiçik çanaqda bitişmə proseslərinə, sonsuzluqla nəticələnir. Uşaqlıq yolunda olan iti uclu əşyalar onun divarlarını zədələyərək, qanaxmalara gətirib çıxarda bilər, belə hallar zamanı təcili tibbi yardım tələb olunur. Ağır hallarda sidik kisəsi, düz bağırsaq, kiçik çanaq orqanlarının travmasına səbəb olan uşaqlıq yolu divarının nüfuzedici yaralanmalarına rast gəlinir. Yad cisim uşaqlıq yolunda uzunmüddət qaldıqda yataq yaraları, toxumaların nekroz və xoralaşması, vaginal stenoz, sidik-cinsiyyət və uşaqlıq yolu-düz bağırsaq fistulaları müşahidə olunur.

Uşaqlıq yoluna düşən yad cismin diaqnostikası

Uşaqlıq yolundan yad cismin çıxarılmasıUşaqlıq yolunda yad cismin olması ginekoloji baxış, vaginal güzgülərlə müayinə və kolposkopiya zamanı aşkarlanır. Qızlarda bimanual rekto-abdominal müayinə, uşaqlıq yolunun zondlanması və vaginoskopiya aparılır. Vulvovaginit əlamətləri olduqda yaxmanın bakterioloji müayinəsi təyin olunur. Uşaqlarda uzun müddət  davam edən, ağır gedişli və müalicəyə tabe olmayan vulvovaginitlər uşaqlıq yolunda yad cismin olmasına dəlalət edir. Əşyanın uşaqlıq yolundan miqrasiyasına şübhə yarandıqda qarın boşluğunun icmal rentgenoqrafiyası, USM, KT tələb oluna bilər. Diaqnostikanın aparılması yad cismin xarakterinin təyin edilməsinə və çıxarılma üsulunun düzgün seçilməsinə imkan verir.

Uşaqlıq yolundan yad cismin çıxarılması

Yad cismin çıxarılması zamanı uşaqlıq yolu divarlarının zədələnmələrinin istisna olunmasına və qız uşaqlarında qızlıq pərdəsinin qorunmasına xüsusi diqqət yetirmək lazımdır. Tipik hallarda yad cisim uşaqlıq yolundan barmaq, uretral maşa, pinset, uzun, dar ağızlı sıxıcı, Folkman qaşığı vasitəsilə xaric olunur. Uşaqlıq yoluna düşən əşyalar yumru, hamar səthli olduqda (muncuq, düymə və s.) əllə qarın divarına təzyiq edərək, düz bağırsağa yeridilmiş barmaq vasitəsilə çıxarıla bilər.

Lifli toxumların (sap, pambığın) xaric olunması üçün vaginal yuyulmadan istifadə olunur. Uşaqlıq yolunun zədələnməsinə şübhə olduqda, eləcə də travmatik təsirli əşyalar aşkar olunduqda yad cismin çıxarılması cərrahi blok şəraitində icra edilir. Yad cismin xaric olunmasına mane olan uşaqlıq yolu stenozu zamanı çapıqların kəsilməsi tələb olunur. Ağır hallarda əşyalar çıxarıldıqdan sonra vaginoplastika aparılır. Gələcəkdə vaginit əlamətlərinin yaranmasının qarşısını almaq məqsədilə uşaqlıq yolunun şırınqalanması, antibiotikoterapiya tətbiq olunur.

Uşaqlıq yoluna yad cismin düşməsinin qarşısının alınması

Uşaqlar hər zaman, xüsusən də oyun zamanı müşahidə altına alinmalı, onların gigiyenasina, qızların ailədə və uşaq kollektivlərində düzgün tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməlidir. Uşaqlıq yoluna yeridilmək üçün nəzərdə tutulmayan əşyaların istifadəsi yalnız uyğun təyinat üzrə həyata keçirilməli, vaginal gigiyenik və kontraseptiv vasitələr isə təlimata uyğun olaraq istifadə edilməlidir. Eləcə də uşaqlıq yoluna yad cisimlərin düşməsinin qarşısını almaq məqsədilə ginekoloji müdaxilələr ehtiyyatla aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: