Servisit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 4243

servisit nədir?Servisit – uşaqlıq boynunun vaginal seqmentinin iltihabi xəstəliyidir. Bulanıq (selikli və ya irinli) ifrazatlar, qarnın aşağı hissəsində dartıcı və ya küt ağrılar, sidik ifrazı və cinsi aktın ağrılı olması ilə xarakterizə edilir. Uzun sürən xroniki servisit eroziyaların inkişafına, uşaqlıq boynunun hipertrofiyasına (qalınlaşmasına), infeksiyanın cinsiyyət sisteminin yuxarı şöbələrinə yayılmasına gətirib çıxarır. Ekzoservisit uşaqlıq boynunun vaginal seqmentinin və ya ekzoserviksin, endoservisit isə uşaqlıq boynunun servikal kanalının daxili qişasının – endoserviksin iltihabıdır.

  • Servisitin əlamətləri
  • Servisitin diaqnostikası
  • Servisitin müalicəsi

Servisit barədə ümumi məlumat

Uşaqlıq boynu infeksiyanın uşaqlıq və cinsiyyət yollarının yuxarı şöbələrinə yayılmasının qarşısını alan baryer rolunu oynayır (dar servikal kanal, selikli tıxac, qoruyucu sekret). Müəyyən amillərin təsirindən onun müdafiə funksiyası pozulduqda iltihabi proses – servisit inkişaf edir. Ekzoservisit uşaqlıq boynunun vaginal seqmentinin və ya ekzoserviksin, endoservisit isə uşaqlıq boynunun servikal kanalının daxili qişasının – endoserviksin iltihabıdır.

Servisit şərti-patogen mikrofloranın: stafilokokk, bağırsaq çöpü, streptokokk, göbələklərin törətdiyi qeyri-spesifik infeksiya və spesifik (xlamidiya, mikoplazma, qonokokk, sifilis, trixomonada, viruslar), bəzi parazitar, protozoy infeksiyaları (amebiaz) zamanı yarana bilər. Servisitə səbəb olan şərti-patogen mikroflora uşaqlıq boynuna təmas yolu ilə düz bağırsaqdan və ya qan və limfa vasitəsilə, spesifik isə cinsi yolla keçir.

Servisitin inkişafına müəyyən amillər: uşaqlıq boynunun doğuş travmaları, diaqnostik qaşıma və hamiləliyin pozulması zamanı; kontraseptiv vasitələrin istifadəsi (UDS-in qoyulması və çıxarılması) təkan verir. Həmçinin servisit uşaqlıq boynunun çapıq deformasiyaları və xoşxassəli törəmələri, immunitetin azalması fonunda yarana bilər.

Servisit nadir hallarda izoləolunmuş şəkildə inkişaf edir, adətən cinsiyyət sisteminin digər xəstəlikləri: vulvit, vaginit, bartolinit, uşaqlıq boynunun psevdoeroziyaları, ektropion (uşaqlıq boynunun çevrilməsi) ilə müşayiət olunur. Servisit əsasən reproduktiv yaşda olan qadınlarda (70%), bəzən menopauza dövründə rast gəlinir. Bu patologiya düşüklər və vaxtından əvvəl doğuşların ən geniş yayılmış səbəblərindəndir. Servisit uşaqlıq boynunun polipləri və eroziyaları, cinsiyyət yollarının yuxarı şöbələrinin iltihabı ilə nəticələnir.

Servisitin əlamətləri

Servisitin əlamətləriGedişinə görə kəskin və xroniki, zədələnmə dərəcəsinə əsasən ocaqlı və diffuz servisitlər ayırd edilir. Bəzi qadınlarda servisit ilk gündən silinmiş formada gedə bilər. Kəskin servisit zamanı xeyli miqdarda selikli və ya irinli axıntılar, qarnın aşağı hissəsində küt ağrı qeydə alınır. Servikal kanalın xarici dəliyinin ödem və hiperemiyası, kiçik qansızmalar və xoralaşmalar izlənilir.

Törədicinin xarakteri və immunitetin vəziyyətindən asılı olaraq, servisit müxtəlif əlamətlərlə təzahür edir. Qonoreya mənşəli servisit adətən ifadəli əlamətlərlə gedir, xlamidiya infeksiyası zamanı isə əlamətlər az nəzərə çarpır. Herpetik servisitlərdə uşaqlıq boynu al qırmızı rəngdə, kövşək olub, xoralaşma sahələrinə malikdir («tam eroziya» əlaməti). Troxomonada etiologiyalı servisit zamanı kiçik ölçülü qansızmalar («çiyələyəbənəzər serviks»), yaxmada atipik hüceyrələr aşkarlanır. Aktinomisetlərlə zədələnmə zamanı «sarı dənəli ləkə» simptomu müşahidə edilir. İnsan papilloma virusu uşaqlıq boynunda müxtəlif ölçülü xoralar və kondilomaların yaranmasına səbəb ola bilər.

Aşkarlanmayan və ya sona qədər müalicə olunmayan kəskin servisit uzun sürən xroniki fazaya keçir. İfrazatlar bulanıq-selikli olur, uşaqlıq boynunun vaginal hissəsində psevdoeroziyalar (silindrik epitelin çoxalması) izlənilir. Servisitin xroniki mərhələsində iltihab əlamətləri (hiperemiya, ödem) zəif ifadə olunur, uşaqlıq boynu qalınlaşır. Silindrik epitelin yastı epitellə əvəz olunması mümkündür. İltihab ətraf toxumalara və vəzilərə yayıla, kista və infiltratlar əmələ gətirə bilər.

Servisitin diaqnostikası

Servisitin müalicəsiXəstəlik adətən simptomsuz gedir, əksər servisitlər planlı profilaktik baxış və ya qadının digər xəstəliklərlə bağlı həkimə müraciəti zamanı təsadüfən aşkarlanır. Servisitin diaqnostikası ilk növbədə uşaqlıq boynunun iltihabına səbəb olan amilin aşkarlanmasına yönəldilir.  Diaqnoz aşağıdakı müayinələrin nəticələrinə əsasən qoyulur:

  • Vaginal güzgülərin köməyilə uşaqlıq boynuna baxış
  • Kolposkopiya. Bu üsul uşaqlıq boynu epitelinin patoloji dəyişikliklərini (selikli qişanın hiperemiya və ödemi, damar ilgəklər, ektopiya, eroziya, diffuz və ya ocaqlı xarakterli iltihab) daha dəqiqliklə təyin etməyə imkan verir.
  • Laborator üsullar (yaxmanın mikroskopiyası, mikrofloraya görə bakterioloji əkilmə və antibiotikoqramma, PZR-diaqnostika, sitomorfoloji müayinələr).

Kəskin gedişli servisit zamanı yaxmada xeyli miqdarda leykosit (30-dan çox), eləcə də limfosit və histiositlər, hipertrofiyalaşmış nüvəyə malik silindrik epitel və distrofik dəyişikliyə uğrayan yastı epitel izlənilir. Xroniki formada mxtəlif ölçülü silindrik epitel hüceyrələri, bəzən isə sitoliz əlamətləri (hüceyrələrin dağılması) qeydə alınır.

Bakterioloji müayinə mikroorqanizmlərin növünün təyin edilməsinə, eləcə də müvafiq antibiotikin seçilməsinə kömək edir. Yaxmanın sitomorfologiyası hüceyrələrin zədələnməsini və müalicə prosesində baş verən dinamik dəyişiklikləri müəyyən edir. Servisit zamanı bəzi infeksiyaları (qonoreya, xlamidioz, mikoplazmoz, papillomavirus, herpes) yalnız PZR-diaqnostika və immunoferment analiz (İFA) vasitəsilə aşkar etmək mümkündür.

Servisitin müalicəsi

Servisitin çoxsaylı müalicə üsulları mövcuddur, lakin xəstəliyin terapiyası ilk növbədə hormonal, metabolik, immun  dəyişikliklərin və yanaşı gedən xəstəliklərin aradan qaldıırlmasına yönəldilməlidir.

Servisitlərin müalicəsi antibakterial, virusəleyhinə və digər vasitələrin təyinindən ibarət olub, törədicidən, onun istifadə olunan preparata həssaslığından, iltihabi prosesin mərhələsindəna asılıdır. Xlamidiya mənşəli servisit zamanı tetrasiklin sırasından olan antibiotiklər (doksosiklin, monomisin), makrolidlər (eritromisin), xinolonlar (ofloksasin, lomefloksasin), azalidlər (azitromisin) təyin edilir. Kandidoz servisitlərdə flukonazolun tətbiqi göstəriş sayılır. Servisitlərin terapiyasında kombinəolunmuş yerli preparatlardan (şam və ya krem formasında) geniş istifadə olunur.

Servisitin yerli müalicəsi kəskin iltihabi prosesin əlamətləri söndükdən sonra aparılır: uşaqlıq yolu və boynu 3%-li dimetilsulfoksid, 1-2%-li xlorofillipt, gümüş-nitrat məhlulu ilə işlənilir.

Virus mənşəli servisitlər müalicəyə çətin tabe olur. Genital herpes zamanı virusəleyhinə preparatlar (asiklovir, valasiklovir), spesifik herpes əleyhinə Ig, vitaminlər, immunostimulyatorların təyini ilə uzunmüddətli müalicə tələb olunur. Papillomavirus infeksiyasının müalicəsində interferonlar, sitostatiklərdən istifadə olunur, kondilomalar likvidasiya olunur. Atrofik servisitlərdə yerli tətbiq edilən estrogenlər, xüsusən ovestin, uşaqlıq yolu və uşaqlıq boynun epiteli, təbii mikrofloranın bərpasına səbəb olur.  Spesifik infeksiyalar aşkarlandıqda paralel olaraq cinsi partnyor da müalicə  olunmalıdır.

Servisitin xroniki mərhələsində konservativ müalicə bir o qədər effekt vermir, bu səbəbdən cərrahi üsullardan  – diatermokoaqulyasiya, krioterapiya, lazer terapiyadan istifadə olunur; belə hallarda infeksiyanın olmaması vacib şərtdir. Eyni zamanda yanaşı gedən patologiya (ektropion, kolpit, salpinqooforit, funksional dəyişikliklər) müalicəsı, təbii mikrofloranın bərpası həyata keçirilir. Servisitlərin müalicəsi kolposkopiya və laborator analizlərin nəzarəti altında aparılır.

Xəstəliyin profilaktikası şəxsi gigiyena qaydalarına riayət, cinsi infeksiyaların istisna edilməsi, abortların qarşısının alınması, doğuşların düzgün aparılması, endokrin pozğunluqların müalicəsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: