Hematometra
Hematometra – qanın evakuasiyasının pozulması nəticəsində onun uşaqlıq boşluğunda toplanması ilə xarakterizə olunan patoloji haldır. Hematometra doğuş, abort, uşaqlıqdaxili müdaxilələrdən sonra inkişaf edə bilər. Anamnez toplandıqda uşaqlıqdaxili müdaxilələrdən sonra qanın axınının qəfil kəsilməsi, qarnın aşağı hissəsində ağrı və tutmaşəkilli ağrıların aşkarlanması hematometradan şübhələnməyə əsas verir. Qanaxmanın əlamətləri (taxikardiya, hipotoniya, başgicəllnəmə, anemiya) müxtəlif dərəcədə təzahür edir. Hematometra vaginal müayinə, USM, uşaqlıq boşluğunun zondlanmasının nəticələrinə əsasən təyin olunur. İlkin mərhələdə uşaqlığın yığılmasının stimulyasısı aparılır, bu üsul effektli olmadıqda vakuum-aspirasiya, müalicəvi histeroskopiya tətbiq edilir.
- Hematometranın yaranma səbəbləri
- Hematometranın əlamətləri
- Hematometranın diaqnostikası
- Hematometranın müalicəsi
Hematometra barədə ümumi məlumat
Hematometra – aybaşı axıntısı, doğuş və abortdan sonra qanlı ifrazatın uşaqlıq boşluğundan axınının çətinləşməsi və ya mümkün olmaması nəticəsində yaranan patoloji haldır. Etioloji amillərin müxtəlifliyi hematometranın tezliyinin təyin olunmasını çətinləşdirir, lakin ginekologiyada bu patologiya nadir hallarda aşkarlanır. Adətən cavan qadınlarda inkişaf edir. Hematometra orqan patologiyası (uşaqlıq və uşaqlıq yolunun anadangəlmə anomaliyaları və qazanılmış xəstəlikləri) və funksional səbəblərlə (qeyri-adekvat hemostaz, miometriumun zəif yığılması) əlaqəli ola bilər. Hematosalpinks və hematokolposla müştərək şəkildə inkişaf edə bilər; uşaqlıq boşluğunun infeksiyalaşması hallarında piometra və digər irinli ağırlaşmalar inkişaf edir. Yuxarıda qeyd edilən hallarla əlaqədar hematometrin profilaktikası və vaxtında evakuasiyası mühüm aspektlərdən sayılır.
Hematometranın yaranma səbəbləri
Müxtəlif etioloji amillərə əsasən patologiyanın aşağıdakı formaları ayırd edilir:
- Doğuşdan sonrakı dövrdə inkişaf edən hematometr
- Uşaqlıqdaxili müdaxilələrin nəticəsində yaranan hematometr
- Cinsi yolların obstruksiyası fonunda inkişaf edən hematometr
- Uşaqlıq boynu kanalının stenozu nəticəsində baş verən hematometr
Hematometranın yaranma səbəbləri anadangəlmə və qazanılmış (üzvi və ya funksional) ola bilər. Cinsiyyət orqanlarının hematometraya gətirib çıxaran anadangəlmə inkişaf anomaliyalarına servikal kanalın atreziyası, uşaqlıqdaxili sinexiyalar və arakəsmələr, uşaqlıq yolunun atreziyası aiddir. Bu patologiyalar uşaqlıq dövründə müalicə olunmadıqda aybaşı funksiyası başlanması zamanı uşaqlıq boşluğunda qanın yığılması, yəni hematometra yarana bilər.
Üzvi səbəblər dedikdə aybaşı qanı, abort və diaqnostik qaşımadan sonra uşaqlıq boşluğundan qanlı ifrazatın axımına mexaniki maneə törədən uşaqlıq və boyun kanalının patoloji törəmələri nəzərdə tutulur. Bunlara servikal kanalın iri polipləri, uşaqlıq əsnəyi yaxınlığında yerləşən miomatoz düyünlər (o cümlədən doğulan submukoz mioma), endometriumun xərçəngi və ya servikal xərçəngi aid edilir. Bəzi hallarda daxili əsnəyin obturasiyasına abort zamanı parçalanmış dölün fraqmentləri və ya cift qalığı, qan laxtasının uşaqlıqda ləngiməsi səbəb ola bilər. Hematometranın yaranması travmatik cərrahi müdaxilələr, şüa terapiyası nəticəsində yaranan uşaqlıq boynunun çapıqlı stenozu ilə bağlı ola bilər.
Funksional səbəblərə hamiləliyin süni yolla dayandırılması (medikamentoz və ya tibbi abortlar), uşaqlıq boşluğunun müalicəvi-diaqnostik qaşınmasından sonra inkişaf edən servikal kanalın stenozunu misal göstərmək olar. Doğuşdan sonra ilk həftələrdə yaranan hematometr loxiometra adlanır. Əksər hallarda bu fəsadlaşma zəif doğuş fəaliyyəti, iri dölün təsirindən uşaqlığın gərilməsi, ciftin əllə ayrılması, hemorragik şok, uşaqlığın çapıqları və s. səbəblərdən doğuşdan sonrakı dövrdə müşahidə olunan uşaqlığın atoniyası fonunda baş verir.
Hematometranın əlamətləri
Hematometranın kliniki simptomatikasının ağırlığı patologiyanın yaranma səbəbləri, onun yaranma müddəti və uşaqlıq boşluğunda toplanan qanlı möhtəviyyatın miqdarından asılıdır. Doğuş, abort, uşaqlıqdaxili müdaxilələrdən sonra cinsi yollardan qanın axınının qəflətən kəsilməsi hematometranın formalaşmasından şünhələnməyə əsas verir. Yeniyetmə qızlarda cinsiyyət orqanlarının anadangəlmə anomaliyaları zamanı aybaşı baş vermir; servikal kanalın stenozu zamanı ikincili amenoreya (yalançı forma) inkişaf edir. Bununla yanaşı qarnın aşağı hissəsində ağırlıq hissi və doğuş sancılarını xatırladan spastik ağrılar müşahidə olunur. Bəzi hallarda ağrı simptomatikası zəif ifadə olunur.
Davamlı daxili qanaxma fonunda halsızlıq, arterial hipotoniya, taxikardiya, başgicəllənmə, göz önündə qaraltı; bəzi hallarda – huşun itməsi qeyd olunur. Uşaqlıq boşluğunda qanın olması yerli iltihabın (endometrit, metroendometrit) və piometranın inkişafı üçün əlverişlı şərait yaradır. Uşaqlıqdaxili infeksion prosesin fonunda ağrı güclənir, bel və büzdümə irradiasiya edir; bədən hərarəti yüksəlir, titrətmə müşahidə olunur, xəstənin vəziyyəti daha da pisləşir. Hematometranın vaxtında evakuasiya olunmaması gələcəkdə peritonit, pelvioperitonit, sepsis və ya sonsuzluğa səbəb ola bilər.
Hematometrin diaqnostikası
Diaqnoz anamnestik, kliniki və instrumental məlumatların əsasında qoyulur. Ginekoloq aybaşı funskiyasının xarakteri, yaxın keçmişdə uşaqlıqdaxili müdaxilələrin aparılması və mamalıq anamnezini müəyyən edir. Uşaqlıq yolunun müayinəsı zamanı yumşaq konsistensiyalı, ölçülıri böyümüş, palpasiyada ağrılı uşaqlıq aşkar edilir. Diaqnostik müayinələrdən əvvəl uşaqlıq hamiləliyini istisna etmək məqsədilə xüsusi testlər və kiçik çanaq orqanlarının USM təyin olunur.
Hematometranın diaqnozu uşaqlıq boşluğunun zondlanması vasitəsilə təsdiqlənir: servikal kanaldan uşaqlıq boşluğuna zondun yeridilməsi zamanı qan müşahidə olunur. İntravaginal ultrasəs skanlanmada uşaqlıq boşluğunda duru möhtəviyyat, qan laxtaları, eləcə də patoloji törəmələr (polip, uşaqlığın mioması və s.) aşkarlanır. Laborator müayinələrin köməyilə (floraya görə yaxma, bakterial əkilmə) patoloji proses haqqında məlumat almaq olar. Dianozun qoyulması çətinlik törətdikdə histeroskopiyadan istifadə olunur. Bu üsulun köməyilə nəinki hematometranın yaranma səbəblərini təyin etmək, hətta müalicəvi tədbirləri də həyata keçirmək mümkün olur.
Hematometranın müalicəsi
Müalicənin əsas məqsədi hematometranın likvidasiyası, onun yaranma səbəblərinin aradan qaldırılması və uşaqlıq möhtəviyyatının maneəsiz axınını təmin edən şəraitin yaradılmasından ibarətdir. Bəzən hematometranın boşaldılması uşaqlıq yolunun diaqnostik zondlanması zamanı mümkün olur.
Uşaqlığın atoniyası zamanı uterotonik preparatların (oksitosin, qaraca bitkisinın alkoloidləri, metilerqometrin) təyinilə onun yığılma qabiliyyətinin medikamentoz stimulyasiyası aparılır. Qanın toplanması uşaqlıq boynunun spazmı ilə əlaqəli olduqda spazmolitiklərdən (metamizol, pitofenon və fenpiveriniumun kombinasiyası, dratoverin) istifadə olunur. İltihabi ağırlaşmaların profilaktikası məqsədilə QSİƏP, antibiotiklər təyin edilir. Qanın tam evakuasiyası mümkün olmadıqda uşaqlıq boğluğu möhtəviyyatının vakuum-aspirasıyası icra edilir.
Qanın təkrar yığılmasının qarşısını almaq üçün müalicənin sonrakı mərhələsində uşaqlıq möhtəviyyatının axımının qarşısını alan anatomik maneələri aradan qaldırmaq lazımdır. Bu məqsədlə poliplərin histerorezektoskopiyası (servikal və uşaqlıq poliplərinin çıxarılması, arakəsmələrin kəsilməsi, konservativ vaginal miomekektomiya və s.) və ya müalicəvi-diaqnostik qaşınma (döl yumurtasının, ciftin qalıqlarının xaric edilməsi) aparılır. Ağırlaşmış hallarda uşaqlığın çıxarılması-histerektomiya və ya uşaqlıqyolu üstü amputasıyası tələb oluna bilər.
Hematometranın profilaktikası
Hematometra və onu müşayiət edən ağırlaşmaların yaranmasının qarşısını almaq üçün müntəzəm olarq profilaktik müayinələrdən keçmək lazımdır. Qadın cinsiyyət orqanlarının anomaliyalarını inkar etmək məqsədilə qız uşaqları puberat dövrünə qədər ginekoloq tərəfindən müayinə olunmalıdır, 16 yaşa qədər aybaşının baş verməməsi ginekoloji müayinənin daha dərindən aparılması üçün ciddi səbəb hesab olunur.
Profilaktiv tədbirlərə hamiləliyin planlaşdırılması, abortların istisna edilməsi, kiçik çanaq orqanlarının cərrahi patologiyalarının vaxtında müalicə olunması, uşaqlıqdaxili müdaxilələrin yerinə yetirilməsinə, doğuş və doğuşdan sonrakı dövrün aparılmasına adekvat nəzarət aiddir. Ana südü ilə qidalandırma, tez-tez sidiyə getmə, qarın nahiyəyə buz qoyulması miometriumun və uşaqlıq damarlarının yığılmasını aktivləşdirərək doğuşdan sonrakı hematometranın yaranmasının qarşısını almağa kömək edir.