Uşaqlığın fibroması
Uşaqlığın fibroması – birləşdirici toxuma strukturuna malik xoşxassəli şişdir. Patologiyanın klinik təzahürləri: aybaşının pozulması, qarnın aşağı hissəndə ağrı və təzyiq hissi, dizurik pozğunluqlar, qəbizlik, bel nahiyəsində ağrı şişin ölçülərindən birbaşa asılıdır. Diaqnoz ginekoloji baxış, USM, US-histerosalpinqoskopiya, KT və MRT-nin nəticələrinə əsasən qoyulur. Uşaqlığın fibromasının müalicəsi konservativ (medikamentoz), cərrahi (orqanqoruyucu və ya radikal), az invaziv (endovaskulyar) ola bilər.
- Uşaqlığın fibromasının növləri
- Uşaqlığın fibromasının yaranma səbəbləri
- Uşaqlığın fibromasının əlamətləri
- Uşaqlığın fibroması və hamiləlik
- Uşaqlığın fibromasının diaqnostikası
- Uşaqlığın fibromasının ağırlaşmaları və proqnozu
- Uşaqlığın fibromasının profilaktikası
Uşaqlığın fibroması barədə ümumi məlumat
Fibroid tipli şişlər müxtəlif orqanlarda yarana bilər, əksər hallarda yumurtalıqlar, uşaqlıq, süd vəziləri, dərinin fibromasına rast gəlinir. Uşaqlığın fibroması tək və ya çoxsaylı düyün şəklində olub, simptomsuz və tədricən böyüyür. Şişin ölçüləri 1mm-lə 20-30sm arasında dəyişə bilər. Uşaqlığın fibromasının maliqnizasiyaya meylli deyil.
Uşaqlığın fibromasının növləri
Fibromanın təsnifatı şişin lokalizasiyasına əsaslanır. Submukoz fibromalar selikaltı qişada yerləşərək, uşaqlıq boşluğuna doğru böyüyür. Submukoz fibroma inkişaf etdikcə spazm və ağrılar yaranır, çox zaman güclü qanaxmalar müşahidə olunur. Subseroz fibroma uşaqlığın xarici qatında lokalizasiyalaşır. Bu tip şişlər qonşu orqanların fəaliyyətini pozan ölçülərə çatana qədər heç bir əlamətlə özünü büruzə vermir.
Uşaqlığın interstisial fibroması orqanın divarında əmələ gəlir. Ginekologiyada fibroid şişlərin bu növü daha çox izlənilir. İntraliqamentar fibromaların böyüməsi uşaqlığın ölçülərinin artmasına gətirib çıxarır. İntraliqamentar fibroma uşaqlığı fiksasiya edən bağlar arasında yerləşir. Belə fibroid şişlərin xaric olunması digər orqanlar və ya qan damarlarının yüksək zədələnmə riski ilə müşayiət edilir.
Uşaqlığın saplağabənzər fibroması subseroz şişin ayaqcığının yaranması nəticəsində inkişaf edir. Saplağabənzər fibromanın böyüməsi ayaqcığın burulması və güclü ağrılarla təzahür edir. Uşaqlığın parazit fibromaları nadir rast gəlinən formalardan olub, fibroid şişin digər orqanlara birləşməsi ilə xarakterizə edilir. Bəzi hallarda uşaqlığın boyun hissəsinin fibromasına rast gəlinir.
Uşaqlığın fibromasının yaranma səbəbləri
Uşaqlığın fibromasının etiologiyası dəqiq müəyyənləşdirilməmişdir. Əksər tədqiqatçılar uşaqlığın fibroması ilə estrogenlərə qarşı yüksək həssaslıq və irsi meyllilik arasında əlaqənin olmasını irəli sürürlər. Lakin bu amillərin olması hər zaman fibromaya gətirib çıxarmır.
Menarxenin gec başlanması, hamiləliyin süni yolla pozulması, 30 yaşa qədər doğuşun olmaması, ağırlaşmış doğuşlar, tez-tez təkrarlanan diaqnostik qaşımalar, klimaksın müalicəsi və ya kontrasepsiya məqsədilə estrogen tərkibli hormonal vasitələrin qəbulu, cinsiyyət sisteminin yanaşı gedən xroniki xəstəlikləri, müntəzəm cinsi həyatın olmaması uşaqlığın fibroid şişlərinin yaranmasına səbəb olur. Əksər hallarda artıq çəki, arterial hipertenziya, piylənmə, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, hipodinamiya, stresslər və s. uşaqlığın fibromasının inkişafı üçün ekstragenital fon rolunu oynayır.
Avropoid irqə aid qadınlarla müqayisədə neqroid irqin nümayəndələri fibromalara daha çox meylli olur. Uşaqlığın fibromasının rastgəlmə tezliyi yaşa mütənasib olaraq artır: 20 yaşdan kiçik qadınlarda fibroid şiş 20%, 30 yaşa qədər – 30%, 40 yaşa qədər isə 40% hallarda qeydə alınır.
Uşaqlığın fibroması hormondan asılı xarakter daşıdığından qızlarda predmenarxe, qadınlarda isə postklimakterik dövrdə inkişaf etmir. Hamiləlik zamanı estrogenlərin hipersekresiyası ilə əlaqədar uşaqlığın fibroması sürətlə böyüyə bilər. Adətən doğuşdan sonra fibroid düyünlər əvvəlki ölçülərinə qədər kiçilir. Posklimakterik dövrdə estrogenlərin səviyyəsi azaldığından uşaqlığın fibromasının böyüməsi dayanır, şiş əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itir.
Uşaqlığın fibromasının əlamətləri
Əksər qadınlarda xəstəlik simptomsuz gedir, 15-25% pasiyentlərdə fibroid düyünlərin sayı, ölçüləri, böyümə istiqaməti, şişin çanaq orqanlarına münasibətdə lokalizasiyasından asılı olan klinik simptomatika inkişaf edir. Uşaqlığın fibroması anemiyalara gətirib çıxaran uzunmüddətli gur aybaşılar (menorragiyalar), qanaxmalarla səciyyələnir. Bəzən uşaqlıq qanaxmaları asiklik xarakter (metrorragiya) daşıyır.
Menorragiyalar güclü ağrılar, qarında sancılar, qan laxtalarının ifrazı ilə müşayiət olunur. Uşaqlığın salxımabənzər fibromasında ağrılar çox vaxt aybaşılar arası dövrdə də yaranır. Uşaqlığın fibromasının rast gəlindiyi qadınlar fibromatoz düyünlərin qonşu orqanlara təzyiqi ilə əlaqədar çanaq nahiyəsində diskomfort və ya ağırlıq hiss edir. Bir sıra pasiyentlərdə aşağı ətraflara gedən sinirlərin sıxılması nəticəsində bel və aralıq nahiyəsində ağrılar meydana çıxır.
Düyünün sidik kisəsinə təzyiqi sidik ifrazının tezləşməsinə səbəb olur; sidik axarlarının sıxılması zamanı hidronefroz inkişaf edə bilər; düz bağırsağın divarına təzyiq qəbizlik, defekasiya zamanı ağrılarla təzahür edir. Fibromalı qadınlarda cinsi əlaqə zamanı ağrı yarana bilər.
Uşaqlığın fibroması və hamiləlik
Uşaqlığın kiçik ölçülü simptomsuz gedən fibromaları adətən hamiləliyin baş tutmasına mane olmur. Fallop borularını blokada edən və spermatozoidlərin hərəkətinə mane olan fibroid şişlər istisna sayılır. Uşaqlığın fibroması hamiləliyin gedişinə mənfi təsir göstərə bilər. Uşaqlıq boşluğunun sərbəst sahəsini kiçildən iri ölçülü düyünlər embrionu tam şəkildə inkişafına imkan vermir. Belə fibromalar gec düşüklər və vaxtından əvvəl doğuşlara gətirib çıxara bilər.
Uşaqlığın iri fibromaları dölün anomal vəziyyətinə səbəb ola bilər, bu da nəinki hamiləliyin gedişini ağırlaşdırır, həmçinin doğuş aktını da çətinləşdirir. Belə hallarda çox vaxt Qeysəriyyə əməliyyatı icra olunur. Fibromanın uşaqlıq boynu nahiyəsində yerləşməsi doğuş prosesi üçün ən ağır və təhlükəli lokalizasiya sayılır, bu zaman uşağın irəliləməsi çətinləşir, güclü qanaxma təhlükəsi yaranır. Fibromalı qadınlarda hamiləliyin aparılması yüksək diqqət və bütün mümkün risklərin nəzərə alınmasını tələb edir.
Uşaqlığın fibromasının diaqnostikası
Uşaqlığın fibroması adətən ilk dəfə ginekoloqun konsultasiyasında aşkarlanır. Bimanual müayinədə nahamar səthli, sərt konsistensiyalı, ölçüləri böyüyən uşaqlıq müəyyən edilir. Kiçik çanağın transvaginal USM vasitəsilə uşaqlığın fibromasının lokalizasiyası, ölçüləri, sərtliyi və qonşu orqanlarla əlaqəsi dəqiqləşdirilir, yumurtalıq kistomasından differensiasiya edilir.
Rentgen və ya US-histerosalpinqoskopiya endometrial çuxurda uşaqlığın submukoz fibromasını aşkar etməyə imkan verir. Aybaşılararası dövrdə spontan qanaxmalar zamanı uşaqlığın xərçəngini istisna etmək üçün diaqnostik qaşıma və ya endometriumun biopsiyası ilə əldə olunan toxumaların histoloji müayinəsi aparılır.
Uşaqlığın fibromasının diaqnozunun təsdiqlənməsi və onun uşaqlığın sarkoması, yumurtalığın kistoması və fibroması ilə differensiasiyası məqsədilə MRT və ya KT icra olunur. Qeyri-invaziv üsullarla uşaqlıın fibromasını yumurtalıq şişindən fərqləndirmək mümkün olmadıqda diaqnostik laparoskopiyadan istifadə edilir. Diaqnostik nəticələrə əsaslanaraq, müalicə taktikası müəyyənləşdirilir.
Uşaqlığın fibromasının müalicəsi
Uşaqlığın miomasının aşkarlandığı bütün qadınlar ginekoloq və ya ginekoloq-endokrinoloqun müşahidəsi altında olmalıdır. Kiçik ölçülü sipmtomsuz fibromaların dinamikasına nəzarət tələb olunur. Preklimakterik yaşda olan pasiyentlərdə gözləmə taktikası tətbiq edilə bilər. Konservativ terapiya ölçüləri 12 həftəlik hamiləlikdən kiçik olan fibromalar; düyünlərin subseroz və ya interstisial yerləşməsi; meno- və metrorragiyalar, ağrı sindromunun olmaması; cərrahi taktikaya əks-göstərişlər zamanı öz təsdiqini tapır. Medikamentoz terapiya QSİƏP, dəmir preparatları, vitaminlər, hormonal vasitələrin təyinindən ibarətdir.
Uşaqlığın fibroması zamanı konservativ müalicənin əsasını müxtəlif qrup preparatlarla hormonoterapiya təşkil edir. Yumurtalıq steroidlərinin sintezini zəiflətmək üçün androgenlərin törəmələrindən (danazol, gestrinon) istifadə olunur. Androgenlər 8 ay ərzində fasiləsiz qəbul edilit, nəticədə uşaqlığın fibromasının ölçüləri kiçilə bilər. Hiperplastik proseslər zamanı gestagenlərin (didrogesteron, noretisteron, progesteron) tətbiqi endometriumun böyüməsini normallaşdırmağa kömək edir. Fibroma zamanı gestagenlərin effekttivliyi yüksək olmur, bu səbəbdən onlar yalnız endometriumun hiperplaziyası ilə müşayiət edilən, ölçüləri böyük olmayan fibroid şişlərin aşkarlandığı hallarda təyin edilir. Gestagenlərlə müalicə kursu 8 aya qədər davam edir.
Gestagen hormon levonorgestrel tərkibli uşaqlıqdaxili hormonal sistem «Mirena» uşaqlığın fibromasının müalicəsində yüksək nəticələr göstərir. Uşaqlıq boşluğuna hormonun müntəzəm ifrazı fibromanın böyüməsinin qarşısını alır, mayalanma əleyhinə təsir göstərir. KOK (etinilestradiol+dienogest, etinilestradiol+drospirenon) diametri 2sm-ə qədər düyünlərin böyüməsini ləngidir. Uşaqlığın fibromasının kombinəolunmuş preparatlarla müalicəsi 3 ay müddətindən az olmamaqla aparılır.
QnRH analoqlarının (qozerelin, buserelin) tətbiqi hipoestrogeniyanın əldə olunmasına yönəldilir. Onların müntəzəm qəbulu nəticəsində uşaqlıq və fibroid düyünlərə qan axını azalır, bu da fibromanın ölçülərinin kiçilməsinə səbəb olur. QnRH analoqları ilə terapiyanın effektivliyi geridönən xarakter daşıyır, onların qəbulu başa çatdıqdan 4-6 ay sonra düyünlər əvvəlki ölçülərinə qayıdır. Ginekologiyada QnRH analoqlarından əsasən əməliyyatönü dövrdə şişin ölçülərinin azaldılması məqsədilə istifadə olunur. Bu preparatların yan təsirlərinə istilik hissi, psevdomenopauza, uşaqlıq yolunun quruluğu, emosional labillik, osteoporozun inkişafı aiddir. Submukoz böyümə, ifadəli simptomatika (qanaxma, ağrı, qonşu orqanların sıxılması), iri ölçülü düyünlər, fibromanın endometrioz və ya yumurtalıq şişləri ilə müştərəkliyi, fibroid düyünün nekrozu zamanı cərrahi müalicə məqsədəuyğundur.
Cərrahi müalicə
Uşaqlığın fibromalarında icra olunan orqanqoruyucu müdaxilə vaginal, laporoskopik və ya laparotomik üsulla konservativ miomektomiyadır. Əməliyyat prosesində uşaqlıq saxlanılmaqla fibroid düyünün enukleasiyası həyata keçirilir. Submukoz düyünlər zamanı kəsik aparmadan optik histeroskopun kanalından keçməklə histeroskopik miomektomiya tətbiq edilir. Orqanqoruyucu əməliyyatlar imkan daxilində reproduktiv planı olan qadınlarda aparılır. Uşaqlığın fibromasının cərrahi müalicəsinin radikal üsullarına uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya aiddir. Uşaqlıq vaginal, laparoskopik və ya laparotomik üsulla xaric edilir, bu əməliyyat hamiləlik planlaşdırmayan qadınlar üçün göstəriş sayılır.
Uşaqlığın fibromasının müasir müalicə üsulu uşaqlıq arteriyasının embolizasiyasıdır. Fibromanın qidalandıran damarların endovaskulyar okklüziyası nəticəsində düyünün böyüməsinin qarşısı alınır. Uşaqlığın fibromasının embolizasiyası minimal aqressivlik və yüksək effektivliyi ilə seçilir. Bəzi hallarda uşaqlığın fibromasının müalicəsində ultrasəs ablasiya – MRT nəzarətlə yüksəktezlikli ultrasəslə düyünün «buxarlanması» həyata keçirilir.
Uşaqlığın fibromasının ağırlaşmaları və proqnozu
Uşaqlığın fibromasının böyüməsi düyünün ayaqcığının burulması, düyünün (əsasən submukoz və ya interstisial) nekrozu, qansızmalarla müşayiət olunur. Fibromanın ayaqcığının burulması «kəskin qarın» simptomatikası ilə gedir. Nekroz zamanı ağrılar, qızdırma, düyünün yumşalması və ağrılı olması izlənilir. Uşaqlığın fibromasının maliqnizasiya ehtimalı 1%-dən çox deyil. İfadəli qanaxmalar anemiyalara gətirib çıxarır.
Uşaqlığın fibromasının cərrahi müalicəsi ilə bağlı ağırlaşmalara postoperasion infeksiyalar, qanaxmalar, kiçik çanaqda bitişmələrin və uşaqlıqdaxili sinexiyaların yaranması daxildir. Konservativ miomektomiyadan sonra hamiləlik 40-60% pasiyentlərdə qeydə alınır. Orqanqoruyucu müdaxilələrin aparılması yeni fibroid düyünlərin inkişafını istisna etmir.
Uşaqlığın fibromasının profilaktikası
Uşaqlığın fibromasının spesifik profilaktika üsulları mövcud deyil. Bununla yanaşı provokasiyaedici amillərin (abort, kontraseptiv preparatların nəzarətsiz qəbulu, xroniki iltihab, ekstragenital xəstəliklər və s.) aradan qaldırılması xəstəliyin yaranma ehtimalını azaltmağa imkan verir.
Müntəzəm ginekoloji baxış və USM uşaqlığın fibromasının profilaktikasında mühüm əhəmiyyət kəsb edir.