Yumurtalığın papillyar kistoması

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1949

yumurtalığın papillyar kistoması nədir?Yumurtalığın papillyar kistoması – ovarial toxumanın seroz şişi olub, aydın nəzərəçarpan kapsula, epitel qatın məməyəbənzər törəmələrindən ibarət daxili örtüyə və sulu möhtəviyyata malikdir. Patologiya qarnın aşağı hissəsində ağırlıq və ağrı hissi, dizurik əlamətlər, aybaşıyabənzər pozğunluqlar, sonsuzluq, assitlə təzahür edir. Bu tip şişlərin bəzi növləri adenokarsinomaya çevrilə bilir. Yumurtalığın papillyar kistoması vaginal müayinə, USM, MRT, onkomarker СА-125 müayinəsi, laparoskopiyanın nəticələrinə əsasən təsdiqlənir. Onkoloji təhlükəni nəzərə alaraq, papillyar kistomanın müalicəsi zədələnmiş yumurtalığın və ya uşaqlığın artımlarla birgə çıxarılması ilə icra olunur.

  • Yumurtalığın papillyar kistomasının yaranma səbəbləri
  • Yumurtalıqların papillyar kistomalarının təsnifatı
  • Yumurtalığın papillyar kistomasının əlamətləri
  • Yumurtalığın papillyar kistomasının diaqnostikası
  • Yumurtalığın papillyar kistomasının müalicəsi
  • Yumurtalığın papillyar kistoması zamanı proqnoz

Yumurtalığın papillyar kistoması barədə ümumi məlumat

Yumurtalığın papillyar kistoması adətən reproduktiv dövrdə, az hallarda klimaks zamanı inkişaf edir. Patologiyaya pubertat dövrünə kimi demək olar ki, rast gəlinmir. Papillyar kistomalar yumurtalıq şişlərinin 7%-ni, epitel tipli şişlərin isə təxminən 34%-ni təşkil edir. Yumurtalığın papillyar kistomaları 50-70% hallarda maliqnizasiyalaşdığından, onlar xərçəngönü xəstəlik hesab olunur. Yumurtalığın papillyar kistoması 40% xəstələrdə reproduktiv orqanların digər şişləri – yumurtalığın kistası, uşaqlığın mioması, endometrioz, uşaqlığın xərçəngi ilə müştərək şəkildə inkişaf edir.

Yumurtalığın papillyar kistomasının səbəbləri

Yumurtalığın papillyar kistomasının səbəbləriYumurtalığın papillyar kistomasının yaranma səbəblərini izah edən bir neçə hipotezlər mövcuddur. Nəzəriyyələrdən birinə əsasən papillyar kistoma ovarial toxumanın digər şiş törəmələri kimi hipotalamo-hipofizar sistemin hiperaktivliyi nəticəsində yaranan xroniki hiperestrogeniya fonunda inkişaf edir. Digər nəzəriyyə erkən menarxe, gec menopauza, azsaylı hamiləliklər, laktasiyadan imtina və s. səbəblərdən yaranan «daimi ovulyasiya» barədə dəlillərə əsaslanır. Üçüncü qrup nəzəriyyə yumurtalığın papillyar kistomasının inkişafında genetik meylliliyin rolunu irəli sürür. Qadın cinsli ailə üzvlərində yumurtalıqların və süd vəzilərinin xərçənginin olması böyük əhəmiyyət kəsb edir.

Ehtimal olunur ki, yumurtalığın kistoması səthi epiteldən, yumurtalığı əhatə edən rudiment elementlərdən və ya qarışıq uşaqlıq və yaxud boru epitelindən inkişaf edə bilər. Yumurtalığın papillyar kistomasının yaranması İPV və ya II tip hespes daşıyıcılıq, tez-tez təkrarlanan iltihablar (endometrit, ooforit, adneksit), aybaşı siklinin pozğunluqları, hamiləliyin dəfələrlə pozulması ilə bağlı ola bilər.

Yumurtalığın papillyar kistomalarının təsnifatı

Morfoloji cəhətdən papillyar kistoma onun daxili, bəzən isə xarici səthində epitel qatın məməyəbənzər törəmələrinin olması ilə xarakterizə edilir. Məməyəbənzər törəmələrin lokalizasiyasına görə yumurtalığın papillyar kistoması invert (30%), evert (10%) və qarışıq formalara (60%) bölünür. İnvert kistoma şişin yalnız daxili səthini örtən ayrı-ayrı məməciklər və ya massiv papillyar törəmələrlə səciyyələnir. Evert kistomalarda məməyəbənzər törəmələr divarın xarici səthində yerləşir. Qarışıq tipli ppapilyar kistoma zamanı məməciklər kapsuldan xaricdə və daxildə lokalizasiya olunur.

Onkoloji təhlükə baxımından yumurtalığın papillyar kistomasının histoloji forması çox vacibdir. Maliznizasiya əlamətlərinin müşahidə olunmadığı, proliferasiyaedici (xərçəngönü) və bədxassəli ( maliqnizasiyalaşmış) formalar ayırd edilir. Yumurtalığın papillyar kistoması əksər hallarda çoxkameralı quruluşa, qeyri-düzgün girdə formaya, qabarıq divarlara, qısa ayaqcığa malik olur. Kistomanın kamerasının daxilində  sarımtıl-qəhvəyi rəngli sulu möhtəviyyat izlənilir.

Kameranın divarları qeyri-bərabər yerləşmiş məməyəbənzər törəmələrdən ibarətdir. Onların sayı dəyişkən olur, formaları isə mərcanlar və ya gül kələmi xarırladır. Kiçik və çoxsaylı papillalar kistomanın divarına məxməri görünüş verir. Məməciklər çoxalaraq, parietal peritona, ikinci yumurtalığa, diafraqma və qonşu orqanlara yayıla bilər. Bu səbəbdən evert və qarışıq papillyar kistomalar potensial bədxassəli və yumurtalıq xərçənginə çevrilməyə meylli törəmə kimi qiymətləndirilir.

Yumurtalıqların papillyar kistomaları üçün ikitərəfli lokalizasiya (şişlərin müxtəlif vaxtlarda inkişafı)  və intraliqamentar böyümə xarakterikdir. Böyük ölçülü papillyar kistomalar çox nadir hallarda inkişaf edir.

Yumurtalığın papillyar kistomasının əlamətləri

Yumurtalığın papillyar kistomasının əlamətləriErkən mərhələlərdə xəstəlik simptomsuz gedir. Yumurtalığın papillyar kistomasının klinikası qarnın aşağı hissəsində ağırlıq və ağrı hissinin yaranması ilə manifestasiya edir. Ağrılar çox zaman aşağı ətraflar və bel nahiyəsinə irradiasiya edir. Dizurik əlamətlər, defekasiyanın pozulmaları, ümumi halsızlıq qeyd olunur. Bəzi qadınlarda amenoreya və ya menorragiya tipli aybaşı pozğunluqları müşahidə edilir.

Evert və qarışıq formalar zamanı seroz xarakterli assit inkişaf edir; assit mayenin hemorragik olması kistomanın bədxassəliliyinə dəlalət edir. Assit qarnın ölçülərinin böyüməsi ilə müşayiət olunur. Kiçik çanaqda bitişmə prosesləri əksər halarda sonsuzluğa gətirib çıxarır.

Dartılmış bağlar, yumurtalıq arteriyaları, limfatik damarlar, sinirlər, uşaqlıq boruları ilə əlaqədar papillyar kistomanın ayaqcığının burulması zamanı şişin nekrozu baş verir, bu da kəskin qarın simptomatikası ilə özünü büruzə verir. Kistomanın kapsulunun dağılması qarındaxili qanaxmaya, peritonitin inkişafına səbəb olur.

Yumurtalığın papillyar kistomasının diaqnostikası

Yumurtalığın papillyar kistoması vaginal müayinə, USM, diaqnostik laparoskopiya, histoloji analizin köməyilə aşkarlanır. Bimanual ginekoloji müayinə zamanı uşaqlığı qasıq birləşməsinə tərəf sıxışdıran bir və ya iki tərəfli, ağrısız, oval törəmə palpasiya edilir.  Kistomanın konsistensiyası sıx elsatik, bəzi hallarda qeyri-bərabərdir. Məməyəbənzər çıxıntılarla örtülmüş evert və qarışıq kistomalar az qabarıqlı səthə malik olur. İntraliqamentar lokalizasiya papillyar kistomaların hərəkətliliyini məhdudlaşdırır.

Ginekoloji USM prosesində kistomanın ölçüləri, kapsulun qalınlığı, kamera və məməyəbənzər törəmələrin olması dəqiqləşdirilir. Qarnın palpasiyası, eləcə də qarın boşluğunun USM vasitəsilə assit müəyyən edilir. Yumurtalığın şişi aşkar olunduqda onkomarker СА-125 yoxlanılır. Bir sıra hallarda diaqnozun təsdiqlənməsi məqsədilə kiçik çanağın KT və ya MRT tətbiq edilir. Son diaqnozun qoyulması və papillyar kistomanın morfoloji formasının təyini diaqnostik laparoskopiya, intraoperasion histoloji müayinə proseində həyata keçirilir.

Yumurtalığın papillyar kistomasının müalicəsi

Yumurtalığın papillyar kistomasının müalicəsi yalnız cərrahi yolladır. Reproduktiv yaşda olan qadınlarda kistomanın maliqnizasiya əlamətləri aşkar edilmədikdə ooforektomiya  (zədələnmiş tərəfdə yumurtalığın xaric edilməsi) icra olunur. İki tərəfli kistomalarda yaşdan asılı olmayaraq, total ooforektomiya tətbiq edilir.

Premenopauza və menopauza dövründə, eləcə də keçid formalı və ya bədxassəli kistomalar zamanı müalicə uşaqlığın artımlarla birgə supravaginal amputasiyası və ya panhisterektomiyadan ibarət olur.  Kistomanın morfoloji formasının dəqqiləşdirilməsi və müdaxilənin həcminin təyini üçün şiş toxumasının intraoperasion ekspress histoloji analizi aparılır.

Əməliyyat prosesində assit, papillaların şişin səthi və peritona disseminasiyası kistomanın bədxassəliliyinə dəlalət etmir və cərrahi üsuldan imtina etməyə əsas vermir. Papillyar kistoma xaric edildikdən sonra disseminasiya ocaqları geriyə inkişaf edir, assit izlənilmir.

Yumurtalığın papillyar kistoması zamanı proqnoz

Yumurtalığın papillyar kistomasının vaxtında aparılan diaqnostika və müalicəsi onların yumurtalıq xərçənginə çevrilmə ehtimalının qarşısını alır. Buna baxmayaraq, onkoloji riskin istisna edilməsi məqsədilə əməliyyatdan sonra xəstələr ginekoloqun müşahidəsi altında olmalıdır. Müalicədən imtina edildikdə papilyar kistomanın gediş qeyri-qənaətbəxş olub, assit və digər ağırlaşmaların (ayaqcığın burulması, kapsulun dağılması) yaranması, maliqnizasiya ilə nəticələnir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: