Servikal kanalın polipləri

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2941

servikal kanalın polipləri nədən yaranır?Servikal kanalın polipləri – endoserviksin silindrik epitelindən yaranan və uşaqlıq boynunun mənfəzinə doğru böyüyən şişəbənzər törəmələrdir. Adətən servikal kanalın polipləri leykorreya, təmas qanaxmaları, dartıcı ağrılarla təzahür edir. Uşaqlıq boynunun poliplərinin diaqnostikası vaginal müayinə, kolposkopiya, servikoskopiya, sıyrıntının histoloji analizinə əsaslanır. Servikal kanalın polipləri ayaqcığın burulması yolu ilə xaric edilir, yara sahəsi yandırılır, uşaqlıq boynunun selikli qişası qaşınır.

  • Servikal kanalın poliplərinin təsnifatı
  • Servikal kanalın poliplərinin yaranma səbəbləri
  • Servikal kanalın poliplərinin əlamətləri
  • Servikal kanalın poliplərinin diaqnostikası
  • Servikal kanalın poliplərinin müalicəsi
  • Servikal kanalın poliplərinin ağırlaşmaları
  • Servikal kanalın poliplərinin profilaktikası

Servikal kanalın polipləri barədə ümumi məlumat

Servikal kanalın polipləri endoserviks hüceyrələrinin ocaqlı proliferasiyası nəticəsində inkişaf edir. Birləşdirici toxumadan ibarət çıxıntı şəklində olub, selikli qişaya nazik və ya enli ayaqcıqla birləşir. Servikal kanalın polipləri uşaqlıq boynu kanalının mənfəzinə doğru böyüyə və ya onun hüdudlarından kənara çıxa bilər. Poliplərə uşaqlıq boynunun istənilən hissəsində rast gəlinir, lakin əksər hallarda onlar epitelin keçid zonasında və ya xarici əsnək nahiyəsində lokalizasiyalaşır. Çoxsaylı törəmələr servikal kanalın polipozu kimi qəbul edilir.

Uşaqlıq boynunun xoşxassəli patologiyalarının strukturunda poliplər təxminən 20-25% təşkil edir.  Uşaqlıq boynunun leykoplakiyası, eritroplakiyası, iti uclu kondilomaları, epidermoid papilloma, eroziyapsevdoeroziyası ilə yanaşı servikal kanalın polipləri də uşaqlıq boynu xərçənginin inkişaf riskini artıran, daimi müşahidə tələb edən fon proseslərinə aid edilir.

Servikal kanalın poliplərinin təsnifatı

servikal kanalın poliplərinin müalicəsiKlinik ginekologiyada servikal kanalın poliplərinin bir neçə təsnifatından istifadə olunur. Vəzili, stromal və damar komponentinin nisbətindən asılı olaraq, vəzili, vəzili-fibroz, fibroz, adenomatoz, angiomatoz poliplər ayırd edilir. Epitel örtüyün struktur fəqrlərinə əsasən silindrik, çoxqatlı yastı, eləcə də metaplastik dəyişikliklərə uğrayan yetkin olmayan epitellə örtülü poliplər qeyd olunur. Proliferasiya və epidermizasiya proseslərinin üstünlük təşkil etməsinə nəzərən servikal kanalın polipləri sadə, proliferasiyalaşan və epidermizasiyalaşan formalara bölünür.

Servikal kanalın həqiqi polipləri ilə yanaşı desidual və ya psevdopoliplərə rast gəlinir. Onların inkişafı hamiləlik dövrü ilə bağlıdır. Psevdopoliplər desidual toxumadan- transformasiya olunmuş endometriumdan əmələ gəlir, damar ayaqcığına malik olmur. Servikal kanalın desidual polipləri hamiləliyin pozulma təhlükəsi ilə müşayiət edildikdə onlar mütləq xaric olunmalıdır.

Servikal kanalın həqiqi polipləri 2-40 mm diametrində, hamar səthli, oval və ya yumru formalı törəmə şəklində olur. Vaskulyarizasiyanın intensivliyi və səthi epiteldən sezilən damarlar poliplərə açıq-çəhrayıdan tutmuş tünd-qırmızıya qədər çalarlar verir. Fibroz toxumanın miqdarından asılı olaraq, poliplər yumşaq və ya sərt konsistensiyalı olur.

Endoserviksin polipləri mikroskopik quruluşuna görə boyun kanalının selikli qişası ilə oxşardır. Həqiqi poliplərin əsasından və ya mərkəzi hissəsindən onu qidalandıran qan damarları keçir.

Servikal kanalın poliplərinin yaranma səbəbləri

Servikal kanalın poliplərinin etiologiyası tam öyrənilməmişdir. Əksər hallarda poliplər 40 yaşdan yuxarı qadınlarda aşkar olunur. Hesab edilir ki, uşaqlıq boynu poliplərinin inkişafının əsasında hormonal pozğunluqlar, yaşla əlaqədar qadın orqanizmində gedən dəyişikliklər, immun sistemdə pozulmalar, stress amilləri dayanır. Abort, diaqnostik qaşınma, histeroskopiya zamanı uşaqlıq boynunun mexaniki zədələnməsi, eləcə də xroniki endoservisit – servikal kanalın selikli qişasının iltihabı uşaqlıq boynunun poliplərinin inkişafı üçün əlverişli fon yaradır.

70-75% hallarda serviikal kanalın polipləri uşaqlıq boynunun eroziyası və ya psevdoeroziyası, uşaqlığın mioması, yumurtalıqların kistoması, endometrioz, yumurtalıqların disfunksiyası, endometriumun polipləri, atrofik kolpitlə müştərək şəkildə rast gəlinir. Eləcə də uşaqlıq boynunun poliplərinin yayılma tezliyinin uşaqlıq yolunun mikrobiosenozu və cinsi yolla keçən infeksiyalar – kandidoz, qardnerellyoz, papillomavirus infeksiyası, genital herpes, ureaplazmoz, mikoplazmoz, trixomoniaz, qarışıq infeksiyalar korrelyasiya asıllığı qeyd olunur.

Servikal kanalın poliplərinin əlamətləri

Servikal kanalın poliplərinin əlamətləriServikal kanalın kiçik ölçülü və tək saylı polipləri çox zaman gizli gedişə malik olur və müayinə prosesində təsadüfən aşkarlanır. Klinik təzahürlərin manifestasiyası adətən poliplərdə ikincili dəyişikliklərlə – travma, infeksiyalaşma, iltihab, xoralaşma ilə əlaqədardır. Belə hallarda qarnın aşağı hissəsində diskomfort və dartıcı ağrı hissi, patoloji seroz və ya seroz-irinli ifrazat müşahidə edilir. Servikal kanalın polipinin travmatizasiyası zamanı qan qarışıqlı ifrazatlar və ya təmas qanaxmaları yaranır.

Servikal kanalın polipləri olan xəstələrdə aybaşı siklinin pozğunluqlarısonsuzluq bir qayda olaraq, yanaşı gedən patologiya və ya polipin inkişafına səbəb olan amillərlə bağlıdır. Nadir hallarda uşaqlıq boynunun poliplərinin maliqnizasiyası qeyd edilir.

Servikal kanalın polipləri olan hamilələrdə uşaqlıq boynunun reflektor qıcıqlanması ilə əlaqədar erkən vaxtlarda hamiləliyin özbaşına pozulması riski yarana bilər. Digər hestasion ağırlaşmalara ciftin aşağıda yerləşməsi, istmiko-servikal çatışmazlıq (İSÇ) aiddir.

Servikal kanalın poliplərinin diaqnostikası

Servikal kanalın diaqnostikası onların vizualizasiyasına, kolposkopiya (servikoskopiya) vasitəsilə öyrənilməsinə, USM, uşaqlıq boynunun bıçaq  biopsiyasına, servikal kanalın qaşınmasına əsaslanır.

Vaginal güzgülərlə müayinə zamanı uşaqlıq boynunun qalınlaşması və hipertrofiyası, yumru və ya salxımabənzər formalı, parlaq-çəhrayı rəngli polipəbənzər törəmələr vizualizasiya olunur. Keratinizasiya proseslərinin müşahidə edildiyi çoxqatlı yastı epitellə örtülü poliplər ağımtıl olur; polipin vaskulyarizasiyası pozulduqda o, tünd-qırmızı və ya bənövşəyi rəng alır. Uşaqlıq yolunun mənfəzinə qabaran poliplər stromal elementlərin sayından asılı olmadan yumşaq və ya bərk-elastik konsistensiyalıdır.

Kolposkopiya və servikoskopiya servikal kanalın kiçik ölçülü poliplərini aşkar etməyə,  onların quruluşunu, iltihab, nekroz, xoralaşma proseslərini, eləcə də uşaqlıq boynunun digər dəyişikliklərini daha dəqiq müayinə etməyə imkan verir. Uşaqlıq boşluğunda endometrial polipləri istisna etmək üçün ginekoloji USM tətbiq edilir.

Vizual müayinədən sonra uşaqlıq boynunun biopsiyası, diaqnostik qaşınması, materialın histoloji analizi icra olunur. Servikal kanalın cərrahi müalicəsindən əvvəl yaxma infeksiyalara görə əkilir, PZR-diaqnostika aparılır.

Servikal kanalın poliplərinin müalicəsi

Servikal kanalın istənilən polipləri xaric edilməlidir. Aseptik şəraitdə vaginal güzgülərlə uşaqlıq boynu  açıldıqdan sonra servikal kanalın polipləri xüsusi sıxacla tutulur, burularaq kəsilir. Polipin ayaqcığının tam xaric olunması məqsədilə  uşaqlıq boynu kanalı küretaj aləti vasitəsilə qaşınır. Yara sahəsi kriogen və ya radiotezlikli üsulla əlavə olaraq işlənilir. Endometriumun dəyişikliklərinin exoqrafik əlamətləri zamanı histeroskopiya ilə uşaqlıq boşluğunun diaqnostik qaşınması icra olunur.

Xarici əsnəyə yaxın yerləşən poliplər pazvari şəkildə kəsilir, ketqut tikişlər qoyulur. Servikal kanalın yuxarı hissəsində lokalizasiyalaşan poliplər histeroskopun nəzarəti altında hədəfli çıxarılmalıdır. Xaric olunmuş material histoloji müayinəyə göndərilir. Laborator nəticələrdən asılı olaraq, gələcəkdə iltihabəleyhinə və ya hormonal terapiya təyin oluna bilər.

Uşaqlıq boynu kanalının residivləşən polipozu uşaqlıq boynunun konusvari amputasiyasına göstəriş sayılır. Hamiləlik dövründə servikal kanalın poliplərinin ölçüləri 10mm-dən çox olduqda, sürətli böyümə, qanaxma, nekroz və ya maliqnizasiyanın erkən əlamətləri  müşahidə edildikdə törəmələr mütləq xaric edilməlidir.

Servikal kanalın poliplərinin ağırlaşmaları

Servikal kanalın polipinin ayaqcığı tam kəsillmədikdə residivlər inkişaf edir. Nadir hallarda yara sahəsinin yandırılması ilə əlaqədar termiki yanıqlar, uşaqlıq boynunun strikturaları və stenozlar qeyd olunur. Servikal kanalın polipləri müalicə olunmadıqda, bu törəmələr qanaxmaya, cinsi yollarda infeksiyaların inkişafına, sonsuzluğa, maliznizasiyaya səbəb olur. Servikal kanalın polipləri olan qadınlarda hamiləliyin aparılması özbaşına düşüklərin, İSÇ, vaxtından qabaq doğuşların, uşaqlıq boynunun distoniyasının profilaktikasını tələb edir.

Servikal kanalın poliplərinin profilaktikası

Servikal kanalın poliplərinin profilaktik tədbirlərinə aiddir: müntəzəm ginekoloji müayinələr, ginekoloji və endokrin patologiyaların qarşısının alınması və vaxtında müalicəsi, uşaqlıq boynunun travmalarının istisna edilməsi. Şübhəli əlamətlər yarandıqda təcili olaraq ginekoloqa müraciət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: