Vulvar varikoz
Vulvar varikoz ‒ kiçik çanaq venalarının varikoz genişlənməsinin bir forması olub, cinsiyyət dodaqları və aralığın zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik damarların xarakterik deformasiyaları – genişlənməsi, qanla dolması, qıvrım və düyünlərin əmələ gəlməsi ilə təzahür edir. Pasiyentlərin 50%-də kosmetik qüsurla yanaşı xarici cinsiyyət orqanları nahiyəsində ödem, ağırlıq hissi, küt ağrı müşahidə olunur. Diaqnoz xarici və ginekoloji müayinə, ultrasonoqrafiya və selektiv varikoqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə venatonuslandırıcı, angioprotektor, antiaqreqant, flebosklerozlaşdırıcı xüsusiyyətlərə malik preparatlar təyin olunur və ya krossektomiya aparılır.
- Vulvar varikozun yaranma səbəbləri
- Patogenez
- Vulvar varikozun əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Vulvar varikozun müalicəsi
- Proqnoz və profilaktika
Vulvar varikoz barədə ümumi məlumat
Xarici (vulvar və aralıq) varikoz adətən hestasiya dövründə aşkar olunur. Hamilələrin 18-22% xəstəliyin bu və ya digər formalarına rast gəlmək olar, 4-8% hallarda patoloji əlamətlər doğuşdan sonra da davam edir. Bu patologiya adətən varikoz xəstəliyinin digər təzahürləri –aşağı ətraflar və çanaq orqanlarının damarlarının zədələnməsi, eləcə də babasillə müştərək inkişaf edir. Əksər hallarda xarici varikozun proqnozunun qənaətbəxş sayılmasına baxmayaraq, xəstəlik doğuş prosesində qanaxmalar və tromboemboliya ehtimalını yüksəldir. Nəzərəçarpan damar deformasiyaları xəstənin həyat keyfiyyətinin pisləşməsinə-emosional pozğunluqlar, ailə və cinsi münasibətlərin korlanmasına gətirib çıxarır.
Vulvar varikozun səbəbləri
Vulva və aralıq venalarının genişlənməsinə damar divarının funksional çatışmazlığı və kiçik çanaq damarlarında venoz qanın təbii cərəyanının pozulması səbəb olur. Bir qayda olaraq, venaların tonik-elastik funksiyalarının çatışmazlığı anadangəlmə xarakter daşıyır, xəstəliyin kliniki təzahürləri təkənverici amillərin təsirindən yaranır. Nəsildə aşağı ətrafların və ya çanaq orqanlarının varikoz xəstəliyindən əziyyət çəkən şəxslərin olması vulvar vaginozun inkişaf ehtimalı əhəmiyyətli dərəcədə artırır. Xəstəliyin yaranma səbəblərinə hamilə qadınların orqanizmində baş verən aşağıdakı spesifik dəyişikliklər aiddir:
- Hormonal pozğunluqlar. Hamilələrdə damar divarının saya əzələlərinin boşalmasına səbəb olan hormonların-progesteron və relaksinin səviyyəsi yüksəlir. Nəticədə qapaqlar qanın geriyə qaıtmasının qarşısını ala bilmədiyindən venoz durğunluq yaranır.
- Sirkulyasiya edən qanın həcminin artması. Hamiləlik zamanı qan damarlarında mayenin həcmi 3 dəfə artır, təzyiqin qalxması isə damarların genişlənməsini sürətləndirir.
- Çanaqdan qan axınının pozulması. Peritonarxası sahənin magistral damarları böyümüş uşaqlığın təsirindən sıxılır. Bu da bədənin aşağı hissəsində qan durğunluğuna və venaların genişlənməsinə gətirib cıxarır.
Əlavə risk faktorlarına bədən çəkisinin normadan artıq olması, az hərəkətli həyat tərzi, oturaq iş və ya əksinə fiziki yüklənmələr aiddir. Bəzi qadınlarda hamiləlik zamanı yaranan aralıq damarlarının dilatasiyası doğuşdan sonra da müşahidə olunur. Buna çanaq orqanlarında normal qan cərəyanına mane olan anatomik xüsusiyyətlər və xəstəliklər – uşaqlığın reftofleksiyası, endometrioz, xroniki iltihabi xəstəliklər (salpingit, ooforit, adneksit), uşaqlıq və yumurtalıqların xoş və bədxassəli şişləri (subseroz və submukoz mioma, kistoma və s.) səbəb olur. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən xəstəlik adətən uzun müddət hormonal kontraseptivlər qəbul edən qadınlarda aşkarlanır.
Vulvar varikozun patogenezi
Vulvar sahənin varikozu olan xəstələrdə kollagen liflərin bəzi növlərinin azalması nəticəsində damar divarının əsasını təşkil edən birləşdirici toxumanın sərtliyi pozulur. Saya əzələlərin tonusunun azalması, qanın həcmi və təyziqinin artması damarların gərilməsinə səbəb olur, onların mənfəzi genişlənərəq qapaq aparatı ilə örtülmür. Kiçik çanağın damar şəbəkəsinin dolması venoz reflüksə gətirib çixarır. Bu zaman qan dərialtı venalara axaraq onların varikoz genişlənməsinə səbəb olur.
Vulvar varikozun əlamətləri
Adətən vulvar venaların genişlənməsi hestasiya dövründə yaranır. İlk dəfə doğan qadınlarda xəstəliyin ilkin əlamətləri hamiləliyin 18-24-cü, təkrar doğanlarda isə 12-18-ci həftəsində təzahür edir. Xəstələrin 60%-də varikozun yeganə kliniki əlaməti vulvar sahədə damarların deformasiyası hesab olunur. Damarlar genişlənmiş, qıvrılmış, yumşaq olub, kisəyəbənzər düyünlü qabarcıqlarla müşayiət olunur. Varikoz xəstəliyi bir və ya ikitərəfli ola bilər. 40% hallarda qadınlar cinsiyyət dodaqları, aralıq və uşaqlıq yolunda şişkinlik və ağırlıq hissindən şikayət edir.
Günün sonunda və ya fiziki yüklənmələrdən sonra vulvar varikozun dekompensasiyası zamanı göynəmə hissi, dartılan, küt və ya sızıltılı, bəzi hallarda ayaqlara irradiasiya edən ağrılar müşahidə olunur. Bəzi xəstələrdə ağrı kəskin xarakterli olub, periodik olaraq stress, soyuqlama, yorğunluq, xroniki xəstəliklərin kəskinləşməsi fonunda izlənilir. Az hallarda cinsi əlaqə zamanı və ya ondan sonra ağrı hissi yaranır. Doğuşdan sonra varikoz əlamətlərinin müşahidə olunduğu hallarda xəstəliyin proqressivləşməsindən asılı olaraq xroniki çanaq ağrıları, qarnın aşağı hissəsində diskomfort müşahidə olunur, aybaşı sikli pozulur, sidik ifrazi ağrılı olur.
Vulvar varikozun ağırlaşmaları
Vulvar varikoz kəskin tromboflebitlə ağırlaşa bilər. Bu zaman damarlar bərkiyir və ağrılı olur, bədən hərarəti 37,4-38,0° С-yə qədər yüksəlir. Doğuş prosesi və ya cinsi əlaqə zamanı travmatik təsirlər nəticəsində varikoz damarları cırılaraq, uzunmüddətli və güclü qanaxmalara səbəb olur. Zədələnmiş damarlarda venoz təyziqin yüksək olması və onların divarlarının nazilməsi fonunda belə qanaxmanı dayandırmaq çətinlik törədir. Varikozun daha bir ağır fəsadı tromboz hesab olunur, trombun qopması hallarında ağciyər arteriyasının tromboemboliyası baş verə bilər. Patologiyanın kiçik çanaq damarlarının zədələnməsi ilə müşayiət olunan xroniki gedişi xəstələrin bir qismində sonsuzluq yaranır.
Vulvar varikozun diaqnostikası
Hamilələrdə spesifik dəyişilmiş damarların aşkar olunması vulvar varikozun inkişafından şübhələnməyə əsas verir. Diaqnostik mərhələdə diaqnozu inkar etmək və ya patoloji prosesin yayılma dərəcəsini və vena-venoz axımın səbəblərini təyin etmək vacibdir. Standart müayinə planına aşağıdakı üsullardan ibarətdir:
- Ginekoloji kresloda müayinə. Vulvar həlqə və uşaqlıq yolu nahiyəsində genişlənmiş, qıvrılmış, yumşaq, düyünlü damarlar müşahidə olunur. Uşaqlıq yolunun divarları göyərmiş olur, palpasiya zamanı tağların hamarlaşması qeyd olunur.
- Selektiv varikoqrafiya. Kontrast fleboqrafiya venoz qanın vulvar nahiyənin venalarına töküldüyü sahəni aşkar etməyə imkan verir.
Adətən vulva və aralıq sahənin varikoz xəstəliyı çanaqdan qan axımının çətinləşməsi ilə müşayiət olundugundan çanağın venoz sisteminin vəziyyətini qiymətləndirmək üçün aşağıdakı informativ üsullardan istifadə olunur:
- Ultrasəs angioskanlama. Ultrasonoqrafiya anexogen qıvrılmış törəmələr aşkar etməyə kömək edir. Adətən bu törəmələr uşaqlığın kənarlarından keçir. Magistral venalar genişlənir, konturları dəqiq olmur. Əsas venoz kollektorlarin diametri artır.
- Damarların ultrasəs doppleroqrafiyası. Vulvar varikoz zamanı daxili qalça, yumurtalıq və uşaqlıq venalarında maksimal sistolik sürət azalır.
- Laparoskopiya. Generalizəolunmuş varikoz proseslərdə çanaq boşluğunda nazik, gərgin divarlı göyərmiş törəmələr aşkar edilir.
- Çanaq orqanlarının KT. Gücləndirilmiş siqnallı kompüter tomoqrafiya zamanı qeyri-bərabər sahəli qıvrılmış, genişlənmiş damarlar aydın izlənilir.
Xəstəliyin xarakterik xarici əlamətlərlə müşayiət olunan klassik gedişi zamanı diaqnostika heç bir çətinlik törətmir. Varikoz xəstəliyi adətən qanın laxtalanma sisteminin xəstəlikləri ilə yanaşı inkişaf etdiyindən hemostazın qiymətləndirilməsi (AHTZ, trombin müddəti, fibrinogenin səviyyəsi və s.) məsləhət görülür. Diaqnostik prosesdə fleboloqun iştirakı mütləqdir.
Vulvar varikozun müalicəsi
Müalicə sxemi klinik əlamətlərin ağırlığı və ağırlaşmalara əsasən seçilir. Hamiləlik və doğuş zamanı terapevtik taktika adi hallardan fərqli olur. Ağırlaşmamış vulvar və aralıq varikozu olan hamilələrə aşağıdakı qrup medikamentoz vasitələr təyin olunur:
- Venatonik preparatlar. Venoz divarın saya əzələsinin yığılma aktivliyini artırır, qapaq çatışmazlığını kompensasiya edir.
- Angioprotektorlar. Dartılmış damar divarını zədələnmələrdən qoruyur, qan komponentlərinin aqreqasiyasının qarşısını alır.
- Antiaqreqantlar. Trombotik və tromboembolik ağırlaşmaların yaranma riskini aşağı salır.
Xəstələrə kompression corablar geyinmək, qəbizlik yaradan qıda məhsullarından imtina, fiziki yüklənmələri məhdudlaşdırmaq, xüsusi MBT komplesləri yerinə yetirmək məsləhət görülür. Konservartiv müalicənin qeyri-effektivliyi və simptomatikanın artdığı hallarda flebosklerozlaşdırıcı preparatların yeridilməsi mümkündür, daha ağır hallarda təsdiq olunmuş reflüks zamanı krossektomiya aparılır.
Varikoz zamanı laxtalanma pozulduğundan doğuşa hazırlıq mərhələsində autodonor qan ehtiyatı yaratmaq tövsiyyə olunur. Doğuş prosesində deformasiyalaşmış varikoz damarların cırılmasının qarşısını almaq üçün nazik steril qat üzərindən zədələnmiş yumşaq toxumalara ehtiyatla əllə təyziq göstərərək perineotomiya aparılır. Varikoz düyünlərin partlaması və qanaxmalar zamanı cırılmış damarlara liqatura qoyulur, düyünlərin konqlomeratları çoxsayda tikilir. İfadəli varikoz əlamətləri olan xəstələrə Qeysəriyyə əməliyyatı məsləhət görülür. Doğuşdan sonra xəstəliyin əlamətləri davam etdikdə patologiyanın gedişindən asılı olaraq, konservativ və ya cərrahi müalicə təyin olunur.
Vulvar varikozun proqnoz və profilaktikası
92-96% hallarda vulvar həlqənin xarici varikoz əlamətləri doğuşdan sonra öz-özünə itir. Hamilə qadınlara kompleks medikamentoz müalicənin təyini kliniki əlamətləri yüngülləşdirməyə və doğuş prosesində ağırlaşmaların yaranma ehtimalını azaltmağa imkan verir. Varikoz damarların skleroobliterasiyası və cərrahi yolla çıxarılmasının effektivliyi 90-95% təşkil edir. Profilaktik məqsədlə, xüsusən irsi meyllik hallarında qadın məsləhətxanalarında qeydiyyata düşmək, fiziki yüklənmələri məhdudlaşdırmaq, istirahət rejimini normaya salmaq, qida lifləri ilə zəngin olan məhsullardan istifadə etmək məsləhət görülür.