Asiya tipli göz yarıqları

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1985

asiya tipli göz yarıqlarının korreksiyasıAsiya tipli göz yarıqları – dar göz yarıqları, epikantus – gözlərin daxili bucaqlarında dəri büküşü, yuxarı göz qapağının subraorbital büküşünün hamarlılığı və ya ümumiyyətlə olmaması ilə səciyyələnən monqoloid tipli gözlərin xüsusiyyətidir. Avropa tipindən fərqli olaraq, asiya tipli göz yarıqları üçün kiçik göz yuvası, qalın göz qapaqları, orbital piyin artıq miqdarda olması və qaşların daha yuxarıda yerləşməsi xarakterikdir. Asiya tipli göz yarıqlarının tipik xüsusiyyətləri autosom-dominant tip üzrə irsən ötürülən genetik determinə olunmuş cizgilərdir.

Monqoloid (asiya) tipli göz yarıqlarına yapon, koreya, çin, vyetnam, uyqur, qazax və digər şərq ölkələrinin nümayəndələrində rast gəlinir.  Asiya tipli göz yarıqlarının ilkin korreksiya cəhdləri XVII əsrin sonlarına təsadüf edir. Bu prosedurlar əhali arasında «sanqapuri» adlanırdı, onlar ev şəraitində qeyri-peşəkar təbib tərəfindən göz qapağının yumşaq toxumalarının adətən 3 nahiyədə tikilməsi ilə aparılırdı. Anatomik və fizioloji xüsusiyyətlər barədə anlayışın olmaması, aseptik və antiseptika qaydalarına riayət edilməməsi, toxumaların kobud tərzdə zədələnməsi qeyri-estetik və qısa müddətli nəticələrə gətirib çıxarırdı.

Asiya tipli göz yarıqlarının cərrahi üsulla korreksiyası ilk dəfə yaponiyalı cərrah Mikamo tərəfindən təklif olunmuşdur. Belə əməliyyatlar II dünya müharibəsindən sonra Asiya ölkələrindən böyük axınla əlaqədar geniş şəkildə tətbiq olunmağa başladı. O vaxtdan etibarən asiya tipli göz yarıqlarının korreksiyası nəinki qadınlar, həm də kişilər arasında məşhurdur.

Asiya tipli göz yarıqlarının korreksiya üsulları

Monqoloid gözlər məhz supraorbital büküşün olmaması və epikantus nəticəsində formalaşdığından asiya tipli göz yarıqlarının korreksiyası yuxarı göz qapağında büküşün yaradılması və göz bucaqlarında dəri büküşlərinin aradan qaldırılmasına yönəldilir. İkiqat supraorbital büküşün olmaması yuxarı göz qapağını qaldıran əzələnin aponevrozunu bu sahənin dərisi ilə birləşdirən birləşdirici toxuma liflərinin olmaması ilə bağlıdır. Bununla əlaqədar asiya tipli göz yarıqlarının cərrahi korreksiyasının əsas məqsədi aponevrozla dəri arasında çapıq yaratmaqla çatışmayan büküşün formalaşdırılmasından ibarətdir.

Şərq (asiya və ya oriental) tipli göz yarıqlarının korreksiya üsullarından biri blefaroplastikadır. Əməliyyat prosesində yuxarı göz qapağında büküş yaradılır, epikantus aradan qaldırılır (epikantoplastika) və monqoloid gözlərin digər xüsusiyyətlərinin korreksiyası aparılır. Asiya tipli göz yarıqlarının dəyişdirilməsi üzrə əməliyyatlar dünyada çox məşhurdur. Yaponiyada hər il 250 000 insan üzərində bu tip korreksiyalar icra olunur. Əməliyyat nəticəsində göz yarıqlarının böyüməsi ilə yanaşı həm də görmə sahəsi də genişlənir, kirpiklər yuxarıya doğru istiqamətlənir, bu da gözləri vizual olaraq, cavan və cəlbedici göstərir.

Hazırda asiya tipli gözlərin korreksiyasında oriental blefaroplastikanın 2 əsas üsulundan  istifadə olunur: kəsiksiz və kəsiklə.

Yuxarı göz qapağının dərisi nazik və onun üzərində zəif nəzərə çarpan büküş olduqda blefaroplastika kəsik aparılmadan (tikiş üsulu) icra edilir. Digər hallarda açıq (kəsiklərlə) üsul həyata keçirilir.

Plastik cərrahların əksəriyyəti açıq üsulu daha etibarlı hesab etdiyindən ona üstünlük verirlər. Yerli anesteziya altında yuxarı göz qapağında büküşün tipik yerləşmə sahəsində nöqtəvi kəsiklərlə nazik dəri zolağı, eləcə də dərialtı piy və əzələ qatı xaric edilir. Yara sahəsinə nazik dəridaxili tikiş qoyulur. Cərrahi müdaxilənin həcmindən asılı olaraq, əməliyyat 30 dəqiqədən 2 saata qədər davam edir

Əməliyyatdan sonra göz qapaqlarına 2-4 saat müddətində aseptik sarğı qoyulur. Postoperasion dövrdə ağrı hissiyyatı mülayim olur, analgetiklərin qəbuluna adətən ehtiyac yaranmır. Tikişlər əməliyyatın 3-5-ci günündə sökülür. Hematoma və ödemlər 7-10 gündən sonra sorulur.

Əməliyyat adekvat şəkildə aparıldıqda estetik nəticə adətən ömrün sonuna qədər qalır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: