Uşaqlıq boynunun cırılması

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 4763

uşaqlıq boynunun cırılması nədən olur?Uşaqlıq boynunun cırılması – doğuş və ya invaziv müdaxilələr zamanı orqanın divarının tamlığının travmatik pozulmasıdır. Klinik təzahürünə doğuşun II və III dövrlərində al-qırmızı qanın ifrazı ilə müşahidə olunan müxtəlif intensivlikli qanaxma aiddir. Diaqnostikada vaginal güzgülərin köməyilə uşaqlıq boynunun divarlarının reviziyası başlıca rol oynayır. Cırılma aşkarlandıqda cərrahi müdaxilə göstəriş sayılır, onun həcmi zədələnmənin dərəcəsi və yanaşı gedən ağırlaşmalara əsasən təyin edilir. Uşaqlıq boynu adətən transvaginal yolla tikilir. Cırılma uşaqlığın divarına keçdikdə və ya parametral toxumada hematoma müəyyən edildikdə boşluqlu əməliyyat icra olunur.

  • Uşaqlıq boynunun cırılmasının səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Uşaqlıq boynunun cırılmasının əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Uşaqlıq boynunun cırılmasının müalicəsi
  • Proqnoz və profilaktika

Uşaqlıq boynunun cırılması barədə ümumi məlumat

İlk dəfə doğan qadınların əksəriyyətində uşaqlığın xarici əsnəyinin kənarlarının ölçüləri 1 sm-dən çox olmayan yan cırılmaları (çatlar) müşahidə olunur. Belə zədələnmələr patoloji sayılmır, onlar az miqdarda qanlı ifrazatlarla müşayiət edilərək tikilməyə ehtiyacları olmur. Çatlar sağaldıqdan sonra uşaqlıq yarığabənzər forma alır, bu da keçirilmiş doğuşlara dəlalət edir. Uşaqlıq boynunun 1 sm-dən böyük olan zədələnmələri müxtəlif məlumatlara əsasən 6-15% doğuşlarda müşahidə edilir və geniş yayılmış mamalıq travmalarından biri hesab  olunur. Adətən o, ilk dəfə doğan qadınlarda, az hallarda isə təkrar doğanlarda qeydə alınır. Aşkarlanmamış cırılmalar bir çox ginekoloji xəstəliklərə səbəb olduğundan bu patologiyanın qarşısını almaq üçün bütün hamilələrə xüsusi baxış göstərişdir.

Uşaqlıq boynunun cırılmasının səbəbləri

Uşaqlıq boynunun cırılmasının səbəbləriCinsi yolların belə travmalarını yaradan bir sıra amillər mövcuddur. Uşaqlıq boynunun rigidliyi və ya onun toxumalarının kövşəkliyi zamanı doğuş prosesində orqanın zədələnmə riski əhəmiyyətli dərəcədə artır. Toxumaların bu tip dəyişikliklərinə gətirib çıxaran səbəblər aşağıdakılardır:

  • İltihabi xəstəliklər. Xroniki servisit zamanı orqanın birləşdirici toxumadan ibarət stroması infiltratlaşır və sərtləşir, nəticədə uşaqlıq əsnəyinin açılması pisləşir.
  • Yaşla əlaqədar dəyişikliklər. Yaşı 30-dan yuxarı olan ilk dəfə doğan qadınlarda uşaqlıq boynu toxumalarında elastik liflərin miqdarının azalması onların cırılma ehtimalını artırır.
  • Çapıqlı deformasiya. Çırılmalar və müalicəvi manipulyasiyalardan (diatermokoaqulyasiya, kriodestruksiya, lazer vaporizasiyası, konizasiya və s.) sonra çapıqların yaranması toxumaların elastikliyini azaldır.
  • Uşaqlıq boynunun distosiyası. Diskoordinasiyalı doğuş fəaliyyəti zamanı orqanın kənarları hamarlaşma və boşalma əvəzinə bərkiyir, qalınlaşır və rigidləşir.
  • Cift gəlişi. Ciftin uşaqlığın aşağı seqmenti və əsnək nahiyəsində lokalizasiyası uşaqlıq boynu toxumalarının kövşəkləşməsinə gətirib çıxarır, bununla da onların cırılma riski yüksəlir.
  • Sürətli doğuş. Güclü doğuş fəaliyyəti zamanı döl tam hamarlaşmamış və açılmamış uşaqlıq boynundan keçərək, əsnəyin kənarlarının zədələnməsinə səbəb olur.
  • Əsnəyin tam açılmaması. Zəif doğuş fəaliyyəti, oliqohidramnion və ya dölyanı mayenin vaxtından əvvəl axması uşaqlıq boynunun hamarlaşması ilə bağlı problemlərin yaranmasına təsir edə bilər. Orqan həmçinin sancıların stimulyasiyasının onun tam açılmasından əvvəl aparılması zamanı zədələnir.
  • Toxumaların hipoksiyası. Uşaqlıq boynunun uşağın başı ilə sümük həlqəsi arasında sıxılması ilə əlaqədar onun qidalanmasının pozulması zamanı orqanın davamlılığını azaldır. Belə hallara əsasən dar çanağı olan qadınlarda rast gəlinir.

Eləcə də travma ehtimalı xarici əsnəyin kənarına təzyiqin yüksək olduğu hallarda baş verir:

  • Dölün iri olması. Çəkisi 4 kq-dan artıq olan uşağın başının dairəsi əksər hallarda xarici əsnəyin dartıla biləcəyi ölçüləri keçir. Hidrosefaliyalı dölün doğulması zamanı analoji hal yaranır.
  • Dölün açıcı vəziyyəti. Belə hallarda nəinki doğuşun fizioloji mexanizmləri pozulur, həmçinin doğuş yolları da zədələnir.
  • Cərrahi manipulyasiyalar. Mamalıq maşalarının qoyulması, vakuum-ekstraktorun istifadəsi, dölün sağrı hissədən çıxarılması və s. hallarda uşaqlıq boynu travma alır. Doğuşlardan kənar cırılmalar kobud invaziv manipulyasiyalar zamanı müşahidə edilir.

Uşaqlıq boynunun cırılmasının patogenezi

Uşaqlıq boynunun travmatik zədələnmələrinin mexanizmi doğuş prosesində yaranan yüklənmələrlə toxumaların dartılma qabiliyyəti arasındakı uyğunsuzluğa əsaslanır. Gərilmə zamanı toxumalar nazilir, onları qidalandıran damarlar sıxılır, distrofik proseslərin inkişafına gətirib çıxaran hipoksiya baş verir. Nəticədə toxumaların tamlığı pozulur.

Cırılma adətən radial boylama, az hallarda isə ulduz şəkilli olur. Bəzən ifadəli nekroz ön dodağın tam şəkildə ayrılması ilə müşayiət edilir. Hazır olmayan uşaqlıq boynunun güclü yüklənmələrə məruz qalması zamanı onun vaginal hissəsinin bütövlüklə qopması mümkündür. Gecikmiş spontan (özbaşına) düşükvaxtından əvvəl doğuşlar zamanı uşaqlıq boynunun arxa divarında zədələnməmiş xarici əsnəkdən yuxarıda 1,5-2,0 sm diametrində yalançı yolun formalaşması ilə müşahidə olunan «mərkəzi» cırılmalara rast gəlinə bilər.

Uşaqlıq boynunun cırılmasının təsnifatı

Zədələnmənin növü və xarakterinin qiymətləndirilməsi zamanı onun formalaşma mexanizmi, ölçüləri və ağırlaşmaların olması nəzərə alınır. Uşaqlıq boynunun tamlığının pozulmasına səbəb olan amillərdən asılı olaraq, cırılmalar 2 yerə bölünür:

  • Spontan — doğuş zamanı rigidlik və ya həddindən artıq gərilmə fonunda özbaşına yaranan;
  • Travmatik— doğuş prosesinin sürətlənməsi məqsədilə aparılan vaginal müdaxilələr nəticəsində baş verən.

Ölçülərinə əsasən cırılmaların 3 dərəcəsi ayırd edilir:

  • I dərəcə — uşaqlıq boynunun uzunluğu 2 sm-dən çox olmayan bir və ya iki tərəfli zədələnməsi
  • II dərəcə — cırılmanın ölçüsü 2 sm-i keçir, lakin onunla uşaqlıq yolunun tağları arasındakı məsafə 1 sm-dən az olmur.
  • III dərəcə — cırılma uşaqlıq yolunun tağlarına çataraq, onu əhatə edir.

I və II dərəcəli cırılmalar ağırlaşmamış sayılır. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri ağırlaşmış cırılmalara zədələnmələrin aşağıdakı növlərini aid edirlər:

  • III dərəcəli cırılmalar
  • Uşaqlığın daxili əsnəyinə keçən cırılmalar
  • Periton və parametriumun cəlb olunduğu cırılmalar
  • Uşaqlıq boynunun sirkulyar ayrılması

Uşaqlıq boynunun cırılmasının əlamətləri

Uşaqlıq boynunun cırılmasının əlamətləriÖlçüləri 1 sm-dən az olan zədələnmələr adətən simptomsuz gedir. Uşaqlıq boynunun cırılmasının əsas təzahürü qanaxmadır. Bəzən onun əlamətləri qovulma dövründə dölün doğulan hissələrinin al qanla örtülü olması ilə müşahidə edilir. Lakin adətən qanaxma miometriumun normal yığılma qabiliyyətinin olmasına baxmayaraq, uşaq doğulduqdan sonra yaranır və ya güclənir. Bu zaman qan şırnaqla axır və ya xeyli miqdarda ifraz olunur. Az hallarda qanda çoxsaylı laxtalara rast gəlinir. Cırılma toxumaların uzunmüddətli sıxılması zamanı onalrın dağılması fonunda baş verdikdə damarların tromblaşması ilə əlaqədar qanaxma hər zaman müşahidə edilmir. Belə vəziyyətlərdə və iri damarların olmadığı sahələrin zədələnməsi zamanı qan az ifraz olunur, bu da doğuşdan sonra uşaqlıq boynunun vaginal güzgülərlə müayinəsinin əhəmiyyətini artırır.

Uşaqlıq boynunun cırılmasının ağırlaşmaları

Uşaqlıq arteriyasının uşaqlıq boynu-uşaqlıq yolu şaxəsinin zədələndiyi hallarda uşaqlıq boynunun cırılması profuz qanaxma ilə ağırlaşa bilər. Kifayət qədər qanitirmə ilə bağlı dəri və selikli qişalar solğunlaşır, qadınlar zəiflik, baş gicəllənmə, soyuq tərdən şikayət edir, bəzən huşun itirilməsi qeyd olunur. Vaxtında yardım göstərilmədikdə pasiyentin həyatına təhlükə törədən hemorragik şok yaranır. Vaginal tağa çatan dərin zədələnmələr uşaqlığın cırılması və parametriuma massiv qansızma ilə müşayiət edilə bilər. Uşaqlıq boynunun aşkar olunmayan və tikilməyən cırılmaları parametrit, doğuşdan sonrakı endometrit, sonralar isə ektropion, xroniki endoservisit, eroziya, neoplaziyaların inkişaf riskini artırır. Uzaq ağırlaşmalara uşaqlıq boynunun çapıq deformasiyası, istmiko-servikal çatışmazlıq, hamiləliyin pozulması, uşaqlıq boynu-uşaqlıq yolu fistulalarının formalaşması aiddir.

Uşaqlıq boynunun cırılmasının diaqnostikası

Doğuşdan sonrakı qanaxmalar uşaqlıq boynunun cırılmaları ilə yanaşı digər patoloji vəziyyətlərdə də yaranır. Bu səbəbdən diaqnozun düzgün qoyulması üçün aşağıdakı müayinələr yerinə yetirilir:

  • Xarici mamalıq müayinəsi. Doğuşdan sonra uşaqlıq normal yığılır, sidik kisəsinin boş olduğu hallarda onun dibi göbəkdən aşağıda yerləşir.
  • Vaginal güzgülərlə müayinə. Enli güzgülərin köməyilə uşaqlıq boynu reviziya edilir.

III dərəcəli cırılma aşkarlandıqda uşaqlıq divarlarının zədələnməsini istisna etmək üçün onun divarları əllə müayinə edilir. Differensial diaqnostika uşaqlıq yolunun varikoz genişlənmiş damarlarının partlaması, uşaqlığın doğuşdan sonrakı hipotoniya və atoniyası, onun boşluğunda döl qişaları və ya cift qalıqlarının ləngiməsi, DDL-sindromunun yaranması ilə aparılır. Ehtiyac olduqda diaqnozun qoyulmasına və doğuşun aparılmasına anestezioloq, terapevt, cərrah cəlb olunur.

Uşaqlıq boynunun cırılmasının müalicəsi

Patoloji cırılma aşkar edildikdə orqanın tamlığı cərrahi yolla bərpa edilir. Cərrahi əməliyyatım növü zədələnmənin dərəcəsi və ağırlaşmaların olmasından asılıdır. Zədələnmiş sahə sorulan materialla transvaginal yolla tikilir. Tikiş endoserviks istisna edilməklə toxumaların bütün qalınlığına qoyulur. Daxili əsnəyi keçən cırılmalar və ya parametriuma qansızmalar zamanı laparotomiya məsləhət görülür. Əməliyyat prosesində qanaxma dayandırılır, hematoma xaric edilir. Postoperasion dövrdə anemiyaəleyhinə preparatlardan istifadə olunur. İnfeksion ağırlaşmaların profilaktikası məqsədilə antibakterial terapiyanın qısa kursu təyin edilir.

Uşaqlıq boynunun cırılmasının proqnoz və profilaktikası

Ağırlaşmamış cırılmaların proqnozu qənaətbəxş olur. Ağırlaşmalar zamanı nəticələr müalicənin vaxtında aparılmasından və adekvatlığından asılıdır.

Cırılmaların profilaktikasında doğuşların düzgün aparılması başlıca rol oynayır. Uşaqlıq boynunun rigidliyi, dar konusvari forması zamanı preventiv tədbirlər – traxelotomiya (servikal kanalın divarlarının kəsilməsi) icra olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: