Terapevt

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 22088

Terapevt kimdir?Terapevt — 18 yaşdan yuxarı şəxslərdə daxili orqanların qeyri-cərrahi patologiyaları ilə məşğul olan həkimdir. Pasiyentlər adətən aşağıdakı hallarda bu mütəxəssisə müraciət edirlər:

  • Ağrı hissinin yaranması. KRVİ əlamətləri, ağrı sindromu, öskürək, təngnəfəslik, halsızlıq ilə qarşılaşan xəstələr terapevtə müraciət edirlər. Belə vəziyyətlərdə həkim xəstəliklərin ilkin diaqnostikasını aparır, müalicənin aparılmasında dar ixtisaslı mütəxəssislərin yardımına ehtiyac olmamasını dəqiqləşdirir.   
  • Xroniki xəstəliklərin kəskinləşməsi. Residiv hallarında terapevt müvafiq müayinələr təyin edir, müalicə sxemində korreksiya aparır. Ehtiyac olduqda xəstəni stasionara yönləndirir.   
  • Profilaktik müayinə. Hamiləliyin II və III trimestrlərində daxili orqanların xəstəliklərinin diaqnostika və müalicəsi üçün terapevtin konsultasiyası məqsədəuyğundur. Həmçinin zərərli əmək şəraitində işləyənlər profilaktik müayinələrdən keçməlidir.  

Terapevt hansı xəstəlikləri müalicə edir?

Terapevt həkimlərTerapevt qeyri-cərrahi xəstəliklərdə ixtisaslaşmış tibbi yardım göstərir. Mürəkkəb klinik hallarda, nadir somatik patologiyalarda, eləcə də endokrin, onkoloji, oftalmoloji və digər qrup xəstəliklərin ilkin diaqnostikasında terapevt xəstəni müvafiq həkimlərə istiqamətləndirir. Başlıca terapevtik xəstəliklərə aşağıdakılar aiddir:  

  • Ürək-damar xəstəlikləri: ürəyin işemik xəstəliyi, hipertoniya, arterial hipotoniya, ateroskleroz  
  • Bronx-ağciyər patologiyaları: kəskin və xroniki bronxit, traxeit, pnevmoniya, bronxial astma  
  • Mədə-bağırsaq traktının xəstəlikləri: qastrit, xolesistit, qeyri-infeksion hepatit, mədə və onikibarmaq bağırsağın xorası  
  • Kəskin respirator xəstəliklər: qrip, paraqrip, adenovirus, rinovirus, reovirus və digər infeksiyalar  
  • Qan xəstəlikləri: anemiya, hemorragik diatez
  • Dayaq-hərəkət aparatının zədələnmələri: reaktiv artrit, osteoartroz, osteoxondroz  
  • Metabolik pozğunluqlar: piylənmə, podaqra, osteoporoz, hipo və avitaminozlar 
  • Revmatoloji xəstəliklər: revmatizm, revmatoid artrit, sistemli qırmızı qurd eşənəyi, dermatomiozit.

Terapevtin qəbuluna necə hazırlaşmalı? 

Terapevtin qəbuluİlkin baxış üçün heç bir xüsusi hazırlıq tələb olunmur. Əgər konsultasiya ilə yanaşı müayinə planlaşdırılırsa, qəbula acqarnına gəlmək məsləhət görülür. Tonuslandırıcı içkiləri (qəhvə, çay, kakao və s.) təxirə salmaq tövsiyə edilir. Yaxın keçmişdə analiz və müayinələr aparılmışsa, onların nəticələrini pasiyent özü ilə götürməlidir.  

Terapevt necə müayinə edir?

İlkin konsultasiya zamanı terapevt patoloji prosesin dinamikası və pasiyentin həyat tərzi barədə ətraflı məlumat toplayır. İlkin qəbulun əsas mərhələləri aşağıdakılardır:  

  • Anamnezin toplanması. Sorğu zamanı terapevt xəstəliyin əlamətlərinin yaranma vaxtı, onların intensivliyi, davamiyyəti, digər faktorlarla əlaqəsini aydınlaşdırır. Diaqnozun qoyulmasında irsi meyillik, peşə zərərləri, infeksion xəstələrlə təmas, fiziki aktivliyin səviyyəsi, qidalanmanın xarakteri, stress haqqında məlumatlar xüsusi rol oynayır.   
  • Fiziki müayinə. Vizual baxışla terapevt dəri örtüklərinin xüsusiyyətini (rəng, turqor dəyişikliyi, səpgi və ödemin olması) selikli qişaların vəziyyətini (solğun rəng, hiperemiya, dilin ərplə örtülməsi) müəyyən edir, limfa düyünlərini əllə yoxlayır. Perkussiya üsulu ilə ağciyər, ürək və qarın boşluğunun parenximatoz orqanlarının ölçülərini yoxlayır. Auskultasiya zamanı tənəffüs və ürək fəaliyyətindəki pozğunluqları aşkara çıxarır. Terapevt qarın nahiyəsini palpasiya etməklə, onun ağrıya həssaslığını, bağırsaqların və parenximatoz orqanların vəziyyətini aydınlaşdırır.

Adətən baxış arterial təzyiq, nəbz və temperaturun ölçülməsi ilə tamamlanır. İlkin məlumatları topladıqdan sonra terapevt daxili orqan xəstəliklərini üzə çıxarmaq məqsədilə xəstəni laborator-instrumental müayinələrə yönəldir:   

  • Laborator analizlər. Əksər pasiyentlərə qan və sidiyin ümumi analizi, qanın biokimyəvi göstəricilərinin (qlükoza, xolesterin, ümumi zülal, onun fraksiyaları, bilirubin, qaraciyər fermentləri – ALT, AST) təyini göstərişdir.  
  • Elektrokardioqrafiya. EKQ – ürək fəaliyyətinin pozğunluqlarını, miokardda gedən işemik prosesləri aşkarlayan qeyri-invaziv üsuldur. Bir sıra hallarda EKQ və AT-nin sutkalıq monitorinqi məsləhət görülür. Bu yolla patoloji dəyişikliklərin müxtəlif amillərdən asılılığı müəyyən edilir.  
  • Flüoroqrafiya. Onkoloji bronx-ağciyər xəstəlikləri və vərəmi erkən mərhələlərdə üzə çıxaran rentgenoloji müayinədir.  Pulmonoloji patologiyaların aşkar əlamətlərində döş qəfəsinin rentgenoqrafiyası (icmal və yaxud 2 proyeksiyada) lazım gəlir.  
  • Qarın və peritonarxası orqanların USM. Qastroenteroloji, uroloji, onkoloji xəstəliklərin qeyri-invaziv diaqnostika üsuludur. Qarın boşluğunun icmal sonoqrafiyasından sonra müvafiq orqanın hədəfli skanlanması aparıla bilər. 
  • Qastroskopiya. Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərindən şübhələndikdə təyin edilir. Bu müayinə iltihabi prosesləri, həcmli törəmələri və  motor-evakuator funksiyanın pozğunluqları yüksək dəqiqliklə müəyyən edir.   

Müəyyən bir orqan və ya sistemin patoqnomik əlamətləri izlənildikdə digər müayinələrə ehtiyac yarana bilər. Həyat fəaliyyətinin ciddi pozğunluqlarında xəstə hospitalizasiya edilir. Müayinənin nəticələrinə əsasən optimal müalicə sxemi tərtib olunur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: