Yumurtalığın seroz sistadenoması

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 3445

yumurtalığın seroz sistadenoması nədir?Yumurtalığın seroz sistadenoması — orqanın epitel toxumasından inkişaf edən həqiqi xoşxassəli şişdir. Ölçüsü 3 sm-dən kiçik olan şişlər simptomsuz gedir. Neoplaziya inkişaf etdikcə pasiyentdə qarnın aşağı hissəsi və beldə sızıltılı və ya tutmaşəkilli ağrılar, eləcə də qonşu orqanların sıxılmasının əlamətləri (sidik ifrazının tezləşməsi, qəbizlik, ayaqlarda ödem və s.) yaranır. Diaqnostika məqsədilə bimanual müayinə, çanaq orqanlarının USM, KT və MRT, qanın onkomarkerlərə görə müayinəsindən istifadə olunur. Yumurtalığın yeganə effektiv müalicə üsulu törəmənin, yumurtalığın, uşaqlıq artımlarının və ya uşaqlığın artımlarla birgə xaric olunmasından ibarətdir.

  • Yumurtalığın seroz sistadenomasının yaranma səbəbləri
  • Patogenez
  • Yumurtalığın seroz sistadenomasının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Yumurtalığın seroz sistadenomasının müalicəsi
  • Proqnoz və profilaktika

Yumurtalığın seroz sistademonası barədə ümumi məlumat

Seroz sistadenoma (seroz kistoma, sadə, silioepitelial və ya hamar divarlı sistadenoma) — yumurtalığın bərk-elastik konsistensiyalı xoşxassəli şişi olub, uşaqlığın yan hissəsində və ya ondan arxada yerləşir. Adətən patologiya 30-50 yaşlarda inkişaf edir. 80%-dən çox xəstələrdə şişin diametri 5-16sm arasında dəyişir, bəzən neoplaziyanın gecikmiş mərhələlərində onun ölçülərinin 30-32sm-ə çatdığı hallar da qeydə alınır. Sadə sistadenomanın tezliyi yumurtalığın bütün törəmələrinin 11%-ni, seroz (silioepitelial) şişlərin isə 45%-ni təşkil edir.  72% hallarda şiş təkkameralı, pasiyentlərin 10%-də – ikikameralı, 18%-də isə çoxkameralı olur.

Yumurtalığın seroz sistademonasının səbəbləri

Yumurtalığın seroz sistademonasının səbəbləriSadə kistomanın inkişafını sübut edən nəzəriyyə hələlik mövcud deyil. Bəzi ginekoloqların fikrincə bu törəmə yumurtalığın sona qədər sorulmayan və seroz möhtəviyyatla dolmağa başlayan funksional (follikulyar və sarı cisim) kistalarından formalaşır. Yumurtalığın sadə sistadenomasının inkişafına şərait yaradan amillər aşağıdakılardır:

  • Yumurtahüceyrənin normal yetişməsinə mane olan hormonal dəyişikliklər. Reproduktiv funksiyanın sönməsi, yanaşı gedən somatik və endokrin xəstəliklər, stress, fiziki və emosional yüklənmələr, ekstremal pəhrizlər, cinsi həyatın uzun müddət ərzində olmaması hormonal sferada disbalansa səbəb olur.
  • Erkən cinsi yetişkənlik. Menarxe 10-12 yaşlarda baş verir.
  • Cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (endometrit, adneksit və s.). Baryer kontrasepsiyadan istifadə etmədən nizamsız cinsi həyat keçirən qadınlarda CYKİ törədiciləri tərəfindən yaranan xəstəliklər daha təhlükəlidir.
  • Kiçik çanaq orqanlarında aparılan əməliyyatlar. Sadə seroz sistadenomalara əksər hallarda anamnezində uşaqlıqdan kənar hamiləlik, abort olunan, ginekoloji xəstəliklər üzrə cərrahi müalicə alan qadınlarda izlənilir.
  • İrsi meyllik. Bəzi müşahidələrə əsasən anaları yumurtalıqların seroz törəmələrindən əziyyət çəkən qadınlarda sistadenomaya daha çox rast gəlinir.

Yumurtalığın seroz sistademonasının patogenezi

Seroz kistoma bir qayda olaraq, yumurtalıqların birində formalaşır. Əvvəlcə o, hamar divarlı təkkameralı (az hallarda çoxkameralı) törəmə şəklində olur. Onun bərk birləşdirici toxuma divarları daxildən sekretor aktivliyə malik təkqatlı kubşəkilli və ya silindrik kirpikli epitellə döşənir. Şiş inkişaf etdikcə sistadenomanın daxilində seroz möhtəviyyat- açıq-sarı rəngli şəffaf maye toplanır. Nəticədə böyüyən şişəbənzər törəmə qonşu orqanları və sinir liflərini sıxır, bu da ağrı sindromunun yaranmasına gətirib çıxarır. İltihabi prosesin qoşulması zamanı kistomanın hamar parlaq səthi bulanıqlaşır və bitişmələrlə örtülür.

Yumurtalığın seroz sistademonasının əlamətləri

Yumurtalığın seroz sistademonasının əlamətləriÖlçüləri 3 sm-dən kiçik olan hamar divarlı kistomalar zamanı klinik simptomatika adətən müşahidə olunmur, onlar ginekoloji müayinə və ya kiçik çanaq orqanlarının USM zamanı təsadüfən aşkarlanır. Törəmə böyüdükcə kistomanın qonşu orqanlara təzyiqi ilə əlaqədar əlamətlər meydana çıxır. Ən tipik əlamət ağrı sindromu sayılır. Ağrı küt, sızıltılı, bəzən tutmaşəkilli xarakterli olub, qasıq və ya bel  nahiyəsində yaranır. Bundan əlavə sidik kisəsi, düz bağırsağa təzyiq, yad cismin olması hissiyatı qeyd edilir.

İri ölçülü kistomalar zamanı qonşu orqanların funksional pozğunluqları mümkündür, bu da sidik ifrazımım tezləşməsi, bağırsaqda diskomfort, qəbizlik, ürəkbulanma, aşağı ətraflarda ödemlərlə təzahür edir. Şişin ölçülərinin 6—10 sm və daha çox artması qarnın böyüməsinə və ya gözlə görünən asimmetriyaya gətirib çıxara bilər. Seroz sistadenomalar zamanı aybaşı sikli adətən pozulmur. Lakin şiş həddindən artıq iri olduqda, uşaqlıq və /və ya yumurtalığa təzyiq göstərdikdə aybaşının xarakteri dəyişir- gur və ya çox az miqdarda olur, ağrı hissi ilə müşayiət edilir. Çox nadir hallarda ağırlaşmayan sadə kistomalar zamanı orqanizmin ümumi reaksiyaları – halsızlıq, süstlük, əmək qabiliyyətinin azalması, əsəbilik müşahidə olunur.

Yumurtalığın seroz sistademonasının ağırlaşmaları

Seroz kistomaların vaxtında aşkarlanmaması və adekvat müalicə olunması qonşu orqanların sıxılması ilə bağlı onların funksional pozğunluqları və kəskin vəziyyətlərin yaranması ilə nəticələnir. Kistomanın təxirəsalınmaz cərrahi müalicə tələb edən ağırlaşmalarına ayaqcığın burulması ilə törəmənin nekrozu və kapsulun cırılması (yumurtalığın apopleksiyası) zamanı onun möhtəviyyatının qarın boşluğuna tökülməsi və qanaxmanın baş verməsi aiddir. Hərarətin  yüksəlməsi, ağrının kəskin güclənməsi, baş ağrıları, başgicəllənmə, huşun itməsi, dəri solğunluğu, uşaqlıq yolundan qanlı ifrazatlar xəstəliyin ağırlaşmış gedişinə dəlalət edir. Bəzən orqanqoruyucu cərrahi müdaxilədən sonra xəstəliyin residivi və şişin maliqnizasiyası müşahidə edilir.

Yumurtalığın seroz sistademonasının diaqnostikası

Xəstəliyin diaqnozunun təsdiqi və ya dəqiqləşdirilməsi, differensial diaqnostikanın aparılması və optimal müalicə üsulunun seçilməsi üçün pasiyentlərə kompleks ginekoloji müayinələr təyin olunur:

  • Mama-ginekoloqun baxışı. Bimanual müayinə zamanı uşaqlıq artımları nahiyəsində hamar səthli, bərk-elastik konsistensiyalı, qonşu orqanlarla konqlomeratlar əmələ gətirməyən hərəkətli, ağrısız törəmələr müəyyən edilir.
  • Kiçik çanağın USM. Ölçüləri 3 sm-dən böyük olan, bərk hamar kapsullu həmcins hipoexogen şişi aşkar etməyə imkan verir. Kiçik ölçülü sistadenomalarda transvaginal, iri neoplaziyalarda isə transabdominal üsuldən istifadə olunur.
  • Kompüter və ya maqnit-rezonans tomoqrafiya. Daha dəqiq differensial diaqnostikanın aparılması və şiş infiltrasiyasının istisna edilməsi üçün tomoqrafik müayinə prosesində sistadenoma və qonşu orqanların 3 ölçülü modeli əldə edilir.
  • Qanın onkomarkerlərə görə analizi. Şiş antigenlərinin (СА-125, СА 19-9, СА 72-4) müayinəsi onkoloji prosesin və ya yumurtalıq və digər çanaq orqanlarında absesin inkişafını inkar etməyə kömək edir.
  • Rəngli doppleroqrafiya. Diaqnostikanın bu üsulu əlavə metod sayılır, şübhəli hallarda qan cərəyanının intensivliyinə əsasən yumurtalığın xoşxassəli şişini bədxassəlidən differensiasiya etməyə şərait yaradır.

Sadə seroz sistadenomanı yumurtalıqların digər xoşxassəli şişlərindən, ilk növbədə funskional kista, papilyar və psevdomusinoz kistomadan fərqləndirmək lazımdır. Mədə xərçənginin formalarından birinin yumurtalığa metastaz verməsini istisna etmək üçün fibroqastroduodenoskopiya icra olunur. Fibrokolonoskopiya prosesində S-vari və düz bağırsağın prosesə qoşulma dərəcəsi qiymətləndirilir. Mədə, düz və S-vari bağırsağın endoskopik müayinəsi mümkün olmadıqda alternativ üsul kimi MBT orqanlarının rentgenoqrafiyası tətbiq edilir.

Differensial diaqnostika zamanı həmçinin yumurtalıqların bədxassəli zədələnməsi, tubovarial аbses, uşaqlıqdan kənar hamiləlik, qonşu orqanların patologiyaları –kəskin appendisit, böyrəklərin distopiyası və sidik-ifrazat sisteminin digər inkişaf qüsurları, S-vari bağırsağın divertikulyozu, kiçik çanağın sümük və orqandan kənar şişləri istisna edilir. Belə hallarda laborator və instrumental müayinələrdən əlavə, cərrah, onkoginekoloq, qastroenteroloq, onkoloq, uroloqun konsultasiyaları təyin olunur.

Yumurtalığın seroz sistademonasının müalicəsi

Sadə seroz kistomanın əsas müalicə üsulu şişin cərrahi yolla xari edilməsidir. Ginekologiyada bu xəstəliyin terapiyasının medikamentoz və qeyri-medikamentoz  üsullarının effektivliyi barədə  səhih məlumatlar yoxdur. Cərrahi taktikanın seçilməsi zamanı pasiyentin yaşı, hamiləliyin olması və ya planlaşdırılması, şişin ölçüləri nəzərə alınır. Reproduktiv yaşlı qadınların müalicəsinin əsas məqsədi yumurtalığın sağlam toxumasının maksimal dərəcədə qorunması və boru-peritoneal sonsuzluğun profilaktikasından ibarətdir. Perimenopauza dövründə olan qadınlara sistadenomanın residivlərinin qarşısını almağa və həyat keyfiyyətinin saxlanılmasına yönəldilmiş radikal əməliyyatlar məsləhət görülür.

Diametri 6sm-dən böyük olan şişəbənzər törəmələr planlı əməliyyata göstəriş sayılır. Kiçik ölçülü törəmələrin xaric olması haqqında qərar dinamik müşahidənin nəticələrinə əsasən individual qaydada qəbul edilir. Ayaqcığın burulması və ya kistomanın kapsulunun cırılmasına şübhə yarandıqda təcili cərrahi müdaxilə aparılır. Adətən planlı əməliyyat laparoskopik üsulla həyata keçirilir. Hamar divarlı seroz sistadenoma zamanı tətbiq olunan cərrahi müdaxilənin əsas növləri aşağıdakılardır:

  • Yumurtalığın saxlanılması, kontrlateral yumurtalığın rezeksiyası və təcili histoloji diaqnostika ilə aparılan sistektomiya (kistanın xaric edilməsi) və ya pazvari rezeksiya (zədələnmiş toxumanın paz şəklində kəsilməsi). Orqanqoruyucu əməliyyatlar diametri 3 sm-dən kiçik sistadenomalı hamiləlik planlaşdıran cavan qadınlara məsləhət görülür.
  • Birtərəfli ovarioektomiya və ya adneksektomiya. Müdaxilənin mahiyyəti zədələnmə olan tərəfdə bütün yumurtalığın və ya yumurtalıqla uşaqlıq borusunun çıxarılmasından ibarətdir. Bu üsul ölçüləri 3 sm-dən böyük neoplaziyaları olan reproduktiv yaşlı qadınlar üçün optimal qərar sayılır.
  • İkitərəfli adneksektomiya və ya panhisterektomiya. Perimenopauza dövründə olan və yumurtalıqların ikitərəfli zədələnməsinin aşkarlandığı qadınlarda aparılır. Onun üstünlüyü onkoloji xəstəliyin inkişaf riskinin əhəmiyyətli dərəcədə azalmasıdır.

Yumurtalığın seroz sistademonasının proqnoz və profilaktikası

Xəstəliyin erkən diaqnostikası və cərrahi müalicəsi zamanı xəstəliyin proqnozu qənətbəxşdir: seroz sisadenoma çox nadir hallarda residivləşir və maliqnizasiyaya uğrayır.  Orqanqoruyucu əməliyyat, birtərəfli ovarioektomiya və ya adneksektomiya keçirən reproduktiv yaşda olan qadınların hamiləlik planlaşdırmasına əməliyyatdan 2 ay keçdikdən sonra icazə verilir. Yumurtalığın hamardivarlı seroz sistadenomasının laparoskopik konservativ yolla xaric edilməsindən sonra bərpa dövrü 10-14 gün, radikal əməliyyatlardan sonra isə 6—8 həftəyə qədər davam edir. Pasiyentlər həkim-ginekoloqun müşahidəsi altında olmalıdır.

Amerikalı mütəxəssislərin müşahidələrinə əsasən monofaz təsirli kombinəolunmuş oral kontraseptivlərin qəbulu yumurtalıqların xoşxassəli sistadenomaların profilaktikasında müəyyən rol oynayır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: