Yumurtalığın teratoması
Yumurtalığın teratoması – rüşeym səhifələrindən törənən və bu orqan üçün xarakterik olmayan toxumalardan ibarət herminogen şişdir. Patologiya yetişmiş və ya yetişməmiş ola bilər. Adətən simptomsuz və ya az əlamətlərlə gedir. Xəstəlik qarnın aşağı hissəsində dartıcı ağrılarla, sidik ifrazı və defekasiyanın pozulması, az hallarda qarnın ölçülərinin artması ilə təzahür edir. Yumurtalığın yetişməmiş teratomaları qonşu toxumalara infiltrasiya edərək, metastazlar verə bilər. Diaqnoz klinik əlamətlər, ginekoloji baxış, USM, doppleroqrafiya, kiçik çanaq orqanlarının KT-nin nəticələrinə əsasən qoyulur. Müalicə cərrahi yolla icra olunur: yumurtalığın hissəvi rezeksiyası və ya panhisterektomiya.
- Yumurtalığın teratomasının yaranma səbəbləri və patanatomiyası
- Yumurtalığın teratomasının əlamətləri
- Yumurtalığın teratomasının diaqnostikası
- Yumurtalığın teratomasının müalicə və proqnozu
Yumurtalığın teratoması barədə ümumi məlumat
Yumurtalığın teratoması – polipotent embrional hüceyrələrdən yaranan, rüşeym səhifələrinin 3 törəməsindən ibarət qarışıq quruluşlu yumurtalıq şişidir. Onun tərkibində olan toxumalar bu orqan üçün xarakterik deyildir: çoxqatlı buynuzlaşan yastı epitel, köndələn-zolaqlı əzələ, sümük, qığırdaq, sinir toxuması və s. fraqmentlər. Bəzən yumurtalıqların teratomasının müayinə prosesində orqanizmin orqan və hissələrinin (məsələn, göz alması, ətraf və ya bədən hissələri) mayaları aşkarlanır. Bu patologiya fərqli lokalizasiyalı teratomaların ümumi sayının 25-30%-ni təşkil edir.
Yumurtalığın teratoması əsasən uşaqlar, yeniyetmələr, reproduktiv yaşda olan qadınlarda qeydə alınır, az hallarda menopauza dövründə müşahidə edilir. Yetişmiş və ya yetişməmiş (teratoblastoma) olur. Yetişmiş neoplaziyalar xoşxassəli, yetişməmiş formalar isə bədxassəli gedişə malikdir. Bəzi hallarda yumurtalığın yetişmiş teratomaları maliqnizasiyalaşır. Neoplaziyalar mayalanma prosesinə mane olmasa da, düşüklərə və vaxtından əvvəl doğuşa gətirib çıxara bilər. Müalicə onkologiya və ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.
Yumurtalığın teratomasının yaranma səbəbləri və patanatomiyası
Xəstəliyin etiologiyası hələlik dəqiq müəyyənləşdirilməmişdir. Ehtimal olunur ki, yumurtalığın teratoması xromosom pozğunluğu nəticəsində baş verən anomal embriogenezin nəticəsidir. Digər bir nəzəriyyəyə görə teratomalar (və ya onların bir hissəsi) tək yumurta əkizlərinin inkişafının pozulması zamanı bir ekizin digərini udması ilə əlaqədar yaranır. Toxumaların differensiasiya səviyyəsindən asılı olaraq, yetişmiş və yetişməmiş teratomalar ayırd edilir. Yetişmiş neoplaziyalar kistoz (dermoid kista) və ya solid quruluşlu olur. Belə törəmələr üçün zəif, qeyri-aqressiv böyümə və metastazlaşma qabiliyyətinin olmaması xarakterikdir. Yetişməmiş teratomalar qonşu orqanlara infiltrasiya edə, limfogen və ya uzaq metastazlar verə bilər.
Adətən yetişmiş teratoma qeyri-bərabər konsistensiyalı, bərk, hamar və parlaq fibroz kapsula malik tək düyünlə səciyyələnir. Şişin diametri 3-15sm arasında dəyişir. Kapsulun altında divarları kubşəkilli və ya silindrik epitellə örtülmüş tək kameralı kista yerləşir. Yumurtalığın çoxkameralı teratomalarına nadir hallarda rast gəlinir. Kistanın boşluğu əksər hallarda saçın, bəzən isə dişlərin qeydə alındığı qatı ağımtıl möhtəviyyatla dolu olur. Kistanın möhtəviyyatının mikroskopik analizində adətən ekzoderma və mezodermanın törəmələri aşkarlanır.
Yumurtalıqların yetişmiş teratomalarında piy vəzilərinin elementləri, epitel pulcuqları, derma, sümük və birləşdirici toxuma sahələri izlənilir. Bəzi pasiyentlərdə belə şişlər endoderma törəmələrindən: vəzili toxuma elementləri, bronx, mədə və bağırsağın epitel qişasını xatırladan sahələrdən ibarət olur. Bütün bu toxumalar xəstənin yaşına uyğun «yetişir» və proqressivləşmə qabiliyyətini itirir, bu da belə törəmələrin xoşxassəli gedişini təmin edir. Maliqnizasiyaya çox nadir hallarda rast gəlinir.
Yetişmiş neoplaziyalardan fərqli olaraq, yetişməmiş teratomaların toxumaları embrional quruluşunu saxlayır və nəzarətsiz proliferasiyaya uğrayır. Yumurtalığın yetişməmiş teratomaları qeyri-bərabər konsistensiyalı, nahamar səthli, tək saylı törəmə şəklində qeyd olunur. İlkin mərhələlərdə kapsula malikdir, sonralar kapsulun cırılması və qonşu orqanlara infiltrasiya müşahidə edilir. Yumurtalığın yetişməmiş teratoması, regionar və uzaq metastazların mikroskopik müayinəsində ektoderma, mezoderma və endodermanın törəməsi sayılan yetişməmiş toxuma elementləri izlənilir. Törəmənin toxumasında nekroz ocaqlarına rast gəlinir.
Yumurtalığın teratomasının əlamətləri
Yetişmiş şişlər üçün simptomsuz və ya az simptomlu gediş xarakterikdir. Teratomalar digər səbəblərdən aparılan müayinələr zamanı təsadüfən aşkarlanır və ya qarnın aşağı hissəsində dartıcı ağrılar və ağırlıq hissi ilə təzahür edir. İri ölçülü teratomalar zamanı sidiyə getmə çağırışlarının tezləşməsi, defekasiya və sidik ifrazının çətinləşməsi mümkündür. Astenik bədən quruluşuna malik bəzi pasyentlərdə qarnın ölçülərinin böyüməsi qeydə alınır. Aybaşı sikli pozulmur.
Yumurtalığın teratomaları bəzən ilk dəfə hamiləlik dövründə aşkarlanır. Bu hal hormonal fonun dəyişməsi zamanı törəmənin böyüməsinin sürətlənməsi, şişin uşaqlıq və kiçik çanaq orqanlarına təzyiqinin artması və ya teratomanın ayaqcığının burulması ilə izah olunur. Yumurtalıq şişinin ayaqcığının burulması təcili cərrahi müdaxilənin aparılmasını tələb edən təxirəsalınmaz vəziyyət olub, intensiv ağrılarla müşayiət olunur.
Vaxtında yardım göstərilmədikdə yumurtalığın teratomasının divarı nekrozlaşaraq, kistanın dağılması, onun möhtəviyyatının qarın boşluğuna düşməsi və peritonitin inkişafı ilə nəticələnə bilər. Hamilə qadınlarda kistanın ayaqcığının burulması düşüklər və ya vaxtından əvvəl doğuşlara gətirib çıxara bilər. Yumurtalığın teratomasının infeksiyalaşması zamanı güclü ağrılar, halsızlıq, hərarətin qalxması ilə təzahür edən iltihabi proses inkişaf edir.
Yumurtalığın yetişməmiş teratomalarında (teratoblastoma) əzginlik, yorğunluq, qarnın aşağı hissəsində ağrılar müşahidə olunur. Prosesin proqressivləşməsi zamanı mülayim normoxrom anemiya, çəkinin itirilməsi, dərinin solğunluğu və quruluğu qeydə alınır. Teratomaların ölçülərinin böyüməsi və qonşu orqanlara infiltrasiyası ağrının xarakterinin dəyişməsinə, defekasiya və sidik ifrazının pozulmasına səbəb olur. Gecikmiş mərhələlərdə xərçəng intoksikasiyası, uzaq metastazlarla zədələnən orqanların funksional pozğunluqları müəyyən edilir. Əksər hallarda ağciyərlərə metastazlaşma müşahidə olunur.
Yumurtalığın teratomasının diaqnostikası
Bu patologiyanın diaqnostikası klinik simptomatika və interumental müayinələrin nəticələrinə əsaslanır. Ginekoloji müayinədə uşaqlıqdan öndə və ya onun yan tərəfində yerləşən uzun ayaqcıqlı ağrısız törəmə aşkarlanır. Qarın boşluğunun icmal rentgenoqrafiyası yumurtalıq nahiyəsində sümük hissəciklərini (sümük toxumasının fraqmentləri iri olduqda) müəyyən edir.
Yumurtalığın yetişmiş teratomasının USM və doplleroqrafiyası kista boşluğunda vaskulyarizasiyanın olmamasını təsdiqləyir. Yumurtalığın yetişməmiş teratomalarının müayinəsi zamanı düyünün xaotik quruluşu, kistoz və solid sahələrin növbələşməsi, qeyri-bərabər qan təhcizatı, yeni damarların və arteriovenoz şuntların yaranması izlənilir. Exoqrafiyada törəmənin qeyri-həmcins quruluşu (hipo- və hiperexogen sahələrin olmasını) qeydə alınır. Şişin quruluşunun daha dəqiq qiymətləndirilməsinə ehtiyac olduqda yuxarıda sadalanan müayinələrə kiçik çanaq orqanlarının KT əlavə olunur. Diaqnostikanın çətinlik törətdiyi hallarda laporoskopiya ilə biopsiya tətbiq edilir. Maliqnizasiya əlamətlərini aşkar etmək üçün onkomarkerlər yoxlanılır.
Yumurtalığın teratomasının müalicə və proqnozu
Müalicə cərrahi yolladır. Müdaxilənin həcmi törəmənin yetişmə dərəcəsi və pasiyentin yaşına əsasən təyin edilir. Reproduktiv yaşlı qadınlarda yetişmiş teratomalar zamanı yumurtalığın hissəvi rezeksiyası (laparoskopik üsulla aparıla bilər), menopauza dövründə olan pasiyentlərdə isə uşaqlığın supravaginal amputasiyası ilə adneksektomiya həyata keçirilir. Yumurtalığın yetişməmiş teratomalarında xəstənin yaşından asılı olmayaraq, panhisterektomiya icra edilir. Uşaqlığın artımlarla birlikdə xaric olunması piyliyin ekstirpasiyası ilə tamamlanır. Bədxassəli şişlərin bu növündə şüa terapiyası qeyri-effektivdir. Bəzi hallarda çoxkomponentli kimyaterapiya vasitəsilə müəyyən uğurlar əldə etmək mümkün olur.
Yetişmiş teratomalar zamanı proqnoz qənaətbəxşdir. Şiş çıxarıldıqdan sonra reproduktiv funksiya saxlanılır. Böyümə və ayaqcığın burulması ilə əlaqədar xaric olunmamış şişlər ana və döl üçün təhlükə törədərək, hamiləliyin normal gedişinə mane olur, bu səbəbdən belə neoplaziyaların hestasiyadan əvvəl rezeksiyası məsləhət görülür. Yetişməmiş teratomaların proqnozu qeyri-qənaətbəxşdir. Profilaktik tədbirlər işlənilməmişdir. Yumurtalığın teratomalarının erkən diaqnostikası üçün qadınlar müntəzəm şəkildə ginekoloji müayinələrdən keçməlidir.