Vulvanın qaşınması

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 6393

vulvanın qaşınması nədən olur?Vulvanın qaşınması — patoloji hal olub, adətən digər xəstəliklərin əlaməti kimi təzahür edir. Vulvar nahiyədə göynəmə, iynəbatırma və diskomfort törədən digər hisslərlə müşayiət olunur. Diaqnoz vulvoskopiya, vulva toxumalarının sitoloji müayinəsi, ifrazatın mikrobioloji analizi, mütəxəssislərin konsultasiyası əsasında qoyulur. Müalicə konservativ yolla aparılır, etiotrop preparatlar, dezointoksikasion terapiya, antihistamin, sakitləşdirici preparatlar, fizioterapiya üsullarının təyinindən ibarətdir. Zərurət olduqda cinsiyyət sinirinin anestetiklərlə blokadası və rezeksiyası aparılır.

  • Vulvanın qaşınmasının səbəbləri
  • Patogenez
  • Vulvanın qaşınmasının əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Vulvanın qaşınmasının müalicəsi
  • Proqnoz və profilaktika

Vulvanın qaşınması barədə ümumi məlumat

Vulvanın qaşınması — ginekoloji təcrübədə ən çox rast gəlinən patologiyalardan sayılır. Adətən pozğunluq digər patologiyanın fonunda və ya xarici amillərin təsirindən yaranır. Nadir hallarda nozoloji vahid kimi qəbul edilir. Hal-hazırda tibbdə xarici cinsiyyət orqanlarının qaşınması ilə müşayiət olunan 300-dən artıq xəstəlik mövcuddur. Əksər hallarda vulvanın qaşınma səbəbləri birbaşa olaraq xəstənin yaşı ilə bağlı olur. Uşaqlarda, yeniyetmələrdə qaşınma iltihabi proseslərə, yaşı 30-dan yuxarı olan qadınlarda ginekoloji, somatik və endokrin xəstəliklərinə, menopauza dövründə isə hipoestrogeniyaya və onunla bağlı cinsiyyət orqanlarının selikli qişalarının involyutiv dəyişikliklərinə səbəb olur.

Vulvanın qaşınma səbəbləri

Vulvanın qaşınma səbəbləriXarici cinsiyyət orqanları nahiyəsində xoşagəlməz qaşınma hissiyyatı əlverişsiz xarici təsirlər, genital və ekstragenital xəstəliklər nəticəsində yaranır. Bir sıra hallarda qaşınmaya səbəb olan amillər aşkar olunmur. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri bu pozğunluğun yaranma səbəblərini 5 qrupda cəmləşdirir:

  • Sidik-cinsiyyət sisteminin iltihabi patologiyaları. Xarici cinsiyyət orqanlarının qaşınması şərti-patogen mikroflora və ya spesifik infeksiyaların (xlamidioz, genital herpes, kandidoz, mikoplazmoz, qonoreya, trixomoniaz və s.) törədiciləri tərəfindən yaranan vulvit, vaginit, bakterial vaginoz, endoservisit, sistitin xarakterik əlaməti sayılır. İltihab zamanı selikli qişa ifrazat tərəfindən qıcıqlanmaya məruz qalır.
  • Vulvanın qeyri-iltihabi xəstəlikləri. Adətən yaşla əlaqədar estrogenlərin səviyyəsinin azalması nəticəsində baş verən involyutiv dəyişikliklər nəticəsində meydana çıxır. Krauroz (skleroatrofik dəmrov, leykoplakiya (yastı hüceyrəli hiperplaziya), yumurtalıqların çıxarılmasından sonra postkastrasion sindrom selikli qişaların quruluğu səbəbindən yaranan qaşınma ilə müşayiət olunur. Həmçinin qaşınma vulvanın xərçəngi və genital psoriazın xarakterik əlaməti sayılır.
  • Xarici amillər. Pozğunluq kobud parça, çirkli alt paltarı, parazitlərlə (qoturluq gənəsi, bizquyruq, qurd invaziyalarının digər törədicilərlə) mexaniki qıcıqlanma nəticəsində baş verir. Vulvanın qaşınması termiki qıcıqlandırıcılar (xüsusən soyuqlama), kimyəvi agentlər, allergenlərin təsirindən, fenotiazin törəmələri, hormonal kontraseptivlər, eritromisin, aspirin və s. dərman preparatlarının qəbulu zamanı yarana bilər.
  • Ekstragenital xəstəliklər. Vulva nahiyəsində qaşınma şəkərli diabet, hepatit, böyrək çatışmazlığı, leykoz, limfaqranulomatoz, podaqra, qalxanabənzər vəzinin funksional pozğunluqları, Şeqren sindromu və digər autoimmun proseslərdən əziyyət çəkən xəstələrdə bəzi metabolitlərin yüksək konsentrasiyası zamanı müşahidə olunur. Eləcə də şikayətlər dəri xəstəlikləri – qırmızı yastı dəmrov, çəhrayı dəmrov, ekzema zamanı qeyd olunur.
  • Psixi və nevroloji pozğunluqlar. Bir sıra mama-ginekoloqların fikrincə xarici cinsiyyət orqanları nahiyısində yaranan qaşınma hissi və onun ağırlıq dərəcəsi əksər hallarda periferik və mətkəzi sinir sisteminin vəziyyətindən asılıdır. Buna psixoloji və seksual travmalar, nevrozlar, depressiya, uzunmüddətli və ya güclü stress səbəb olur. Bu tip pozğunluqlar müalicəyə qarşı yüksək rezistentliyə malik olur.

Vulvanın qaşınmasının patogenezi

Vulvanın qaşınmasının formalaşma mexanizmi aralıq nahiyəsi, kiçik və böyük cinsiyyət dodaqlarının innervasiyasının xüsusiyyətlərinə əsaslanır. Bu nahiyələr qalça, cinsiyyət, bud və düz bağırsaq sinirləri ilə innervasiya olunur. Mielinləşməmiş C tipli liflərə müxtəlif qıcıqlandırıcıların təsiri zamanı onurğa beyninin aparıcı traktından baş beynin hissi zonasına qaşınma, iynıbatırma, hətta ağrı kimi qəbul edilən zəif differensiasiyalı impulslar daxil olur. Qıcıqlandırıcının xarakteri adətən patologiyanın birbaşa səbəbindən asılıdır. Bu, qurumuş ifrazat,  selikli qişanın lokal dəyişiklikləri, metabolitlər, termiki, mexaniki və kimyəvi amillər ola bilər. Bəzən qıcıqlandırıcıların təsiri zədələnmə sahəsində qaşınma və şişkinliyə yaradan histaminin ifrazına gətirib çıxarır. Psixogen mənşəli pozğunluğun patogenezinin hissiyyat həddinin azalması və beyin strukturlarının yüksək oyqanıqlığı ilə bağlı olduğu ehtimal olunur.

Vulvanın qaşınmasının əlamətləri

Vulvanın qaşınmasının əlamətləriQadın göynəmə, iynəbatırma və diskomfort törədən digər hisslərdən şikayət edir. Diskomfort hissi daimi və ya tutma şəkilli olub, adətən axşam və ya gecə vaxtlarında yaranır. Əsas xəstəliyin uzunmüddətli gedişi zamanı xarici cinsiyyət orqanlarının selikli qişasında hiperemiya sahələri, cızıqlar, çatlar, xoralar əmələ gəlir. Çox zaman qaşınma aralıq nahiyəsi və cinsiyyət dodaqlarından  anus ətrafı dəriyə və budun daxili səthinə yayılır. İltihabi prosesin inkişafı zamanı ağrı, açıq-sarı, yaşılımtıl, bozumtul-ağ, kəsmiyəbənzər və ya coxlu miqdarda sulu konsistensiyalı xoşagəlməz iyli ifrazat müşahidə olunur.

Vulvanın qaşınmasının ağırlaşmaları

İntensiv xoşagəlməz hisslərdən azad olmaq üçün əksər hallarda qadınlar diskomfort hissi olan sahələri qaşıyır və ya sürtürlər. Mexaniki təsirlər qıcıqlanmanı daha da gücləndirir, bu da cızıqlar, eroziya və xoralaşmanın yaranmasına gətirib çıxardır. Selikli qişanın infeksiyalaşması vulvitə səbəb olaraq, əsas xəstəliyinin gedişini ağırlaşdırır. Xroniki somatik, endokrin və iltihabi genital xəstəliklər zamanı vulvanın selikli qişasının uzunmüddətli qıcıqlanması fonunda displastik və neoplastik proseslər inkişaf edə bilər. Cinsiyyət orqanları nahiyəsində daimi diskomfort həyəcanlı- depressiv vəziyyət, ipoxondrik və digər nevrotik pozğunluqlara səbəb olur.

Vulvanın qaşınmasının diaqnostikası

Vulvanın qaşınması zamanı əsas diaqnostik məqsəd onu törədən səbəbi müəyyən etməkdən ibarətdir. Diaqnostikanın ilkin mərhələsində ginekoloq xarici cinsiyyət orqanlarını və aralıq nahiyəsini müayinə edir. Baxış zamanı selikli qişaların rəngi və vəziyyətinin dəyişməsi (qızartı, hiperkeratoz sahələr, sürtülmə və qaşınma nəticəsində yaranan zədələnmələr), kondiloma və digır törəmələr, uşaqlıq dəhlizində ifrazat aşkarlanır. Daha sonra kompleksşəkilli laborator-diaqnostik müayinə təyin olunur. Daha informativ üsullar aşağıdakılardır:

  • Vulvoskopiya. Vulva və aralıq nahiyəsinin kolposkopiya müayinəsi dəri və selikli qişaların lokal iltihabı, displaziya, hiperproliferasiya, atrofiya, maliqnizasiyasını aşkar etməyə imkan verir. Zərurət olduqda müayinə genişlənmiş formada – səthlərin müxtəlif medikamentoz vasitələrlə işlənməsi ilə aparılır.
  • Histoloji müayinə. Vulva toxumalarının lokal dəyişikliyi zamanı bioptat götürülərək, onun histoloji müayinəsi icra olunur. Bu üsul xarici cinsiyyət orqanlarında yaranan dəyişikliklərin xarakterini dəqiq müəyyənləşdirməyə və onkipatologiyaların vaxtında aşkar olunmasına imkan verir.
  • İfrazatın mikroskopiyası və bakterioloji müayinəsi. Mikrobioloji müayinə vasitəsilə infeksion-iltihabi proseslərin törədiciləri, onların antibiotiklərə həssaslığı təyin olunur. Ehtiyac olduqda əlavə olaraq mikrob agentləri və anticisimlərin titri (İFR, İFA,PZR) müəyyən edilir.

Qaşınmanın genital səbəblərini dəqiqləşdirmək üçün vaginal güzgülər, bimanual müayinə, servikoskopiya, histeroskopiya, ginekoloji xəstəliklərin diaqnostikasının digər üsullarından istifadə olunur. Ekstragenital patologiyanın aşkar olunması üçün analiz və müayinələr profilli mütəxəssislər –uroloq, terapevt, qastroenteroloq, dermatoloq, veneroloq, infeksionist, immunoloq, allerqoloq tərəfindən təyin olunur. Vulvanın qaşınmasına səbəb ola biləcək heç bir morfoloji dəyişiklik aşkar olunmadıqda xəstə nevropatoloq və nevroloq müayinəsinə göndərilir. Vulvodiniya, eləcə də vulvar nahiyədə diskomfort hissi ilə müşayiət olunan xəstəliklərlə differensiasiya edilir.

Vulvanın qaşınmasının müalicəsi

Terapevtik taktika pozğunluğun səbəblərini aradan qaldırmağa, onun ifadəliyini azaltmağa və ya tamamilə aradan qaldırmağa yönəldilmişdir.  Etiologiyadan asılı olaraq xəstəyə antibakterial, göbələkəleyhinə, iltihabəleyhinə preparatlar, eubiotiklər, estrogenlər, immunomodulyatorlar, somatik, endokrin, digər ekstragenital patologiyaalrın müalicəsi üçün preparatlar təyin olunur. Qadının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldan intensiv qaşınma zamanı aşağıdakı müalicə üsulları effektivdir:

  • Dezintoksikasion terapiya. Patoloji metabolitlərin aktiv, sürətli cıxarılması məqsədilə damcı üsulu ilə venadaxilinə xüsusi vasitələrin yeridilməsindən ibarətdir. Zərurət olduqda forsirə edilmiş diurez əlavə olunur. Enterosorbentlərin istifadəsi mümkündür.
  • Antihistamin preparatlar. İltihabi, allergik və autoimmun xəstəliklər zamanı əlamətlərin bir hissəsi histaminin təsirindən yaranır. Histamin reseptorlarının medikamentoz blokadası qaşınma və toxumaların şişkinliyini azaltmağa kömək edir.
  • Cinsiyyət sinirinin novokainlə blokadası. Davamlı, əzabverici hisslər zamanı zədələnmə nahiyəsi anestetiklərlə blokada olunur. Bu üsul müvəqqəti təsirli olmasına baxmayaraq, normal yuxunu təmin etmək lazım gəldikdə məhz ondan istifadə olunur.
  • Sedativ vasitələr. Qeyri-müəyyən etiologiyalı və ya emosional pozğunluqlar zamanı birki tırkibli sakitləşdirici preparatlar, trankvilizatorlar və yumşaq antidepressantlardan istifadə olunur. Göstəriş olduqda psixoterapiya aparılır.

Adətən medikamentoz terapiya fizioterapevtik üsullarla müştəərk aparılır. Fizioterapevtik üsullardan lazer terapiyası və kalsium ilə elektrofarez daha effektiv hesab olunur. Xəstələrə yumşaq pH-neytral gigiyenik vasitələrlə vulvar nahiyəyə qulluq, yatıqqanqal, gülümbahar və çobanyastığı dəmləmələri ilə oturaq vannalar, nəmləndirici vasitələrin istifadəsi, pambıqdan hazırlanmış alt paltarların geyinilməsi və onların tez-tez dəyişdirilməsi məsləhət görülür. Pəhrizin korreksiyası qızardılmış, hisə verilmiş məhsullar, konservlər, un məmulatları və qənnadı məhsullarının istisna olunmasından ibarətdir. Adətən konservativ terapiya qaşınmanın tamamilə aradan qalxmasına kömək edir, nadir hallarda ağır gedişli pozğunluqlar zamanı cinsiyyət sinirinin cərrahi rezeksiyası aparılır.

Vulvanın qaşınmasının proqnoz və profilkatikası

Adekvat diaqnostika və terapiya zamanı əksər hallarda vulvanın qaşınması tamamilə aradan qalxır və ya əhəmiyyətli dərəcədə azalır. Vulvar nahiyənin atrofik xəstəlikləri, neoproseslər, psixogen mənşəli pozğunluqlar zamanı uuznmüddətli müalicə tələb olunur.

Profilaktik məqsədlə ekstragenital və ginekoloji xəstəliklərin vaxtında müalicəsi, zərəli vərdişlərdən imtina, xarici cinsiyyət orqanlarına düzgün qulluq, pambıqdan hazırlanmış yumşaq alt paltarlarından istifadə məsləhət görülür. Yuxu və istirahət rejiminə, rasional qidalanma prinsiplərinə əməl edilməli, psixoemosional yüklənmələr və xarici mühitin zərərli amillərinin təsiri istisna olunmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: