Mikromastiya
Mikromastiya – süd vəzisinin inkişafdan qalması və ya həcminin itirilməsi nəticəsində yaranır. Kiçik ölçülü süd vəziləri irsi anatomik xüsusiyyət ola bilər. Bundan əlavə mikromastiya hormonal pozğunluqlar, yaşla bağlı involyusiya, kəskin arıqlama ilə əlaqədar formalaşa bilər. Bu, bir qayda olaraq, estetik problem sayılır və laktasiyaya təsir etmir. Mikromastiyanın səbəblərini aydınlaşdırmaq üçün qadın ginekoloq-endokrinoloq və mammoloq tərəfindən konsultasiya olunmalı, süd vəzilərinin USM, MRT, mammoqrafiya aparılmalıdır. Süd vəzilərinin ölçüsünü böyütmək məqsədilə endoprotezlənmə, lipofilinq, fillerlərin inyeksion yeridilmə üsulundan istifadə olunur.
- Süd vəzisinin quruluş və inkişafı
- Süd vəzisinin estetik parametrləri
- Kiçik ölçülü süd vəzisinin plastik korreksiyasının prinsipləri
- Döş implantatlarının xarakteristikası
- Kiçik ölçülü süd vəzisinin plastik korreksiyası
- Postoperasion dövrün gediş xüsusiyyətləri
Mikromastiya barədə ümumi məlumat
Mikromastiya (kiçik ölçülü süd vəzisi) bir və ya hər iki süd vəzisinin inkişafdan qalması, eləcə də laktasiya, bədən çəkisinin itirilməsi və ya yaşlanma ilə bağlı ola bilər. Süd vəzilərinin hipoplaziyası (natamam inkişafı) 15-16 yaşdan sonra aşkarlanır. Vəzi toxumasının tamamən olmaması ilə səciyyələnən bir və ya ikitərəfli atrofiya – amastiya nadir rast gəlinən patologiyalardan sayılır. Qadınlarda süd vəzisi zaman keçdikcə öz formasını itirir. Bəzi qadınlarda süd vəzisinin həcmi laktasiya dövründən sonra kiçilir, digərlərində isə yaşla əlaqədar sallanır.
Təxminən 30% qadınlar süd vəzilərinin ölçü və formasından narazı olurlar, lakin tibbi nöqteyi nəzərdən bu «qüsur» əsassız sayılır.
Süd vəzilərinin quruluş və inkişafı
Süd vəziləri – döş qəfəsinin ön səthində yerləşən cüt orqandır. Süd vəziləri III – VI-VII qabırğalar səviyyəsində qoltuqaltı və orta xətlər arasında böyük döş və ön dişli əzələyə birləşir. Süd vəziləri xaricdən dəri ilə örtülür, onun altında piy kapsulu yerləşir. Süd vəzisinin həcmi məhz dərialtı piy toxumasının həcmindən asılıdır. Piy qatından altda birləşdirici toxumanın əhatə etdiyi vəzi toxumasına rast gəlinir. Süd vəzisi radial istiqamətdə yerləşmiş, bir-birindən birləşdirici toxuma və piy qatı ilə ayrılan 15-20 ədəd paycıqdan ibarətdir.
V qabırğalar arası nahiyədə areola (giləətrafı dairə), onun mərkəzində isə döş giləsi müşahidə olunur. Onların forma və ölçüsü individual xarakter daşıyır. Giləətrafı dairə piy və tər vəzilərindən, eləcə də əlavə süd vəziləri kimi qiymətləndirilən və hamiləlik dövründə böyüyən təxminən 12 ədəd Montqomeri qabarlarından ibarətdir.
İnsanın bütün həyatı boyu yaş və funksional vəziyyətlərlə (hamiləlik, laktasiya) əlaqədar süd vəzilərinin forma və ölçüləri dəyişikliyə uğrayır.
10-11 yaşlarda qanda estrogenlərin konsentrasiyasının artması nəticəsində süd vəziləri böyüməyə başlayır. 13 yaşdan etibarən süd vəzisi aktiv şəkildə inkişaf edir, areolanın relyefi və piqmentasiyası daha aydın nəzərə çarpır. Süd vəzisinin böyüməsi ağrı ilə müşayiət oluna bilər. Aybaşı siklindən əvvəl ağrı hissi güclənir, süd vəziləri şişkinləşir. 16-17 yaşlarda süd vəziləri tam formalaşsa da onların böyüməsi orta hesabla 20-12 yaşa qədər davam edir.
Hamiləlik və laktasiya dövründə süd vəziləri daha çox böyüyür. Adətən laktasiya dövrü başa çatdıqdan sonra onlar əvvəlki forma və ölçülərinə qayıdır, lskin bəzən süd vəzilərinin ölçüsü böyüyə və ya əksinə, kiçilə bilər.
Süd vəzisinin estetik parametrləri
İdeal süd vəzisi yarımkürə və ya konus formasında olur. Döş gilələrini birləşdirən horizontal xətdən yuxarıda və aşağıda süd vəzisinin qabarıqlığı və kütləsi eyni olmalıdır. Bu parametrlər qız uşaqları üçün xarakterikdir.
Qadınlarda isə süd vəzisinin ideal standartları aşağıdakılardır: orta boylu insanlarda süd vəzisinin əsasının eni (daxili kənardan xarici kənara qədər) – 12-13sm, intermammar interval (süd vəziləri arasındakı nahiyə) – 4sm, döş giləsinin diametri 0,8sm-dən kiçik olduqda areolanın diametri – 3,5-4,5sm, intramammar büküşdən giləyə qədər optimal məsafə – 7-8sm, döş sümüyünün mərkəzindən giləyə qədər interval – 9-11sm təşkil edir.
Mikromastiyanın plastik korreksiyası
Kiçik süd vəzisinin ölçüsünün cərrahi yolla böyüdülməsi – süd vəzisinin plastikası və ya mammoplastika plastik cərrahiyyədə ən geniş yayılmış əməliyyatlardan sayılır. Hər il dünya üzrə təxminən 1 milyon qadın süd vəzisini böyütmək üçün plastik cərraha müraciət edir. Mammoplastikanın köməyilə süd vəzisinin ölçüsünü artırmaq, formasını dəyişmək və estetik görüntünü yaxşılaşdırmaq mümkündür. Süd vəzilərinin plastik korreksiyası onların asimmetriya və hipertrofiyası, əmizdirmə dövründən sonra sallanması, mastektomiya əməliyyatı (süd vəzisinin kəsilməsi) ilə bağlı aparılır.
Mammoplastika üzrə əməliyyatların çox hissəsi kiçik ölçülü süd vəzisinin böyüdülməsi səbəbindən icra olunur. Bu zaman qadınların əksəriyyətində süd vəzisinin normal strukturu müşahidə olunur, hormonal dəyişikliklərə rast gəlinmir, sadəcə sinə nahiyəsi estetik nöqteyi nəzərdən ümumqəbuledilmiş ideal normalara uyğun olmur, bu da psixikaya ciddi zərər vurur, komplekslərin yaranmasına səbəb olur.
Süd vəzisinin ölçüsü endoprotezlənmə vasitəsilə böyüdülür; bu məqsədlə gellərin yeridilməsi qadağandır. Çoxsaylı tədqiqatların nəticələrinə əsasən endoprotezlənmənin süd vəzi xərçəngi ilə heç bir əlaqəsi yoxdur. Endoprotezlərin implantasiyası təhlükəsizdir, bu üsul hamiləlik və laktasiya dövrünə mane olmur.
Endoprotezlənmə süd vəzilərinin təbii böyümə prosesi başa çatdıqdan, yəni 18-20 yaşdan sonra yerinə yetirilməlidir. Əməliyyatdan əvvəl hərtərəfli mammoloji müayinə – süd vəzilərinin USM, mammoqrafiya və ya MRT aparılır. Bundan sonra cərrah pasiyentlə birgə implantatın növ və formasını müəyyən edir. Süd vəzisinin böyüdülməsi ilə yanaşı dikləşdirilməsinə də ehtiyac yarandıqda endoprotezlənməyə mastopeksiya da əlavə olunur.
Endoprotezlənmənin nəticələrinə bir sıra amillər təsir edir: psixi və fiziki vəziyyət, süd vəzilərinin başlanğıc halı, anamnezdə mastit və ya süd vəzisi üzərində aparılan əməliyyatların olması, qanaxma və allergik reaksiyalara meyllik.
Döş implantatlarının xarakteristikası
Hazırda mammoplastika zamanı silikondan hazırlanmış, teksturalı və ya hamar səthə malik implantatlardan istifadə olunur. Sübut olunmuşdur ki, nahamar səthli implantatların istifadəsi süd vəzisinin kapsulyar kontrakturasının inkişaf riskini 1-2%-ə qədər azaldır. Lakin onu da qeyd etmək lazımdır ki, hər 100 pasiyentdən təxminən birində süd vəzisi mammoplastikadan sonra azacıq bərkiyə bilər. Endoprotezlənmə düzgün aparıldıqda bərkimə müşahidə olunmur.
İmplantatın silikon qatının daxilində yapışqanlı, şəffaf gel və ya 0,9%-li fizioloji duz məhlulu olur. Bəzi ikiqatlı implantatlarda daxili qatın altında gel, xarici qatın altında isə fizioloji məhlul yerləşdirilir. Tərkibində jeleyəbənzər konsistensiyalı kogeziv gel olan implantatlar yumşaqlığı və stabil forması ilə seçilir. Silikon qatın cırılması zamanı gel axmır. Lakin bu tip imlantatların qiyməti çox yüksək olur.
«Lüks» implantatlarda karboksimetilsellülozaya rast gəlinir. Bu maddənin hesabına maksimal təbii effekt əldə olunur və ən əsası implantatın silikon qatı cırıldıqda gel öz-özünə sorulur.
Əksər müasir implantatlar süd vəzisinin təbii formasına bənzər damcı şəklində olur.
Mİkromastiyanın plastik korreksiyası
Mammoplastika ümumi narkoz altında aparılır. Əməliyyat 1-2 saat davam edir.
Kəsik nahiyəsi və endoprotezin yerləşdirilməsi süd vəzisinin quruluşuna əsasən təyin edilir. Əməliyyat qoltuqaltı çuxur, areolanın kənarı, süd vəzisinin altındakı büküş, göbəkdən icra oluna bilər.
İmplantat süd vəzisinin, döş əzələsinin altına və ya bir hissəsi süd vəzisi, digər hissəsi isə əzələ altına yerləşdirilə bilər. Əksər hallarda endoprotez böyük döş əzələsinin altına qoyulur.
Postoperasion dövrün gediş xüsusiyyətləri
Erkən postoperasion dövr mülayim və ya intensiv ağrı hissi ilə müşayiət oluna bilər, belə hallarda analgetiklərdən istifadə edilir. Əməliyyatdan sonra bir neçə gün ərzində hərəkət zamanı və süd vəzisinə toxunduqda ağrı, ödem müşahidə olunur.
Mammoplastikadan dərhal sonra bərk büstqalter və ya komperssion alt paltarı geyindirilir. Bu tip geyimlər 3-4 həftə müddətində qətiyyən çıxarılmamalıdır.
Endoprotezlənmədən yalnız 1 ay sonra diskomfort törətməyən idman məşqləri və fiziki yüklənmələrə icazə verilir.
Əməliyyatın yekun nəticəsi 6 aydan sonra qiymətləndirilir. Çapıqların tam sağalması da məhz bu dövrə təsadüf edir. Ağırlaşmaların (qanaxma, iltihab, implantatın yerdəyişməsi) baş verməməsi, süd vəzisinin uzun müddət öz formasını saxlaması, özünü qiymətləndirmənin yüksəlməsi əməliyyatın uğurlu olmasına dəlalət edir.