Qadınlarda genital herpes

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3267

qadınlarda genital herpesin müalicəsiQadınlarda genital herpes – HSV-1, 2 tərəfindən törədilən və cinsi orqanların spesifik zədələnməsi ilə gedən persistəedən infeksiyadır. Urogenital trakt nahiyəsində eroziyalaşma, eksudasiya, göynəmə və ağrı hissi ilə müşayiət olunan periodik vezikulyar səpkilərlə təzahür edir. Çox hallarda xəstənin ümumi vəziyyəti pisləşir: subfebril hərarət, əzginlik, yuxu pozğunluğu müşahidə olunur. Qadınlarda genital herpesin diaqnozu sadə herpes virusun (PZR, hüceyrə kulturasında HSV-un tapılması), onun antigenləri (birbaşa immunoflüoressensiya metodu) və ya anticisimlərinin (İFA) laborator indikasiyasına əsasən qoyulur. Herpetik infeksiyanın müalicəsi virus əleyhinə və immunomodulyator preparatlarla aparılır.

  • Qadınlarda genital herpesin yaranma səbəbləri
  • Qadınlarda genital herpesin təsnifatı
  • Qadınlarda genital herpesin əlamətləri
  • Qadınlarda genital herpesin diaqnostikası
  • Qadınlarda genital herpesin müalicəsi

Qadınlarda genital herpes barədə ümumi məlumat

Qadınlarda genital herpes – herpetik infeksiyanın bir növü sayılır, yerli təzahürlər əsasən urogenital trakt nahiyəsində lokalizasiya olunur.  Genital herpes cinsi yolla ötürülən xəstəliklərə aid edilməsi onun müalicəsinin həm ginekoloq, həm də veneroloq tərəfindən aparılmasına əsas verir. Xəstəlik virusun orqanizmdə ömürlük qalması, residivləşən gediş, proqredient inkişafla xarakterizə olunur. Genital herpes yayılma tezliyinə görə cinsi yolla ötürülən infeksiyalar arasında qonoreya və spesifik uretritdən sonra üçüncü yeri tutur.

Qadınlar hətta eyni sayda cinsi əlaqələr zamanı genital herpeslə kişilərlə müqayisədə 2 dəfə çox infeksiyalaşır. 20-24 və 35-40 yaşlı qadınlar herpes virusuna daha çox yoluxur.  Reproduktiv yaş dövründə olan qadınların 25%-nin cinsiyyət sistemi herpes virusu ilə infeksiyalaşmışdır, lakin həqiqi hal xəstəliyin aşkar olunmayan və latent gedişli formalarının çoxluğu ilə əlaqədar naməlum qalmaqdadır. Bununla yanaşı qadınlarda hətta simptomsuz genital herpes onun reproduktiv sağlamlığına təhlükə törədərək, çox hallarda hamiləliyin pozulması, dölün bətndaxili infeksiyalaşması, perinatal ölüm, ağır anadangəlmə eybəcərliklərə səbəb olur.

Qadınlarda genital herpesin səbəbləri

Qadınlarda genital herpesin səbəbləriTədiqiqatlara əsasən 70%-dən çox hallarda genital herpes HSV-2 tipi, 30% hallarda isə HSV-1 tipi tərəfindən törədilir. Manifest və ya latent gedişlı xəstəliyi olan insan genital herpesin daçıyıcısı və yoluxma mənbəyi sayılır. İnfeksiyalaşma cinsi yolla həyata keçir: genital, oral-genital, anal-genital əlaqələr zamanı. Az hallarda yoluxmanın kontakt (ümumi sanitar qovşağı və gigiyenik ləvazimatlar) və tibbi yolla (tibbi personalın əlcəkləri, sterilizasiya olunmamış alətlər) baş verməsi halları qeyd olunur. Eləcə də virusun ağız boşluğundan cinsiyyət orqanına yayılması (öz-özünü yoluxdurma) və dölün xəstə anadan transplasentar infeksiyalaşması mümkündür. HSV-nin giriş qapısı cinsi orqanların selikli qişaları hesab olunur.

Qadınların genital herpeslə yoluxmasının risk amillərinə yeniyetmə dövründə başlanan cinsi həyat, qorunmamış cinsi əlaqələr, cinsi partnyorların tez-tez dəyişdirilməsi aiddir. Genital herpesin aşkar forması rast gəlinən xəstə partnyorla cinsi əlaqə zamanı 75-80% hallarda yoluxma baş verir. Genital herpes adətən cinsi yolla ötürülən digər infeksiyalarla, ilk növbədə qonoreya ilə müştərək inkişaf edir. Bundan əlavə selikli qişada mikrozədələnmələrin və xoraların olması İİV-infeksiyasının yoluxmasını asanlaşdırır.

İlkin invaziya yerində replikasiyadan sonra herpes virusu transnevral və ya hematogen yolla onurga sütununun bel-oma hissəsinin paravertebral qanqliyalarına daxil olaraq, ömürlük orada persistə olunur. Təkanverici amillərin (stress, soyuqlama, insolyasiya, yorğunluq, aybaşı və s.) təsirindən latent virusun reaktivasiyası baş verir. HSV periferik sinirlərin aksonları boyunca cinsi orqanların epitel hüceyrələrinə  miqrasiya edir, bu da qadınlarda genital herpesin klinik təzahürləri ilə müşayiət olunur.

Qadınlarda genital herpesin təsnifatı

Xəstəliyin klinik vəziyyəti və gedişindən asılı olaraq aşağıdakı formaları mövcuddur:

  • Birincili genital herpes –diaqnoz qoyulan ana qədər xəstədə ekstragenital herpesin heç bir əlaməti müşahidə olunmur; qanda VSH-ə qarşı anticisimlər qeyd olunmur;
  • Genital herpesin ilkin epizodları – diaqnoz təqdiqlənən anda xəstələrdə herpesin ekstargenital əlamətləri izlənilir; qanda VSH-ə qarşı anticisimlər aşkarlanır, lakin genital herpes ilk dəfə müşahidə olunur;
  • Residivləşən genital herpes – qadınlarda genital herpesin əlamətləri təkrar müşahidə olunur;
  • Virusun simptomsuz yayılması – xəstələrdə herpesin genital təzahürləri qeyd olunmur, lakin bu cinsi partnyorun yoluxma ehtimalını istisna etmir.

Qadınlarda genital herpesin gedişinin ağırlığı kəskinləşmələrin tezliyinə əsasən müəyyən olunur: yüngül formada kəskinləşmələr il ərzində 1-3 dəfə, orta formada 4-6 dəfə, ağır formada isə hər ay baş verir.

Lokalizasiya və yayılmasından asılı olaraq genital herpesin 3 mərhələsi ayırd edilir:

1 – aralığın dərisi və xarici cinsiyyət orqanlarının selikli qişası zədələnir (herpetik vulvit)

2 – uşaqlıq yolu, uşaqlıq boynunun uşaqlıq yolu hissəsi, uşaqlıq boynu kanalı, sidik kisəsi zədələnir (herpetik vulvovaginit, uretrit, kolpit, endoservisit)

3 – uşaqlıq, fallop boruları, sidik kisəsi zədələnir (herpetik endometrit, salpingit, sistit). Sidik-cinsiyyət sisitemindən əlavə anus və düz bağırsağın ampulu da infeksion prosesə qoşulur.

Qadınlarda genital herpesin əlamətləri

Birincili genital herpes

Qadınlarda genital herpesin əlamətləriQadınlarda birincili genital herpesin gedişi 5 dövrə bölünür: 1) inkubasiya, 2) prodormal, 3) səpkilər, 4) geriyə inkişaf, 5) sağalma. İnkubasiya dövrü, xəstəliyin kliniki manifestasiyasından əvvəl müşahidə olunur, 2-14 gün davam edir. Bu zaman virusun minimal replikasiyası ilə əlaqədar əlamətlər izlənilmir. Prodormal dövrdə xəstəliyin ümumi və yerli əlamətləri inkişaf edir. Halsızlıq, subfebril hərarət yaranır, titrətmə və mialgiyalar da baş verə bilər. Tipik yerli simptomlara xarici cinsiyyət orqanlarının qaşınma və paresteziyaları, patoloji ifrazat, dizuriya aiddir.

Səpki dövrü selikli qışada patoqnomik herpetik vezikulların yaranması ilə xarakterizə olunur. 2-3 mm diametrli, şəffaf möhtəviyyatlı herpetik qovuqcuqlar eritematoz sahələrdə kiçik qruplar şəklində yerləşir. Vaxtaşırı yeni elementlər müşahidə olunur. Səpkilərin yaranması ilə ümumi simptomatika az nəzərəçarpan olur, lakin yerli təzahürlər (qaşınma, göynəmə, ödem) davam edir. Xəstədə yuxu pozğunluğu, əsəbilik müşahidə olunur. Bu fazanın davametmə müddəti 7-10 gün təşkil edir.

Stabilizasiya və səpkilərin geriyə inkişaf dövründə qovuqcuqlar bulanıqlaşır, partlayaraq sulu eroziyalar əmələ gətirir. Bəzən vezikulların yerində 1mm dərinliyində qeyri-düzgün formalı xoralar yaranır. Tək-tək eroziyalar birləşərək bütöv eroziya sahəsi yarada bilir. Eroziya və xoralar ağrılı olur, qanamır, bəzi hallarda üzəriləri irinli ərplə örtülür. Axırıncı dövr- sağalma dövrü – ümumi və yerli əlamətlərin sönməsi ilə xarakterizə olunur. Eroziv-xoralı elementlər quruyur, altında epitelizasiya prosesləri gedən nazik qabıqla örtülür. Qabıq qopduqdan sonra çapıqlaşma baş vermir, lakin bir müddət hiperemiya və ya piqmentasiya izlənilir. Hər biri 2-3 həftə davam edən axırıncı 2 dövrü nəzərə alınmaqla qadınlarda genital herpesin ilkin epizodları 5-7 həftə davam edir.

Residivləşən genital herpes

Qadınlarda residivləşən genital herpes tipik (manifest) və ya atipik formalarla gedə bilər. Tipik formanın xarakterik əlamətlərinə xarici cinsiyyət orqanları nahiyəsində vezikulo-eroziv herpetik səpkilər aiddir. Təkrar epizodların davam etmə müddəti birincili forma ilə müqayisədə az olub, 7-10 gün təşkil edir.

Atipik forma ödemli, qaşıntılı, abortiv və subklinik variantlarla təzahür edir. Ödemli variantın aparıcı əlamətlərinə vulvanın hiperemiyası və diffuz ödemi aiddir. Qaşıntılı variantda xəstə əsasən selikli qişanın dərin, çətin sağalan çatları və ifadəli qaşınmasından şikayətlənir. Genital herpesin abortiv forması əvvəl vaksinasiya və ya virusəleyhinə terapiya almış qadınlarda inkişaf edir. Bu formada infeksiyanın bir çox mərhələləri izlənilmir, qaşınan papulalar 2-3 gün ərzində geriyə inkişaf edir. Herpesin subklinik variantı mikrosimptomatika (qaşınma, səthi çatlar) ilə  və ya klinik əlamətlər olmadan inkişaf edir.

Atopik formanın müxtəlif variantları cinsi yollardan gur patoloji ifrazat, vulvodiniya, uşaqlıq boynunun patologiyaları (psevdoeroziya, uşaqlıq boynunun leykoplakiyası), vulva və uşaqlıq yolunun kondiloması, çanaq qanqlionevriti ilə müşayiət oluna bilər. Genital herpetik infeksiya omanın radikulopatiyası, işuriya, meningit, hepatit, bir sıra orqanların zədələnməsi ilə müşahidə olunan disseminəolunmuş infeksiya ilə ağırlaşa bilər. Genital herpesdən əziyyət çəkən qadınlar servikal xərçəngin risk qrupuna aid edilir.

Qadınlarda genital herpesin diaqnostikası

Laborator-instrumental müayinələrə anamnez və şikayətlərin toplanması, ginekoloq müayinəsi, bioloji sekretlərin analizi aiddir. İnfeksiyanın herpetik etiologiyasını təsdiq etmək üçün virusoloji diaqnostika aparılır: PZR metodu ilə virus DNT-nin aşkarlanması, hüceyrə kulturasında virusun izlənilməsi, HSV anticisimlərinin qan zərdabında (İFA) və yoxlanılan materialda antigenlərin təyini (birbaşa immunoflüoressensiya metodu).   Müayinə materialı kimi qan, vezikulların möhtəviyyatı, urogenital traktdan sıyrıntı, eroziyadan izlər və s. istifadə olunur.

Kəskin dövrdə ginekoloji müayinə zamanı xarici cinsiyyət orqanları nahiyəsində səpmələr və xoralar müşahidə olunur. Qadınlarda genital herpesin dermatit, qoturluq, qırmızı yastı dəmrov, kontagioz mollyusk, streptokokk impetiqosu, cinsi yolla keşən xəstəliklərlə (sifilis, veneroloji qranuloma) differensial diaqnostikası aparılır.

Qadınlarda genital herpesin müalicəsi

Hal-hazırda HSV-ni eliminasiya edən dərman preparatı mövcud deyil. Buna görə medikamentoz terapiya genital herpesin residivlərinin sayının, davametmə müddəti  və kliniki əlamətlərin ağırlıq dərəcəsinin azalmasına yönəldilir. Cinsi partnyorun müayinə və müalicəsi vacibdir.

Etiopatogenetik terapiya virusəleyhinə preparatların (asiklovir, valasiklovir, famsiklovir) təyinindən ibarətdir. Preparatın doza və qəbul qaydası genital herpesin forma və ağırlığına əsasən seçilir. Əlavə olaraq zədələnmiş sahələrin virusəleyhinə gel, krem, məlhəm, aerozolla yerli işlənməsi təyin olunur. Çatlar və eroziyalar antiseptik və anilin boyalarla işlənilir.

Anticisimlər və endogen interferonların yaranmasının stumulyasiyası məqsədilə immunomodulyatorlardan  (timus preparatları, meqlümin, alfa-2b interferon və s.) istifadə olunur. Residivləşən genital herpesli xəstələrdə herpetik vaksinasiya aparılır. Herpesəleyhinə immunoqlobulinin yeridilməsi (passiv immunizasiya) ancaq immun çatışmazlıqlı xəstələrdə (hamilə, generalizə olunmuş infeksiyaları olan xəstələrdə və s.) göstəriş hesab olunur. Remissiyanın davametmə müddətini və HSV qarşı antitellərin titrini azaltmaq üçün plazmafarez məsləhət görülür. Qadınlarda genital herpesin profilaktikası cinsi yolla ötürülən infeksiyaların profilaktikası ilə eynidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: