Tubulyar süd vəzisi

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2619

tubulyar süd vəzisinin korreksiyasıTubulyar süd vəzisi – süd vəzilərinin sahəsinin kiçilməsi, toxumaların çatışmazlığı, alveolyar yırtıq və ptozla xarakterizə edilən inkişaf anomaliyasıdır. Sadalanan pozğunluqlar nəticəsində süd vəzisi «boruşəkilli» forma və qeyri-estetik görünüş alır. Patologiya adətən ikitərəfli olur. Diaqnoz obyektiv müayinənin nəticələrinə əsasən qoyulur. Əməliyyatönü mərhələdə əlavə üsullar qismində mammoqrafiyadan istifadə olunur. Tubulyar süd vəzisini korreksiya etmək üçün rekonstruktiv plastik əməliyyatlar – endoprotezlənmə tətbiq olunur.

  • Tubulyar süd vəzisinin səbəbləri
  • Tubulyar süd vəzisinin patogenezi
  • Təsnifat
  • Tubulyar süd vəzisinin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Tubulyar süd vəzisinin korreksiyası
  • Proqnoz

Tubulyar süd vəzisi barədə ümumi məlumat

Tubulyar süd vəzisinin (latınca «tuba» – boru) yayılma tezliyi barədə dəqiq məlumatlar yoxdur, bu da ifadəli simptomatikanın olmaması səbəbindən pasiyentlərin həkimə müraciət etməmələri ilə bağlıdır. Patologiyanın hər 1000 qadından 20-də rast gəlindiyi ehtimal olunur.

Tubulyar süd vəzisinin yaranma səbəbləri

Patologiyanın etioloji səbəbləri indiyə qədər müəyyən edilməmişdir. Naməlum səbəblərdən süd vəzisinin toxumalarında yaranan sərt birləşdirici toxuma qatı sıx tor və ya futlyar əmələ gətirir. Cinsi yetişkənlik dövründə bu arakəsmələr piy və vəzi toxumasına nisbətən zəif inkişaf edir, nəticədə süd vəziləri deformasiyalaşır, areola və döş giləsi istiqamətində böyüməyə başlayır. Tor və ya futlyardan xarici tərəfdə piy toxuması inkişaf etmədiyindən süd vəzisinin xarici görünüşü dəyişir. Xəstəliyin yaranmasını izah edən bir neçə nəzəriyyələr mövcuddur:

  • Genetik amillər. Tubulyar süd vəzisinin ailəvi halları qeydə alınmışdır. Lakin patologiyanın inkişafına cavabdehlik daşıyan genlər, irsən ötürülmənin dəqiq xarakteri və digər detallar aşkar edilməmişdir.
  • Teratogen amillərBu hipotezə əsasən anomaliya anadangəlmə xarakter daşıyır, bətndaxili inkişaf dövründə kimyəvi və ya bioloji təsirlərdən yaranır.
  • Qazanılmış amillər.Bəzi tədqiqatçılar patologiyanın anadangəlmə xarakterli olmasını təkzib edərək, yeniyetmə dövrünə qədər heç bir dəyişikliklərə rast gəlinmədiyini qeyd edirlər. Onların fikrincə müəyyən xəstəliklər, eləcə də dar büstqalterin geyinilməsi zamanı süd vəzilərinin qan təhcizatının pozulması patologiyanın inkişafına gətirib çıxarır.

Anomaliyanın dəqiq səbəblərinin elmə məlum olmaması xəstəliyin erkən diaqnostika və etiotrop müalicəsini mümkünsüz edir.

Tubulyar süd vəzisinin patogenezi

Tubulyar süd vəzisi-nin inkişafı cinsi yetişkənlik dövründə başlayaraq, 17-20 yaşlarda sona çatır. Bu dövrdən sonra anomaliya nadir hallarda proqressivləşir. Hamiləlik və laktasiya patologiyanın ifadə dərəcəsinə çox cüzi təsir edir. Birləşdirici toxuma stromasının bəzi sahələri qalınlaşır və elastikliyini itirir, süd vəzisinin əsasında sərt həlqə əmələ gəlir. Qız uşaqları inkişaf etdikcə birləşdirici toxumadan bərk konsistensiyalı karkas və ya futlyar formalaşır, bu törəmə vəzi və piy strukturlarının eninə böyüməsinin qarşısını alır.

Normal vəzi komponentlərinə yalnız futlyarın hüdudları daxilində rast gəlinir. Bu səbəbdən patologiya süd vəzisinin aşağı və daxili hissələrində və yaxud bütün səth boyunca toxumaların çatışmazlığı ilə özünü büruzə verir. Ağır hallarda böyümə prosesində toxumalar sıxılır, süd vəzilərinin qan təhcizatı pozulur, bu da sklerozlaşmanı sürətləndirir. Pasiyentlərdə areola nahiyəsi genişlənir, «areolyar yırtıq» adlanan vəziyyət inkişaf edir. Vəzi toxumasının trofikasının pozulması, areola və döş giləsinin anomal forma və ölçüləri ilə əlaqədar laktasiya dövründə uşağın əmizdirlməsi çətinləşə bilər.

Tubulyar süd vəzisinin təsnifatı

Plastik cərrahiyyədə tubulyar süd vəzisinin üç klinik forması ayırd edilir. Bu formalar anomaliyanın ardıcıl inkişaf mərhələləri olmayıb, bir-birindən qüsurun ifadə dərəcəsi və vəzi toxumalarının defisitinə görə fərqlənir.

  • Birinci tipBirləşdirici toxuma mənşəli arakəsmələr süd vəzisinin medial və aşağı kvadrantlarda böyüməsini çətinləşdirir, toxuma defisiti yaranır. Qüsur zəif ifadə olunur. Süd vəzisi bir qədər yuxarı qalxır, areoala və gilə dəyişmir. Əksər hallarda korreksiyaya ehtiyac yaranmır.
  • İkinci tipAşağı kvadrantlarda toxumaların ifadəli defisiti müşahidə olunur. Süd vəzisi aşağıya doğru yerini dəyişir, baxış zamanı areolanın genişlənməsi və süd vəzisinin yastılanması qeydə alınır.
  • Üçüncü tipBirləşdirici toxumadan futlyar formalaşır. O, süd vəzisinin əsasını daraldaraq, böyüməyə məhdudiyyətlər yaradır. Toxuma defisiti kəskin nəzərə çarpır. Tubulyar süd vəzisinin yalnız gilə istiqamətində böyüməsi gilə-areola kompleksinin kəskin dərəcədə genişlənməsi, areolyar yırtığın inkişafı ilə nəticələnir.

Tubulyar süd vəzisinin əlamətləri

Tubulyar süd vəzisi xarici baxış zamanı aşkarlanır. Süd vəziləri anomaliyanın tipindən asılı olaraq, konusvari və ya silindrə bənzər formaya malik olur. Orqanın əsasının daralması süd vəziləri arasındakı sahənin genişlənməsinə və onların ptozuna gətirib çıxarır. Areolaların genişlənməsi, çox zaman inkişafdan qalması (qadının yaşına uyğun olmaması), gilənin yastılanması müşahidə olunur. Döş giləsinin içəri batması və onun anomaliyaları izlənilə bilər. Ağır hallarda areola-gilə kompleksinin qabarması ilə təzahür edən areolyar yırtıq əmələ gəlir.

Subyektiv əlamətlərə (ağrı, diskomfort) adətən rast gəlinmir. Laktasiya dövründə vəzi toxumasının həcminin azalması ilə əlaqədar süd ifrazı zəifləyə bilər. Areola-gilə kompleksinin quruluşunun pozulması nəticəsində uşaq giləni düzgün tuta bilmir, bu isə öz növbəsində körpənin hava udmasına və südün miqdarının daha da azalmasına səbəb olur.

Tubulyar süd vəzisinin ağırlaşmaları

Müalicə aparılmadıqda belə tubulyar süd vəzisinin üzvi ağırlaşmaları baş vermir. Patologiyanın mastopatiya və onunla bağlı pozulmaların inkişaf riskini yüksəltməsi barədə məlumatlar mövcuddur, lakin dəqiq korrelyasiya aşkar edilməmişdir. Pasiyentlər çox zaman psixoloji pozğunluqlardan əziyyət çəkir – estetik qüsur komplekslərin yaranmasına və nevrozun inkişafına gətirib çıxara bilər. Qüsurun cərrahi korreksiyasından sonra bəzən hematomalar formalaşır, kobud çapıqlar əmələ gəlir, əməliyyat yarası infeksiyalaşır.

Tubulyar süd vəzisinin diaqnostikası

Diaqnozun qoyulmasında heç bir çətinlik yaranmır. Mammoloq süd vəzilərinin forma və ölçülərini təyin edir, orqanın quruluşunun pozulmasına (bərkimələrin olması) diqqət yetirir. Differensial diaqnostika mastopatiyanın bəzi tipləri ilə aparılır. Palpasiyada vəzinin bəzi yerlərdə bərkiməsi, döş giləsinin içəri batması, areolyar yırtığın yaranması aşkar edildikdə süd vəzilərinin USM və mammoqrafiya icra olunur. Sadalanan müayinələr həmçinin əməliyyatönü mərhələdə də yerinə yetirilir.

Tubulyar süd vəzisinin korreksiyası

Patologiyanı aradan qaldırmaq üçün cərrahi müalicə üsullarından istifadə olunur, onların xarakteri patoloji vəziyyətin ifadəliliyi və pasiyentin istəyindən asılıdır. Əməliyyat süd vəzilərinin böyüməsinin başa çatdığı dövrdə (22-24 yaşdan sonra) aparılır. Erkən korreksiya süd vəzisinin formasının dəyişməsinə səbəb ola bilər, belə hallarda əlavə müdaxilələrə ehtiyac yaranır. Ağır formalarda (III tip tubulyar süd vəzisi) estetik görünüşü bərpa etmək üçün kompleks cərrahi müalicə tələb olunur, onun müddəti təxminən 1 il təşkil edir.

  • Süd vəzisinin endoprotezlənməsiTubulyarlığın korreksiyası məqsədilə süd vəzisinə periareolyar kəsikdən implantatlar yerləşdirilir. Bəzi hallarda simmetriya əldə etmək üçün xüsusi implantatlardan istifadə olunur.
  • Toxuma espanderinin yerləşdirilməsiII və III tip tubulyar süd vəzilərinin endoprotezlənməyə hazırlıq mərhələsində tətbiq olunur. Müdaxilənin məqsədi implantatın yerinin formalaşdırılması üçün toxumaların dartılmasından ibarətdir. Espanderi yerləşdirdikdən sonra o, izotonik məhlulla doldurulur, hər 14 gündən bir mayenin həcmi artırılır. Toxumaların çatışmazlığının ifadəliliyindən asılı olaraq, dartılma prosesi minimum 2-3 ay davam edir.
  • Areola və döş giləsinin kiçildilməsi. Əməliyyat izoləolunmuş şəkildə (I tip tubulyarlıq) və ya daha ifadəli formalarda korreksiyanın yekun mərhələsi kimi aparıla bilər. Giləətrafı haşiyənin diametrinin 4 sm-dən çox olmaması şərtilə areolanın kənarları kəsilir və dəriyə tikilir.

Tubulyar süd vəzisinin proqnozu

Həyat və sağlamlıq üçün proqnoz qənaətbəxşdir. Bəzən laktasiya dövründə çətinliklər yaranır, lakin əksər hallarda pasiyentlərin şikayətləri süd vəzisinin qeyri-estetik quruluşu və ikincili psixoloji pozğunluqlarla bağlı olur. Cərrahi korreksiyadan sonra müəyyən ağırlaşmalar (hematoma, keloid və hipertrofik çapıqlar, seroma) baş verə bilər, lakin onların tezliyi yüksək olmur. Uzaq dövrlərdə implantatın yerdəyişməsi və ya konturlarının nəzərə çarpması, zədələnməsi müşahidə oluna bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: