Yumurtalıqların iltihabı (ooforit)

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 19541

yumurtalıqların iltihabi (ooforit) nədən olur?Yumurtalıqların iltihabı (ooforit) – cüt qadın cinsiyyət vəzilərinin iltihabi prosesidir. Bir və ya ikitərəfli ola bilər. Əksər hallarda kəskin və ya xroniki formada uşaqlıq borularının iltihabi ilə müştərək şəkildə inkişaf edir. Kəskin iltihab zamanı qarnın aşağı hissəsində ifadəli ağrı, qızdırma, leykorreya qeyd olunur. Xroniki forma üçün ağrı sindromu və aybaşı pozğunluqları (metrorragiya) xarakterikdir. Yumurtalıqdan irinin toplanması pelvioperitonitə, uzaq proqnozda isə yumurtalıqların funksiyasının pozulması nəticəsində ikincili sonsuzluq təhlükəsinə gətirib çıxara bilər. Diaqnoz ginekoloji müayinə, USM, histerosalpinqoskopiya, bakterioloji müayinələrın nəticələrinə əsasən qoyulur. Göstərişlərə əsasən diaqnostik laparoskopiya icra edilir.

  • Yumurtalıqların iltihabının əlamətləri
  • Yumurtalıqların iltihabının diaqnostikası
  • Yumurtalıqların iltihabının müalicəsi

Ooforit. Yumurtalıqların iltihabı barədə ümumi məlumat

Yumurtalıqların iltihabının müalicəsiOoforit qadının reproduktiv sistemi üçün təhlükəli xəstəlik sayılır. Ooforit (oophoron – yumurtalıq) – cüt qadın cinsiyyət vəziləri-yumurtalıqların iltihabıdır. Patologiya çox zaman fallop (uşaqlıq) borularının iltihabı – salpingitlə müşayiət olunur. Bir (yumurtalığın bir tərəfli iltihabı) və ya eyni zamanda hər 2 yumurtalıq (yumurtalıqların ikitərəfli iltihabı) zədələnə bilər. Adətən iltihabı proses uşaqlıq artımları (uşaqlıq boruları və yumurtalıqlar) üçün ümumi hesab olunur və salpinqooforit və yaxud adneksit (adnexa – artımlar) adlanır.

Yumurtalıqların iltihabı spesifik və qeyri-spesifik olur. Spesifik ooforitə qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz, vərəmin törədiciləri səbəb olur. Qeyri-spesifik ooforot isə şərti-patogen mikroflora (bağırsaq çöpü, stafilokokk, kandida, streptokokk və s.) tərəfindən törədilir. Soyuqlama, aybaşı, doğuş, hamiləliyin cərrahi yolla pozulması, UDS-in istifadəsi, cinsiyyət orqanlarında aparılan diaqnostik və cərrahi manipulyasiyalar yumurtalıqların iltihabına və onun kəskinləşməsinə təkan verə bilər. Çox zaman yumurtalıqların iltihabı servikal kanal, uşaqlıq, fallop borularından infeksiyanın qalxan yolla yayılması nəticəsində ikincili proses kimi inkişaf edir. Az hallarda (məsələn, vərəm zamanı) yumurtalıqların iltihabının törədiciləri qan və limfa vasitəsilə cinsiyyət vəzilərinə daxil olur. Yumurtalıqların iltihabı zamanı infeksion proses uşaqlıq boşluğundan tədricən fallop borularına: əvvəlcə selikli qişa, sonra isə əzələ və seroz qatlara yayılır. Uşaqlıq borusu qalınlaşır, uzanır, iltihab irinin ifrazına və onun daxilində bitişmələrin yarınmasına gətirib çıxarır. Sonra iltihabi prosesə yumurtalıqlar qoşulur, uşaqlıq borularındakı irinin təsirindən onların toxumaları əriyir. İltihablaşmış, dəyişilmiş uşaqlıq boruları və yumurtalıqların birləşməsi baş verir, bu səbəbdən ooforit və salpingitin simptomatikası ayrı-ayrılıqda qeyd olunmur. Bəzən yumurtalıqların iltihabı zamanı patoloji dəyişikliklər onları əhatə edən peritona yayılır (periadneksit). İltihabi eksudat şəffaf olub, uşaqlıq borusunda hidrosalpinksə səbəb ola bilər. Bir sıra hallarda isə eksudat irinli xarakter daşıyır (piosalpinks), yumurtalıqda irinin toplanması nəticəsində piovar inkişaf edir. Sonralar infeksion proses daha da yayılaraq, yumurtalıq hüdudlarından kənara çıxır, pelvioperitonit yaranır.

Ooforit. Yumurtalıqların iltihabının əlamətləri

Yumurtalıqların iltihabı gedişinə görə 3 formaya bölünür: kəskin, yarımkəskin və xroniki.

Kəskin forma aşağıdakı əlamətlərlə xarakterizə olunur:

  • Qarnın aşağısında daimi xarakterli, bir və ya iki tərəfli, güclü ağrılar. Ağrı bel və oma nahiyəsinə irradiasiya edir;
  • Sidik ifrazının tezləşməsi, kəsici ağrılarla müşayiət olunması;
  • Bəzən cinsi yollardan axan gur irinli və seroz ifrazat;
  • Hərarətin yüksəlməsi, ümumi halsızlıq;
  • Cinsi əlaqə zamanı kəskin ağrı;
  • Aybaşıarası qanaxmalar.

Ginekoloji müayinədə yumurtalıqların böyüməsi və çox ağrılı olması müəyyən edilir. Yumurtalıqların kəskin iltihabı zamanı hospitalizasiya və müalicənin stasionar şəraitdə aparılması tələb olunur.  Yarımkəskin forma nadir hallarda, adətən vərəm və ya mikoz infeksiyalarda müşahidə edilir. Yumurtalıqların kəskin iltihabı vaxtında və düzgün müalicə olunduqda tam sağalma ilə nəticələnir.  Müalicə axıra kimi aparılmadıqda iltihabi proses kəskinləşmələrlə gedən xroniki formaya keçir.

Yumurtalıqların xroniki iltihabının kəskinləşmə dövrlərinin xarakterik əlamətləri:

  • Uşaqlıq yolu, qarnın aşağı hissəsi, qasıq nahiyəsində küt, sızıltılı ağrılar. Ağrı aybaşıdan sonra və ya soyuqdəymə xəstəlikləri fonunda güclənir;
  • Aybaşı siklinin pozğunluqları, yumurtalqıların fəaliyyətinin pozulması;
  • Az miqdarda, lakin daimi ifrazat (leykorreya);
  • Seksual funksiyanın pozulması (cinsi istəyin azalması, ağrılı cinsi əlaqə);
  • Müntəzəm cinsi əlaqənın olmasına baxmayaraq hamiləliyin baş tutmaması.

Palpasiya zamanı yumurtalıqların ölçülərinin böyüməsi və həssaslığı qeyd olunur. Bir qayda olaraq, yumurtalıqların xroniki iltihabı qadının sinir-psixi vəziyyətinin dəyişiklikləri: əsəbilik, yuxu pozğunluğu, əmək qabiliyyətinin azalması və tez yorulma ilə müşayiət edilir.

Xroniki ooforit kəskin mərhələ olmadan da inkişaf edə bilir. Bəzi CYKİ (məsələn, qonoreya) əksər hallarda qadınlarda simptomsuz gedir və onun yumurtalıqlarda törətdiyi iltihab gizli gedişə malik olaraq, tez bir zamanda xroniki forma ilə əvəzlənir. Yumurtalıqların uzunmüddətli iltihabı uşaqlıq borularının keçməməzliyinə, yumurtalıqlar ətrafında bitişmələr yaranmasına, ikincili funksional sonsuzluğa səbəb olur.

Yumurtalıqların iltihabından sonra inkişaf edən ağırlaşmalar qadının reproduktiv funksiyası üçün təhlükə daşıyır: aybaşı siklinin və yumurtalıqların funksiyasının pozulması, bitişmə prosesləri və uşaqlıq borularının keçməməzliyi, uşaqlıqdan kənar hamiləlik, özbaşına (spontan) düşüklər, sonsuzluq, cinsi funksiyanın pozulması, digər orqanlarda iltihabi proseslər (pielonefrit, sistit, kolit).

Ooforit. Yumurtalıqların iltihabının diaqnostikası

Yumurtalıqların iltihabının əlamətləriYumurtalıqların iltihabı spesifik əlamətlərə malik deyil. Kəskin formasının simptomları müxtəlif xəstəliklər: appendisit, uşaqlıqdan kənar hamiləlik, endometrioz, yumurtalığın kistasıkistoması, peritonit və s. zamanı kəskin qarın sindromu ilə oxşardır. Bununla əlaqədar çox zaman ooforitin diaqnostikası çətinliklər törədir.

Dəqiq diaqnozun qoyulması üçün aşağıdakı üsullardan istifadə olunur:

  • Ginekoloji anamnezin (qadının keçirdiyi uşaqlıq artımlarının iltihabi xəstəlikləri, CYKİ, abortlar, doğuş ağırlaşmaları, uşaqlıqdaxili diaqnostik prosedurların olması) və hazırkı xəstəliyin anamnezinin toplanması (ağrıların xarakteri və lokalizasiyası, ifrazatın olması, ümumi vəziyyət);
  • Laborator analizlər (yumurtalıqların iltihabı zamanı qan və sidiyin ümumi analizində, uşaqlıq yolu və sidik kanalından götürülmuş yaxmada leykositlərin səviyyəsinin artması qeyd olunur);
  • Ginekoloji müayinə (yumurtalıqların iltihabi prosesində onların ölçülərinin böyüməsi və ağrılı olması, uşaqlıq artımlarının hərəkətliliyinin pozulması izlənilir);
  • Kiçik çanaq orqanlarının USM-diaqnostikası;
  • Bakterioloji müayinə, PZR-diaqnostika, İFA, İFR (iltihabın törədiciləri, gizli infeksiyalar aşkarlanır). Spesifik (qonoreya və ya vərəm mənşəli) iltihaba şübhə yarandıqda əlavə müayinələrdən istifadə olunur;
  • Histerosalpinqoskopiya (yumurtalıqların xroniki iltihabı zamanı  uşaqlıq borularında kobud anatomik dəyişiklikləri müəyyən edir);
  • Laparoskopiya – yumurtalıqların iltihabının ən informativ üsulu hesab olunur, uşaqlığı, fallop borularını, yumurtalıqları birbaşa izləməyə, diaqnozu differensiasiya etməyə imkan verir. Uzunmüddətli sonsuzluq, qarnın aşağı hissəsində qeyri-müəyyən genezli, kompleks müalicəyə tabe olmayan xroniki ağrılar laparoskopiyaya göstəriş sayılır. Yumurtalıqların xroniki iltihabı zamanı laporoskopiyada uşaqlıq borularının keçiriciliyinin pozulması, onların infeksiyalaşması, fallop boruları və yumurtalıqlarda törəmələr (piosalpinks, piovar), kiçik çanaqda bitişmələr aşkarlanır. Kiçik çanaq orqanlarında baş verən dəyişikliklərin ağırlıq dərəcəsi yumurtalıqların xroniki iltihabının müddətindən və residivlərin tezliyindən asılıdır.

Ooforit. Yumurtalıqların iltihabının müalicəsi

Yumurtalıqların iltihabının müalicəsinə tam differensial diaqnostikadan sonra başlamaq lazımdır. Müalicə sxemi xəstəliyin gedişinin mərhələlərindən (kəskin, yarımkəskin, xroniki), etioloji amillərdən və əlamətlərin xarakterindən asılıdır.

Yumurtalıqların kəskin iltihabının müalicəsi stasionarda aparılır: yataq rejimi təyij olunur, ilk günlərdə qarnın aşağı nahiyəsinə soyuq kompress qoyulur, ağrıkəsici və desensibilizəedici preparatlar, antibiotiklər, sulfanilamidlər, kalsium-xlorid, ümumi möhkəmləndirici vasitələr tətbiq edilir. Yarımkəskin mərhələdə ehtiyatla fizioterapevtik prosedurlar əlavə olunur. Yumurtalıqların xroniki iltihabında fizioterapiya və balneoterapiya göstəriş sayılır.

Xroniki və gecikmiş formaları müalicəyə çətin tabe olaraq, cərrahi müdaxilələr (ooforektomiya, adneksektomiya) tələb edən ağırlaşmalara gətirib çıxara bilər. Yumurtalıqların iltihabının diaqnozu təsdiqləndikdən və torədicinin növü təyin olunduqdan sonra individual müalicə kursu təyin olunur. Bir qayda olaraq medikamentoz terapiya qeyri-medikamentoz müalicə ilə tamamlanır. Son zamanlar yumurtalıqların iltihabının müalicəsində tətbiq olunan qeyri-medikamentoz terapiyaya maraq artmışdır, bu zaman antibiotiklərin istifadəsi məhdudlaşdırılır.

Antibiotiklər bakterioloji əkilmədə aşkarlanan törədici və onun həmin preparata qarşı həssaslığı nəzərə alınmaqla seçilir. Yumurtalqıların xroniki iltihabı zamanı antibakterial preparatların tətbiqi aşağıdakı hallarda öz təsdiqini tapmışdır:

  • yumurtalıqların xroniki iltihabının residivləri (əgər iltihabı prosesin güclənməsi klinik əlamətlərlə aydın ifadə olunursa);
  • kəskin və ya yarımkəskin mərhələdə antibiotiklərlə, eləcə də sulfanilamidlərlə müalicə aparılmadıqda;
  • fiziomüalicə və ümumi möhkəmləndirici terapiya prosesində yumurtalıqların xroniki iltihabının kəskinləşməsi baş verdikdə.

Yumurtalıqların xroniki iltihabının müalicəsinın məqsədi iltihabəleyhinə, antimikrob təsirin, ağrısızlaşdırmanın təmini, orqanizmin immun reaktivliyinin artırılması, cinsi orqanların funksional pozğunluqlarının, eləcə də bu fonda yaranan orqanizmin hormonal, sinir, damar sistemlərinin dəyişikliklərinin bərpasından ibarətdir.

Yumurtaqlıqların iltihabı zamanı adətən bitişmələrin yaranması və gələcəkdə uşaqlıq borularının keçməməzliyi riskini azaltmaq məqsədilə güclü təsirli antibiotikoterapiyaya fizioterapevtik prosedurlar (maqnitoterapiya, elektrofarez, lazeroterapiya) əlavə olunur. Həmçinin palçıqla müalicə, hirudoterapiya və ginekoloji massaj məsləhət görülür. Yumurtalığın iltihabı zamanı ağrısızlaşdırıcı üsullar (refleksoterapiya, fiziomüalicə) ağrı hissiyyatını azaldır və ya tamamilə aradan qaldırır. Xroniki iltihabın kəskinləşməsi zamanı orqanizmin müdafiə qüvvəsini gücləndirən immunomoduləedici preparatlar tətbiq edilir.

Xalq təbabətində yumurtalığın iltihabının müxtəlif müalicə üsulları (xüsusən, otlarla müalicə) mövcuddur, bu metodlar həm profilaktik məqsədlə, həm də əsas müalicəyə əlavə edilməklə istifadə olunur. Yumurtalıqların iltihabının müalicəsi uzunmüddətli ola bilər, lakin onun axıra çatdırılması şərtdir. CYKİ aşkar olunduqda prostatit, sonsuzluğun inkişafının qarşısını almaq məqsədilə eyni zamanda cinsi partnyor da müalicə olunmalıdır. Müalicə zamanı cinsi əlaqənin istisna edilməsi tövsiyyə edilir.

Yumurtalıqların iltihabının profilaktikası cox vacibdir. Qadınlar stress, yorğunluq, soyuqdəymədən qorunmalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Profilaktik olaraq ildə ən azı 2 dəfə ginekoloq müayinəsindən keçmək lazımdır. Sağlam həyat tərzi, düzgün qidalanma, təsadüfi cinsi əlaqələrdən, abortlardan imtina yumurtalıqların iltihabı və onun ağırlaşmalarının qarşısını almağa kömək edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: