Vulvit
Vulvit – vulvanın (qadın xarici cinsiyyət orqanlarının) iltihabi xəstəliyidir. Qaşınma, yanğı hissi, cinsiyyət dodaqlarının şişkinliyi və hiperemiyası, ağrılı sidik ifrazı, çox miqdarda ifrazatın olması ilə xarakterizə olunur. Gigiyenaya riayət edilmədikdə, xarici cinsiyyət orqanlarının travmaları (birincili vulvit), genital və ekstragenital xəstəliklər, endokrin pozğunluqların (ikincili vulvit) fonunda yarana bilər. İnfeksiyanın daxili cinsiyyət orqanlarına yayılması ciddi təhlükələr törədir: kiçik yaşlı qızlarda vulvit cinsiyyət orqanlarının bitişməsi ilə nəticələnə bilər. İltihabi prosesin gedişindən asılı olaraq vulvitin kəskin və xroniki formaları ayırd edilir. Xəstəliyin diaqnostikası üçün ginekoloq müayinəsi mütləqdir.
- Vulvit və onun yaranma səbəbləri
- Vulvitin əlamətləri və ağırlaşmaları
- Vulvitin diaqnostikası
- Vulvitin müalicəsi
- Vulvitin profilaktikası
Vulvit barədə ümumi məlumat
Qadın xarici cinsiyyət orqanlarının iltihabi prosesi (vulvit) bir sıra yerli və ümumi xarakterli səbəblərin təsirindən yaranır. Xəstəlik zamanı klitor, böyük və kiçik cinsiyyət dodaqları, uşaqlıq dəhlizi və onun vəziləri, qızlıq pərdəsinin infeksiyalaşması baş verir. Vulvitin törədiciləri adətən şərti-patogen mikroorqanizmlər (bağırsaq çöpü, streptokok, stafilokok, maya göbələyi), nadir hallarda cinsi yolla ötürülən xəstəliklərin törədiciləri (qonokokk, trixomonad, xlamidiya, virus və s.) hesab edilir. Bəzən vərəm və difteriya törədiciləri də bu xəstəliyə səbəb ola bilir. Selikli qişa və dərinin tamlığının pozulması, immunitetin zəifləməsi infeksiyanın inkişafına şərait yaradır.
Vulvit və onun yaranma səbəbləri
Vulvitin inkişafına səbəb olan amillər aşağıdakılardır:
- Şəxsi gigiyena qaydalarına riayət etmədikdə (xüsusən aybaşı zamanı);
- Dar və kobud geyimlər, gigiyenik bezlerin uzunmüddətli istifadəsi, cinsi əlaqə zamanı vulvanın selikli qişasının mexaniki zədələnməsi;
- Selikli qişanın aginal axıntı, cinsiyyət orqanlarının infeksiyalarında servikal ifrazat, o cümlədən sidik saxlamamazlığı zamanı və kimyəvi maddələrlə qıcıqlanması və maserasiyası;
- Dərman maddələrinin (antibiotiklər) uzunmüddətli qəbulu, şüa terapiyası;
- Hormonal və metabolizm pozğunluqları (yumurtalıqların disfunksiyası, piylənmə və şəkərli diabet, vitamin və mineral çatışmazlığı), allergik reaksiyalar;
- Bağırsaq və sidik yollarından patoloji yolların (fistula) olması;
- Vegetonevroz, helmint və güclü tərləmə zamanı xarici cinsiyyət orqanlarının ciziqları.
Vulvitlər birincili (infeksiya travma və ya intim gigiyenaya riayət etmədikdə) və ikincili (infeksiya mənbəyi digər orqan – uşaqlıq, uşaqlıq yolu, badamcıqlar, sidik kisəsi və böyrək olduqda) olur. Birincili vulvit əsasən qızlarda və menopauza dövründə olan qadınlarda yaranır, bu da həmin yaş dövrlərində cinsiyyet orqanlarının xüsusiyyətləri ilə bağlıdır. Yetkin sağlam qadınların xarici cinsiyyət orqanının selikli qişası (hormonal fon, sekretin turş pH mühiti, mikroflorada süd turşusu bakteriyalarının üstünlüyü sayəsində) infeksiyalara daha davamlıdır. Bu qadınlarda birincili vulvitə nadir hallarda rast gəlinir, xəstəlik vulvovaginit formasında inkişaf edir.
Birincili vulvit əsasən qız uşaqlarında müşahidə olunur, çünki onların dəri və selikli qişası nazik,zərif olub, zədələnməyə meyllidir. Cinsi orqanların mikroflorasında kokklar üstünlük təşkil edir, Doderlayn çöplərinə rast gəlinmir, mühit qələvi olur, yerli immunitet tam formalaşmamışdır. Eləcə də uşaqlarda bizquyruqların olması vulvitin yaranmasına səbəb olur, helmintoz zamanı xarici cinsiyyet orqanlarının selikli qişası qaşınmalar nəticəsində zədələnərək infeksiyanın daxil olmasına şərait yaradır. Bəzən yenidoğulmuş qız uşaqlarında uşaqlıq yolundan ifrazat müşahidə olunur, bu da doğuşdan anadan dölə keçən estrogenlərin təsirindən yaranır. Adətən bu hal öz-özünə geriyə inkişaf edir.
Postmenopauza dövründə estrogenlerin azalması, aybaşı siklinin kəsilməsi nəticəsində cinsi orqanların selikli qişası atrofik dəyişikliklərə uğrayır. Uşaqlıq yolu ifrazatının miqdarı azalır, selikli qişa quruyur və nazilir, asanlıqla zədələnir, infeksiyalaşır , bu da vulvitin inkişafına səbəb olur. İkincili vulvit daxili cinsiyyət orqanlarının spesifik və qeyri spesifik iltihabi xəstəlikləri (kolpit, servisit, endoservisit) fonunda yaranır.
Vulvitin əlamətləri və ağırlaşmaları
Vulvitin kəskin və xroniki gedişli formaları ayırd edilir. Kəskin formanın üçün aşağıdakı əlamətlər xarakterikdir:
- cinsiyyət dodaqları, klitorun kəskin ödemi və hiperemiyası, xora və eroziyalar əmələ gələ bilər. Budun daxili səthi və qasıq büküşləri də prosesə qoşula bilər;
- qaşınma və göynəmə, ağrı (sidik ifrazı, hərəkət zamanı və təmas zamanı artır);
- seroz-irinli və ya qanlı ifrazat. Bağırsaq çöpü mənşəli iltihab zamanı sulu konsistensiyalı, sarı-yaşıl, xoşagəlməz iyli; stafilokokk mənşəli iltihabda –qatı, sarımtıl; kandidozlarda isə kəsmiyəbənzər ifrazatlar müşahidə olunur;
- Bəzən limfa düyünlərinin böyüməsi və bədən hərarətinin yüksəlməsi nəzərə çarpır.
Kəskin vulvit zamanı qız uşaqlarında sinir oyanıqlığı, yuxu pozulmasına rast gəlinir. Vaxtında və düzgün aparılmayan müalicə fonunda kəskin vulvit tez-tez təkrarlanan residivlərlə müşayiət olunan xroniki formaya keçir. Vulvitin xroniki formasında vulvanın selikli qişasının müxtəlif sahələrində şişkinlik, ağrı, hiperemiya, qaşınma, göyneme, az miqdarda ifrazat, piy vəzilərinin hipertrofiyası müşahidə edilir. Bəzən eroziya və xoralar sağaldıqdan sonra cinsiyyət orqanları deformasiyalaşır, bu da gələcəkdə cinsi həyatın çətinləşməsinə səbəb olur. Qız uşaqlarında cinsiyyət dodaqları nahiyəsində bitişmələr-sinexiyalar yarana bilir.
Vulvitin diaqnostikası
Diaqnozun qoyulması üçün ginekoloqun konsultasiyası mütləqdir. Diaqnostik tədbirlərə anamnezin toplanması, ginekoloji müayinə, kolposkopiya (ehtiyac olarsa) və laborator analizler aiddir. Törədicinin növünü müəyyənləşdirmək üçün yaxmanın bakterioskopiyası, antibiotiklərə həssaslığı təyin etmək məqsədilə kultural əkilmə aparılır. Bundan əlavə orqanizmin immun statusunu zəiflədən və ya infeksiya mənbəyi olan yanaşı xəstəlikləri də aşkar etmək lazımdır.
Vulvitin müalicəsi
Vulvitin müalicəsində müasir ginekologiya ümumi və yerli təsirli kompleks müalicəyə üstünlük verir. Bu zaman xarici cinsiyyət orqanlarının iltihabi proseslərinin ləğvi ilə yanaşı, onu törədən amilləri də aradan götürmək lazımdır. Kəskin vulvit zamanı qız uşaqlarına yataq rejimi təyin olunur. Qadınlar müalicə dövründə cinsi hayatdan uzaq olmalıdırlar.
Antibakterial müalicə törədicinin növü və onun antibiotiklərə həssaslığı nəzərə alınmaqla təyin edilir. Spesifik vulvitlərdə (qonoreya, xlamidiya, trixomonad, vərəm) törədiciyə uyğun xüsusi müalicə tələb olunur. Kandidoz vulvitin müalicəsində ilk növbədə göbələkəleyhinə preparatlardan istifadə olunur. Qızlarda vulvit əksər hallarda şərti-patogen mikroflora tərəfindən yarandığından yerli tətbiq üçün antibiotiklər (məlhəm, krem) təyin edilir.
Vulvit zamanı xarici cinsiyyət orqanlarının yerli işlənməsi mütləqdir:
- İslatmalar, kükürdlü su, furasilin məhlulu, evkalipt dəmləməsi ilə soyuq kompreslər;
- kalium permanqanat, bitki dəmləmələri (çobanyastığı, evkalipt, gülümbahar ) ilə ilıq oturaq vannalar; xarici cinsiyyət orqanlarının bor turşusu, kalium-permanqant məhlulu, çobanyastığı dəmləməsi ilə yuyulması;
- antiseptik məhlullarla şırınqalama, iltihabəleyhinə şamlar.
Su prosedurlarından sonra cinsiyyet orqanları dəsmalla qurudulmalı və streptosid tozu sepilməlidir. Güclü qaşınma zamanı yuxugətirici preparatlar və yatmazdan əvvəl xarici cinsiyyət orqanı nahiyəsinə anestezin məlhəminin çəkilməsi məsləhət görülür. Bəzi hallarda hidrokortizon məlhəmi və fizioterapevtik prosedurlar (UBŞ) təyin edilir. Allergik vulvitlər zamanı antihistamin preparatlar, kəskin, şirin, duzlu qidalardan istifadə etməmək tövsiyyə olunur.
Bundan əlavə yanaşı xəstəliklər (tonzillit, pielonefrit, hormonal və metabolzim pozğunluqları) müalicə olunmaqla immunitet möhkəmləndirilməlidır. Ümumi möhkəmləndirici preparatların qəbulu (vitamin immunostimulyator, bioloji aktiv əlavələr) vacibdir.
Vulvitin profilaktikası
Vulvitin profilaktikasına aşağıdaki tədbirlər aiddir: ümumi xəstəliklərin vaxtında müalicəsi, xroniki infeksiya ocağının aradan qaldırılması, şəxsi gigiyena qaydalarına riayət etmək (cinsiyyət orqanlarının təmizliyi, rahat təmiz alt paltarı); sağlam həyat tərzi və immunitetin gücləndirilməsi (zərərli vərdişlərdən və təsadüfi cinsi əlaqələrdən uzaq olmaq, idmanla məşğul olmaq, düzgün qidalanmaq).
Qızların düzgün gigiyenası onların qadın sağlamlığına zəmanətdir. Uşaqlıqda tam müalicə olunmamış vulvit gələcəkdə ciddi ginekoloji problemlərə, o cümlədən sonsuzluğa səbəb ola bilər.