Hamiləlik

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1154

Hamiləlik nədir?Hamiləlik – hər bir qadının həyatında ən önəmli mərhələdir. Onun müddəti orta hesabla – 280 gündür. Bu, 10 mamalıq (28 günlük) və yaxud 9 təqvim ayına bərabərdir. Hamiləlik son aybaşı siklinin ilk günündən hesablanılır. Bu dövr ərzində mayalanmış, xırda ölçülü yumurtahüceyrə müxtəlif mərhələlərdən keçərək, xarici mühitdə yaşaya biləcək uşağa çevrilir. Bu məqalədə Sizi hər ay döldə hansı dəyişikliklərin getməsi ilə pillə-pillə tanış edəcəyik.

1-ci ay (1-4 həftəlik hamiləlik)

Hamiləlik aylarıYumurtahüceyrə spermatozoidlə birləşdikdən sonra sürətlə bölünməyə başlayır. Bütün proseslər elə sürətlə baş verir ki, “uşaq sanki günbəgün deyil, saatbasaat böyüyür”.

  • Mayalanmadan 3 gün sonra döldə XQ hormonu ifraz olunmağa başlayır. Onun hesabına ana orqanizmində müəyyən dəyişikliklər baş verir.   
  • İlk 3 həftə ərzində mayalanmış hüceyrə embriona çevrilir.  
  • Embrion uşaqlığa yapışır.  
  • 4-cü həftənin sonunda göbək ciyəsi əmələ gəlir və ciftlə birləşir. 
  • Hamiləliyin ilk ayı göz çuxurlarının, ayaq və əl mayalarının formalaşması ilə bitir.  

2-ci ay (5-8 həftəlik hamiləlik)

hamiləlik haqqındaDöl uşaqlığın daxili divarına yapışdığından ana orqanizmi hesabına qidalanır. Bu andan onun inkişafı sürətlənir.  

  • İlk ayda döldə 2 qat: endoderma və mezoderma, 5-ci həftədən etibarən isə ektoderma yaranır. Ektodermadan sinir sistemi, dəri, saç, diş minası başlanğıc götürür.  
  • 6-cı həftəfə aktiv şəkildə orqanogenez gedir, orqanizmin əsas hissələri – əl, ayaq və baş formalaşır.  
  • 7-ci həftədə baş beyin aktiv inkişaf etdiyindən baş nahiyəsi böyüyür. Yumrulanmış baş hissədə göz yuvalarını seçmək mümkündür. Həmçinin burun və ağız formalaşmağa başlayır. Gələcəkdə tənəffüs sisteminin yaranacağı sahədə 2 bronx şaxəsi olur. Ürək kamera və arteriyalara ayrılır. Qaraciyər, dalaq və öd kisəsinin əsası qoyulur.  
  • Hamiləlik dövründə 8-ci həftədə USM-də uşağın hərəkətlərini izləmək mümkündür. Eləcə də əl və barmaqlar, üst dodaq, burun, qulaq seyvanın sərhədlərini müşahidə etmək olur. 
  • 2-ci ayda uşağın ölçüsü təxminən 13 mm-ə çatır.  

3-cü ay (9-12 həftəlik hamiləlik)

3-cü ayda uşaq artıq «embrion» deyil, «döl» adlanır.

  •  9-cu həftə uşağın skeletində baş verən dəyişikliklərlə xarakterizə olunur. Əl qığırdaqları sümüyə çevrilir, boyun tam şəkildə formalaşır. Göz qapaqları yaranır.  
  • 10-cu həftədə embrional inkişaf mərhələsi sona çatır. Əl və ayaqlarda barmaqlar ayrılır. Xarici cinsiyyət üzvünü müəyyən etmək mümkün olmasa da, oğlanlarda testosteron ifrazı başlayır.  
  • 11-ci həftədə döl artıq yenidoğulmuşa oxşayır. Bu mərhələdə onun çəkisinin 10%-ni qaraciyər təşkil edir. Döl orqanizmdə böyrəklər fəaliyyət göstərir: sidik dölyanı mayeyə ifraz olunur.  
  • Hamiləlik dövründə 12-ci həftədə orqanogenez başa çatır. Orqanizmin bütün sistemləri tam şəkildə formalaşır. Sonrakı aylarda onlar sadəcə öz inkişaflarını davam etdirirlər.  
  • 3-cü ayın sonunda dölün boyu 61 mm, çəkisi isə 14 qram olur. 

4-cü ay  (13-16 həftəlik hamiləlik)

  • 14-cü həftədə dölün skeletini təşkil edən bütün qığırdaq sistemi sümüklə əvəzlənir. Cinsiyyət orqanlarını konkret cinsə aid etmək olur.  
  • 15-ci həftədə saç və qaşlar formalaşır.  
  • 16-cı həftədə göz və qulaqlar yekun formasını alır. Ayaqlar uzanır, bədənlə mütənasiblik təşkil edir. Dırnaqlar tamamən formalaşır.   
  • 4-cü ayda uşağın boyu orta hesabla 12 sm, çəkisi isə 130 qram olur. 

5-ci ay (17-20 həftəlik hamiləlik)

  • Uşağın ölçüləri cift boyda olur.  
  • 18-ci həftədə uşaq xarici səsləri eşidir.
  • 19-cu həftədə dərialtı piy toxuması yaranmağa başlayır. Ağciyərlərdə bronxioallar yaranır. Uşaq işığa reaksiya verir.   
  • Hamiləlik dövrünün 20-ci həftəsində qızda uşaqlıq formaşır, uşaqlıq yolu isə hələ olmur.  
  • 5-ci ayın sonunda uşağın boyu 16 sm-ə, çəkisi isə 320 qrama çatır.  

6-cı ay (21-24 həftəlik hamiləlik)

  • Uşağın dölyanı mayeni udması sinir sisteminin inkişafına işarədir.  
  • Ultrasəs müayinəsində süd və daimi dişlərin mayasını görmək mümkündür.
  • Saçlar uzanır, lakin piqment hələ yaranmadığından onların rəngi bilinmir.
  • 23-cü həftəlik hamiləlikdə USM-də yuxu anında uşağın gözlərinin sürətli tərpənişləri izlənilir. Bu, beynin yüksək aktivliyinə dəlalət edir.  
  • Hamiləlik zamanı 24-cü həftədə dölün ağciyərlərində alveollar əmələ gəlir. Tənəffüs prosesində alveolların yapışmasına yol verməyən maddə surfaktant ifraz olunur.  
  • 6-cı ayın sonunda dölün boyu 21 sm-ə, çəkisi isə 630 qrama qədər artır. 

7-ci ay (25-28 həftəlik hamiləlik)

  • Dərialtı piy aktiv şəkildə toplanır, lakin uşaq hələ arıq, dərisi isə qırmızı və büzüşmüş olur.  
  • Dildə dad məməcikləri yaranır.  
  • Son 3 ayda baş beynin inkişafı xeyli artır. 
  • 28-ci həftədə uşaq gözlərini açır. Oğlanlarda xayalar xayalığa enir.   
  • 6-cı ayın sonunda uşağın boyu 35 sm, çəkisi isə təxminən 1 kq təşkil edir.

8-ci ay (29-32 həftəlik hamiləlik)

  • İmmun sistem fəaliyyətə başlayır. Buna baxmayaraq, uşağın qanı hələ də ananın anticisimləri ilə tamamlanır.  
  • Damaqlarda yerləşən dişlər mina ilə örtülür.  
  • Uşaq sərbəst yaşamağa hazırlaşır: dölyanı maye ilə nəfəs alır (tənəffüs idmanlarının analoqu ağciyərlərin böyüməsinə səbəb olur), yumruğunu və ya barmaqlarını sorur (əmmə refleksinin inkişafı).  
  • Dərialtı damarlar görünür.
  • 8-ci ayın sonunda dölün uzunluğu 40-41 sm, çəkisi isə 1600 qram olur.  

9-cu ay (33-36 həftəlik hamiləlik)

  • Uşağın aktivliyi artır, onun yerləşdiyi mühit dölə dar gəlir.  
  • Ağciyərlər daha çox surfaktant ifraz edir. 
  • Dölün boyu 45 sm-ə, çəkisi isə təxminən 2500 qrama çatır.  

10-cu ay (37-40 həftəlik hamiləlik)

  • Uşaq doğuş pozisiyasını alır (dizlər və çənə bükülür) 
  • Dölün sərbəst həyata hazırlığı başa çatır. 
  • Onun boyu 51 sm, çəkisi 3400 qram-a qədər artır.  

Hamiləlik dövrünün sağlam və rahat keçməsi üçün vaxtlı-vaxtında ginekoloqun müayinəsindən keçib, onun məsləhətlərinə əməl edin. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: