Mammoqrafiya
Mammoqrafiya – süd vəzilərinin və regionar limfa düyünlərinin rentgenoloji müayinə üsuludur. Rentgenoqrammada piy və birləşdirici toxumaların, vəzili elementlərin quruluşu, qan damarlarının kölgəsi vizualizasiya olunur. Mammoqrafiya bədxassəli şişlərin, mastopatiya və kistanın diaqnostikasında informativ sayılır. Mammoqramma vəzinin kompressiya şəraitində yan, düz və çəp proyeksiyalarda çəkilən təsviridir.
- Göstərişlər
- Aparılma qaydası
- Nəticələrin təhlili
- Üstünlükləri və məhdudiyyətləri
Mammoqrafiya üsuluna göstərişlər
Mammoqrafiya həm profilaktik, həm də diaqnostik məqsəd daşıyır. Süd vəzi xərçənginin erkən mərhələlərdə aşkarlanması üçün 35-45 yaşarası qadınlar 2 ildən bir, 45 yaşdan sonra isə ildə 1 dəfə bu profilaktik müayinədən keçməlidir. Süd vəzinin dishormonal hiperplaziyasında mammoqrafiyanın aparılma tezliyi fərdi qaydada təyin olunur.
Diaqnostik mammoqrafiya isə döşdə ağrı, bərkimə, süd vəzinin dərisində dəyişikliklər müşahidə edildikdə, o cümlədən gilədən ifrazat axdıqda aparılır. Onun vasitəsilə süd vəzi törəmələrinin sərhədləri müəyyənləşdirilir, mastopatiyanın gedişinə nəzarət edilir, əməliyyatdan sonra toxumaların vəziyyəti qiymətləndirilir.
Mammoqrafiya əsnasında döşdə kista, kalsinat, fibroadenoma, bədxassəli törəmələr üzə çıxarılır. Süd vəzi xərçəngindən şübhələndikdə vəzinin punksion biopsiyası və yaxud trepanobiopsiya aparılır. Bioptatın sitoloji müayinəsinin köməyilə diaqnoz dəqiqləşdirilir.
Mammoqrafiya aybaşı siklinin 5-12-ci günündə, klimaks dövründə isə istənilən vaxta yerinə yetirilir. Hamilələr və süd verən qadınlara bu üsul qadağandır.
Mammoqrafiyanın aparılma qaydası
Mammoqrafiya üsulunda xüsusi qurğular – mammoqrafdan istifadə olunur. Prosedurdan qabaq qoltuqaltına və sinə nahiyəsinə ətir, dezodarant, losyon vurmaq olmaz. Belə ki, kosmetikanın komponentləri mammoqrammada artefakt verə bilər. Süd vəzi üzərində əməliyyatlar, o cümlədən döşün böyüdülməsi və endoprotezlənmə keçirildikdə, bu barədə həkimi məlumatlandırmaq lazımdır. Doşdə implant olduqda mammoqrafiya üçün aparatın xüsusi ayarları seçilir. Bu yolla endoprotezin tam sıxılmasının qarşısı alınır. Döş implantı süd vəzinin vizualizasiyasını çətinləşdirir.
İcmal müayinə prosesində hər 2 vəzinin düz və yan (çəp) proyeksiyalarda rentgen şəkli çəkilir. Hər bir vəzi növbə ilə xüsusi duracaq və löhvə arasında sıxılır, rentgen şualanma aparılır. Döşün ölçüsü kiçik olduqda, ağrı və ifadəli fibroadenomatoz dəyişikliklər zamanı mammoqrafiya ağrılı ola bilər.
Ehtiyac yarandıqda süd vəzinin müəyyən hissələrində hədəfli mammoqrafiya icra olunur. Gilədən ifrazat axdıqda süd axacaqlarına kontrast maddə yeridilir və duktoqrafiya tətbiq edilir. Mammoqrafiya 15 dəqiqədən çox çəkmir.
Mammoqrafiyanın nəticələri
Mammoqrafiyanın nəticələrini təhlil edərkən klinik və anamnestik məlumatlar da nəzərə alınır, piy və vəzili toxumanın, axacaqların, damarların quruluşu qiymətləndirilir. Patoloji ocaqlar aşkarlandıqda onların sayı, ölçüsü, forması, sərhədləri, simmetrikliyi və həmcinsliyi müəyyən edilir. Süd vəzinin müxtəlif sıxlıqlı toxumaları mammoqrammada ağ, boz və qara rəngdə görünür.
Nəticələri analiz edərkən nəzərə almaq lazımdır ki, toxumaların sıxlığı cavan yaşlarda, eləcə də əvəzedici hormonoterapiya zamanı artır, klimaks və ooforektomiyadan (yumurtalıqların xaric edilməsi) sonra isə azalır.
Mammoqrammada fibroadenoma və kistalar dəqiq sərhədlərə malik, yumru və yaxud oval törəmələr şəklində izlənilir. Süd vəzi xərçəngində isə aşkarlanan kölgələrin qeyri-müəyyən, şüayabənzər və yaxud tikanlı sərhədləri olur. Müayinə prosesində üzə çıxan kalsifikatlar xoşxassəli ola və ya süd vəzi xərçənginin gedişini müşayiət edə bilər.
Mammoqrafiyanın üstünlükləri və məhdudiyyətləri
Profilaktik mammoqrafiya ilə süd vəzi xərçənginin erkən diaqnostikası bu qadınların yaşama müddətini xeyli artırır. Bir sıra hallarda mammoqrafiyanın köməyilə diametri 5 mm-dən kiçik olan şişləri üzə çıxarmaq və nəticədə orqan qoruyucu əməliyyatlar keçirmək mümkün olur. Mammoqrafiya prosesində tətbiq olunan şüalanmanın dozası çox azdır, bu heç bir zaman onkologiyaya gətirib çıxarmır.
Doğmayan və 35 yaşdan kiçik qadınlarda toxumaların yüksək sıxlığı ilə əlaqədar mammoqrafiya qeyri-informativ sayılır. Həmçinin ifadəli mastopatiya və döş implantları prosedurun informativliyini məhdudlaşdırır. Şişlər vəzinin qalınlığında yerləşdikdə mammoqrafiya onları aşkarlamayıb, səhv nəticə göstərə bilər.