Pulmonoloq

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 7319

Pulmonoloq kimdir?Pulmonoloq – tənəffüs sisteminin aşağı şöbələrinin (traxeya, bronxlar, ağciyər, plevra) kəskin və xroniki patologiyalarını müalicə edən həkimdir. 18 yaşından kiçik şəxslərlə uşaq pulmonoloqu məşğul olur. Döş qəfəsi orqanlarında rast gəlinən xəstəliklərin cərrahi müalicəsi torakal cərrahlar tərəfindən aparılır. Pulmonologiyanın ayrıca bir sahəsi – ftiziatriya tənəffüs orqanlarının vərəmi ilə bağlı problemləri həll edir.

Pulmonoloqa hansı hallarda müraciət etmək lazımdır? 

Pulmonoloqun konsultasiyası profilaktik, dispanser və yaxud müalicəvi-diaqnostik istiqamət daşıya bilər.

  • Profilaktik – tibbi komissiya və planlı dispanserizasiya çərçivəsində, eləcə də arayış və rəyin verilməsi məqsədilə aparılır.   
  • Dispanser – xroniki bronx-ağciyər xəstəlikləri ilə əlaqədar pulmonoloqun qeydiyyatında olan insanların periodik müayinəsini nəzərdə tutur.
  • Müalicəvi-diaqnostik – respirator orqanların xəstəlikləri ilə bağlı konsultasiyadır. Onun əsasında diaqnoz qoyulur və müalicəyə başlanılır. 

Xəstə pulmonoloqa müstəqil şəkildə və yaxud digər həkimlərin (terapevt, kardioloq və s.) məsləhəti ilə müraciət edə bilər. Ağciyərində auskultativ və yaxud rentgenoloji dəyişikliklərın aşkarlandığı şəxslərdə, həmçinin tənəffüs çatışmazlığında pulmonoloqun planlı konsultasiyası göstərişdir. Respirator orqanların xəstəliklərindən xəbər verən əlamətlərə fiziki gərginlik və yaxud sakitlik halında təngnəfəslik, döş qəfəsində ağrı, qızdırma, 1 aydan çox davam edən öskürək, irinli və üfunətli bəlğəm aiddir. Boğulma, qanhayxırma və ağciyər qanaxmalarında təcili yardım tələb olunur.  

Pulmonoloq hansı xəstəlikləri müalicə edir?

Pulmonoloq həkimPulmonoloqun kompetensiyasına daxil olan xəstəliklərin spektri çox genişdir. Bu mütəxəssis KRVİ ağırlaşmalarından tutmuş, sistem xəstəliklərinin ağciyər təzahürlərinə qədər bütün patologiyalarla məşğul olur. Bəzi xəstəliklər kəskin gedərək, tam sağalma ilə nəticələnir. Digərləri isə daimi müşahidə və dgər mütəxəssislərlə (ftiziatr, revmatoloq, onkoloq, kardioloq və s.) birgə dinamik nəzarət tələb edir. Aşağı tənəffüs yollarının əsas xəstəlikləri aşağıdakı qruplara ayrılmışdır:  

  • irsi (mukovissidoz) və anadangəlmə (lobar emfizema, əlavə ağciyər, ağciyərin hipoplaziyası və s.) sindromlar  
  • infeksion-iltihabi patologiyalar (pnevmoniya, traxeit, bronxit, bronxiolit, plevrit və s.)  
  • ağciyərin qeyri-spesifik xroniki xəstəlikləri (pnevmoskleroz, ağciyərin emfizeması, ağciyərin xroniki obstruktiv xəstəliyi, siqaret çəkən insanlarda bronxit); allergik xəstəliklər (bronxial astma, allergik alveolit)  
  • peşə xəstəlikləri (silikoz, asbestoz, berillioz, talkoz və s.)  
  • sistem xəstəlikləri (sarkoidoz, Çarc-Stros sindromu və s.) 
  • damar zədələnmələri (ağciyər hipertenziyası, ağciyər arteriyasının tromboemboliyası);
  • döş qəfəsinin travma və əməliyyatlarının fəsadları (qabırğalanın sınması, əzilmələr, pnevmotoraks, hemotoraks, ağciyərin rezeksiyasından və yaxud pnevmonektomiyadan sonrakı vəziyyət).  

Pulmonoloqun qəbuluna necə hazırlaşmalı?

Pulmonoloqun müayinəsinə xüsusi hazırlıq tələb olunmur. Sadəcə qəbuldan 2 saat əvvəl siqaret çəkməmək, intensiv fiziki yüklənmə və idman məşqlərini təxitə salmaq məsləhətdir. Funksional testlər (spirometriya, pikfloumetriya) aparılacaqsa, acqarnına və yaxud sonuncu yeməkdən sonra 4 saatlıq intervalı gözləmək arzuolunandır.  

Pulmonoloqun qəbulu necə keçir?

Pulmonoloqun müalicəsiPulmonoloqun adi konsultasiyası bir neçə mərhələni özündə birləşdirir: pasiyentin şikayətləri ilə tanışlıq, obyektiv baxış, diaqnostika və müalicə planının müəyyənləşdirilməsi. Bəzi hallarda pulmonoloq bir sıra dəqiqləşdirici müayinələr: termometriya, pulsoksimetriya, spirometriya və s. aparır. Xəstə pulmonoloqa ilk dəfə müraciət etdikdə proses adətən aşağıdakı qaydada gedir:  

  • Anamnezin toplanması. Bu mərhələdə sual-cavab əsasında hazırkı xəstəliyin tarixi öyrənilir, pasiyentin narahatlıqları, həyat və əmək şəraiti, zərərli vərdişləri, eləcə də yanaşı gedən patologiyalar (allergik, peşə xarakterli, ürək-damar, irsi və s.) araşdırılır.  
  • Fiziki müayinə. Xəstəlik barədə ümumi məlumat əldə etdikdən sonra pulmonoloq obyektiv baxış keçirir. Pasiyent qurşağa qədər soyunur. Həkim vizual olaraq, döş qəfəsinin forma və simmetrikliyini qiymətləndirir, körpücüküstü və qoltuqaltı limfa düyünlərini palpasiya edir, perkusiya ilə ağciyərin sərhədlərini müəyyənləşdirir. Fiziki müayinənin ən qiymətli üsulu auskultasiyadır. Onun mahiyyəti ağciyərin müxtəlif sahələri üzərində tənəffüsün yoxlanılmasıdır. Auskultasiya zamanı pasiyentdən burun və yaxud ağızla nəfəs almaq, öskürmək, pıçıltı ilə və yaxud bərkdən danışmaq istənilir. Xışıltılı, sərtləşmiş və yaxud zəifləmiş tənəffüs, krepitasiya və digər səs fenomenləri bu və yaxud digər xarakterli pozğunluqlardan xəbər verir.
  • Diaqnostik müayinələrin təyini. Subyektiv əlamətlər və obyektiv məlumatlara əsasən pasiyentə müəyyən müayinələr məsləhət görülür. Bu, diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır. Pulmonologiyanın baza müayinələrinə ağciyərin rentgenoqrafiyası, xarici tənəffüs funksiyasının təhlili, qanın ümumi və biokimyəvi analizləri, bəlğəmin mikroskopiyası və bakterial əkilməsi aiddir. Genişləndirilmiş diaqnostikaya bodipletizmoqrafiya, bronxoskopiya, bronxoqrafiya, angiopulmonoqrafiya, döş qəfəsinin KT, sintiqrafiya, transtorakal biopsiya və digər müayinələr daxildir.  
  • Müalicənin təyini. Diaqnoz aydın olduqda, etiopatogenetik müalicə təyin edilir. Həyat keyfiyyətini pisləşdirən əlamətlərə (təngnəfəslik, öskürək, boğulma) rast gəlindikdə bu narahatlıqları aradan qaldıran vasitələr tövsiyə edilir. Cərrahi müalicəyə ehtiyac olduqda xəstə cərrahın konsultasiyasına yönləndirilir.

Ümumilikdə pulmonoloqun standart qəbulu orta hesabla 30 dəqiqə çəkir. Sonda müalicənin nəticəsini qiymətləndirmək üçün növbəti gəlişin tarixi müəyyənləşdirilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: