Doğuşdan sonrakı depressiya
Doğuşdan sonrakı depressiya – ana roluna adaptasiya və qadın orqanizmində gedən hormonal dəyişikliklər nəticəsində yaranan affektiv pozğunluqdur. Əhvalın pozulması, səbəbsiz ağlağanlıq, əsəbilik, həyəcan, uşağın sağlamlığına görə narahatlıq, qulluq və tərbiyə cəhətdən özünə inamsızlıqla təzahür edir. Diaqnostika kliniki müsahibə və depressiyanı müəyyən etməyə kömək edən xüsusi sorğular vasitəsilə aparılır. Müalicə kompleks şəkildə aparılır, pasiyentə antidepressant, trankvilizatorlar, psixoterapiya, psixoloji konsultasiya təyin edilir.
- Doğuşdan sonrakı depressiyanın səbəbləri
- Patogenez
- Doğuşdan sonrakı depressiyanın əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Doğuşdan sonrakı depressiyanın müalicəsi
- Proqnoz və profilaktika
Doğuşdan sonrakı depressiya barədə ümumi məlumat
Doğuşdan sonrakı depressiyanın ilk təsvirləri Sokratın əsərlərində (eramızdan əvvəl 700-cü ildə) öz əksini əksini tapmışdır. Lakin bu pozğunluq uzun zaman ərzində tibb tərəfindən ayrıca etiopatoloji vahid kimi qəbul edilmirdi. Hazırda qadın məsləhətxanalarında, psixonevroloji dispanserlərdə və özəl klinik mərkəzlərdə doğuşdan sonra qadınlara psixoterapevtik yardım göstərilir. Statistik məlumatlara əsasən doğuşdan sonrakı dövrdə depressiv pozğunluqların yayılma tezliyi 10-15% təşkil edir. Lakin əksər hallar mütəxəssislərin diqqətindən kənarda qaldığından real göstəricilər daha yüksək ola bilər. Emosional pozulmalar cavan anaların təxminən 50%-də baş verir.
Doğuşdan sonrakı depressiyanın səbəbləri
Doğuşdan sonrakı dövrdə emosional sferanın pozğunluqları bir sıra amillərin təsirindən inkişaf edir. Qadın orqanizmi doğuş zamanı stressə məruz qalır, hormonal fon kəskin dəyişir, məişət və ailədaxili münasibətlərin yenidən qurulması baş verir. Depressiyanın ən geniş yayılmış səbəbləri aşağıdakılardır:
- İrsi amil. Orqanizmin fiziki və psixoloji stressə adaptasiya qabiliyyətini müəyyən edən sinir sisteminin xüsusiyyətlərini özündə biləşdirir. Melanxoliya və depresiyaya irsi meyllik mövcuddur.
- Hormonal pozğunluqlar. Progesteron və qalxanabənzər vəzi hormonlarının sekresiyası azalır, prolaktinin sintezi güclənir. Hormonal dəyişikliklər MSS-nin fəaliyyətinə təsir göstərərək, emosional labilliyin yaranmasına, əmək qabiliyyətinin azalmasına, ruh düşkünlüyünə səbəb olur.
- Sosial rolun dəyişilməsi. Qadın ana olduqdan sonra onun həyat tərzi yenidən qurulur, əlavə funksiyalar yerinə yetirilməli olur. Bu rolun öhdəsindən gələ bilməmək qorxusu, həmçinin ünsiyyət azlığı depressiyaya gətirib çıxarır.
- Məişət qayğılarının artması. Uşaq doğulduqdan sonra qadının vəzifələri artır: uşağa qulluq, əmizdirmə, vaxtaşırı həkim müayinələri. Vaxt azlığı ilə əlaqədar mənəvi və fiziki güc bərpa olunmadığından üzülmə və depressiya formalaşır.
- Ailədaxili münasibətlərin korlanması. Körpə daima diqqət tələb etdiyindən hər 2 valideyn yorulur, gərginləşir. Doğuşdan sonrakı bərpa dövründə cinsi sfera məhdudlaşır, bu da münaqişələrə, emosional soyuqluğa səbəb olur, depressiya riskini artırır.
Doğuşdan sonrakı depressiyanın patogenezi
Doğuşdan sonrakı depressiyanın yaranması və inkişafı polietioloji nəzəriyyə çərçivəsində təhlil edilir. Bu yanaşmaya əsasən emosional pozğunluq 3 amilin: irsi amil, spesifik fizioloji dəyişikliklər və psixososial xüsusiyyətlərin birgə təsirindən formalaşır. Depressiyalı qadınların əksəriyyəti konstitutsional meylliyə- emosiya və əmək qabiliyyətinə cavabdehlik daşıyan neyromediatorların (serotonin, dofamin, noradrenalin) çatışmazlığına və ali sinir fəaliyyətinin zəif tipinə malikdir. Pozğunluğun əsasında dayanan spesifik fizioloji mexanizmlərə hormonal fonun kəskin dəyişməsi (hamiləliyin başa çatması), doğuş prosesi ilə əlaqədar ağrı və diskomfort hissi aiddir. Depressiyaya səbəb olan ümumi psixososial amillər qadının rolunun dəyişilməsi, adət etdiyi məşğələlərə vaxt ayıra bilməməsi, günün əsas hissəsini uşağa sərf etməsi ilə xarakterizə olunur.
Doğuşdan sonrakı depressiyanın əlamətləri
Depressiv pozğunluq ümumi əlamətlərlə: emosional labillik, ağlağanlıq, əsəbilik, hər hansı bir fəaliyyətə motivasiyanın azalması ilə təzahür edir. Yuxu pozulması yuxusuzluq və ya həddindən artıq yuxululuqla müşahidə olunur. İştah artır və ya tamamilə kəsilir. Qadın özünü analıq funksiyalarını yerinə yetiməyə qadir olmamaqda, uşağa qarşı bağlılıq və sevginin olmamasında günahlandırır, yaxın adamlarla ünsiyyətdən çəkinir. Ağır gedişli depressiyalarda qadın özünə və uşağa zərər vermək barədə düşünməyə başlayır.
Gedişindən asılı olaraq doğuşdan sonrakı depressiyalar bir neçə formalara bölünür. Nevrotik formalı pozğunluqlar hamiləlik və doğuşla bağlı (məsələn, düşük riski) narahatlıqların kəskinləşməsi ilə səciyyələnir. Xarakterik əlamət- yüksək həyəcan. Pasiyentlər daima neqativ bir hadisənin (xəstəlik, uşağın ölümü, ailənin dağılması) baş verəcəyini gözləyir. Gərginlik qıcıqlanma və disforiya ilə təzahür edir. Qadın əsəbi, bəzən aqressiv olur. Ağır hallarda panik tutmalar, ipoxondriya, baş və sinə arxası ağrılar, taxikardiya tutmaları, tərləmə təngnəfəslik formalaşır. Vəziyyət gün ərizində tədricən pisləşir, axşama doğru psixi və fiziki üzülmələr- halsızlıq, apatiya, səbəbsiz ağlamalar baş verir.
Nevrotik depressiya zamanı əsas simptomlar qismində somatik pozğunluqlar inkişaf edir. Yuxusuzluq, iştahın azalması, arıqlama ön plana keçir. Cox zaman sayrışan hallar-uşağa zərər vermək qorxusu, onu hiper nəzarət müşahidə olunur. Belə pozğunluqlar mayalanmadan əvvəl və ya hestasiya dövründə psixotravmatik vəziyyətlərin təsiri ilə bağlıdır.
Depressiyanın digər forması– sayıqlama komponentli melanxoliyadır. Əsas əlamətlərinə psixomotor tormozlanma və özünü günahlandırma aiddir. Qadınlarda «pis ana» olmalarından şikayətlənirlər, onlarda özünə inamsızlıq, suisidal fikirlər yaranır. Bu forma ağırlaşaraq, doğuşdan sonrakı psixozla nəticələnə bilər.
Cavan analar arasında depressiyanın uzunmüddətli forması daha geniş yayılmışdır. Bu forma maskalanmış şəkildə gedir və pasiyentlər tərəfindən çox zaman yorğunluq, yeni rejimə adaptasiya kimi qəbul edilir. Əlamətlər zəif inkişaf etdiyindən qadın çox nadir hallarda mütəxəssislərə müraciət edir. Qadınlar halsızlıqdan və zəiflikdən şikayət edir, bu da yanlış olaraq doğuş və qanaxma ilə əlaqələndirilir. Ağlağanlıq, əsəbilik güclənir, uşağı yedizdirmək üçün gecə oyanmaları çətinləşir. Uşağa qulluq qadın üçün ağır olsa da bu hala tənqidi münasibət saxlanılır.
Doğuşdan sonrakı depressiyanın ağırlaşmaları
Depressiyanın istənilən forması ana və uşaq arasında emosional bağlılığı azaldır. Anada övlada qarşı məhəbbət və nəvazişin olmaması gələcəkdə uşaqda psixi xəstəliklərin rast gəlinməsinə gətirib çıxarır. Ən ağır fəsadlar müalicə olunmayan melanxolik depressiya zamanı müşahidə edilir. Özünü günahlandırma və patoloji qorxular davamlı sayıqlamalara, suisidal cəhdlərə və uşağa zərər yetirməyə səbəb olur – doğuşdan sonrakı psixoz yaranır.
Doğuşdan sonrakı depressiyanın diaqnostikası
Doğuşdan sonrakı depressiya adətən doğuşdan sonra ilk aylarda formalaşır, pozğunluğun davametmə müddəti (bir neçə aydan bir neçə ilə kimi) fərdi xarakter daşıyır. İlkin müayinə həkim-psixiatr tərəfindən aparılır, ehtiyac olduqda psixoloq və ginekoloqun (endokrinoloqun) konsultasiyası əlavə olunur. Diaqnostika prosesində aşağıdakı üsullardan istifadə edilir:
- Klinik-anamnestik. Həkim həyat anamnezini müəyyən edir, şikayətləri araşdırır: hamiləlikdən qabaq depressiv halların olması, pasiyentdə, onun yaxın qohumlarında psixi pozğunluqların rast gəlinməsi barədə suallar verir. Ailənin maddi vəziyyətini, tərkibini, münasibətlərin xarakterini, prenatal və natal dövrün gedişini aydınlaşdırır. Əhval-ruhiyyənin pozulması, həyəcan hissi, apatiya, ağlağanlıq, zəiflik diaqnozun təqdiqlənməsinə kömək edir.
- Psixodiaqnostik. Doğuşdan sonrakı (postnatal) depressiyanın diaqnostikasında Edinburq şkalasından istifadə olunur. Bu üsul ekspress-diaqnostika üsullarına aid olub, emosional pozğunluğun dərinliyini aşkar etməyə imkan verir. Xəstənin narahatlıqlarının xarakterini daha dəqiq təyin etmək üçün Montqomeri-Asberq şkalası, Hamilton şkalası, Bek şkalası, şəxsi sorğulardan (Ayzenk testi, MMPİ testi) istifadə olunur.
- Laborator. Endokrin pozğunluqlara şübhə yarandıqda onların depressiyaya səbəb olmasını təsdiq və ya inkar etmək lazımdır. Bu məqsədlə endokrinoloqun konsultasiyası, qalxanabənzər və cinsiyyət vəzilərin hormonlarının müayinəsi təyin edilir. Tiroksin, progesteronun aşağı səviyyələri depressiyaya gətirib çıxarır.
Doğuşdan sonrakı depressiyanın müalicəsi
Depressiya vəziyyətində olan qadınlara yardım pozğunluğun ağırlıq dərəcəsi ilə müəyyən edilir: yüngül formada psixoloq və ya psixoterapevtin konsultasiyası kifayət edir; mülayim dərəcəli əlamətlər zamanı psixoterapiya seansları və medikamentoz korreksiya məsləhət görülür; ağır pozğunluqlarda hospitalizasiya, intensiv dərman terapiyası və psixoterapiya tələb olunur. Tibbi-psixoloji dəstək aşağıdakılardan ibarətdir:
- Psixoloji konsultasiya. Yüngül əlamətlər zamanı pasiyentin şəxsi ehtiyatlarından istifadə olunur, özünü sakitləşdirmək, günlərini maraqlı keçirtmək, ətrafda baş verən xoşagəlməz hadisələrə fikir verməmək, idmanla məşğul olmaq, massaj məsləhət görülür.
- Psixoterapiya. Koqnitiv-bixevioral və psixodinamik istiqamətdə aparılan metodlardan geniş istifadə olunur. Seanslar zamanı ailədaxili münaqişələr aşkarlanır və ananın övladına məhəbbəti aşılanır. Cütlüklər aarsındakı münasibətin bərpa yolları müzakirə edilir.
- Medikamentoz müalicə. Antidepressantlar, trankvilizatorlar və hormonal preparatlardan istifadə olunur. Antidepressantalr emosional vəziyyəti normaya salır, həyəcan və məyusluq hissini aradan qaldırır. Hormonal preparatlar (estrogenlər, tiroksin preparatları) göstərişlərə əsasən fərdi qaydada təyin edilir.
- Sosial dəstək. Zəif ifadə olunmuş doğuşdan sonrakı depressiyanın sağalma mərhələsində olan qadınlara psixoloji-sosial dəstək vacibdir. Buna uşağa qulluq kursları və anaların birgə gəzintilərinin təşkili aiddir. Bəzi hallarda bu funksiya sahə pediatrı və ya tibb bacısı tərəfindən həyara keçirilir.
Doğuşdan sonrakı depressiyanın proqnoz və profilaktikası
Doğuşdan sonrakı depressiya müalicəyə asanlıqla tabe olduğundan proqnoz əksər hallarda qənaətbəxş sayılır. Profilaktika doğuşdan bir neçə ay əvvəl aparılmalıdır. Relaksasiya texnikasına- tənəffüs hərəkətləri, gimnastika, autotreniniqə yiyələnmək məsləhət görülür. Müntəzəm məşğələlər adət halını almalıdır. Körpəyə qulluğun ata, nənələr tərəfindən yerinə yetirilməsi əvvəlcədən yerinə yetirilməlidir. Gündəlik və həftəlik planda qadının özünə inamını artıran, ona sevinc, xoş hisslər bəxş edən məşgələlərə (rəqs, masaj, spa-prosedurlar, rəfiqələrlə görüş) yer ayırması tövsiyə olunur.