Uroloq

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3650

uroloq kimdir?Uroloq – kişi və qadınlarda sidik-ifrazat sistemi xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. O, həmçinin kişi cinsi orqanlarının bir sıra patologiyalarının diaqnostika və müalicəsi ilə məşğul olur. Belə mütəxəssis uroloq-androloq adlanır.  

Hansı hallarda uroloqun müayinəsi vacib sayılır?

Sidik-ifrazat sistemi tərəfindən narahatlıq yarandıqda mütləq uroloq ilə əlaqə saxlanılmalıdır: 

  • Ağrı sindromu. Bel nahiyəsi, xayalıq, ağrı və ya cinsi orqanda ağrı – uroloqun konsultsiyasına göstəriş sayılır. Urologiyada ağrı sindromu çox vaxt titrətmə və qızdırma ilə müşayiət olunur. Bu isə infeksion-iltihabi prosesdən xəbər verir. Xroniki xəstəliklərdə ağrı hissi müvəqqəti və sızıltılı olur. Kəskin uroloji ağrıya isə böyrək sancısı misaldır.  
  • Sidik ifrazının pozulması. Sidik ifrazının ləngiməsi və ya əksinə tezləşməsi, ağrılı olması, sidik şırnağının formasının dəyişməsi (ikiləşməsi, damcı şəklində olması) uroloji xəstəliklərə dəlalət edir. Əksər hallarda sidiyin rəngi bulanır, bəzən qan qarışıqlı və xoşagəlməz iyli olur.  
  • Cinsiyyət orqanının xarici görünüşünün dəyişməsi. Xayalığın böyüməsi, toxum ciyəsi nahiyəsində üzüm salxımına bənzər damarların əllənməsi, xayada bərk kütlələrin tapılması, cinsi orqanın əyilməsi həyəcan siqnalıdır. Penisin başcığının şişməsi, sidik kanalından irinli ifrazatın axması, qızartı və sulanma infeksiyadan xəbər verir. Belə vəziyyətlərdə yaxma götürülür. Müayinənin nəticəsinə əsasən infeksiyanın mənbəyi aşkar edilir.  
  • Cinsi funksiyanın pozulması. Erkən boşalma, cinsi zəiflik (impotensiya), cinsi həvəsin azalması və ya itməsi sərbəst patologiya kimi meydana çıxa və yaxud bəzi uroloji xəstəlikləri müşayiət edə bilər. 1 il ərzində qorunmadan aktiv cinsi həyat sürən cütlüklərdə qadının hamilə qalmaması da kişinin uroloq tərəfindən müayinəsinə göstərişdir.  

Ümumiyyətlə, 45 yaşdan yuxarı bütün kişilər profilaktik məqsədlə ildə 1 dəfə uroloqun müayinəsindən keçməlidir. Skrininq baxışa barmaqla rektal müayinə, xayalığın palpasiyası, TRUSM, qanda PSA (prostat vəzin onkomarkeri) yoxlanılması daxildir.

Uroloq hansı xəstəlikləri müalicə edir?

uroloq həkimSidik-ifrazat sisteminin (böyrək, sidik axarları, sidik kisəsi, sidik kanalı), həmçinin kişilərdə prostat vəzi, toxum ciyəsi, xayalar, xayalıq və penisin xəstəlikləri ilə uroloq məşğul olur. Gündəlik qəbul zamanı uroloq adətən aşağıdakı hallarla qarşılaşır: 

  • İltihabi proseslər. Pielonefrit, prostatit, sistit – sidik-cinsiyyət sisteminin ən çox rast gəlinən iltihabi proseslərindəndir. Onların etiologiya və patogenezi uroloq tərəfindən təyin edilməlidir. Sidik kanalından külli miqdarda irinli ifrazatla gedən uretrit zöhrəvi xəstəliyə şübhə doğurur. İltihab tez-tez residivləşdikdə, antibakterial terapiya effektiv olmadıqda vərəm inkar edilməlidir.  
  • Törəmələr. Xoş və bədxassəli proseslər urogenital traktın istənilən hissəsində inkişaf edə bilər. Kiçik ölçülü törəmələr (uretranın polipi, kondilomalar) ambulator şəraitdə kəsilə bilər. Cərrahi müdaxilələr isə ixtisaslaşmış onkomərkəzlər və ya onkouroloji şöbədə həyata keçirilir.  
  • Erektil disfunksiya və sonsuzluq. Bəzi uroloji vəziyyətlər (qısa yüyən, hidrosele, xaya artımlarının kistası) ağrı sindromu ilə ağırlaşa və potensiyanı korlaya bilir. Belə şəxslərdə cərrahi əməliyyat cinsi funksiyanı normaya salır. Sonsuzluq hallarında uroloq toxumçıxarıcı axacaqların keçiriciliyini yoxlayır, varikosele, kriptoorxizm, hipoqonadizm kimi patologiyalara diaqnostika edir.  
  • İnkişaf anomaliyaları və travma. Bəzi anadangəlmə inkişaf anomaliyaları (ləyən-sidik axarı seqmentinin daralması, epispadiya, hermafroditizm və s.) kiçik yaşlarda korreksiya edilir. Bu yolla həyat keyfiyyəti bərpa olunur. Travma alan insanların vəziyyəti ağır olduqda təcili formada əməliyyat edilir.  
  • Digər uroloji patologiyalar. Sidik daşı, priapizm, Peyroni xəstəliyi – müalicə aparılmadıqda ciddi fəsad törədən uroloji patologiyalardır. Hiperaktiv sidik kisəsi, stress mənşəli sidik saxlamazlıq, sidik kisəsinin neyrogen disfunksiyası uroloq tərəfindən konservativ və yaxud cərrahi yolla müalicə edilir.  

Uroloqun qəbuluna necə hazırlaşmalı?

Qadınlar üçün gigiyenik prosedurlar kifayətdir. Kişilər isə konsultasiyadan 2-3 gün əvvəl sperma ifrazından çəkinməli (əgər sperma götürüləcəksə), 3 saat əvvəl sidik ifraz etməməlidir (əgər sidik kanalından analiz üçün material alınacaqsa). Həmçinin cinsi orqan və uretranı antiseptik, yod ilə işləmək olmaz.  

Prostat vəzinin barmaqla müayinəsi üçün düz bağırsaq boş olmalıdır. Bunun üçün kişilər ya təmizləyici imalədən istifadə etməli, ya da qəbuldan əvvəl təbii yolla bağırsağı boşaltmalıdır.  

Uroloq necə müayinə edir?

uroloqun müayinəsiUroloqun konsultasiyası bir neçə mərhələdən ibarətdir. Həkimin başlıca məqsədi pasiyentin şikayətlərinin uroloji patologiya ilə əlaqəli olduğunu aydınlaşdırmaqdan və müalicə sxemini tərtib etməkdən ibarətdir. Bunun üçün aşağıdakı mərhələlərdən keçilir:

  • Anamnezin toplanması. Xəstə qəbula gələrkən uroloq ona xəstəlik və aparılan müalicə ilə bağlı suallar verir. Bura həm də zərərli vərdişlər, həyat tərzi, peşə zərərləri, allergik reaksiyalar haqqında məlumat daxildir.  
  • Fiziki baxış. Cinsiyyət orqanlarına baxış keçirilir. Uretranın polipi və sidik-cinsiyyət sisteminin fistulalarına şübhə yarandıqda müayinə kresloda davam etdirilir. 
  • Laborator diaqnostika. Hər bir xəstəlik üçün laborator müayinənin öz alqoritmi vardır. Qan və sidiyin ümumi analizi, sidik cövhəri və kreatinin səviyyəsinin yoxlanılması, sidik və ya uretradan götürülən yaxmanın əkilməsi, yaxmanın mikroskopiyası – standart laborator testlərdən sayılır.  
  • İnstrumental müayinələr. Uroloji xəstəliklərin diaqnostikasında ilkin mərhələdə sonoqrafiya dayanır. Nefroloji patologiyalarda böyrəklərin USM, aşağı sidik yollarının xəstəliklərində sidik kisəsi və ya sidik kanalının USM icra edilir. Ambulator qəbul çərçivəsində uretroskopiya, sistoskopiya yerinə yetirilə bilər. Göstərişlərə əsasən MRT-uroqrafiya, böyrəklərin KT, ekskretor uroqrafiya və digər müayinələr təyin edilir.  

Uroloq xəstəlikləri hansı yolla müalicə edir?

Diaqnoz dəqiqləşdikdən sonra uroloq xəstəliyin etiologiya və patogenezinə uyğun müalicə aparır. Dərman terapiyasından əlavə, uretranın strikturalarında bujlanma, sidik kisəsinin kateterizasiyası, instilyasiyalar oluna bilər. Ağır vəziyyətlərdə pasiyent uroloji şöbəyə hospitalizasiya olunur, təcili və ya planlı şəkildə əməliyyat icra edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: