Servikal kanalın stenozu

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2778

servikal kanalın stenozu nədir?Servikal kanalın stenozu — uşaqlıq boynu kanalının anadangəlmə və ya qazanılmış xarakterli anatomik daralması və keçiriciliyinin pozulmasıdır. Reproduktiv yaşlarda oliqomenoreya, amenoreya, alqomenoreya, sonsuzluq, dispareuniya ilə təzahür edir. Menopauza və postmenopauza dövründə isə simptomsuz gedə bilər. Diaqnoz ginekoloji baxış, uşaqlıq boşluğunun zondlanması, kiçik çanaq orqanlarının USM, KT və MRT nəticələrinə əsaslanır. Endoserviksin keçiriciliyini bərpa etmək üçün onun bujlanması, lazer və ya radiodalğalı rekanalizasiya, uşaqlıq boynunun konizasiyası, digər traxeloplastik əməliyyatlar icra olunur.

  • Servikal kanalın stenozunun yaranma səbəbləri
  • Patogenez
  • Servikal kanalın stenozunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Servikal kanalın stenozunun müalicəsi
  • Proqnoz və profilaktika

Servikal kanalın stenozu barədə ümumi məlumat

Servikal kanalın stenozu (daralması) — uşaqlıq boynunun iltihabi, displastik, neoplastik xəstəliklərinin sonsuzluqla nəticələnən ağırlaşmalarından sayılır. Endoserviksin anadangəlmə hissəvi daralması əsasən yeniyetmə qızlarda qeydə alınır. İltihabi və posttravmatik genezli qazanılmış stenoz bir qayda olaraq, 25-35 yaşlı pasiyentlərdə aşkarlanır. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə genital infeksiyaların yayılması və cinsi həyatın erkən başlanması xəstəliyin cavanlaşmasına səbəb olur. 40 yaşdan sonra endoserviksin daralmasına əksər hallarda  həcmli törəmələr, involyutiv daralma və ya bitişmələr gətirib çıxarır.

Servikal kanalın stenozunun səbəbləri

Servikal kanalın stenozunun səbəbləriPatologiya endoserviksin struktur dəyişikliklərinin baş verdiyi xəstəliklər və invaziv müdaxilələrlə əlaqədar yaranır. Müvəqqəti servikal stenoz iltihabi proseslər zamanı selikli qişanın ödemi və şişkinliyi hesabına inkişaf edir, dayanıqlı daralma isə adətən birləşdirici toxumanın çapıqlaşması və ya qalınlaşması ilə bağlı deformasiya nəticəsində baş verir. Xəstəliyin digər forması – servikal kanalın irsi və ya disembriogenetik səbəblərdən formalaşan anadangəlmə hissəvi atreziyasıdır. Uşaqlıq boynu kanalının qazanılmış stenozunun etioamillərinə aşağıdakılar aiddir:

  • Xroniki endoservisit. İltihabi prosesin uzunmüddətli gedişi zamanı servikal kanalın selikli qişasının qalınlaşması orqanın ifadəli fibrinoz dəyişiklikləri ilə müşayiət olunur, nəticədə kanalın mənfəzi daralır. Endoservisitin ən geniş yayılmış törədicilərinə xlamidiya, mikoplazma, ureaplazma, genital herpes virusu, qonokokk, şərti-patogen mikroorqanizmlər, mikrob assosiasiyaları aiddir.
  • Servikal kanalın travmaları. Çapıqlı daralma doğuşlarda uşaqlıq boynunun cırılması, onun invaziv prosedurlar və cərrahi müdaxilələr zamanı zədələnmələrindən sonra yaranır. Çoxsaylı abortlar, uşaqlığın kobud zondlanması, diaqnostik qaşınmalar, kriodestruksiya, ilgəklı elektroekssiziya, radiodalğalı koaqulyasiya, diatermokoaqulyasiya, lazer vaporizasiyası, konizasiya və uşaqlıq boynunda aparılan digər əməliyyatlar stenoza gətirib çıxarır.
  • Həcmli törəmələr. Uşaqlıq boynu kanalı mexaniki səbəblərdən darala və ya bağlana bilər. Uşaqlığın aşağı hissəsində yerləşən poliplər, submukoz miomalar, bədxassəli şişlər daxili əsnəyin keçiriciliyini pozur. Kanalın hissəvi və ya total stenozu uşaqlıq boynu xərçəngi, mioma və poliplər üçün xarakterikdir. Neoplaziyalar zamanı şişin şüa terapiyası əlavə zədələyici amil sayılır.
  • Uşaqlıq boynunun involyusiyası. Menopauza və postmenopauza dövründə estrogenlərin səviyyəsinin azalması reporduktiv orqanların geriyə inkişası və distrofik dəyişiklikləri ilə müşayiət olunur. Qan dövranının pozulması və hormonal stimulyasiyanın azalması nəticəsində servikal kanalın selikli qişası nazilir, orqan rigidləşir, endoserviks daralır, qısalır və nadir hallarda atreziyaya uğrayır.

Servikal kanalın stenozunun patogenezi

Servikal kanalın stenozlaşma mexanizmi onu törədən amillərə əsasən təyin edilir. İltihab, travmatik zədələnmələr endoserviks toxumalarının struktur dəyişikliklərinə, ilk növbədə uşaqlıq boynunun epitel qatının daha az elastik birləşdirici toxuma ilə əvəzlənməsinə, strikturaların əmələ gəlməsinə səbəb olur. Uşaqlığın aşağı seqmenti və uşaqlıq boynunun şişləri zamanı psevdostenozun yaranması uşaqlığın daxili  əsnəyi nahiyəsində mexaniki maneənin olması və ya neoplaziyanın kanalı sıxması ilə izah edilir. Endoserviksin involyutiv stenozunun əsasında orqanın təbii diffuz və atrofik dəyişiklikləri dayanır.

Servikal kanalın stenozunun əlamətləri

Servikal kanalın stenozunun əlamətləriPozğunluğun klinik simptomatikası pasiyentin yaşından asılıdır. Aybaşı olan qadınlarda patologiyanın xarakterik əlaməti menstrual ifrazatların azalması və ya tam kəsilməsidir. Qanın uşaqlıq boşluğundan təbii axınının pozulması zamanı halsızlıq, qarnın aşağı hissəsində siklik tutmaşəkilli ağrılar, onların qasıq, oma, bel nahiyələrinə irradiasiyası  izlənilir. Aybaşıarası dövrdə təmas və ya spontan xarakterli qanlı ifrazatlar müşahidə edilir. Axıntılar xoşagəlməz iyə malik ola bilər. Cinsi akt bəzən ağrılı olur. Çox nadir hallarda qanın toplanması hesabına gərilmiş uşaqlıq qarın boşluğunda şişəbənzər törəmə şəklində palpasiya edilir. Servikal stenozlu pasiyentlərin əksəriyyətində sonsuzluq qeydə alınır. Postmenopauza dövründə qadınlar heç bir şikayət təqdim etmir, stenoz planlı USM zamanı təsadüfən aşkarlanır.

Servikal kanalın stenozunun ağırlaşmaları

Stenozun ən ağır fəsadlarından biri reproduktiv funksiaynın pozulmasıdır. Sonsuzluğa uşaqlıq kanalının keçiriciliyinin pozulması səbəb olur. Hamiləlik baş verdikdə adətən istmiko-servikal çatışmazlıq fonunda vaxtından əvvəl doğuş və ya spontan düşüklərə rast gəlinir. Doğuşlarda uşaqlıq boynu ləng açılır, doğuş fəaliyyətinin zəifliyi və diskoordinasiyası mümkündür. Xəstənin yaşından asılı olaraq, endoserviksin daralması serozometra, hematometra, hematosalpinks, adenomioz, endometriozla ağırlaşa bilər. Uşaqlıq boşluğu möhtəviyyatının irinlədiyi hallarda piometra, piosalpinks yaranır, pelvioperitonitinkiçik çanaqda bitişmələrin yaranma ehtimalı yüksəlir. Bəzi pasiyentlərdə ektropion formalaşır.

Servikal kanalın stenozunun diaqnostikası

Servikal kanalın olmasına şübhə yarandıqda endoserviksin daralmasını təsdiq etmək və onun keçiricilik dərəcəsini qiymətləndirmək üçün müayinələr təyin olunur. Xəstəlik hər zaman gözlə görünən morfoloji dəyişikliklərlə müşayiət edilmədiyindən diaqnostika prosesində instrumental üsullara üstünlük verilir. Müayinə planına aşağıdakılar daxildir:

  • Ginekoloji kresloda müayinə. Bimanual palpasiyada ölçüləri böyüyən uşaqlıq aşkarlana bilər. Vaginal güzgülərin köməyilə aparılan müayinə orqanın çapıqlı deformasiyasının əlamətlərini, xarici əsnək nahiyəsində iltihabi dəyişiklikləri, ektropionu üzə çıxartmağa imkan verir. Selikli qişanın daha ətraflı öyrənilməsi üçün müayinə prosesi kolpokopiya ilə tamamlanır.
  • Uşaqlıq boşluğunun zondlanması. Uşaqlıq boynu kanalının daralması zamanı adi uşaqlıq zondunun yeridilməsi çətinləşir. Ardıcıl olaraq daha nazik düyməşəkilli zondlardan istifadə olunur. Diametri 1-2 mm olan zondun uşaqlığa yeridilməsinin mümkünsüzlüyü endoserviksin tam stenozuna dəlalət edir.
  • Çanaq orqanlarının transvaginal USM. Uşaqlıq boşluğunda maye və həcmli törəmələri təyin etmək məqsədilə uşaqlıq boynu və cisminin ultrasəs müayinəsi tətbiq olunur. Servikal nahiyənin xüsusiyyətləri barədə daha dəqiq məlumatların əldə edilməsi üçün tomoqrafik üsullar (KT, MRT) aparılır.

Uşaqlıq boynu kanalının daralması ilə müşayiət olunan neoplaziyaları vaxtında müəyyən etmək üçün uşaqlıq boynundan alınan sıyrıntının sitoloji analizi  (PAP-test) məsləhət görülür. Ehtimal olunan infeksion-iltihabi xəstəliklər servikal yaxmanın mikroskopiyası, onun bakterioloji əkilməsi, PZR, İFA, İFR vasitəsilə təsdiqlənir.  Stenoz servikal kanalın tam anadangəlmə atreziyası və uşaqlıq boynunun digər inkişaf anomaliyaları, endoservisit, servisit, uşaqlıq boynunun çapıq deformasiyası, uşaqlıq yolunun arakəsmələri, aybaşı siklinin pozulması ilə gedən xəstəliklərlə differensiasiya edilir. Ehtiyac olduqda pasiyent onkoloq, endokrinoloq, infeksionist, veneroloq tərəfindən konsultasiya edilir.

Servikal kanalın stenozunun müalicəsi

Aybaşı qanının axınının pozulması və sonsuzluğun aşkarlanması pozğunluqların korreksiyasına göstəriş hesab olunur. Stenozun simptomsuz gedişi zamanı pasiyentlər dinamik müşahidə altına alınır, hər 6 aydan bir profilaktik ginekoloji baxış və USM-monitorinq keçirilir. Endoserviksin keçiriciliyi konservativ və cərrahi üsullarla bərpa edilir:

  • Servikal bujlanma. Diametri servikal kanalın ölçüsündən bir qədər artıq olan xüsusi milin (bujun) endoserviksə yeridilməsi daralmanı tədricən aradan qaldırmağa imkan verir. Müəyyən vaxt intervallarından sonra bujun daha iri ölçülü millərlə əvəzlənməsi şərtilə bujlanma bir neçə həftə ərzində aparılır. Menopauza dövründə bu üsulla yanaşı əvəzedici hormonoterapiya və spazmolitiklər təyin edilir.
  • Stenozun cərrahi yolla aradan qaldırılması. Servikal bitişmə sahələrinin dəqiq müəyyənləşdirilməsi zamanı orqanın lazer və ya radiodalğalı rekanalizasiyası icra olunur. Servikal kanalın keçiriciliyinin bərpası məqsədilə tətbiq olunan uşaqlıq boynunun konizasiyası və traxeloplastika daha radikal müdaxilələr sayılır. Neoplaziyalar aşkarlandıqda onlar histeroskopik yolla xaric edilir və ya invaziv cərrahi əməliyyatlar həyata keçirilir.

Servikal kanalın stenozunun proqnoz və profilaktikası

Endoserviksin stenozu zamanı proqnoz xəstəliyin səbəbləri, diaqnostikanın vaxtında aparılması və müalicə üsulunun düzgün seçilməsindən asılıdır. Əksər hallarda uşaqlıq boynu kanalının bujlanması, uşaqlıq boynunun konizasiyası orqanın keçiriciliyini və reproduktiv funksiyanı tam şəkildə bərpa etməyə imkan verir.

Stenozun profilaktikası məqsədilə müasir kontrasepsiya üsullarından istifadə və abortlardan imtina etməklə hamiləliyin planlaşdırılması, genital infeksiyaların, şiş proseslərinin erkən diaqnostika və müalicəsi məsləhət görülür. Uşaqlıq boynunun daralmasının qarşısının alınmasında doğuşların adekvat aparılması və ginekoloji invaziv prosedurların əsaslandırılmış təyini mühüm rol oynayır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: