Xroniki ooforit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3927

xroniki ooforit nədir?Xroniki ooforit – yumurtalıqların uzunmüddətli iltihabı prosesidir. Xəstəliyin kəskinləşməsi qarnın aşağı hissəsi və qasıq nahiyəsində küt və yaxud sızıltılı ağrılar, selikli və ya selikli-irinli ifrazatlarla xarakterizə olunur. Remissiya fazasında ovarial–aybaşı siklinin pozğunluqları, dishormonal dəyişikliklər, sonsuzluq müşahidə edilir. Xəstəliyin diaqnostikasında bimanual müayinə, çanaq orqanlarının USM, laparoskopiya, laborator üsullardan istifadə olunur. Müalicə sxeminə etiotrop antibakterial preparatlar, enzim, iltihabəleyhinə və immuniteti korreksiya edən vasitələr daxildir.

  • Xroniki ooforitin yaranma səbəbləri
  • Patogenez
  • Xroniki ooforitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Xroniki ooforitin müalicəsi
  • Proqnoz və profilaktika

Xroniki ooforit barədə ümumi məlumat

Xroniki ooforitin səbəbləriOoforitin xroniki formasına müstəqil patologiya kimi çox nadir hallarda rast gəlinir, adətən fallop borularının iltihabı ilə birgə müşahidə edilir, tibb ədəbiyyatında xroniki salpinqooforit (adneksit) olaraq adlandırılır. Əksər hallarda ooforit infeksion prosesin digər orqanlardan yayılması nəticəsində inkişaf etməklə ikincili xarakter daşıyır. İltihaba bir və ya hər iki yumurtalıq qoşula bilər. Xəstəlik əsasən aktiv cinsi həyat sürən 18-28 yaşlı qadınlarda yaranır. Ooforitin erkən diaqnostika və müalicəsinin aktuallığı ikincili sonsuzluğun tezliyinin yüksək olması ilə bağlıdır. Ginekologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən reproduktiv funksiyanın pozulması xəstəliyin 60-70% hallarında qeydə alınır.

Xroniki ooforitin yaranma səbəbləri

Yumurtalıq toxumalarında iltihabi reaksiyaya adətən infeksion amillər səbəb olur. Prosesin birbaşa törədiciləri  aşağıdakılardır:

  • Cinsi yolla ötürülən infeksiyalar. Çox zaman xroniki ooforit qonokokk, xlamidiya, trixomonada, mikoplazmalar tərəfindən törədilir. Belə hallarda xəstəlik adətən ikitərəfli olur.
  • Şərti-patogen mikroorqanizmlər. İltihab streptokokk, stafilokokk, bağırsaq çöpləri, anaeroblar və s. mikroorqanizmlərin təsirindən yarana bilər. Qeyri-spesifik floranın aktivləşməsi zamanı proses bir- və ya ikitərəfli ola bilər.
  • Vərəm mikobakteriyaları. Vərəm qabarcıqları və ya kazeomalar şəklində bir- və ya ikitərəfli spesifik ooforit ftiziatrik profilli pasiyentlərin 1/3 hissəsində müşahidə edilir.

Anatomik yerləşmə xüsusiyyətləri və sərt xarici kapsul hesabına yumurtalıqlar mikroorqanizmlərdən güclü müdafiə olunur. Xroniki iltihabi prosesin yaranması üçün bir neçə amilin müştərək təsiri tələb olunur:

  • Qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri. İltihab daha çox vaginit, servisit, endometritsalpingitin rast gəlindiyi qadınlarda aşkarlanır.
  • Kiçik çanaqda iltihabi proseslər. Kəskin appendisit və peritonun cəlb olunması ilə gedən digər patoloji proseslər xroniki ooforitin inkişafına gətirib çıxara bilər.
  • İnvaziv müdaxilələr. Törədicilərin yayılmasına abort, ağırlaşmış doğuş, qaşınma və digər müalicəvi-diaqnostk prosedurlar səbəb olur.
  • Nizamsız cinsi həyat. Cinsi partnyorların tez-tez dəyişdirilməsi və qorunmamış cinsi əlaqə yumurtalıq toxumalarına tropluğa malik CYKİ yoluxma ehtimalını artırır.
  • Yanaşı gedən patologiya və immunitetin zəifləməsi. Xəstəliyin əlamətlərinin yaranma riksi piylənmə, diabet, xroniki xəstəliklərdən əziyyət çəkən, stressə məruz qalan və ya immunosupressiv preparatlar qəbul edən pasiyentlərdə yüksək olur.

Çox nadir hallarda iltihab qəzalar və laparotomik əməliyyatlar zamanı travma nəticəsində inkişaf edir. Bir  sıra hallarda ikincili iltihabi proses yumurtalıqların xoş- və bədxassəli törəmələri fonunda baş verir.

Xroniki ooforitin patogenezi

Xroniki iltihab tədricən yarana (məsələn, qonoreya və ya xlamidiozun simptomsuz gedişi zamanı) və ya sona kimi müalicə edilməyən kəskin ooforitin nəticəsi ola bilər. Törədici yumurtalıq toxumasına  əsasən 4 yolla yayıla bilər: qalxan (uşaqlıq yolu, servikal kanal, uşaqlıq, fallop boruları), enən (peritonla), limfogen (qonşu orqanlardan) və hematogen (vərəm zamanı). Əksər hallarda iltihab orqanın xarici qişasından qabıq və beyin maddəsinə yayılır. Limfogen və ya hematogen yoluxma zamanı prosesə ilkin olaraq stroma və follikulyar toxuma cəlb olunur. Adətən iltihab seroz və ya seroz-fibrinoz, bəzən isə irinli xarakter daşıyır.

Artan endogen intoksikasiya, immun reaktivliyin azalması, mikrosirkulyasiyanın yerli pozğunluqları və qanın reoloji xüsusiyyətlərinin dəyişməsi xəstəliyin xroniki gedişinə səbəb olur. Qabıq maddəsi prosesə qoşulduqda endokrin funksiya pozulur, bu da hipo- və hiperestrogenemiya ilə təzahür edir. Ooforitin xronikləşməsi yumurtalıq toxumalarına qarşı anticisimlərin sintezi ilə səciyyələnən autoimmun mexanizmlərin işə düşməsi ilə müşayiət olunur. Yuxarıda qeyd olunan dəyişikliklərin spesifik infeksiyaların (xüsusən xlamidiozun) təsiri ilə müştərəkliyi ovarial ehtiyatın tükənməsinə səbəb olur, nəticədə sonsuzluq riski yüksəlir və ekstrakorporal mayalanmanın perspektivləri pisləşər.

Xəstəlik siklik gedişə malikdir: bu və ya digər dərəcədə ifadə olunan klinik simptomatikalı kəskinləşmə dövrü remissiya ilə əvəz olunur. Prosesin kəskinləşməsinə adətən hipotermiya, stress, hamiləlik dpvründə və ya aybaşıdan əvvəl hormonal fonun dəyişməsi, soyuqdəymə xəstəlikləri, immunitetin zəifləməsi səbəb olur.

Xroniki ooforitin əlamətləri

Xroniki ooforitin əlamətləriXəstəliyin klinikası onun fazasından asılıdır. Kəskinləşmə dövründə pasiyent qarnın aşağı hissəsi və qasıq nahiyəsində küt və ya sızıltılı ağrılardan şikayət edir. Ağrının omaya irradiasiyası, fiziki gərginlik və cinsi akt zamanı güclənməsi mümkündür. İltihaba digər cinsiyyət orqanları qoşulduqda vaginal ifrazatların, əsasən selikli, az hallarda selikli-irinli axıntıların miqdarı artır. Bir qayda olaraq, ümumi simptomatika zəif ifadə olunur, bəzən hərarətin subfebril həddə yüksəlməsi, ürəkbulanma, qusma ilə təzahür edir.

Remissiya vaxtı adətən ağrı hissiyyatı izlənilmir. Yuxu problemi, əmək qabiliyyətinin azalması, tez yorulma və əsəbilik, aybaşı sikli, cinsi və reproduktiv funksiyaların pozulması müşahidə edilə bilər. Xroniki ooforitdə aybaşılar qeyri-müntəzəm olur, bu zaman aybaşı sikli uzanır, aybaşıarası qanaxmalar, ağrı və gur menstrual ifrazatlar yarana bilər. Bəzi pasiyentlərdə ifadəli predmenstrual sindrom qeydə alınır. 50-70% qadınlarda libido azalır, bu da çox zaman dispareuniya (cinsi akt zamanı ağrı hissiyyatı) ilə müşayiət olunur. Bəzi hallarda xroniki iltihabın yeganə əlaməti müntəzəm cinsi əlaqələr fonunda hamiləliyin baş tutmasıdır.

Xroniki ooforitin ağırlaşmaları

Adətən xroniki gediş zamanı ooforit salpingitlə birgə inkişaf etdiyindən xəstəliyin ən ciddi fəsadı biitişmə xəstəliyi sayılır. Plastik pelvioperitonit və yumurtalıqların endokrin funksiyasının pozulması əksər pasiyentlərdə boru-peritoneal sonsuzluğa gətirib çıxarır. Bununla yanaşı belə qadınlarda uşaqlıqdan kənar hamiləlik və düşük riski əhəmiyyətli dərəcədə yüksəlir. Kəskinləşmə dövründə ooforit irinli-iltihabi proseslərlə  (yumurtalıqların irinli əriməsindən (piovar) tutmuş tuboovarial absesin formalaşması və peritonitin inkişafına qədər) ağırlaşa bilər.

Xroniki ooforitin diaqnostikası

Diaqnozun qoyulması zamanı nəzərə almaq lazımdır ki, xroniki ooforitin simptomatikası qeyri-spesifikdir və bu əlamətlər digər ginekoloji xəstəliklərdə də rast gəlinə bilər. Bu səbəbdən müayinə planına iltihabın lokalizasiyasını dəqiq təyin etməyə və törədicini aşkarlamağa imkan verən üsullar daxil edilir:

  • Ginekoloji kresloda müayinə. Bimanual müayinədə uşaqlıq artımları ödemli, sərtləşmiş və ya qalınlaşmışdır. Palpasiya zamanı ağrı və hərəkətliliyin məhdudlaşması müəyyən edilir.
  • Transvaginal USM. Yumurtalıqların ölçüləri artmış, səthiləri isə hamarlaşmışdır. Fibroz sahələr hesabına exogen quruluş artmışdır. Uşaqlıq boruları və endometriumun exo-əlamətləri müşahidə oluna bilər.
  • Endoskopik üsul yumurtalqılarda iltihabi prosesin diaqnostikasının qızıl standartı sayılır. Prosedur zamanı nəinki iltihabi prosesi təsdiq etmək, həmçinin ehtiyac olduqda histoloji müayinə üçün biomaterial götürmək mümkündür.
  • Laborator diaqnostika. Mikroskopiya, vaginal ifrazatların əkilməsi, PZR, İFR, İFA və digər analizlər ooforitin törədicisini təyin etməyə kömək edir.
  • Tuberkulin sınağı. Kiçik çanaq nahiyəsində geniş sahəni əhatə edən, zəif klinik simptomatikalı iltihabi proses olduqda aparılır.

Xəstəlik cinsiyyət sisteminin digər iltihabi xəstəlikləri və çanaq boşluğunda həcmli proseslərlə differensiasiya edilir. Göstərişləə əsasən pasiyent ginekoloq-reproduktoloq, onkoginekoloq, ftiziatrın konsultasiyasına istiqamətləndirilir.

Xroniki ooforitin müalicəsi

Terapevtik sxem prosesin fazalarına əsasən müəyyən edilir. Kəskinləşmə dövründə və törədicinin aşkar olunduğu hallarda aşağıdakı üsullardan istifadə olunur:

  • Etiotrop antibakterial terapiya. Dərman vasitələri patogen floranın həssaslığı nəzərə alınmaqla seçilir. Zərurət olduqda antibiotikoqrammanın nəticələri hazır olana qədər geniş təsir spektrinə malik antibiotiklər təyin edilir.
  • İltihabəleyhinə vasitələr. Qeyri-steroid preparatlar ağrı sindromunu və iltihabi dəyişikliklərin ifadəliliyini azaltmağa imkan verir.
  • Enzimoterapiya. Enzim preparatlarının tətbiqi bitişmə xəstəliyinin profilaktikası və movcud bitişmələrin sorulmasında mühüm rol oynayır.
  • İmmunokorreksiya. Orqanizmin müdəfiə gücünü artırmaq üçün immunostimulyatorlar, interferonogenlər, vitamin-mineral kompleksləri məsləhət görülür.

Remissiya dövründə terapiya immunitetin möhkəmlənməsi, reproduktiv və endokrin funksiyanın bərpasına yönəldilir. Bu mərhələdə immunokorrektorlar, enzimlər, eubiotiklər, biogen stimulyatorlar, hormonal preparatlar təyin edilir. Medikamentoz müalicənin fizio- və balneoterapiya ilə birgə aparılması müsbət nəticələr verir. Ağırlaşmaların: ağır irinli-iltihabi xəstəliklər (piovar, tuboovarial abses, peritonit və s.) və boru-peritoneal sonsuzluqla nəticələnən bitişmə prosesinin olması cərrahi müalicəyə göstəriş sayılır.

Xroniki ooforitin proqnoz və profilaktikası

Ağırlaşmamış gediş və düzgün müalicə zamanı proqnoz qənaətbəxşdir. Xroniki ooforitin profilaktikası məqsədilə hər 6 aydan bir ginekoloji müayinənin aparılması, abortlardan imtina, invaziv prosedurların əsaslı şəkildə təyini, reproduktiv sistemin infeksion-iltihabi xəstəliklərinin vaxtında və adekvat müalicəsi məsləhət görülür. Hipotermiya, psixoemosional, fiziki yüklənmələr, təsadüfi cinsi əlaqələr istisna olunmalı, baryer kontraseptivlərdən istifadə edilməli, şəxsi gigiyena qaydalarına riayət olunmalı və siqaret, spirtli içkilərdən imtina etməklə sağlam həyat tərzi keçirilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: