Postkoital sistit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3226

postkoital sistit nədir?Postkoital sistit — sidik kisəsinin tez-tez residivləşən iltihabı olub, intim münasibət və ya vaginal manipulyasiyalardan sonra 36 saat ərzində yaranır. Sidik ifrazının tezləşməsi, ağrılı olması, qarnın aşağı hissəsində ağrılar, polakiuriya ilə təzahür edir. Diaqnoz cinsiyyət orqanlarına baxış, sidik analizi, yaxmanın floraya görə müayinəsi, sistoskopiya, sidik-ifrazat orqanlarının USM-nin nəticələrinə əsasən qoyulur. Medikamentoz terapiya postkoital residivlərin profilaktikasına yönəldilir. Pasiyentə bitki tərkibli uroantiseptiklər, immunostimulyatorlar, bəzən antiseptiklər təyin edilir. Radikal müalicə sidik kanalının transpozisiyasından və uretro-himenal bitişmələrin kəsilməsindən ibarətdir.

  • Postkoital sistitin yaranma səbəbləri
  • Patogenez
  • Postkoital sistitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Postkoital sistitin müalicəsi
  • Proqnoz və profilaktikası

Postkoital sistit barədə ümumi məlumat

Postkoital sistit (sekslə induksiya olunmuş residivləşən dizuriya) sidik kisəsinin tez-tez kəskinləşən iltihabından əziyyət çəkən pasiyentlərin 11,5-12,5%-də rast gəlinir. Xəstəliyin əsas fərqləndirici əlaməti xarakterik dizurik simptomatikanın koitusdan, az hallarda isə vaginal manipulyasiyalardan sonra 12-36 saat ərzində yaranmasıdır. Urologiya, mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən 80% xəstələrdə postkoital dizuriya anatomik əsaslı olur. Pozğunluq adətən cavan qadınlarda ilk cinsi əlaqədən sonra aşkarlandığından  «bal ayının sistiti», «cinsi», «deflorasion» sistit adlarını almışdır. Bəzi xəstələrdə postkoital sistit intim həyatın başlanmasından və ya uşaqlıq yolunun və aralığın cırılmaları ilə ağırlaşan doğuşlardan 1-3 il keçdikdən sonra formalaşır. Xəstəliyin düzgün diaqnostikasının aktuallığı mütəxəssislərin bu barədə az məlumatlandırılması və onun sidik kisəsinin adi iltihabı kimi uzunmüddət effektsiz müalicə olunması ilə izah olunur.

Postkoital sistitin yaranma səbəbləri

Postkoital sistitin səbəbləriPostkoital sistit urogenital trakta daxil olan patogen mikrofloranın təsirindən yaranır. Xəstəliyin törədicilərinə şərti-patogen mikroorqanizmlər (bağırsaq çöpləri, klebsiella, protey, enterobakteriya, stafilokokk, qardnerella və s.), mayayabənzər göbələklər, viruslar, trixomonad, xlamidiya, ureaplazma və s. aiddir. Sistitin digər formalarından fərqli olaraq, pasiyentlərin 70-80%-də postkoital iltihab və onun residivləri sidik kanalının anadangəlmə və qazanılmış anatomik anomaliyaları ilə əlaqədar baş verir:

  • Qadın hipospadiyası. Sidik kanalının xarici dəliyinin uşaqlıq yolunun girəcəyinə və ya onun ön divarına yerdəyişməsi (ektopiyası) zamanı vaginal floranın uretraya keçməsi asanlaşır. Embrional dövrdə inkişafdan qalma nəticəsində sidik kanalı qısalır, bu da qalxan infeksiyalaşmaya meyllik yaradır. Urohimenal bitişmələr adətən olmur və ya zəif inkişaf edir.
  • Uretranın distal hissəsinin hipermobilliyi. Sidik kanalının hərəkətliliyi himenouretral – qızlıq pərdəsinin qalıqları ilə xarici uretral dəlik arasında bitişmələrin formalaşması ilə bağlıdır. Friksiya zamanı onlar dartılaraq, sidik kanalının xarici dəliyinin  uşaqlıq yoluna yerdəyişməsinə səbəb olur, bu da selikli qişanın zədələnməsi və sekretin sidik kanalına axını ilə nəticələnir.

Postkoital sistiti olan xəstələrin 20-30%-də anatomik qüsurlar olmur. Belə hallarda cinsi əlaqədən sonra infeksiyanın sürətlə yayılmasında bakterial vaginoz, kolpit, servisit, cinsi partnyorların tez-tez dəyişdirilməsi, yüksək cinsi aktivlik, kontraseptiv spermisidlərdən sui-istifadə, uşaqlıq yolunun quruluğu ilə əlaqədar selikli qişanın  mexaniki zədələnməsi böyük rol oynayır. Postkoital residivləşən dizuriya əksər hallarda metabolik sindrom, piylənmə, dekompensə olunmuş şəkərli diabet, zəif immunitet fonunda yaranır. İntim gigiyena qaydalarının pozulması, tampon və gündəlik bezlərin sui-istifadəsi, sintetik materialdan hazırlanmış alt paltarlarının geyinilməsi infeksiyalaşma riskini artırır.

Postkoital sistitin patogenezi

Postkoital sistit qalxan infeksiyalaşma nəticəsində inkişaf edir. Hipospadiya və urohimenal bitişmələri olan qadınlarda cinsi akt zamanı sidik kanalının xarici dəliyi uşaqlıq yoluna yerini dəyişir. Kişi cinsi orqanının hərəkətlərinin yaratdığı təzyiq nəticəsində vaginal flora sidik kanalına daxil olur.  Anadangəlmə hipospadiya ilə əlaqədar norma ilə müqayisədə uretra qısa olduğundan  mikroorqanizmlər heç bir maneə olmadan sürətlə sidik kanalına daxil olaraq, onun selikli qişasının iltihabına gətirib çıxarır. Urogenital nahiyənin normal anatomik quruluşa malik olduğu hallarda  iltihaba kobud cinsi əlaqələr zamanı massiv mikrob disseminasiyası səbəb olur.

Postkoital sistitin əlamətləri

Postkoital sistitin əlamətləriXəstəliyin kliniki şəkli cinsi əlaqədən sonra 24-36 saat ərzində inkişaf edir. Bəzi pasiyentlərdə ilkin əlamətlər 2-3 saatdan sonra müşahidə olunur. Postkoital dizuriyalı qadınlar sidik çağırışlarının tezləşməsindən, sidik ifrazı zamanı yaranan və güclənən diskomfort, kəskin ağrı, göynəmə hissindən şikayətlənir. Sidik kisəsinin dolması hissi, qasıq üstü nahiyədə ağrıların yaranması mümkündür.

Ümumi simptomatika – hərarətin bir qədər yüksəlməsi, zəiflik, yorğunluq, baş ağrıları zəif ifadə olunur və ya ümumiyyətlə rast gəlinmir. Bəzən sidik bulanıqlaşır, qan qarışıqlı olur. Postkoital sistitin kəskin tutmaları özbaşına və ya antibakterial preparatların qəbulundan sonra aradan qalxır. Residivlər demək olar ki, hər cinsi əlaqədən sonra baş verir, provokasiyaedici amillərə soyuqlama, qeyri-düzgün qidalanma (qızardılmış, acı, hisə verilmiş qida məhsullarının, spirtli içkilərin qəbulu), vaginal güzgülərlə aparılan müayinə və bimanual palpasiya aid edilir.

Postkoital sistitin ağırlaşmaları

Adekvat müalicə aparılmadıqda postkoital sistit adətən xroniki formaya keçir, pielonefritin inkişaf riski artır. Hər dəfə cinsi əlaqədən sonra əlamətlərin yaranması pasiyentin normal cinsi həyatını çətinləşdirir, residiv qorxusu ilə əlaqədar qadınlarda cinsi istək azalır, anorqazmiya, bəzən isə vaginizm baş verir. Postkoital iltihabdan əziyyət çəkən xəstələrin həkimə müraciət etmədən özbaşına müalicə olunmaları və profilaktik məqsədlə nəzarətsiz şəkildə antibiok  qəbul etmələri ilə əlaqədar   onlarda terapevtik rezistentlik formalaşa, vaginal disbioz və bağırsaq disbakteriozu inkişaf edə bilər.

Postkoital sistitin diaqnostikası

Xəstəliyin klinik əlamətləri ilə cinsi akt və ya vaginal manipulyasiyalar arasında əlaqənin müəyyən edilməsi postkoital sistitdən şübhələnməyə əsas verir. Diaqnozun təsdiqlənməsi üçün sidik kanalının anatomik anomaliyalarını və postkoital dizuriyanın əlamətlərini aşkar edən fizikal, laborator, instrumental müayinələrdən istifadə edilir:

  • Ginekoloji kresloda müayinə. Xarici cinsiyyət orqanlarına baxış zamanı uretranın xarici dəliyinin atipik vəziyyəti qeydə alınır. Əksər hallarda xarici dəlik uşaqlıq yolu dəhlizində və ya uşaqlıq yolunun boşluğunda müəyyən edilir. Himenouretral bitişmələr sidik kanalından uşaqlıq yolunun dəhlizinə kimi davam edən nazik, bərk büküşlər şəklində olur. Baxişı sidik kanalının yerdəyişməsi və aralanmasını təsdiq edən О’Donnel-Hirşhorn sınağı ilə tamamlamaq məsləhət görülür.
  • Sidiyin müayinəsi. Sidiyin ümumi analizində leykositlərin, zülalın (1 q/l-ə qədər) səviyyəsi yüksəlmişdir, selik, yastı epitel aşkarlanır. Bəzən eritrositlər, bakteriyalar müşahidə olunur. Reaksiya qələviləşir. Differensial diaqnostika məqsədilə Neçiporenko üsulu ilə sidiyin analizi, 3 stakan sınağı aparılır. Törədicinin təyin olunmasında uretral yaxmanın bakterioskopik müayinəsi və sidiyin sterilliyə görə əkilməsi mühüm rol oynayır.

Postkoital dizurik pozğunluğun diaqnozunun dəqiqləşdirilməsi və iltihabın digər səbəblərinin inkar edilməsi üçün əlavə olaraq sidik kisəsinin transabdominal USM, sistoskopiya, vaginal yaxmanın mikrofloraya görə əkilməsi, antibiotikoqramma, genital infeksiyaların PZR-diaqnostikasından istifadə olunur. Xəstəlik sistalgiya, digər etiologiyalı kəskin və xroniki sistit, uretrit, sidik kisəsinin şişləri və daşları, kolpitlə differensiasiya edilir. Adətən postkoital formalı xəstələrin müayinə və müalicəsi ilə uroginekoloq və ya mama-ginekoloqla uroloq məşğul olur. Ehtiyac olduqda xəstəyə infeksionist, onkoloqun konsultasiyasına yönəldilir.

Postkoital sistitin müalicəsi

Sidik kisəsinin cinsi aktdan sonra residivləşən iltihabı zamanı terapiyanın erkən mərhələlərində kəskinləşmələrin qeyri-spesifik və spesifik profilaktikası aparılır. Pre-və postkoital davranışın alqoritmi intim yaxınlıqdan əvvəl cinsiyyət orqanlarının düzgün gigiyenası, sertifikatlaşdırılmış lubrikantların və qıcıqlandırmayan kontraseptivlərin istifadəsi, sidik kisəsinin boşaldılması və koitusdan sonra vulvanın yuyulması, sonrakı günlər ərzində 2 litrə qədər maye qəbulundan ibarətdir.

Sistitin residivlərinin spesifik profilaktika üsulları fərdi şəkildə seçilir. Xəstəliyin törədicilərinə  qarşı quşüzümü ekstraktından ibarət bitki tərkibli uroantiseptiklər, uroloji immunostimulyatorlardan təyin olunur. Yüksək effektivliyinə (70%) baxmayaraq, farmasevtik preparatların yan təsirləri, antibiotikorezistent ştammların formalaşması, disbakterial ağırlaşmalarla əlaqədar antibiotikoterapiya məhdud şəkildə tətbiq edilir.

Residivəleyhinə profilaktikanın qeyri-effektivliyi, xəstəliyin ağır, ağırlaşmış gedişi zamanı anatomik qüsurları (uretral dəliyin ektopiyası, uretro-himenal bitişmələri) olan xəstələrə cərrahi korreksiya məsləhət görülür. Cərrahi müdaxilənin ən effektiv növləri aşağıdakılardır:

  • Himenouretral bitişmələrin kəsilməsi. Əməliyyat sidik kanalının hipermobilliyini aradan qaldırmağa imkan verir. Bitişmələr köndələn kəsilir. Kəsilmiş hissələr boylama istiqamətdə tikilir. Müdaxilənin effektivliyi intraoperasion Hirşhorn sınağı ilə yoxlanıla bilər. Uşaqlıq yolunun ön divarının köndələn kəsiyindən sonra dartılmaların saxlanılması zamanı onun boylama tikilməsi həyata keçirilir.
  • Uretranın transpozisiyası. Sidik kanalının distal hissəsini uşaqlıq yolundan və ya onun dəhlizindən klitora tərəf köçürdülür, vaginal sekretin sidik-ifrazat orqanlarına keçməsinin qarşısı alınır. Əvvəllər əməliyyat uretranın distal hissəsinin sirkulyar mobilizasiyası ilə icra olunurdu. Hazırda az travmatik mobilizasiyasız modifikasiyalar təklif olunur.

Rekurrent postkoital dizuriyanın cərrahi müalicəsi yüksək effektivliyi ilə seçilir, bu da onun xəstəliyin yaranma səbəblərinin aradan qaldırılmasına yönəldilməsi ilə izah edilir. Cərrahi korreksiyadan imtina edən qadınlara antibiotiklərlə profilaktika təyin edilir, seçim preparatı aşağı dozalı nitrofuranlar  və fosfon turşusunun törəmələri hesab olunur.

Postkoital sistitin proqnoz və profilaktikası

Anatomik anomaliyalar fonunda yaranan postkoital sistitin ən etibarlı müalicə üsulu qüsurun cərrahi yolla aradan qaldırılması sayılır. Cərrahi müalicənin effektivliyi 70-85% təşkil edir. Uroantiseptiklərin profilkatik qəbulu 35% xəstələrdə postkoital residivlərin qarşısını alır, immunoprofilaktika kəskinləşmələrin tezliyini 73% azaldır və 48-67% xəstələrdə patoloji təzahürlərin ifadəliliyini zəiflədir.

Sidik kanalının anatomik anomaliyaları ilə əlaqədar baş verən sistitin birincili profilaktikası üzrə tədbirlər işlənilməmişdir. Anatomik qüsurlar aşkar olunmadıqda sekslə induksiya olunmuş residivləşən dizuriyalı xəstələrə cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin müalicəsi, tamponların gigiyenik  bezlərlə əvəz olunması,  şirinqalama və spermisid vasitələrlə kontrasepsiyadan, gündəlik bezlər və sürtküsüz prezervativlərin istifadəsindən imtina etmək məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: