Yəhərəbənzər uşaqlıq
Yəhərəbənzər uşaqlıq – uşaqlıq dibinin yəhərəbənzər şəkildə bölünməsi ilə müşahidə olunan inkişaf qüsurudur, ikibuynuzlu uşaqlığın bir növüdür. Uşaqlıq dibinin iki buynuza bölünmə dərəcəsi müxtəlif olur, lakin bütün hallarda uşaqlığın forması yəhəri xatırladır. Yəhərəbənzər uşaqlıq simptomsuz gedə və ya düşük, vaxtından əvvəl doğuş, doğuş fəaliyyyətinin zəifliyi və diskoordinasiyası, doğuşdan sonrakı qanaxmalarla təzahür edə bilər. Əksər hallarda digər inkişaf qüsurları ilə müştərək şəkildə rast gəliinir. Yəhərəbənzər uşaqlıq adətən USM, histeroskopiya, NMRT prosesində təsadüfən aşkarlanır. Hamiləliyin pozulması halları onun cərrahi korreksiyasına göstəriş sayılır.
- Yəhərəbənzər uşaqlığın formalaşmasının səbəbləri
- Yəhərəbənzər uşaqlığın əlamətləri
- Yəhərəbənzər uşaqlığın diaqnostikası
- Yəhərəbənzər uşaqlığın müalicəsi
Yəhərəbənzər uşaqlıq barədə ümumi məlumat
Yəhərəbənzər uşaqlıq ikibuynuzlu uşaqlığın ən çox rast gəlinən formasıdır. Bu zaman orqanın dib hissəsinin xarici səthində yəhər şəklində dərin olmayan çökəklik əmələ gəlir. Uşaqlığın inkişaf anomaliyalarının ümumi sayının təxminən 23%-i yəhərəbənzər uşaqlığın payına düşür. Uşaqlığın dibinin 2 buynuza bölünmə dərəcəsi müxtəlif olur: köndələn ölçünün genişlənməsi, dib hissənin qalınlaşması, dibin zəif formada 2 buynuza ayrılması. Bütün hallarda uşaqlıq kəsikdə yəhəri xatırladır.
Yəhərəbənzər uşaqlıq çox zaman sidik-ifrazat sisteminin anomaliyaları, uşaqlıqdaxili arakəsmə, dar çanaqla birgə inkişaf edir. Bu səbəbdən yəhərəbənzər uşaqlığın olması birincili sonsuzluq, hamiləliyin müxtəlif patologiyaları, doğuş travması, doğuşdan sonrakı ağırlaşmalar, dölün bətndaxili ölümü ilə müşayiət oluna bilər.
Yəhərəbənzər uşaqlığın səbəbləri
Uşaqlığın yəhərəbənzər deformasıyası embriogenezin 10-14-cü həftələrində mezonefral axacaqların bitişmə prosesində baş verir. Enbronal inkişaf mərhələsində uşaqlıq boşluğu əvvəlcə orta sagital arakəsmə ilə bölünmüş 2 ədəd uşaqlıq-uşaqlıq yolu boşluğundan ibarət olur. Doğuş anına yaxın arakəsmə tədricən sorulur, uşaqlıq 1 boşluqlu, normal, armudabənzər forma alır. Uşaqlığın formalaşma proseslərinin başa çatmadığı hallarda uşaqlıq dibi nahiyəsində çökəklik saxlanılır, bu da anadangəlmə qüsur- yəhərəbənzər uşaqlığa gətirib çıxarır. Dibin buynuzlara bölünməsindən əlavə yəhərəbənzər uşaqlıq zamanı həmişə köndələn ölçünün genişlənməsi qeydə alınır.
Disembriogenezin və yəhərəbənzər uşaqlığın formalaşmasına hestasiya dövründə orqanların düzgün formalaşmasını pozan müxtəlif zədələyici amillər: ananın intoksikasiyası (alkoqol, nikotin, narkotik, dərman, kimyəvi), avitaminoz, stresslər, endokrinopatiyalar (tireotoksikoz, şəkərli diabet), ürək qüsurları səbəb ola bilər. Həmçinin hamilə qadının infeksion xəstəlikləri – məxmərək, qrip, qızılca, sifilis, toksoplazmoz və s. orqanogenezə neqativ təsir göstərir. Yəhərəbənzər uşaqlıq toksikoz, dölün xroniki hipoksiyası fonunda inkişaf edə bilər.
Yəhərəbənzər uşaqlığın əlamətləri
Uşaqlıq dibinin cüzi yəhərəbənzər deformasiyası hamiləliyin baş tutmasına mane olmur, hamiləlik və doğuş prosesini ağırlaşdırmır. Daha ifadəli dəyişikliklər zamanı spontan düşük, ciftin patologiyası (kənar və ya aşağıda yerləşməsi, cift gəlişi, vaxtından əvvəl ayrılması), dölün köndələn vəziyyəti, çanaq gəlişi, vaxtından əvvəl doğuş təhlükəsi yarana bilər.
Doğuş prosesində yəhərəbənzər uşaqlıq anomal doğuş fəaliyyətinin (zəifliyi və ya diskoordinasiyası) inkişaf amili ola bilər. Çox zaman yəhərəbənzər uşaqlıq Qeysəriyyə əməliyyatına göstəriş sayılır. Uşaqlığın anatomik və funksional pozğunluğu doğuşdan sonrakı qanaxmalara gətirib çıxara bilər. Hamiləlik dövrü düzgün aparılmadıqda perinatal ölüm riski yüksəlir. Uşaqlıq dibinin ifadəli deformasiyası hallarında birincili sonsuzluq müşahidə edilə bilər.
Yəhərəbənzər uşaqlığın diaqnostikası
Yəhərəbənzər uşaqlığın diaqnostikasında instrumental müayinələr- USM, USHSS, histeroskopiya, histerosalpinqoqrafiya, maqnit-rezonans tomoqrafiya həlledici rol oynayır. Belə vəziyyətlərdə standart ginekoloji müayinə qeyri-informativ sayılır.
Kiçik çanağın exoqrafiyası (USM) prosesində yəhərəbənzər uşaqlıq hər zaman aşkar edilmir. Cüzi deformasiyalarda köndələn skanlama zamanı uşaqlıq dibinin eninin 68mm-ə qədər genişlənməsini, dib hissənin divarlarının miometriumunun 10-14mm-ə qədər qalınlaşması, onun orqanın boşluğuna qabarması izlənilir. Yəhərəbənzər uşaqlığı müəyyən etmək üçün USM aybaşı siklinin II fazasında endometrium kifayət qədər qalın olduqda vaginal ötürücü ilə icra olunması məsləhət görülür.
Yəhərəbənzər uşaqlığın xarakterik əlamətləri histerosalpinqoqrafiya prosesində daha dəqiq təyin edilir: rentgenoqramda fallopiya borularının 2 dəliyi, dib nahiyəsində uşaqlıq boşluğuna nüfuz edən yəhər şəklində çökəklik aydın təsvir olunur. Analoji əlamətlər NMRT zamanı aşkarlanır. Uşaqlıq boşluğunun birbaşa vizual müayinəsi üçün histeroskopiyadan istifadə olunur. Yəhərəbənzər uşaqlığı olan pasiyentlərin hamiləliyinin aparılma prosesində uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyasının monitorinqi, kardiotokoqrafiya, dölün fonokardioqrafiyası icra olunur.
Yəhərəbənzər uşaqlığın müalicəsi
Yəhərəbənzər uşaqlıq zamanı cərrahi taktika yalnız mayalanmanın mümkün olmadığı (digər səbəblər qeyd edilmədikdə) və ya təkrar düşüklərin rast gəlindiyi hallarda tətbiq olunur. Uşaqlıq boşluğunun rekonstruksiyası adətən histeroskopiya vasitəsilə heç bir kəsik aparılmadan vaginal yolla həyata keçirilir. Qüsur bərpa olunduqdan sonra hamiləliyin normal gedişinin ehtimalı 10 dəfələrlə yüksəlir.
Yəhərəbənzər uşaqlığı olan pasiyentlər hamiləliyin erkən mərhələlərindən mama-ginekoloqun müşahidəsi altında olmalı, həkimin bütün təyinatlarına əməl etməli, cüzi pozğunluqlar baş verdikdə ginekoloji stasionara hospitalizasiya olunmalıdır. Hamiləliyin gedişi ağırlaşdıqda yataq rejimi, spazmolitik vasitələr, bitki tərkibli sedativ vasitələr, gestagenlər, dana qanının deproteinləşdirilmiş hemoderivatı, essensial fosfolipidlər təyin edilir. Doğuş taktikası əvvəlcədən seçilir.