Klimaks

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 6527

klimaks nədir?Klimaks – qadın orqanizmdə gedən hormonal dəyişikliklər nəticəsində reproduktiv funksiyanın sönməsi ilə xarakterizə olunan fizioloji dövrdir. 40 yaşdan sonra başlayır, təxminən 10 il davam edir. Aybaşının tədricən kəsilməsi ilə özünü büruzə verir. Klimaks vegetativ-damar və endokrin pozğunluqlarla: bədənin yuxarı yarısı  və üzün qəfil hiperemiyalaşması («istilik hissi»), tərləmə, ağlağanlıq, əsəbilik, arterial təzyiqin qeyri-stabilliyi, dəri və selikli qişaların quruluğu, yuxu pozğunluğu ilə müşayiət oluna bilər. Disfunksional qanaxmalara, ciddi sinir-psixi pozğunluqlara səbəb ola bilir.

  • Klimaksın yaranma səbəbləri
  • Menopauzal pozğunluqların təsnifatı
  • Klimaksın əlamətləri
  • Klimaksın diaqnostikası
  • Klimaks zamanı pozğunluqların müalicəsi
  • Klimaks zamanı hormonoterapiya rejimi

Klimaks barədə ümumi məlumat

Klimaks qadının həyatında  təbii mərhələ olub, reproduktiv sistemdə geriyə dönən dəyişikliklərlə -reproduktiv və aybaşı funksiyasının kəsilməsi ilə xarakterizə olunur. «Klimaks» yunan dilindən tərcümədə pilləkan deməkdir, bu da spesifik qadın funksiyalarının çiçəklənməsindən onların tədricən sönməsinə aparan simvolik pillələr mənasını daşıyır.

Qadının həyatı spesifik anatomo-fizioloji xüsusiyyətlərə malik bir sıra yaş dövrlərinə bölünür:

  • Yenidoğulmuş dövrü – doğulduqdan sonra ilk 10 gün;
  • Uşaqlıq dövrü – 8 yaşa kimi;
  • Cinsi yetişkənlik dövrü – 8 -18 yaş;
  • Cinsi yetkinlik dövrü (reproduktiv) – 18 -45 yaş;
  • Klimakterik dövr (klimaks). Bu dövr özü də 3 mərhələyə bölünür:
  1. premenopauza – 45 yaşdan menopauzaya kimi;
  2. menopauza– aybaşının kəsilməsi (49-50 yaş);
  3. postmenopauza–menopauzadan 65-69 yaşa kimi;
  • Ahıl dövrü – 70 yaşdan sonra.

Qadının orta ömür müddəti 75 il hesablandığı halda, onun 1/3 hissəsi klimaksın payına düşür.

Bəzi qadınlarda klimaks fizioloji gedişə malik olub, heç bir patoloji pozğunluqlar törətmir, digərlərində isə bu dövrün patoloji gedişi menopauzal (klimakterik) sindromun inkişafına gətirib çıxardır. Qadınlarda klimaks zamanı menopauza sindromunun rastgəlmə tezliyi 26 – 48% təşkil edir və əksər hallarda qadının normal həyat fəaliyyətini və əmək qabiliyyətini pozan endokrin, sinir və ürək-damar sisteminin kompleks pozğunluqları ilə xarakterizə olunur. Klimaksın patoloji gedişi ilə bağlı məsələlər qadının orta ömür müddətinin artması və onun sosial-aktiv davranışı ilə əlaqədar mühüm sosial və tibbi əhəmiyyət  daşıyır.

Klimaksın yaranma səbəbləri

Klimaksın səbəbləriKlimaks dövründə dəyişikliklər bütün orqanizmdə baş verir: immun müdafiə zəifləyir, autoimmun və infeksion xəstəliklərin tezliyi artır, qocalma prosesləri proqressivləşir. Lakin klimaks zamanı qadının cinsiyyət sistemi daha aktiv dəyişikliklərə uğrayır. Klimaks dövründə yumurtalıqlarda follikulların inkişafı və yetişməsi, ovulyasiya prosesi dayanır, daxili sekresiya fəaliyyəti zəifləyir. Follikullar yumurtalıqda birləşdirici toxuma ilə əvəz olunur, bu da sklerozlaşmaya və yumurtalıqların ölçülərinin kiçilməsinə gətirib çıxardır.

Klimaks zamanı hormonal şəkil qonadotrop hormonların (follikul stimuləedici və lüteinləşdirici hormonların) səviyyəsinin artması və estrogenin miqdarının azalması ilə xarakterizə olunur. Menopauza başlandıqdan sonra 1 il ərzində follikul stimuləedici hormonun səviyyəsi 13-14, lüteinləşdirici hormonun konsentrasiyası isə 3 dəfə artır. Sonralar bu hormonların miqdarı bir qədər azalır.

Klimaks dövründə estrogenlərin azalması estradiolun sintezinin dayanması, estronun üstünlük təşkil etməsi ilə əlaqədardır.  Estrogenlər uşaqlıq, süd vəziləri, sidik kanalı, sidik kisəsi, uşaqlıq yolu, çanaq dibi əzələləri, beyin hüceyrələri, arteriya və ürək, sümük, dəri, konyuktiva, qırtlaq, ağız boşluğu və s. selikli qişalarına bioloji təsir göstərir, klimaks dövründə onların çatışmazlığı bu orqan və toxumaların müxtəlif pozğunluqlarına səbəb olur.

Menopauzal sindrom estrogenlərin çatışmazlığının təzahürü sayılır, vegeto-nevrotik, urogenital pozulmalar, dərinin distrofik dəyişiklikləri, damarların aterosklerozu və  işemiyası, osteoporoz, psixoloji pozğunluqların yüksək yaranma riski ilə xarakterizə olunur. Qadının orta ömür müddətinin artması ilə bağlı klimaksın uzanması baş verir, buna müvafiq olaraq, estrogen çatışmazlığı dövrünün davam etmə müddəti artır, bu da menopauzal sindromun yaranma ehtimalını yüksəldir.

Menopauzal pozğunluqların təsnifatı

Klinik təzahürlərdən asılı olaraq menopauzal pozğunluqların erkən, orta və gec mərhələdə yaranan əlamətləri ayırd edilir. Klimaks zamanı menopauzal pozğunluqların erkən əlamətlərinə aşağıdakılar aiddir:

  • Vazomotor əlamətlər –«istilik gəlməsi» hissiyyatı, baş ağrıları, tərləmənin artması, titrəmələr, arterial təzyiqin qeyri-stabilliyi, taxikardiya;
  • Psixoemosional əlamətlər – halsızlıq, narahatlıq, əsəbilik, yuxululuq, diqqət zəifliyi, unutqanlıq, depressiya, libidonun zəifləməsi.

Klimaks zamanı yaranan erkən əlamətlər premenopauza dövrünü və postmenopauzanın 1-2 ilini əhatə edir. Vazomator və psixoemosional əlamətləri olan qadınlar çox zaman hipertoniyaürəyin işemik xəstəliyi ilə bağlı terapevtə, nevroz və ya depressiv vəziyyətərlə əlaqədar psixonevroloqa müraciət edirlər.

Menopauzal pozğunluqların orta mərhələdə yaranan əlamətləri aşağıdakılardan ibarətdir:

Klimaks zamanı orta mərhələdə yaranan əlamətlərə menopauzadan 2-5 il sonra rast gəlinir, bu simptomlar dəri və urogenital traktın atrofik dəyişiklikləri ilə xarakterizə olunur. Adətən klimkas dövründə urogenital və dəri əlamətlərinin simptomatik müalicəsi gözlənilən nəticəni vermir.

Menopauzal pozğunluqların gec mərhələdə  yaranan əlamətləri aşağıdakılardır:

  • metabolik (mübadilə) pozğunluqları– osteoporoz, ateroskleroz, Altsheymer xəstəliyi, ürək-damar xəstəlikləri.

Klimaks zamanı gec mərhələdə yaranan əlamətlər menopauzanın başlanmasından 5-10 il sonra izlənilir. Klimaks dövründə cinsi hormonların çatışmazlığı sümük toxumasının quruluşunun və lipid mübadiləsinin pozulmasına (osteoporoz və ateroskleroza) gətirib çıxardır.

Klimaksın əlamətləri

Klimaksın əlamətləriMenopauzal sindromun inkişafı və gedişinin ağırlığı hormonal, mühit, irsi amillərdən, klimaks dövrü ərəfəsində qadının ümumi vəziyyətindən asılıdır. Klimaksın patoloji gedişi zamanı vegetodamar (vazomotor) əlamətlər 80% qadınlarda qeyd olunur. Onlar baş, üz, boyun, döş qəfəsinin dərisinin kapilyarlarının genişlənməsi, lokal dəri hərarətinin 2-5°С, bədən temperaturunun isə 0,5-1°С yüksəlməsi ilə müşayiət olunan qəfil «istilik gəlməsi» hissiyyatı ilə xarakterizə olunur.

«İstilik gəlməsi» zamanı hiperemiya, tərləmə, taxikardiya izlənilir. Bu hal 3-5 dəqiqə davam edərək, gün ərzində 1-20 dəfə təkrarlanır, gecə vaxtlarında güclənməklə yuxu pozğunluğuna səbəb olur. Klimaks zamanı vazomotor pozğunluqların yüngül dərəcəsində «istilik gəlməsi» hallarının sayı gün ərzində 1-10, orta dərəcədə – 10-20, ağır dərəcədə isə 20-dən çox olur. Həmçinin ağır dərəcəli vazomotor pozğunluqlar zamanı əmək qabiliyyətinin azalmasına gətirib çıxaran digər əlamətlər də (başgicəllənmə, depressiya, fobiya) müşahidə olunur.

Klimaksın patoloji gedişinin rast gəlindiyi qadınların 13%-də qıcıqlanma, ağlağanlıq, həyəcan, qorxu hissi, astenonevrotik pozğunluqlar, iybilmə və eşitmə hissinin təhrif olunması, depressiya halları qeyd olunur. Klimaks zamanı psixoemosional pozğunluqlar menopauzadan əvvəl və ya dərhal ondan sonra, vazomotor əlamətlər isə menopauzadan təxminən 5 il sonra inkişaf edir.

Əksər hallarda klimaksın patoloji gedişi urogenital və seksual pozğunluqlarla, eləcə də patoloji sınıqlarla müşayiət olunan osteoporozla xarakterizə olunur.

Klimaks zamanı menopauzal sindromun gedişi atipik formada gedə bilər:

  • qəfil baş ağrıları, arterial təzyiqin yüksəlməsi, sidik ifrazının ləngiməsi və sonradan poliuriya ilə əvəz olunması ilə xarakterizə olunan simpato-adrenal kriz;
  • EKQ-də heç bir dəyişiklik izlənilmədən ürək nahiyəsində baş verən daimi ağrılarla, adi terapiyanın qeyri-effektivliyi ilə xarakterizə olunan miokardiodistrofiya;
  • Orqanizmin immunoloji reaksiyalarının dəyişməsinə dəlalət edən dərman preparatları və qida məhsullarına qarşı övrə, vazomotor rinit, allergiya.

Klimaksın gedişi qadının həyatında mühüm hadisələrin baş verdiyi dövrə – uşaqların böyüməsi və evlənməsi, işdə nəaliyyətlər, pension dəyişikliklərə təsadüf edir. Bu mərhələdə klimakterik pozğunluqlar mövcud olan emosional yüklənmələr və sosial problemləri daha da gərginləşdirir. Klimaksın patoloji gedişinin rast gəlindiyi qadınların təxminən 50%-də ağır, 35%-də -mülayim, yalnız 15%-də yüngül formalı pozğunluqlar müşahidə olunur. Klimaksın yüngül formalı pozğunluqları adətən praktik sağlam, klimakterik sindromun xəstənin ümümi sağlamlığını pozan, krizlərə meylli atipik forması isə xroniki xəstəlikləri olan qadınlarda izlənilir.

Klimaks zamanı menopauzal sindromun inkişafına genetik amillər, endokrinopatiyalar, xroniki xəstəliklər, siqaretdən istifadə, cinsi yetkinlik dövründə aybaşı siklinin pozulması, erkən menopauza, hipodinamiya, anamnezdə hamiləlik və doğuşların olmaması səbəb olur.

Klimaksın diaqnostikası

Klimaksın patoloji gedişinin diaqnostikası menopauzanın yaxınlaşması və ya başlanması ilə əlaqədar xəstənin şikayətlərinə əsaslanır. Bəzən yanaşı gedən xəstəliklərin kəskinləşməsi menopauzal sindromun gedişini ağırlaşdıraraq, atipik formanın yaranmasına səbəb olmaqla onun diaqnostikasını çətinləşdirir. Belə hallarda ginekoloqla yanaşı digər mütəxəssislərin: kardioloq, nevroloq, endokrinoloqun konsultasiyası tələb olunur.

Klimaksın ağırlaşmış gedişinin düzgün diaqnostikası məqsədilə qanda follikul stimuləedici və lüteinləşdirici hormonların, estrogenlərin səviyyəsi yoxlanılır. Yumurtalıqların funksional vəziyyətini müəyyən etmək üçün uşaqlığın endometrium qişasının sıyrıntısının histoloji analizi və vaginal yaxmanın sitoloji müayinəsi aparılır, bazal hərarətin qrafiki qurulur. Anovulyator sikllərin aşkar olunması funksional pozğunluqları menopauzal sindromla əlaqələndirməyə imkan verir.

Klimaks zamanı pozğunluqların müalicəsi

Müasir ginekologiyada klimaksın patologiyasının müalicəsi probleminə yanaşma onun təzahürlərinin və simptomlarının azaldılmasına əsaslanır. «İstilik gəlməsi» hissiyyatının ağırlıq və tezliyinin azaldılması antidepressantların (venlafaksin, fluoksetin, paroksetin, sitalpram, sertralin və s.) təyini ilə əldə edilir.

Klimaks zamanı osteoporozun profilkatikası və müalicəsi məqsədilə qeyri-hormonal preparatlardan-sümük toxumasının itirilməsini  və sınıqların yaranma riskini azaldan biofosfonatlardan (alendron və rizedron turşusundan) istifadə olunur. Biofosfonatlar klimaks dövründə qadınlarda osteoporozun estrogenlərlə terapiyasını əvəz edir.

Klimaksın patoloji gedişində urogenital əlamətlərin təzahürünü azaltmaq üçün estrogenin krem və ya həb şəklində yerli (intravaginal) istifadəsi məsləhət görülür. Uşaqlıq yolu toxumalarına estrogenlərin kiçik dozalarda ifraz olunması cinsi əlaqə zamanı quruluq, diskomfort hissini və sidik ifrazı poğunluqlarını azaldır.

Klimaks zamanı menopauzal sindromun ən effektiv müalicə üsulu həkim tərəfindən fərdi qaydada təyin olunmuş hormonal terapiya hesab edilir. Estrogen preparatların qəbulu «istilik gəlməsi» hissiyyatının və uşaqlıq yolunda diskomfort hissinin aradan qaldırır. Klimaksın patologiyasında təbii estrogenlər (estradiolvalerat, 17-beta-estradiol və s.) kiçik dozalarda fasiləli kurslarla qəbul edilir. Klimaks zamanı endometriumda gedən hiperplastik proseslərin profilaktikası məqsədilə estrogenlər gestagenlərlə və ya (az hallarda) androgenlərlə birgə təyin olunur. Hormonoterapiya və hormonoprofilaktik kurslar miokard infarktı, osteoporoz və insultun qarşısını almaq məqsədilə 5-7 il ərzində davam etdirilir.

Klimaksın patologiyasının müalicəsində aparılan hormonoterapiya aşağıdakı xəstəliklərdən əziyyət çəkən xəstələr üçün əks-göstəriş hesab olunur:

  • Endometrium, yumurtalıq, süd vəzisinin xərçəngi;
  • koaqulopatiya (qanın laxtalanmasının pozulması);
  • qaraciyərin funksional pozğunluqları;
  • tromboemboliya, tromboflebit;
  • qeyri-müəyyən etiologiyalı uşaqlıq qanaxmaları;
  • böyrək çatışmazlığı.

Klimaksın patologiyası olan xəstələrdə hormonal preparatların təyinindən əvvəl kiçik çanaq orqanlarının, süd vəzilərinin USM, mammoqrafiya, uşaqlıq boynundan götürülən yaxmanın sitoloji analizi, qan biokimyəvi analizi, laxtalanma sisteminin kompleks analizi (koaquloqramma) aparılmalıdır.

Klimaks zamanı hormonoterapiya rejimi

Hormonoterapiyanın aparılma rejiminin seçilməsi klimaksın mərhələlərindən asılıdır. Premenopauzada hormonoterapiya estrogenlərin çatışmazlığını bərpa etməklə yanaşı, həm də aybaşı siklini normallaşdırır. Bu səbəbdən müalicə siklik kurslarla təyin olunur. Postmenopauzada endometriumda atrofik proseslərin müşahidə olunması zamanı aylıq qanaxmaların profilkatikası məqsədilə hormonoterapiya preparatların daimi qəbulu rejimində aparılır.

Klimaksın patoloji gedişi yalnız urogenital pozğunluqlarla təzahür etdikdə estrogenlər (estriol) vaginal tablet, şam, krem şəklində yerli istifadə olunur. Lakin bu zaman klimaksın digər menopauzal pozğunluqlarının, o cümlədən osteoporozun yaranma riski qalır.

Klimaksın patoloji gedişinin müalicəsində sistemli təsir müştərək hormonoterapiyanın (məsələn, tibolon+estradiol+noretisteron asetat) köməyilə əldə edilir. Kombinəolunmuş hormonoterapiya zamanı hormonlar simptomatik preparatlarla (hipotenziv, ürək preparatları, antidepressantlar, sidik kisəsinin relaksantları və s.) birgə  qəbul edilir. Klimaksın pozğunluqlarının müalicəsi üçün kombinəolunmuş terapiya dar mütəxəssislərin konsultasiyasından sonra təyin edilir.

Klimaksın patoloji gedişi probleminin həlli qadın sağlamlığının, gözəlliyinin, cavanlığının, əmək qabiliyyətinin uzadılmasının və həyatın əsrarəngiz «payız» fəslinə qədəm qoyan qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasının açarı sayılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: