Yumurtalığın endometrioid kistası
Yumurtalığın endometrioid kistası – yumurtalıqların səthində yerləşən patoloji boşluqlu törəmə olub, daxilində aybaşı qanının toplanması və endometrium hüceyrələrindən ibarət qişa ilə əhatə olunması ilə xarakterizə edilir. Yumurtalıqlığın endometrioid kistası bəzi pasiyentlərdə uzunmüddət simptomsuz gedir və ya digərlərində isə anomal aybaşılar, sonsuzluq, ağrılar, hətta «kəskin qarın» simptomatikası ilə müşayiət olunur. Diaqnostika USM və laparoskopiyanın nəticələrinə əsaslanır. Yumurtalıqlığın endometrioid kistasının müalicəsi patoloji törəmənin xaric edilməsi və uzunmüddətli hormonal terapiyadan ibarətdir.
- Yumurtalığın endometrioid kistasının yaranma səbəbləri
- Yumurtalığın endometrioid kistasının əlamətləri
- Yumurtalığın endometrioid kistasının diaqnostikası
- Yumurtalığın endometrioid kistasının müalicəsi
- Yumurtalığın endometrioid kistasının proqnozu
Yumurtalığın endometrioid kistası barədə ümumi məlumat
Funksional kistalarla müqayisədə yumurtalığın endometrioid kistası fərqli inkişaf mexanizminə malikdir və əksər hallarda ikitərəfli olur. Yumurtalığın endometrioid kistası uşaqlığın daxili səthini örtən selikli qişa hüceyrələrinin uşaqlıq boruları, yumurtalıqlar, uşaqlıq yolu və qarın boşluğuna yayılması ilə səciyyələnən endometriozun genital formasının ən çox rast gəlinən ağırlaşması sayılır. Endometrioid ocaqlar funksional aktiv və hormondan asılı olduğundan siklik aybaşıyabənzər dəyişikliklərə uğrayırlar. Yumurtalığın qabıq maddəsində endometriumun çoxalması və onun hər ay qanaxmaya məruz qalması qatı, tünd-qəhvəyi möhtəviyyatlı endometrioid («şokolad») kistanın formalaşmasına gətirib çıxarır.
Yumurtalığın endometrioid kistası reproduktiv yaşda olan (30-50 yaş) qadınlarda adətən daxili endometrioz fonunda inkişaf edir, xəstəlik uşaqlığın fibromioması və endometriumun hiperplaziyası ilə müştərək şəkildə rast gəlinə bilər. Endometrioid kistanın ölçüsü 10-12sm-ə çata bilər. Yumurtalığın endometrioid kistasının divarında vəzilərin olmaması onun xarakterik histoloji əlaməti sayılır.
Yumurtalığın endometrioid kistasının səbəbləri
Endometriozun mənşəyini izah edən çoxsaylı nəzəriyyələrin olmasına baxmayaraq, xəstəliyin dəqiq yaranma səbəbləri indiyə qədər müəyyənləşdirilməmişdir. İmplantasion nəzəriyyəyə əsasən yumurtalıqların endometriozu və endometrioid kistaları retroqrad aybaşı – endometrium hüceyrələrinin aybaşı qanı ilə uşaqlıq borularına, yumurtalıqlara, qarın boşluğuna yayılması zamanı baş verə bilər.
Uşaqlığın selikli qişasını zədələyən cərrahi manipulyasiyalar: ginekoloji və mamalıq əməliyyatları, diaqnostik qaşıma, tibbi abort, uşaqlıq boynunun diatermokoaqulyasiyası endometrium hissəciklərinin miqrasiyasına səbəb ola bilər. Həmçinin ehtimal olunur ki, endometrioid ocaqlar embrional toxumanın metaplaziyası, genetik qüsurlar (endometriozun ailəvi forması) və ya immun reaksiyaların zəifləməsi nəticəsində yarana bilər.
Yumurtalıqların endometrioid kistasının inkişafı ilə orqanizmdə gedən endokrin dəyişikliklər: progesteronun səviyyəsinin azalması, estrogenin (hiperestrogeniya) və prolaktinin konsentrasiyalarının artması, qalxanabənzər vəzi və böyrəküstü vəzilərin qabıq maddəsinin disfunksiyası arasında əlaqə mövcuddur. Eləcə də istənilən emosional stress; UDS-in uzunmüddətli istifadəsi; endometrit, ooforit, qaraciyərin funksiyasının pozulması, piylənmə, qeyri-qənaətbəxş ekologiya endometriozun inkişafına təkan verə bilər.
Yumurtalığın endometrioid kistasının əlamətləri
Yumurtalığın klinik təzahürlərinin ifadəliliyi bir sıra amillərdən asılıdır: endometriozun yayılma dərəcəsi, yanaşı gedən xəstəliklər, pasiyentin psixoloji vəziyyəti və s. Bir sıra hallarda yumurtalığın endometrioid kistasının formalaşması simptomsuz gedir və ya reproduktiv funksiyanın pozulması (sonsuzluqla) ilə təzahür edir. Yumurtalığın endometrioid kistası qarnın aşağı hissəsində və bel nahiyəsində aybaşı, cinsi əlaqə zamanı güclənən ağrı sindromu ilə müşayiət olunur. Bəzən ağrılar çox güclü olur, kistanın iri ölçülü olduğu və kapsulun cırıldığı hallarda «kəskin qarın» simptomatikası inkişaf edir.
Yumurtalığın endometrioid kistası üçün gur aybaşılar, aybaşı siklinin uzanması, menstruasiyadan əvvəl və sonra yaxılan qanlı ifrazatların olması xarakterikdir. İntoksikasiya əlamətləri: halsızlıq, ürəkbulanma, yüksək hərarət mümkündür.
Yumurtalığın endometrioid kistasının böyüməsi ovarial toxumanın yerli dəyişikliklərinə: yumurtalıqların normal funksiyasını pozan çapıqların, follikulyar kistaların yaranmasına yumurtahüceyrələrin degenerasiyasına gətirib çıxara bilər. Yumurtalığın endometrioid kistasının uzunmüddətli gedişi kiçik çanaqda bitişmə proseslərinin, bağırsaq və sidik kisəsinin funksional pozğunluqlarına (qəbizlik, meteorizm, sidik ifrazının pozulması) səbəb ola bilər. Yumurtalığın endometrioid kistası irinləmə və divarın cırılması zamanı onun möhtəviyyatının qarın boşluğuna tökülərək, peritonitlə nəticələnə bildiyi ciddi ginekologiya patologiyadır.
Yumurtalığın endometrioid kistasının diaqnostikası
Ginekoloji müayinə hər zaman endometrioz əlamətlərini aşkar etməyə imkan vermir. Endometrioid kista zamanı yumurtalıqda az hərəkətli ağrılı törəmə və onun aybaşıdan qabaq böyüməsi müəyyən edilə bilər. Yumurtalığın endometrioid kistasının diaqnozu kiçik çanaq orqanlarının USM, uşaqlıq-cift qan dövranının dopplerometriyası və laparoskopiyanın nəticələrinə əsasən qoyulur.
Dopplerometriya ilə USM yumurtalığın endometrioid kistasının divarlarında qan cərəyanının olmamasını təyin edir. Qanda CA-125 onkomarkerin səviyyəsinin yoxlanılması zamanı onun konsentrasiyası normada və ya bir qədər yüksək ola bilər. Sonsuzluq hallarında histersalpinqoqrafiya və histeroskopiyadan istifadə edilir. Diaqnostika laparoskopiya yumurtalqıların endometrioid kistasının diaqnostikasının ən dəqiq üsuludur. Ovarial toxumada endometrioz ocağının biopsiyası və histoloji analizi maliqnizasiya ehtimalını təyin etməyə kömək edir.
Yumurtalığın endometrioid kistasının müalicəsi
Yumurtalığın endometrioid kistasının müalicəsi 3 yolla aparılır: konservativ (hormonal, qeyri-spesifik iltihabəleyhinə və ağrısızlaşdırıcı terapiya, immunomodulyator, vitaminlər, enzimlərin qəbulu), cərrahi (laparoskopik və ya laparotomik üsulla orqanqoruyucu əməliyyatların köməyilə endometrioid ocaqların xaric edilməsi) və ya kombinə olunmuş.
Endometriozun kompleks müalicəsi əlamətlərin likvidasiyasına, xəstəliyin proqressivləşməsinin qarısının alınmasına və sonsuzluğun müalicəsinə yönəldilir. Yumurtalığın endometrioid kistasının müalicə taktikası endometriozun mərhələsi, simptomatikası və davametmə müddəti, pasiyentin yaşı və mayalanma ilə problemlərin, yanaşı gedən genital və ekstragenital patologiyaların olmasından asılıdır.
Kiçik ölçülü endometrioid kistalar zamanı aşağı dozalı monofazalı KOK, norsteroidlərin törəmələri (levonorgestrel), prolonq təsirli MPA, androgenlərin törəmələri, QnRH-nin sintetik aqonistlərindən istifadə etməklə uzunmüddətli hormonal terapiyanın aparılması mümkündür. Yumurtalığın endometrioid kistasının böyüməsi nəticəsində yaranan ağrı sindromu QSİƏP, spazmolitik və sedativ preparatların köməyilə aradan qaldırlır. Ölçüsü 5sm-dən böyük olan endometrioid kistalar zamanı konservativ terapiyanın qeyri-effektivliyi, endometriozun sonsuzluqla müştərəkliyi, ağırlaşmalar və maliqnizasiya riski cərrahi müalicəyə göstəriş sayılır.
Reproduktiv yaşda olan qadınlarda heterotop törəmələrin enukleasiyası və ya yumurtalığın rezeksiyasına üstünlük verilir. Endometrioz ocaqlarının və yumurtalığın endometrioid kistalarının xaric edilməsindən əvvəl və sonra hormonoterapiyanın tətbiqi məqsədəuyğundur.
Predoperasion hormonoterapiya endometrioz ocaqlarının, onların qan təhcizatı və funskional aktivliyinin, ətraf toxumaların iltihabi reaksiyalarını azaltmağa imkan verir. Yumurtalığın endometrioid kistasının cərrahi müalicəsindən sonra müvafiq hormonoterapiya qalan endometrioid ocaqların reqressə uğramasına və patologiyanın residivlərinin qarşısının alınmasına səbəb olur.
Postoperasion dövrdə endokrin disbalansın korreksiyası, ilfiltrativ və bitişmə proseslərinin profilaktikası, yumurtalığın endometrioid kistasının residivlərinin korreksiyası məqsədilə fizioterapevtik üsullar – elektrofarez, ultrasəs, fonofarez, endonazal qalvanizasiya, SMC-terapiya, maqnitoterapiya, lazeroterapiya, iynərefleksoterapiya, radon vannaları və s.) məsləhət görülür.
Yumurtalığın endometrioid kistasının proqnozu
Yumurtalığın endometrioid kistasının xaric edilməsindən sonra əksər hallarda ağrılar azalır, normal aybaşı və reproduktiv funksiyalar bərpa olunur. Yumurtalığın endometrioid kistasının müalicəsindən sonra pasiyent ginekoloqun dinamik nəzarəti altında olmalı: USM aparılmalı, CA-125 səviyyəsi vaxtaşırı yoxlanılmalıdır.