Yumurtalığın sarı cisminin kistası

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 12148

yumurtalığın sarı cisminin kistası nədir?Yumurtalığın sarı cisminin kistası – yumurtalıq toxumasının funksional retension törəməsi olub, involyusiyaya uğramayan sarı cismin yerində formalaşır. Sarı cismin kistası demək olar ki, simptomsuz inkişaf edir; nadir hallarda qarnın aşağı hissəsində cüzi ağrılarla, aybaşı siklinin pozulması, ağırlaşmış gedişlə müşayiət olunur. Diaqnoz ginekoloji müayinə, USM, doppleroqrafiya, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Sarı cismin kistası 3 aybaşı sikli ərzində öz-özünə geriyə inkişaf edə bilər; ağırlaşmış hallarda kistektomiya, yumurtalığın rezeksiyası və ya xaric edilməsi göstəriş sayılır.

  • Yumurtalığın sarı cisminin kistasının xüsusiyyətləri
  • Yumurtalığın sarı cisminin kistasının əlamətləri
  • Yumurtalığın sarı cisminin kistasının diaqnostikası
  • Yumurtalığın sarı cisminin kistasının müalicəsi
  • Yumurtalığın sarı cisminin kistasının profilaktika və proqnozu

Yumurtalığın sarı cisminin kistası barədə ümumi məlumat

Sarı cisim – yumurtalıqda siklik yaranan vəzi olub, ovulyasiyaya uğrayan qraaf qovuqcuğunun (follikulun) yerində yaranır və progesteron sintez edir. Vəzinin adı onun hüceyrələrində olan lipoxrom piqmentin toxumaya sarı rəng verməsi ilə bağlıdır. Sarı cisim aybaşı siklinin II fazasında (lütein fazada) yumurtalıqda inkişaf edir. Çiçəklənmə mərhələsində sarı cisim 1,5-2 sm-ə qədər böyüyərək, bir qütbü ilə yumurtalığın səthindən qabarır. Mayalanma baş tutmadıqda sarı cisim lütein fazanın sonunda involyutiv inkişafa məruz qalır və progesteron sintezini dayandırır. Hamiləlik baş verdikdə sarı cisim sorulmur, 2-3 ay ərzində böyümə və fəaliyyətini davam etdirərək, hamiləliyin sarı cisminə çevrilir.

Yumurtalığın sarı cisminin kistasının xüsusiyyətləri

yumurtalığın sarı cisminin kistasının səbəbləriYumurtalığın lütein kistası sorulmayan sarı cisimdən formalaşır. Qan dövranının pozulması nəticəsində sarı cisimdə seroz və ya hemorragik xarakterli  maye toplanır. Yumurtalığın sarı cisminin kistasının ölçüsü adətən 6-8 sm-dən böyük olmur. Sarı cismin kistasına iki fazalı aybaşı siklinin formalaşdığı reproduktiv yaşda olan qadınların 2-5%-də sonra rast gəlinir.

Kliniki ginekologiyada hamiləlikdən kənarda inkişaf edən (atreziyaya uğramış follikuldan), eləcə də hamiləlik fonunda yaranan sarı cismin kistası ayırd edilir. Yumurtalığın sarı cisminin kistası əksər hallarda birtərəfli, bir boşluqlu olub, daxildən dənəli lütein hüceyrələri ilə örtülən kapsula malikdir. Kista qırmızı-sarı möhtəviyyatla dolu olur. Sarı cismin kistası 2-3 aybaşı sikli ərzində və ya hamiləliyin II trimestrində öz-özünə sorulur.

Yumurtalığın sarı cisminin kistasının yaranma səbəbləri

Yumurtalığın sarı cisminin kistasının yaranma səbəbləri sona qədər müəyyən edilməmişdir. Belə hesab olunur ki, sarı cismin  kistası hormonal disbalans və yumurtalıq toxumalarında qan dövranı və limfa axımının pozulması nəticəsində yaranır. Lütein kistasının yaranma riski sonsuzluq və ya EKM-ya hazırlıq mərhələsində ovulyasiyanın stimulyasiyası məqsədilə bəzi preparatların (məsələn klomifen- sitrat) və təxirəsalınmaz kontraseptiv preparatların qəbulu fonunda yüksəlir.

Ağır fiziki və psixi yüklənmələr, zərəli peşə şəraiti, qidalanmanın pozulması (mono pəhriz), tez-tez təkrarlanan ooforit və salpinqooforit (adneksit), abortların təsiirndən yumurtalığın sarı cisminin kistasının yaranma ehtimalının artması istisna olunmur. Bütün bu amillər endokrin disbalansa gətirib çıxardır, bu da sarı cismin kistasının formalaşması ilə nəticələnir.

Yumurtalığın sarı cisminin kistasının əlamətləri

Yumurtalığın sarı cisminin kistasının əlamətləriYumurtalığın sarı cisminin kistası zamanı klinik əlamətlər zəif ifadəli olunur. Əksər hallarda lütein kistaları 2-3 ay müddətində inkişaf edir, sonra isə qəflətən involyusiyaya uğrayır. Hestasiya dövründə aşkarlanan sarı cismin kistası ana və döl üçün təhlükə törətmir. Əksinə hamiləliyin sarı cismin olmaması erkən mərhələlərdə hormonal çatışmazlıqla əlaqədar düşüklərə gətirib çıxarda bilər. Yumurtalığın sarı cisminin kistasının öz-özünə geriyə inkişafı adətən hestasiyanın 18-20 –ci həftəsində baş verir: bu zaman formalaşmış cift sarı cismin hormon hasil etmə funksiyasını tamamilə öz üzərinə götürür.

Bəzən sarı cismin kistası zamanı qarında kistanın inkişaf etdiyi tərəfdə cüzi ağrı, ağırlıq və diskomfort hissi müşahidə olunur. Progesteron sintez edən lütein kistası aybaşının gecikməsinə və ya əksinə endometriumun qeyri-bərabər ayrılması nəticəsində baş verən uzunmüddətli aybaşıya səbəb ola bilər. Yumurtalığın lütein kistaları heç bir zaman maliqnizasiyalaşmır.

Çox zaman simptomatika sarı cismin kistasının ağırlaşmaları – ayaqcığın burulması, onun boşluğuna qansızma və ya yumurtalığın apopleksiyası zamanı inkişaf edir. Bütün bu hallarda kəskin qarnın klinik şəkli – yayılan xarakterli tutmaşəkilli intensiv ağrılar, qusma, qarnın gərginliyi və kəskin ağrılı olması, müsbət peritoneal əlamətlər, qaz və nəcisin ləngiməsi, peristaltik küylərin itməsi, intoksikasiya və s. izlənilir.

Yumurtalığın sarı cisminin kistasının diaqnostikası

Yumurtalığın sarı cisminin kistasının diaqnozu anamnestik məlumatlar, şikayətlər, ginekoloji müayinə, USM, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Vaginal müayinə zamanı uşaqlıqdan yan və ya arxa tərəfdə sıx elastik konsistensiyalı, məhdud hərəkətli və həssas törəmə palpasiya edilir.

Ultrasəs exoskopiyada sarı cismin kistası 4-8 sm diametrində girdə formalı, hamar dəqiq sərhədli, bəzən daxilində kiçik dispersli əlavələr olan anexogen həmcins törəmələr şəklində izlənilir. Lütein kistasının daha dəqiq müayinəsi üçün aybaşı siklinin I fazasında (follikulyar fazada) dinamik USM-dən istifadə olunur. Rəngli dopploreqrafiyanın aparılması kistanın daxili strukturunun vaskulyarizasiyasının istisna olunmasına və retension törəmənin yumurtalığın həqiqi şişlərindən differensiasiyasına yönəldilmişdir.

Yumurtalığın digər şiş və kistalarında olduğu kimi СА-125 onkomarkerin müayinəsi vacibdir.  Hamiləliyin istisna olunması və ya təsdiqi məqsədilə xorionik qonadotropinin müayinəsi, hamiləlik testi aparılır. Sarı cismin kistasını digər törəmələrlə (yumurtalığın kistoması, xorionepitelioma və ya və beçəxor zamanı yumurtalığın tekalütein kistaları və s.) və uşaqlıqdan kənar hamiləliklə differensiasiya etmək çətin olduqda diaqnostik laparoskopiya tələb olunur.

Yumurtalığın sarı cisminin kistasının müalicəsi

Kiçik ölçülü və klinik təzahür etməyən sarı cismin kistaları olan xəstələrə 2-3 aybaşı sikli müddətində ginekoloq müşahidəsi, dinamik USM nəzarət və rəngli doppleroqrafiya məsləhət görülür. Bu vaxt ərzində kista geriyə inkişaf edərək, tamamilə itə bilər.

Həmçinin sarı cismin simptomatik və residivləşən kistaları konservativ iltihabəleyhinə terapiyanın, hormonal kontraseptivlərin, balneoterapiyanın (müalicəvi vannalar və vaginal şirinqalama), peloidoterapiya, lazeroterapiya, amplipulsterapiya, elektrofarez, ultrafonofarez, maqnitoterapiyanın təsirindən sorula bilər. Yumurtalığın sarı cismin kistasının müalicəsi zamanı şişəbənzər törəmənin burulması və ya partlamasının qarşısını almaq üçün fiziki aktivlik, cinsi həyat məhdudlaşdırırlır. 4-6 həftə ərzində lütein kistası sorulmadıqda onun cərrahi yolla xaric olunması haqqında qərar qəbul edilir.

Sarı cismin kistasının planlı müdaxiləsi laparoskopik üsulla kistanın dəyişilməmiş ovarial toxumalar sərhəddində ayrılması və onun divarlarının tikilməsindən və yaxud yumurtalığın rezeksiyasından ibarətdir. Ağırlaşmalar (yumurtalıq toxumalarının nekrotik dəyişiklikləri, qanaxmalar və s.) inkişaf etdikdə təcili surətdə laparotomiya yolu ilə ooforektomiya icra edilir.

Yumurtalığın sarı cisminin kistasının profilaktikası və proqnozu

Yumurtalığın funksional kistalarının profilaktik tədbirlərinə reproduktiv orqanların itihabi xəstəliklərinin vaxtında müalicəsi, eləcə də hormonal balansın korreksiyası aiddir. Sarı cismin kistasının aşkar olunması zamanı ginekoloq-endokrinoloqun müşahidəsi və USM-nəzarət vaxtında lazımi tədbirlərin görülməsinə və ağırlaşmaların qarşısının alınmasına şərait yaradır.

Sarı cismin kistası hamiləliyə təhlükə törətmir. Yumurtalığın sarı cisminin kistasının spontan reqressi və ya planlı xaric edilməsi zamanı proqnoz qənaətbəxş hesab olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: