Vulvodiniya

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2864

vulvodiniya nədir?Vulvodiniya – vulva nahiyəsində (uşaqlıq yolu girəcəyindən xaricdə yerləşən qadın cinsiyyət orqanlarının kompleksi) xroniki ağrı hissi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Ağrı kəskin, küt və ya qaşındırıcı xarakterə, uzunmüddətli gedişə malik olur, bu da qadının cinsi həyatında problemlərə gətirib çıxarır. Vulvodiniyanın yaranma səbəbini təyin etmək asan deyil, çünki rutin ginekoloji müayinələr (ginekoloji kresloda müayinə, palpasiya, yaxmanın flora və onkositologiyaya görə analizi, USM) əksər hallarda patologiyanı aşkar edə bilmir. Ağrı sindromunun yaranma səbəbindən asılı olaraq, vulvodiniyanın müalicəsi ağrıkəsici, antihistamin, antimikrob, iltihabəleyhinə və antidepressant preparatlarla aparılır. Bəzi hallarda cərrahi əməliyyat tələb olunur.

  • Vulvodiniyanın yaranma səbəbləri
  • Vulvodiniyanın əlamətləri
  • Vulvodiniyanın diaqnostikası
  • Vulvodiniyanın müalicəsi

Vulvodiniya barədə ümumi məlumat

Vulvodiniya  – infeksion proseslər və ya digər xəstəliklər fonunda vulva nahiyəsində diskomfort və ya ağrı hissi ilə müşahidə olunan, uzunmüddətli gedişə malik patoloji vəziyyətdir. «Vulvodiniya» termini göbələk, herpes infeksiyası, allergik reaksiyalar və ya fiziki təsirlərdən vulvada yaranan istənilən xoşagəlməz hissləri özündə birləşdirir. Bəzən vulvodiniyanın səbəbini təyin etmək mümkün olmur, belə vəziyyətlərdə o, idiopatik patologiya kimi qiymətləndirilir və diaqnostika zamanı «istisna hal» qeyd olunur.

Bu pozğunluqdan reproduktiv yaşda olan qadınlar (orta yaş 25-35) əziyyət çəkir. Statistik məlumatlara görə 3 -10% qadınlar həyatlarında ən azı 1 dəfə  vulva və ya uşaqlıq yolu nahiyəsində ağrı hissini – vulvodiniyanın əlamətini hiss ediblər. Bəzən qadınlar bu problemlə həkimə mürəciət etməyə utanırlar. Cinsiyyət orqanları nahiyəsində daimi ağrı hissi cinsi əlaqədən imtina ilə yanaşı, depressiyaya və xəstənin özünü natamam qadın kimi hiss etməsinə səbəb olur.

Vulvodiniyanın spontan və provokasion formaları qeyd edilir. Spontan formada ağrı və diskomfort  hissi sakitlik halında –istirahət, yuxu zamanı müşahidə olunur. Əksər hallarda spontan vulvodiniyaya cinsiyyət sinirinin patologiyası (neyropatiya, nevrit) səbəb olur. Provokasion forma cinsi əlaqə zamanı, uşaqlıq yoluna tampon yeridildikdə, idmanla məşgul olduqda, at sürmə, yerimə, oturaq vəziyyətdə diskomfort hissinin yaranması və ya güclənməsi ilə xarakterizə olunur.

Etioloji amillərə görə vulvodiniya aşağıdakı formalara ayırd edilir: infeksion, distrofik və ya atrofik, psixogen, allergik, xroniki somatik xəstəliklər (maddələr mübadiləsi pozğunluqları, böyrək xəstəlikləri) fonunda yaranan vulvodiniya.

Vulvodiniyanın səbəbləri

Vulvodiniyanın səbəbləriVulvodiniya – özbaşına yaranan və ya sistemli prosesin təzahür formalarından biri olan infeksion və qeyri-infeksion mənşəli bir çox xəstəliklərin əlamətidir. Ağrının səbəbi hissi sinir uclarından gələn impulsların sayının artmasıdır. Adətən vulvodiniyanın əsasında cinsiyyət sinirinin nevriti və ya vestibulit -uşaqlıq yolu dəhlizində yerləşən kiçik vəzilərin iltihabı dayanır. Vestibulitin səbəbi bu günə qədər tam müəyyənləşdirilməmişdir. Xəstəliyin yaranması vaginal kandidoz, genital herpes, papillomavirus infeksiya ilə əlaqəli ola bilər.

Bəzən doğuş, ginekoloji əməliyyatlar (o cümlədən abort), kobud cinsi əlaqə (təcavüz) vulvodiniyanın inkişafına təkan verir.  Bir sıra hallarda cinsi dəlik nahiyəsindəki xroniki ağrı psixogen xarakter daşıyır. Bu fakt onunla sübut olunur ki, vulvodiniyanın əlamətləri  iltihabın əsas mənbəyi sayılan vestibulyar vəzilər çıxarıldıqdan sonra da davam edir («fantom ağrı»). Bunda əlavə, vulvodiniyanın yaranmasında genetik amillərin də rolu vurğulanır.

Vulvodiniyanın əlamətləri

Vulvodiniyanın əlamətləriVulvodiniyanın əsas əlaməti ağrı sayılır. Ağrı kəskin və ya daimi sızıltılı xarakterli olub, sakitlik və ya fiziki aktivlik zamanı yaranır. Əksər hallarda böyük və ya kişik cinsiyyət dodaqları, klitor və ya uşaqlıq yolu girəcəyi nahiyəsində lokalizasiya olur. Bəzən xəstə aralıq, anus nahiyəsində ağrıların olmasını qeyd edir.

Vulvodiniyanın xarakterik əlaməti çoxsaylı vəzilərin yerləşdiyi vulvar həlqə nahiyəsinə toxunma zamanı diskomfort hissinin yaranması və ya güclənməsi sayılır. Bəzi hallarda hətta pambıqla yüngül toxunma böyük narahatlıqlara səbəb olur. Vulvodiniya hər zaman uşaqlıq yolunda hiperemiya, istilik hissi, qaşınma və quruluqla müşayiət olunmur, lakin çox hallarda bezdirici qaşınma ağrının ekvivalenti ola bilər. Ağrı xroniki olur, müalicə aparılmadıqda 6 aydan  çox davam edir.

Vulvodiniyanın diaqnostikası

İlk növbədə qadına xəstəliklə bağlı hərtərəfli suallar verilir, ağrının xarakterı, davametmə müddəti, onunla cinsi əlaqə və ya hərəki aktivliklə əlaqəsi araşdırılır. Aybaşının xüsusiyyətləri (müntəzəmliyi, ağrılı olması) müəyyən edilir. Hamiləlik, doğuşların sayı, ginekoloji, ümumi somatik və allergik xəstəliklərin olması dəqiqləşdirilir.

Anamnezdən sonra ginekoloq xüsusi güzgülər vasitəsilə xəstəni müayinə edir. Uşaqlıq boynu və arxa tağ nahiyəsindən infeksiyanın törədicisinin təyini və sitoloji analizin aparılması məqsədilə yaxmanın götürülməsi vacib mərhələ hesab olunur. Vulvodiniya zamanı göstərişlərə əsasən İPV və herpes virusuna görə PZR-analiz, kişik çanağın USM, endokrinoloq və terapevtin konsultasiyası təyin olunur. Müayinə zamanı üzvü patologiya aşkar edilmədikdə xəstə nevroloq və ya psixiatra yönəldilir.

Vulvodiniyanın müalicəsi

Müalicə müddətində cinsi əlaqədən və uşaqlıq yolunun mikrotravmalarına səbəb olan hallardan (tamponların yeridilməsi, aktiv idman) uzaq durmaq tövsiyə olunur. Müəyyən olunmuşdur ki, qıda rasionundan kalsium oksalatla zəngin məhsulların (şokolad, kərəvəz, çiyələk, ravənd) çıxarılması vulvadiniyanın zəifləməsinə səbəb olur. Sidikdə kalsium oksalatın artması uşaqlıq yolu və vulvanın selikli qişasının qıcıqlanmasının, vulvodiniyanın əlamətlərinin – ağrı və diskomfort hissinin yaranmasının əsas səbəblərindən sayılır. Ağrı kəskin olmadıqda kiçik çanağın zəif əzələlərini möhkəmləndirən, əzələ spazmını zəiflədən xüsusi gimnastika (məsələn, Kegel hərəkətləri) məsləhət görülür. Çox hallarda fizioterapiya, balneoterapiya, oturaq vannalar yaxşı ağrəkəsici effekt verir.

Vulvodiniyanı müalicə etmək üçün onun yaranma səbəbini təyin etmək lazımdır. İltihabi proses antibiotik və göbələk əleyhinə preparatlarla aradan qaldırılır. Adətən dərmanlar vaginal şamlar və həblər şəklində (tetranidazol, nistatin, neomisin, osarsol, natamisin) yerli tətbiq olunur. Xəstəliyin gecimiş formalarında və ya dərmanların intravaginal istifadəsi mümkün olmadıqda peroral və ya venadaxili təyinat aparılır. Herpes və ya papillomavirus infeksiyalarında virus əleyhinə preparatlardan (asiklovir, inozin pranobeks, interferon preparatları) istifadə olunur. Uşaqlıq yolu selikli qişasının distrofik və atrofik proseslərində epitel qatın regenerasiyasını stimulə edən vaginal krem və şamlar təyin olunur. Vulvodiniya klimakterik dövrdə qadın cinsi hormonlarının çatışmazlığı nəticəsində yarandıqda hormonal terapiya aparılır.

Uşaqlıq yolunda allergiya mənşəli qaşınma və ağrı hissi zamanı antihistamin vasitələr (xlorpiramin, klemastin, setirizin) qəbul edilir. Eləcə də allergeni aşkar etmək və aradan qaldırmaq tələb olunur.  Bu məqsədlə allerqoloq konsultasiyası və dəri sınaqları aparılır. Ağır böyrək çatışmazlığı və ya qanda şəkərin səviyyəsinin destabilizasiyası vaginal qaşınma və vulvodiniyaya səbəb ola bilir. Belə hallarda nefroloq və ya endokrinoloq müayinəsi vacibdir. Psixogen xarakterli ağrılar zamanı vulvodiniyanın müalicəsi psixiatrla birgə aparılır. Mütəxəssis antidepressant (amitriptilin, hidroksizin, dezipramin) təyin etməklə yanaşı həm də psixoterapiya kursları icra edir.

Vulvodiniyanın istənilən mənşəli formalarında iltihabəleyhinə və ağrıkəsici preparatlardan (diklofenak, indometasin, naproksen), həmçinin orqanizmin müdafiə gücünü aktivləşdirən immunotrop dərmanlar,  polivitaminlər, bitki tərkibli sedativ vasitələrdən istifadə olunur. Vulvodiniya zamanı aparılan bütün müalicəvi tədbirlərin qeyri-effektivliyi və kəskin ağrılı sahələr zamanı cərrahi müalicə tətbiq edilir. Cərrah uşaqlıq yolunun iltihablaşmış vəzilərini və ya dəri və selikli qişanın yüksək həssas sahələrini xaric edir. Bəzi hallarda, xüsusən də iltihabəleyhinə vasitələr və antidepressantların paralel qəbulu zamanı cərrahi müalicə yaxşı nəticələr verir.

Vulvodiniyanın proqnoz və profilaktikası

Vulvodiniya – bir çox xəstəliklərin xoşagəlməz əlamətidir; özlüyündə təhlükəli sayılmır, lakin qadının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir və müalicəyə çətin tabe olur. Vulvodiniyanın qarşısını almaq üçün qadın cinsi partnyorun seçiminə ciddi yanaşmalı, kontrasepsiyanın baryer üsullarından (prezervativ) istifadə etməli, müntəzəm olaraq (hər 6 aydan bir) ginekoloq müayinəsindən  keçməli, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Təbii hiqroskopik parçadan (pambıq, viskoz, ipək) hazırlanmış alt paltarı geyinmək, şəxsi gigiyena məqsədilə hipoallergen vasitələrdən istifadə etmək, qanda şəkərin miqdarını nəzarətdə saxlamaq, xroniki xəstəlikləri vaxtında müalicə etmək, soyuqlama halları və stressi məhdudlaşdırmaq tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: