Vaxtından əvvəl doğuş
Vaxtından əvvəl doğuş – hestasiyanın 28-37-ci həftələrində baş verir, çəkisi 1000-2500 qr. və boyu 35-45 sm olan yarımçıq inkişaf etmiş dölün doğulması ilə müşayiət olunur. Vaxtından əvvəl doğuşlar təhlükəli, başlayan və başlanmış xarakter daşıyır. Bu səbəbdən vaxtından əvvəl doğuşlar zamanı klinik təzahürlər və mamalıq taktikası fərqli olur. Təhlükəli və başlayan doğuşlarda hamiləliyin uzadılmasına cəhd göstərilir. Müntəzəm doğuş fəaliyyəti ilə müşahidə olunan başlanmış doğuşlar ana və dölün vəziyyətinə nəzarət edilməklə aparılır.
- Vaxtından əvvəl doğuşun səbəbləri
- Vaxtından əvvəl doğuşun əlamətləri və mərhələləri
- Vaxtından əvvəl doğuşun diaqnostikası
- Vaxtından əvvəl doğuşun aparılması
- Vaxtından əvvəl doğuşun ağırlaşmaları
- Vaxtından əvvəl doğuşun profilaktikası
Vaxtından əvvəl doğuş barədə ümumi məlumat
Hamiləliklərin 5-12%-i vaxtından əvvəl doğuşlarla başa çatır. ÜST-ün təyinatına əsasən hamiləliyin 22-28-ci həftələrdə dayandırılması və onun 7 gündən az olmadan yaşayan, 500-1000 qram çəkiyə malik dölün doğulması ilə başa çatması vaxtından əvvəl doğuşlar kimi qəbul edilir. Əgər uşaq 7 gündən tez ölərsə, hamiləliyin belə sonluğu gec düşük kimi qiymətləndirilir.
Vaxtından əvvəl doğuşlar bütün hallarda yenidoğulmuş üçün təklükə daşıyır. Hamiləliyin 22-27-ci həftələrində dölün ağciyərləri tam yetişmədiyindən bu dövrdə doğuşların döl üçün proqnozu qeyri-qənaətbəxş olur.
Vaxtından əvvəl doğuşun yaranma səbəbləri
Vaxtından əvvəl doğuş hamilənin sağlamlığı, dölün vəziyyəti, hestasiyanın gedişi, sosial-bioloji şəraitlərlə bağlı səbəblərdən baş verə bilər. «Ana» amilləri arasında CYKİ (mikoplazmoz, xlamidioz, ureaplazmoz, herpes, sitomeqalovirus infeksiyası və s.), kəskin virus zədələnmələri (məxmərək, qrip, virus hepatitləri və s.), xroniki patologiyalar (tonzillit, pielonefrit, ürək qüsurları, şəkərli diabet, hipertoniya xəstəliyi), revmatizm, endokrinopatiyalar (Addison xəstəliyi, Kuşinq sindromu, hipotireoz, piylənmə) vaxtından qabaq doğuşların inkişafına gətirib çıxara bilər.
Hamiləliyin təyin olunan doğuş gününə kimi davam etməsi reproduktiv orqanların vəziyyətindən asılıdır. Əksər hallarda vaxtından əvvəl doğuşlara uşaqlığın xəstəlikləri və anomaliyaları – endometrioz, fibroma, uşaqlığın hipoplaziyası, ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmə, uşaqlıqdaxili sinexiyaları olan qadınlarda rast gəlinir. Diaqnostik qaşınma, süni abortlar və doğuş, əməliyyatlar (uşaqlıq boynunun konizasiyası, amputasiyası və s.) zamanı uşaqlıq boynunun zədələnməsi vaxtından əvvəl doğuşlara səbəb olur.
«Döl» amillərinə ilk növbədə genetik pozğunluqlar, ağır anadangəlmə anomaliyalar, bətndaxili xəstəliklər (hemolitik xəstəlik) və dölün hipoksiyası aiddir. Bir sıra hallarda invaziv prenatal diaqnostikanın – kordosentez, amniosentezin aparılması vaxtından əvvəl doğuşlarun inkişafına təkan verir.
Vaxtından əvvəl doğuşların hamiləliyin gedişi ilə bağlı olan müştərək amillərinə immunoloji uyğunsuzluq (rezus-uyğunsuzluq), hestoz, cift gəlişi və ya onun vaxtından əvvəl ayrılması, dölün köndələn vəziyyəti, çanaq gəlişi, dölyanı mayenin çoxluğu, çoxsaylı hamiləliklər və doğuşları misal göstərmək olar.
Vaxtından əvvəl doğuşların tezliyi hamiləliyin inkişaf etdiyi sosial-bioloji şəraitdən birbaşa asılıdır. Həmçinin erkən doğuşlar ağır fiziki əmək, izafi zehni yüklənmələr, stresslər, qeyri-qənaətbəxş qidalanma, zərərli vərdişlərin təsirindən baş verə bilər.
Vaxtından əvvəl doğuşun əlamətləri və mərhələləri
Klinin gedişinə görə vaxtından əvvəl doğuşlar təhlükəli, başlayan və başlanmış olur. Mərhələrərin təyini uşaqlığın yığılma aktivliyinin, döl kisəsinin və doğuş yollarının vəziyyətinə əsaslanır. Təhlükəli xarakterli doğuşlar zamanı hamilələrdə bel və qarın nahiyəsində sızıltılı, dartıcı ağrılar, uşaqlığın gərginliyi və onun yığılmaları, dölün hərəki aktivliyinin artması, bəzən cinsi yollardan qanlı ifrazatlar qeydə alınır. Belə simptomatika ilə rastlaşan qadınlar təcili surətdə mama-ginekoloqa müraciət etməlidir.
Başlayan doğuşlar qarnın aşağı hissəsində ifadəli ağrılar, müntəzəm sancılar, uşaqlıq boynu kanalının tıxacının xaric olması, qanlı ifrazatlar, əksər hallarda amniotik mayenin axması ilə səciyyələnir. Başlanmış doğuşlar zamanı sancılar arası interval 10 dəqiqədən çox olmamaqla müntəzəm doğuş fəaliyyətinin inkişafı, qanlı ifrazatların yaranması, dölün gəliş hissəsinin çanaq girəcəyinə enməsi, döl kisəsinin partlaması müşahidə edilir.
Ümumilikdə erkən doğuşlar dölyanı mayenin vaxtından əvvəl axması; zəif, bəzən güclü və ya diskoordinasiyalı doğuş fəaliyyəti; sürətli və ya ləng gedişi; ciftin ayrılması və qanaxmalar; doğuşdan sonrakı ağırlaşmalar; dölün hipoksiyası ilə xaraterizə olunur.
Vaxtından əvvəl doğuşun diaqnostikası
Vaxtından əvvəl doğuş və onun mərhələlərinin təyinində uşaqlıq boynu və döl kisəsinin vəziyyətinin qiymətləndirilməsi əsas kriteriya sayılır. Uşaqlıq əsnəyinin açılma dərəcəsi, uşaqlıq boynunun uzunluğu və konsistensiyasını müəyyən etmək üçün vaginal müayinə aparılır. Təhlükəlidoğuşlarda uşaqlıq boynunun vaginal güzgülərlə müayinəsı zamanı uşaqlıq boynunun dəyişilməməsi, uşaqlığın xarici əsnəyinin bağlı olması aşkar edilir; başlayan doğuşlarda uşaqlıq boynu qısalır, uşaqlıq əsnəyi 1-2 sm açılır; başlanmış doğuşlarda isə uşaqlıq boynunun hamarlaşması və uşaqlıq əsnəyinin 2-4 sm açılması müəyyən edilir. Ginekoloji müayinə hər 30-60 dəqiqədən bir təkrarlanmalıdır.
Urogenital infeksiyalar və gizli bakteriuriyanın inkar edilməsi üçün uşaqlıq boynu seliyinin patogenlərə (stafilokokk, xlamidiya, ureaplazma, qonokokk) görə əkilməsi və sidiyin bakterioloji müayinəsi həyata keçirilir. USM vasitəsilə hestasiya müddəti, dölün çəkisi, onun vəziyyəti və gəlişi, ciftin vəziyyəti və lokalizasiyası, döl kisəsinin tamlığı dəqiqləşdirilir, cift gəlişi inkar edilir. Vaxtından əvvəl doğuşlar zamanı hipoksiya əlamətlərini aşkar etmək üçün dölün ürək döyüntülərinin auskultasiyası və instrumental müayinələr (dölün fonokardioqrafiyası, kardiotokoqrafiya) icra olunur.
Mamalıq statusunu təyin etmək məqsədilə Baumqartenin tokoliz indeksindən- bir sıra obyektiv parametrlərin (sancılar, döl qişalarının cırılması, uşaqlıq boynunun açılması, qanaxmanın olması) bal sistemi üzrə qiymətləndirilməsindən istifadə edilir. Bu göstərici nə qədər az olarsa, tokolitik terapiya bir o qədər effektiv olur.
Bir sıra hallarda, uşaqlıq boynunun zəif açılması zamanı vaxtından qabaq doğuşlar sidik-ifrazat sisteminin və qarın boşluğu orqanlarının patologiyaları: pielonefrit, sistit, böyrək daşı xəstəliyi, qastroenterit, spastik kolit, kəskin appendisitlə differensiasiya edilməlidir.
Vaxtından əvvəl doğuşun müalicəsi
Vaxtından əvvəl doğuşlara şübhə yarandıqda hamilə mamalıq stasionarında təcili hospitalizasiya edilməlidir. Təhlükəli və ya başlayan xarakterli erkən doğuşlar zamanı hamiləliyin uzadılması yolveriləndir. Başlanmış erkən doğuşlar, dölyanı mayenin axması, ağır ekstragenital xəstəliklər və ya infeksiya əlamətləri müşahidə edildikdə aktiv şəkildə doğuş aparılır.
Təhlükəli və ya başlayan xarakterli doğuşlar zamanı yataq rejimi, sedativ (damotu, pişikotu, diazepam) və spazmolitik vasitələr (drotaverin, metasin, papaverin); fizioterapiya-uşaqlığın elektrorelaksasiyası (amplipulsterapiya), elektroanalgeziya, iynəbatırma təyin edilir.
Hestasiyanın 34-cü həftəsinə qədər erkən doğuş təklükəsi yarandıqda dölün ağciyər toxumasının yetişməsi və yenidoğulmuşun respirator çatışmazlığının profilaktikası məqsədilə qlükokortikoid preparatlar (deksametazon, prednizalon, betametazon) tətbiq olunur. Hamilələrdə mədə və ya 12 barmaq bağırsağın xorası, endokardit, III dərəcəli qan dövranı çatışmazlığı, nefrit, aktiv formalı vərəm, osteoporoz, şəkərli diabetin ağır formaları, hestozlar qlükokortikoidlərlə terapiyaya əks-göstəriş sayılır.
Tokolitik terapiyanın aparılması uşaqlığın yığılma aktivliyini və tonusunu azaltmağa imkan verir. Vaxtından əvvəl doğuşlar zamanı maqnezium-sulfat, beta-mimetiklər (ipratropium-bromid, terbutalin, fenoterol və s.), prostaqlandin inhibitorları (naproksen, indometasin) təyin edilir. Dölün hipoksiyası və plasentar çatışmazlığın profilaktikası dipiramidol, pentoksifillin, E vitamini vasitəsilə aparılır.
Streptokokk, qonokokk, xlamidiya infeksiyaları. Bakterial vaginoz, trixomonad vaginitlər aşkar edildikdə mikrobəleyhinə terapiya icra olunur. İstmiko-servikal çatışmazlıq zamanı uşaqlıq boynuna xüsusi həlqə – mamalıq pessariumunun yeridilməsi, göstərişlər olduqda (böyrəküstü vəzilər və qalxanabənzər vəzinin hipofunksiyaları zamanı) hormonal korreksiya təyin edilir.
Vaxtından əvvəl doğuşun aparılması
Mamalıq vəziyyətinə əsasən başlanmış erkən doğuşların aparılması gözləmə -konservativ və ya aktiv xarakterli ola bilər. Birinci halda xüsusi mamalıq müdaxilələrindən istifadə olunmadan doğuş fəaliyyəti müşahidə altına alınır. Adətən vaxtından əvvəl doğuşlar zamanı təbii doğuş və ya Qeysəriyyə əməliyyatının aparılmasına ehtiyac yaranır.
Erkən doğuşların aparılma taktikasına hestasiya müddəti, doğuşun mərhələsi, döl kisəsinin vəziyyəti, uşaqlıq boynunun açılma dərəcəsi, infeksiyaların olması, doğuş fəaliyyyətinin ifadəliliyi, qanaxmaların xarakteri təsir edir. Vaxtından əvvəl doğuşların aparılması daimi kardiomonitor nəzarətlə müşayiət edilir.
Erkən doğuşların 30%-i anomal gedişə – həddindən artıq güclü, zəif və ya diskoordinasiyalı doğuş fəaliyyətinə malik olur. Bu səbəbdən doğuş prosesində spazmolitik preparatlar, epidural anesteziyadan geniş istifadə olunur. Həddindən artıq güclü doğuş fəaliyyəti zamanı uşaqlığın yığılma aktivliyini zəiflədən preparatlar yeridilir; doğuş gücünün zəif olması mühidə edildikdə stimulyasiya aparılır. Doğuş yollarından keçərkən dölün müdafiəsi məqsədilə aralıq nahiyəsinin kəsilməsi-perineotomiya icra edilir.
Vaxtından əvvəl doğuşlar zamanı ana və dölün ağır patologiyaları, dölün sağrı gəlişi Qeysəriyə əməliyyatına göstəriş hesab olunur. Yarımçıq inkişaf etmiş dölun doğulmasından sonra dərhal reanimasion tədbirlər görülür.
Vaxtından əvvəl doğuşun ağırlaşmaları
Vaxtından əvvəl doğuşlar zamanı doğulan uşaqlarda bütün anatomik strukturların tam inkişaf etməməsi ilə əlaqədar əksər hallarda doğuş travmaları (kəllədaxili qansızma, onurğa sütunun böyün şöbəsinin travmaları); hipoksiya; ağciyərlərin yetişməməsi, qadınlarda isə uşaqlıq boynunun çırılma və travmaları, doğuşdan sonra yaranan qanaxmalar, infeksiyalar (tikişlərin irinləməsi, doğuşdan sonrakı metroendometrit, peritonit, sepsis) qeydə alınır.
Vaxtından əvvəl doğuşun profilaktikası
Hamiləliyin planlaşdırılması zamanı risk amillərinin istisna edilməsi məqsədilə qadınların hərtərəfli müayinə olunması məsləhət görülür. Erkən qeydiyyat və hamiləliyin mama-ginekoloqun müşahidəsi altında aparılması vaxtından əvvəl doğuşlarun qarşısını almağa kömək edir. Erkən doğuşların inkişafına görə risk qrupuna daxil olan hamilələrə –cinsi infantilizm, aybaşı siklinin pozulmaları, adəti düşüklər, xroniki infeksiyalar, endokrinopatiyalar, Rh-mənfi qana malik, EKM keçirmiş qadınlara xüsusi diqqət yetirilməlidir.