Simfizit

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 5415

simfizit nədir?Simfizit — qasıq simfizinin toxumalarının hamiləlik dövründə baş verən patoloji dəyişikliyi olub, qasıq sümüklərinin aralanması ilə müşayiət olunur. Qasıqdan yuxarıda  yerimə, fiziki yüklənmələr zamanı güclənən atıcı və ya dartılan xarakterli səthi ağrılarla, yerişin dəyişməsi, bəzi hərəkətlərin yerinə yetirilməsinin mümkün olmaması ilə təzahür edir. Diaqnoz qasıq bitişməsinin USM, çanaq sümüklərinin rentgenoqrafiyasının nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə kalsium preparatları, iltihabəleyhinə və analgeziyaedici vasitələrdən istifadə olunur. Doğuş üsulunu seçərkən pozğunluğun ağırlıq dərəcəsi nəzərə alınır. Əksər hallarda təbii doğuşlar, göstəriş olduqda isə Qeysəriyyə əməliyyatı aparılır.

  • Simfizitin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Simfizitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Simfizitin müalicəsi
  • Proqnoz və profilaktika

Simfizit barədə ümumi məlumat

Hamilələrin 48-56%-də qasıq nahiyəsində ağrılara rast gəlinir, bu da çanaq həlqəsinin doğuşa  hazırlığının təbii mexanizmləri ilə bağlıdır. Lakin güclü ağrıların yaranması və instrumental müayinə yolu ilə qasıq sümüklərinin 5mm-dən çox aralanmasının təsdiqi simfiziopatiyaya (simfizit) dəlalət edir. Qasıq simfizini möhkəmləndirən bağların yumşalması hestasiyanın 6-7-ci ayında başladığından xəstəliyin klinik əlamətləri adətən III, bəzən II, nadir hallarda isə I trimestrdə, doğuş prosesində və ya ondan sonra yaranır. İstisna hallarda simfizit hamiləlik və ya doğuş zamanı deyil, travma, həddindən artıq fiziki yüklənmələr nəticəsində  baş verir.

Simfizitin yaranma səbəbləri

Simfiziopatiyaların etiologiyası tam müəyyən edilməmişdir. Ehtimal olunur ki, qasıq birləşməsi nahiyəsində iltihabi dəyişikliklər hamiləlik dövründə və doğuşdan sonra qadın orqanizmində gedən mübadilə proseslərinin xüsusiyyətləri ilə əlaqədardır. Simfizitin yaranma səbəblərini izah edən 2 əsas nəzəriyyə irəli sürülmüşdür:

  • Relaksinin hipersekresiyası. Çanağın sümük-qığırdaq həlqəsinin yüklənmələrinin kompensasiyası üçün yumurtalıqlar və cift relaksin sintez etməyə başlayır. Bu hormon bağlar və oynaq birləşmələrinə xüsusi yumşaldıcı təsir göstərərək, çanağın genişləməsinə və uşağın doğuş yollarından rahat keçməsinə şərait yaradır. Relaksinin hiperproduksiyası qasıq simfizinin aralanmasına gətirib çıxarır.
  • Kalsium çatışmazlığı. Hamiləlik zamanı qadın orqanizminin kalsiuma olan gündəlik tələbatı 1,0 qr-dan çoxdur. Kalsium dölün formalaşması və hamilənin sümük-əzələ aparatının doğuşa hazırlanması üçün zəruri mineraldır. Qida rasionunda tərkibində kalsium və D vitamini olan məhsulların azlıq təşkil etməsi, təbii insolyasiyanın çatışmazlığı, siqaretdən istifadə, kofe, tünd çay, kofein tərkibli tonuslandırıcı içkilərin normadan artıq qəbulu hipokalsiemiyaya səbəb olur.

Simfizitin yaranma ehtimalını artıran bir sıra amillər müəyyən edilmişdir. Xəstəlik əksər hallarda dayaq-hərəkət sisteminin irsi patologiyası— Elers-Danlos sindromu olan pasiyentlərdə aşkarlanır, belə qadınlarda kollagenin anomal quruluşu ilə əlaqədar oynaqların izafi hərəkətliliyi izlənilir. Risk qrupuna həmçinin anamnezində çanaq travmaları, çoxsaylı doğuşlar olan qadınlar, hipodinamik həyat tərzi keçirən, xroniki pielonefrit və kalsiumun sidiklə yüksək ekskresiyasının müşahidə olunduğu digər uroloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər daxildir.

Simfizitin patogenezi

Simfizitin yaranma səbəbləriHamiləliyin normal inkişafı zamanı relaksinin təsirindən bağlar, qasıq simfizinin, çanağın digər oynaq bitişmələrinin qığırdaq toxuması kövşəkləşir, şişir. Nəticədə çanaq həlqəsi genişlənir — oynaq səthləri arasındakı məsafə artır, oynaqlar daha hərəkətli olur. Kalsiumun normal konsentrasiyası zamanı bu proseslər əzələlərin kifayət qədər tonusu və sümüklərin adekvat remodelləşməsi hesabına kompensasiya olunur. Relaksinin hiperproduksiyası bağ aparatının boşalmasına səbəb olur, qasıq bitişməsinin yüksək hərəkətliliyi fonunda lokal mikrosirkulyasiya pozulur, ödem yaranır, patoloji prosesləri gücləndirən və reseptorların qıcıq həddini azaldan iltihab mediatorları ifraz edilir. Kalsium çatışmazlığı ilə vəziyyət daha da ağırlaşır – sinir-əzələ pozulmaları baş verir, birləşdirici toxuma zəifləyir, hüceyrə membranlarının keçiriciliyi artır. Doğuşdan sonra simfizitin inkişafına təsir edən əlavə patogenetik həlqələri dölün qovulması zamanı qasıq simfizinə yüksək təzyiq və ana südünün sekresiyası zamanı kalsiumun sərfinin artması hesabına hipokalsiemiyanın güclənməsi təşkil edir.

Simfizitin təsnifatı

Simfizitin formalarının sistemləşdirilməsi zamanı qasıq bitişməsi sümüklərinin ayrılma dərəcəsi nəzərə alınır. Təsnifatın kriteriyasının seçilməsi qasıq simfizini birləşdirən sümüklər arasındakı məsafə ilə pozğunluğun klinik şəklinin birbaşa əlaqəsinə əsaslanır. Bu parametrə nəzərən mama-ginekoloqlar xəstəliyin 3 ağırlıq dərəcəsini ayırd edir:

  • I dərəcə: qasıq bitişməsinin sümükləri bir-birindən 0,5-0,9 sm məsafədə aralanır;
  • II dərəcə: simfizdə aralanmanın ölçüsü 1,0-1,9 sm təşkil edir;
  • III dərəcə: qasıq bitişməsinin sümükləri arasındakı məsafə 2,0 sm-dən çox olur.

Simfizitin əlamətləri

Simfizitin əlamətləriXəstəliyin əsas təzahürü hestasiyanın II yarısında və ya doğuşdan sonra yaranan ağrı sindromudur. Ağrı adətən səthi olur və qasıq nahiyəsində lokalizasiyalaşır, gecə saatlarında, cinsi əlaqə zamanı, əllə qasığa təzyiq göstərildikdə güclənir. Çox vaxt bud-çanaq oynağı və beldə dartıcı və ya sızıltılı ağrı hiss olunur. Pasiyent bəzi hərəkətləri – pilləkənları qalxmaq, arxaya uzanmış vəziyyətdə ayaqları yuxarıya qaldırmaq cəhdini yerinə yetirməkdə çətinlik çəkir.

İfadəli simfozitlərdə axsama müşahidə olunur, yerişin xarakteri dəyişir («ördək» yerişi). Bəzən yerimə və ya qasıq nahiyəsinin palpasiyası zamanı cırıltı, şaqqıltı eşidilir. Ağrını azaltmaq üçün qadın xarakterik «qurbağa vəziyyəti» alır: arxası üstə uzanaraq, ayaqlarını dizdə bükür və buddan xaricə fırladır.  Tez yorulma, dırnaqların kövrəkliyi, dişlərin dağılması, baldır əzələlərinin gecə qıcolmaları, həssaslığın pozulması, paresteziyalar kalsium çatışmazlığından xəbər verir. Nadir hallarda simfizin ayrılması zamanı hərarət  37,3-37,4 °С-yə qədər yüksəlir.

Simfizitin ağırlaşmaları

Simfizitin ən ağır fəsadı simfioliz – qasıq bitişməsinin cırılması hesab olunur, bu zaman qasıq simfizini stabilizasiya edən bağlar tam cırılır, yerimə, ayaqları qaldırma və hətta ayaq üstə dayanmaq mümkün olmur. İfadəli ağrı sindromu və hərəki pozğunluqlar qadının özünə və uşağa qulluq, məişət işləri ilə məşğul olma imkanlarını məhdudlaşdırır. Həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə itirilməsi emosional pozğunluqlara (ağlağanlıqdan tutmuş dərin ipoxondriya və doğuşdan sonrakı depresiyaya qədər) gətirib çıxara bilər. 68-85% pasiyentlərdə növbəti hamiləlik və doğuşlarda simfiziopatiya qeydə alınır.

Simfizitin diaqnostikası

Adətən tipik klinik şəkil və xəstəliyin hamiləliklə əlaqədar yaranması tez bir zamanda düzgün diaqnozun qoyulmasına imkan verir. Simfiziti təsdiq etmək üçün qasıq sümüklərinin ayrılmasını və pozğunluğun dərəcəsini təyin edən fizikal və instrumental müayinələrdən istifadə olunur. Diaqnostika prosesində tətbiq edilən ən informativ üsullar aşağıdakılardır:

  • Ginekoloji baxış. Vaginal müayinə prosesində qasıq simfizinin daxili tərəfində ağrı qeyd olunur. Aralanmanın ölçüsü böyük olduqda palpasiyada qasıq sümüklərinin birləşdiyi sahədə çökəklik hiss edilir.
  • Qasıq bitişməsinin USM. Qeyri-invaziv sonoqrafik müayinə qasıq nahiyəsinin dəqiq anatomik vizualizasiyasını təmin edir. Simfizin aralanma dərəcəsinin təyini doğuş üsulunun seçilməsində vacib kriteriya sayılır.
  • Çanaq sümüklərinin rentgenoqrafiyası. Doğuşdan sonrakı dövrdə icra olunur. Rentgen şəkilə əsasən qasıq sümükləri arasındakı məsafə asanlıqla müəyyənləşdirilir, onların yerdəyişmələri aşkar edilir.
  • Qanın biokimyəvi müayinəsi. Kalsium mübadiləsinin pozulması xəstəliyin ehtimal edilən yaranma səbəbi olduğundan qanda kalsium və maqnezium səviyyələrinin yoxlanılması məsləhət görülür. Simfizit zamanı onların miqdarı təxminən 2 dəfə azalır.

Şübhəli hallarda pozğunluq kəskin sistit, qasıq osteiti və osteomieliti, vərəmin sümük forması, çanaq sümüklərinin digər osteopatiyaları, lümbaqo, lümbaqoişialgiya, bud venasının trombozu, ankilozlaşan spondiloartritlə differensiasiya edilir. Adətən pasiyent ortoped-travmatoloq tərəfindən müayinə olunur, ehtiyac olduqda ftiziatr, nevropatoloq, uroloq, fleboloqun qəbuluna yönəldilir.

Simfizitin müalicəsi

Qasıq simfizinin patologiyasının aşkarlanması zamanı hamiləliyin aparılma planı korreksiya edilməli, doğuş üsulunun seçiminə daha diqqətlə yanaşılmalıdır. Pasiyentin vəziyyətini yüngülləşmək üçün patogenezin müxtəlif həlqələrinə yönəldilmiş kompleks medikamentoz terapiya, fizioterapevtik və qeyri-medikamentoz üsullar tətbiq edilir. Adətən hamilələr və ya zahılara aşağıdakı qrup preparatlar təyin olunur:

  • Kalsium preparatları. Simfizit diaqnozu qoyulmuş hamilələrin əksəriyyətində hipokalsiemiyanın aşkarlanması və onun bu pozğunluğun ehtimal olunan səbəblərindən biri olması ilə əlaqədar pasiyentlərə tərkibində kalsium olan vitamin-mineral kompleksləri tövsiyyə edilir. Maqnezium preparatları və D vitamini mineralın sorulmasını yaxşılaşdırır.
  • Qeyri-steroid iltihabəleyhinə vasitələr. Simfiz toxumalarında iltihabi prosesə məxsus patofizioloji dəyişikliklər müşahidə edilir. QSİƏP tətbiqi iltihab mediatorlarının ifrazını və onalrın aktivliyini azaldır, eləcə də reseptorların qıcıq həddini yüksəldir.

Simfizitin müalicəsində fizioterapevtik üsullardan qasıq nahiyəsinin maqnitoterapiyası daha effektivdir. Çanaq həlqəsinin yüklənməsini azaltmaq üçün bandajın taxılması, xüsusi gimnastikaların köməyilə çanaq, bel, bud əzələlərinin möhkəmləndirilməsi, hərəki aktivliyin artırılması, yuxu və istirahət rejiminə riayət olunması məsləhət görülür.

Daha çox rast gəlinən I dərəcəli simfizit zamanı təbii doğuşlar mümkündür. Simfizin 1sm və daha çox aralanması Qeysəriyyə əməliyyatına göstəriş sayılır. Eləcə də ifadəli ağrı sindromu, anatomik dar çanaq, iri döl müşahidə edildikdə cərrahi doğuş aparılır. Doğuşdan sonra II-III dərəcəli simfiziti olan qadınlarda çanaq bintlə möhkəm sarınır, 2-6 həftəlik yataq rejimi, sonra isə bandaj təyin olunur. Çanaq sümüklərini müəyyən vəziyyətdə fiksasiya edən xüsusi korsetlər sayəsində ciddi yataq rejimini 3-5 günə qədər azaltmaq mümkün olur. Belə korsetlər 3-6 ay müddətində taxılmalıdır.

Simfizitin proqnoz və profilaktikası

Simfozit zamanı proqnoz onun ağırlıq dərəcəsi və korreksiyanın vaxtında aparılmasından asılıdır. Doğuşdan 4-6 ay sonra klinik təzahürlər tamamilə itir, lakin qasıq nahiyəsində ağrı hissi 1 ilə qədər davam edə bilər.

Profilaktik tədbirlər kalsiumla zəngin qida maddələrinin (süd, kəsmik, bərk pendir, qarabaşaq, paxlalı bitkilər, qoz), vitamin-mineral komplekslərinin qəbulu, kifayət qədər insolyasiya və hərəki aktivlik, çanaq əzələlərini möhkəmləndirən hərəkətlərin yerinə yetirilməsindən ibarətdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: