Vulvanın kraurozu

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3361

vulvanın kraurozu nədir?Vulvanın kraurozu – xarici cinsiyyət orqanlarında involyutiv dəyişikliklərlə əlaqədar vulvanın dəri və selikli qişasının xroniki proqressivləşən atrofik prosesidir. Vulvanın kraurozu selikli qişanın paresteziyası, quruluğu, qaşınması; kiçik və böyük cinsiyyət dodaqlarının, klitorun atrofik, sklerotik dəyişiklikləri; dispareuniya, vulvit, uşaqlıq yolunun stenozu ilə müşayiət olunur. Diaqnoz xarici baxış, vulvoskopiya, vulva toxumalarının biopsiyasının nəticələrinə əsasən qoyulur. Vulvanın krauzrozunun müalicəsi yerli və ümumi hormonoterapiya, fizioterapiya, vitaminoterapiya, zərurət olduqda vulvektomiyadan ibarətdir.

  • Vulvanın kraurozunun yaranma səbəbləri
  • Vulvanın kraurozunun əlamətləri
  • Vulvanın kraurozunun diaqnostikası
  • Vulvanın kraurozunun müalicəsi
  • Vulvanın kraurozunun proqnoz və profilkatikası

Vulvanın kraurozu barədə ümumi məlumat

Vulvanın kraurozu fon xəstəliyi olub, vulvanın distrofik zədələnməsi ilə xarakterizə edilir.  Xəstəlik müxtəlif yaş qrupuna aid olan qadınlarda: adətən menopauza dövründə, az hallarda isə 30 yaşa kimi və ya sonra aşkarlanır. Vulvanın kraurozu zamanı xarici cinsiyyət orqanlarının deformasiya və kiçilməsinə, onların funksional pozğunluqlarına səbəb olan çoxqatlı yastı epitel qişasının atrofiya və hiperkeratozu, kobud birləşdirici toxumanın inkişafı müşahidə olunur. Vulvanın kraurozunun erkən diaqnostikası və adekvat terapiyası xəstəliyin proqressivləşməsinin qarşısını almağa imkan verir.

Vulvanın kraurozunun inkişaf prosesi 3 mərhələyə ayrılır. I mərhələdə mikrosirkulyasiyanın pozulması və toxumaların hipoksiyası ilə əlaqədar cinsiyyət orqanlarının ödem və hiperemiyası izlənilir. Vulvanın kraurozunun II mərhələsində piqmentasiyanın pozulması, dəri və selikli qişaların quruluğu, nahamarlığı, qeyri-elastikliyi; kiçik və böyük cinsiyyət dodaqlarının yastılaşması qeyd olunur. III mərhələ xarici cinsiyyət orqanlarının tam atrofiyası və çapıqlı sklerozun inkişafı ilə xarakterizə olunur. Vulvanın rigid sklerozlaşmış toxumaları büzüşərək, kiçik və böyük cinsiyyət dodaqlarının, klitorun həcminin kiçilməsinə, uşaqlıq yolu, sidik kanalının daxili dəliyi və anal dəliyin daralmasına gətirib çıxarır. Vulvanın kraurozu skleroz mərhələsində çətinliklər törədir, cinsi əlaqə, bəzən isə sidik ifrazı və defekasiya zamanı ağrının baş verməsinə səbəb olur.

Vulvanın kraurozu zamanı dərin və çətin sağalan çatların yaranması infeksiyanın qoşulması ilə ağırlaşa bilər. Vulvanın kraurozunun leykoplagiya ilə müştərək şəkildə inkişafı maliqnizasiya riskini artırır.

Vulvanın kraurozunun yaranma səbəbləri

Vulvanın kraurozunun yaranma səbəbləriVulvanın kraurozu çoxqatlı yastı epitelin səthi qatının müxtəlif xarici və daxili amillərə qarşı qeyri-adekvat reaksiyası kimi inkişaf edir. Vulvanın kraurozuna neyroendokrin pozğunluqlar: böyrəküstü vəzinin qabıq maddəsi, yumurtalıq və qalxanabənzər vəzinin hipofunksiyası, baş beyin qabığının bioelektrik aktivliyinin pozulması səbəb olur. Əksər hallarda vulvanın kraurozu qısa reproduktiv dövrdən sonra klimaks zamanı, cavan yaşlarda isə cinsiyyət orqanlarında aparılan cərrahi müdaxilələrdən sonra inkişaf edir.

Kraurozun patogenezində vulvanın xroniki iltihabları, o cümlədən uzunmüddətli persistə edən İPV, HSV infeksiyaları müəyyən rol oynayır. Vulvanın kraurozu zamanı yaranan distrofik dəyişikliklərin immunopatoloji inkişaf mexanizmi istisna olunmur. Vulvanın kraurozunun psixosomatik köklərinin olması da qeyd olunur, xəstəlik ruh düşgünlüyü, depressiya, narazıçılıq, cinsi sferada problemlərdən əziyyət çəkən qadınlarda izlənilir.

Bəzi hallarda kraurozun ilkin səbəbi vulvanın kimyəvi yanıqları (məsələn, kalium-permanqanat məhlulu ilə) ola bilər. Vulvanın kraurozu zamanı bir qayda olaraq piylənmə, şəkərli diabet və belə qadınların şəxsi gigiyenaya düzgün əməl etməməsi müşahidə olunur.

Vulvanın kraurozunun əlamətləri

Vulvanın kraurozunun əlamətləriVulvanın kraurozu ilkin mərhələdə xarici cinsiyyət orqanları nahiyəsində paresteziyalarla (yüngül gizilti, iynəbatırma hissi) və ya vulvodiniyanın əlamətləri (göynəmə, quruluq hissi, dartılma) ilə təzahür edir. Kraurozun aparıcı əlamətinə vulvanın gecə vaxtlarında, isti vannalar və fiziki yüklənmələrdən sonra kəskinləşən, dözülməz tutmaşəkilli qaşınması aiddir. Qaşınmaya vulva reseptorlarında baş verən dəyişikliklər səbəb olur, bu da sinir impulslarının ötürülməsinin pozulmasına gətirib çıxardır. Qaşınma uzunmüddət ərzində davam edir, nəticədə yuxu və əmək qabiliyyyəti pozulur, psixo-emosional və damar pozğunluqları ilə müşayiət olunan sinir sisteminin üzülməsi baş verir.

Vulvanın kraurozu olan xəstələr həmçinin intim həyata mane olan dispareuniyadan (cinsi akt zamanı ağrı), bəzi hallarda isə dizuriya və defekasiyanın pozulmasından şikayət edirlər. Patologiya zamanı cızıqlar və sıyrıntılar, çoxsaylı  çatlar, subepitelial qansızmalar, iltihab izlənilir.

Vulvanın kraurozunun ilkin mərhələsində böyük və kiçik cinsiyyət dodaqları ödemli və hiperemiyalaşmış olur. Bir müddət sonra dəri və selikli qişalar ağımtıl-boz rəng alaraq, quruyur, nahamarlaşır, büzüşür, həmin nahiyələrdə tüklər tökülür. Tədricən klitor və kiçik cinsiyyət dodaqları müəyyən olunmur, böyük cinsiyyət dodaqları isə yastılaşır; uşaqlıq yolu və sidik kanalının mənfəzi daralır (bəzi hallarda tam obliterasiya olunur).

Vulvanın kraurozunun diaqnostikası

Vulvanın kraurozunun diaqnostikası fizikal, laborator və instrumental müayinələrdən ibarətdir. Patologiya adətən ginekoloji kresloda müayinə zamanı aşkarlanır. Vulvanın kraurozunun əsas diaqnostik üsulu sayılan vulvoskopiya (kolposkopiya) dəri və selikli qişaların patoloji dəyişikiklərinin vizualizasiyasına imkan verir.

Vulvanın kraurozunun tam atrofiya və sklerozlaşma mərhələsində differensial diaqnostikaya ehtiyac olmur, lakin erkən mərhələlərdə bu patologiyanı oxşar genital simptomatikaya malik olan xəstəliklərdən- neyrodermit, qırmızı yastı dəmrov, leykoplagiya, displaziya, vulvit, vaginit, şəkərli diabetdən fəqrləndirmək lazımdır.

Vulvanın kraurozu zamanı İPV infeksiyasının olmasını təyin etmək üçün PZR-diaqnostika təyin olunur. Bundan əlavə immun status (immunoqram), qanda şəkərin miqdarı müəyyənləşdirilir. Virusla zədələnmiş epitel hüceyrələri və atrofiya və ya atipiya aşkarlandıqda vulvanın selikli qişasından götürülən yaxma və izlərin sitoloji müayinəsi aparılmalıdır.

Maliqnizasiyanı istisna etmək məqsədilə vulva toxumaları biopsiya olunur, materialın histoloji analizi  icra edilir. Vulvanın kraurozu zamanı patomorfoloji şəkil depiqmentasiya, epitel qatın hiperkeratozu, derma və birləşdirici toxumanın sklerozu və atrofiyası, elastik liflərin tam və ya hissəvi itirilməsi, kollagenin homogenizasiyası, toxumalarda iltihabi infiltratlarla xarakterizə olunur.

Vulvanın kraurozunun müalicəsi

Vulvanın kraurozu – çətin sağalan xəstəlik olub, yaranma səbəbləri və gedişi müxtəlif xəstələrdə fərqli olur; patologiya uzunmüddətli, kompleks, adekvat müalicə tələb edir. Vulvanın kraurozunun müalicəsində konservativ terapiyaya (yerli və ümumi patogenetik) xüsusi yer verilir. Müalicə qaşınmanın azalmasına, iltihabın liikvidasiyasına, toxumaların trofikasının yaxşılaşmasına və psixo-emosional gərginliyin aradan qaldırılmasına yönəldilir.

Antihistamin preparatların (xloropiramin, mebhidrolin, klemastin), eləcə də sedativ vasitələrin (diazepam, xlorpromazin) təyini məqsədəuyğundur. İnadkar qaşınma zamanı cinsiyyət sinirinin spirt-novokain blokadası müəyyən dərəcədə terapevtik effekt almağa imkan verir. Vulvanın kraurozunun yerli müalicəsi estrogen (estriol, estradiol-dipropionat), progesteron, androgen, kortikosteroid tərkibli hormonal məlhəmlərdən ibarətdir.

Cavan xəstələrdə estrogenlərin istifadəsi əks-göstəriş hesab olunur, bu qrup xəstələrə aybaşı siklinin II fazasında progesteron tərkibli kremlər məsləhət görülür; yaşlı xəstələrə estriol (peroral) və ya sinestrol (əzələ daxilinə), sonra isə gestagenlər- oksiprogesteron kapronat (əzələ daxilinə) və ya noretisteron (peroral) təyin olunur. Androgenli tərkibli məlhəmlər daha güclü qaşınma əleyhinə təsirə malikdir.

Vulvanın kraurozunun müalicəsində güclü iltihabəleyhinə, desensibilizəedici və stabilizəedici xüsusiyyətlərə malik hidrokortizon, prednizalon, betametozondan ibarət kortikosteroid məlhəmlər geniş istifadə olunur. Mikrob infeksiyasının qoşulması zamanı antibakterial məlhəmlər təyin olunur.

Vulvanın kraurozunun müalicəsində lokal lazeroterapiya, refleksoterapiya, balneoprosedurlar, rentgenoterapiya (Bukki şüaları), fotodinamik terapiya tətbiq olunur. Vitaminoterapiya (А, Е, С, В qrup, РР vitaminləri), immunokorrektorların, biostimulyatorların qəbulu mütləqdir. Konservativ terapiyanın qeyri-effektivliyi zamanı invaziv müalicə üsullarından istifadə olunur: vulvanın denervasiyası, vulvanın lazer ablasiyası və zədələnmiş toxumaların kriodestruksiyası, maliqnizasiya şübhəsi olduqda  – vulva dərisinin səthi kəsilməsi (vulvektomiya).

Vulvanın kraurozunun proqnoz və profilaktikası

Vulvanın kraurozunun müalicəsi az effektivdir, tam sağalmanın əldə edilməsi qeyri-mümkündür. Vulvanın kraurozunun bədxassəli transformasıyası uzun müddət sağalmayan eroziyalar, çatlar, xəstəliyin displaziya və leykoplagiya ilə müştərək inkişafı zamanı müşahidə oluna bilər.

Vulvanın kraurozu daimi ginekoloji müşahidə və müalicə tələb edir. Bununla yanaşı fərdi qaydada təyin olunmuş pəhriz, stresslərin olmaması, intim gigiyena, alt paltarının düzgün seçimi xüsusi əhəmiyyət kəsb edir. Maliqnizasiya riskinin azaldılması məqsədilə vulvanın kraurozu olan xəstələr ildə 2 dəfə vulvoskopiyadan keçməli, sübhəli nəticələr zamanı sitoloji və histoloji müayinələr aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: