Donqar burun
Donqar burun – burnun bel hissəsində sümük-qığırdaq çıxıntısının olması ilə xarakterizə edilən burun formasıdır. Burun donqarı profildən daha çox nəzərə çarpır, ətrafdakıların diqqətini cəlb edir, üz cizgilərinin harmoniyasını pozur. Burun donqarı travma mənşəli olduqda burun çəpərinin əyilməsi, burun tənəffüsünün pozulması ilə birgə rast gəlinə bilər. Donqar burnun korreksiyası pasiyentin hərtərəfli müayinəsindən (otolarinqoloqun konsultasiyası, rinoskopiya, üz skeletinin rentgenoqrafiyası, arzuolunan üz formasının kompüterlə modelləşdirilməsi və s.) sonra rinoplastika sahəsində ixtisaslaşmış plastik cərrah tərəfindən aparılır.
- Burun formaları
- Burnun formasının rinoplastika üsulu ilə korreksiyası
- Rinoplastikanın fəsadları
Donqar burun barədə ümumi məlumat
Burun donqarı irsi xüsusiyyət və ya travma nəticəsində qazanılmış qüsur ola bilər. Qafqaz və Kiçik Asiya xalqları üçün bu burun forması tipik sayılsa da, slavyan görünüşlü insanlarda üzdə təzad yaradır. Burun donqarının korreksiyası üzün təbii və harmonik görünüş alması ilə yanaşı komplekslərin aradan qalxmasına da səbəb olur.
Burun formaları
Burnun forması qığırdaq və sümük əsası, eləcə də onları örtən yumşaq toxumalardan asılıdır. Sxematik şəkildə burnu həndəsi fiqur – 4 kənara malik prizma şəklində təsvir etmək olar. Burun frontal (bel) və horizontal (əsas) səthlər, 2 yan divardan ibarətdir. Burnun sümük əsasını əng sümüklərinin alın çıxıntıları və burun sümükləri təşkil edir. Qığırdaq karkas burun arakəsməsinin tək qığırdağından yaranmışdır, onun ön kənarı burnun bel hissəsinə forma verir; yan divarlar yan və sesamoid, burun qanadları isə qanadabənzər qığırdaqlardan əmələ gəlir. Burnun forması onun ayrı-ayrı elementləri: bel, çəpər, uc hissə, qanad və dəliklərin formasından asılıdır.
Etnik xüsusiyyətlərə görə burnun aşağıdakı formaları ayırd edilir:
- klassik «yunan» – dar burun qanadları, nazik, düz burun;
- «roma» – aydın nəzərə çarpan donqara malik orta uzunluqlu nazik burun;
- «neqoriid» – enli burun dəlikləri ilə ətli burun;
- «monqoloid» – qısa, yastı burun;
- «qafqaz» – iri donqar burun.
Burnun forma və ölçüləri fərqli olur: qısa, uzun, dar, enli. Profildən baxdıqda düz, dalğavari, dik, qabarıq, donqar burun formaları müşahidə olunur.
Burun donqarına adətən dar burunlarda rast gəlinir, vertikal ölçünün artması hesabına dar burun yollarının keçiricilik qabiliyyəti təmin olunur. Rekonstruktiv əməliyyatların aparılması zamanı bu xüsusiyyət mühüm əhəmiyyət kəsb edir, belə ki, burun donqarının xaric edilməsi və yan divarların yaxınlaşdırılması burun yollarının daralmasına və tənəffüsün pozulmasına gətirib çıxara bilər.
Burun formasının rinoplastika üsulu ilə korreksiyası
Burnun forma və ölçülərinin cərrahi korreksiya üsulu – rinoplastika texniki cəhətdən mürəkkəb əməliyyatdır. Rinoplastikanın planlaşdırılması zamanı pasiyentin cinsi, yaşı, burnun quruluş xüsusiyyətləri və arzuolunan forma nəzərə alınır. Hazırda kompüter modelləşdirmə vasitəsilə cərrahi əməliyyatdan əvvəl pasiyentə yeni burnun forması və üzün görünüşü nümayiş etdirilir.
Xroniki xəstəliklər (bronxial astma, şəkərli diabet, ürək, qaraciyər, böyrək patologiyaları), dərman allergiyası, psixi pozğunluqlar rinoplastikaya əks-göstəriş sayılır.
Rinoplastikanın aparılması üçün optimal yaş dövrü 18-40 hesab olunur. Kəllə sümüklərinin formalaşdığı və böyümənin dayandığı hallarda əməliyyat bir qədər erkən yaşlarda icra oluna bilər. Postoperasion deformasiyaların yüksək riski ilə əlaqədar 40 yaşdan sonra rinoplastika demək olar ki, aparılmır. Bu yaşda dərinin tonusunun itməsi, mübadilə proseslərinin ləngiməsi ilə əlaqədar retraksiya pozula bilər, yəni dəri yeni burnun formasını almaya bilər. Belə hallar deformasiyalar və əlavə qırışlarla nəticələnir. Həmçinin 40 yaşdan sonra sümük-qığırdaq toxumasında bərpa proseslərinin zəifləməsi əməliyatın bu dövrdə aparılmasının məqsədəuyğun olmadığını bir daha sübüt edir.
Rinoplastikanın köməyilə burnun formasını böyütmək və ya kiçiltmək, formasını dəyişmək (o cümlədən burun donqarından azad olmaq), anadangəlmə və qazanılmış qüsurları aradan qaldırmaq mümkündür.
Burun donqarının korreksiyası zamanı cərrah sümük və qığırdaq toxumasının bir hissəsini xaric etməklə, burnun bel hissəsini düzləndirir. Əməliyyat zamanı cərrahdan yüksək dəqiqlik tələb olunur. Dəridə artıq çapıqların qalmaması üçün kəsiklərin sayı və ölçüsünə xüsusi diqqət yetirmək lazımdır.
Rinoplastika ümumi narkoz altında yerinə yetirilir. Əməliyyat mərhələli şəkildə həyata keçirilir: birinci mərhələdə cərrah burun yollarının daxilində aparılan kəsikdən yumşaq toxumaları ayıraraq, burun donqarına yol əldə edir. Sonra donqarın qığırdaq komponentini kəsir və sümük hissəsini isə korrekiya edir (yonur).
Toxumalar lazımı miqdarda kiçildildikdən sonra yeni vəziyyətdə fiksə edilir. Ehtiyac yarandıqda dəri və dərialtı toxumanı artıq hissəsini kəsmək və bu nahiyənin qığırdağının vəziyyətini dəyişməklə burnun ucu korreksiya edilir.
Əməliyyat başa çatdıqdan sonra toxumaları yeni vəziyyətdə saxlayan gips sarğı qoyulur. Gips 8-10 gündən sonra çıxarılır. Qanaxmanın qarşısını almaq üçün burun dəliklərinə pambıq tampon qoyulur, bu səbəbdən bir neçə gün ərzində burunla nəfəs almaq mümkün olmur.
Rinoplastikanın son nəticələri əməliyyatdan 6 ay keçdikdən sonra qiymətləndirilir.
Rinoplastikanın fəsadları
Rinoplastikanın nadir rast gəlinən fəsadlarına toxumaların irinləməsi, nekrozu və massiv postoperasion qanaxma aiddir.
Adətən postoperasion dövrdə göz altında göyərmə və şişkinlik, burnun tutulması müşahidə olunur. Bu əlamətlər cərrahi müdaxiləyə qarşı təbii reaksiya sayılır, pasiyentlərin 90%-də 1 ay ərzində keçib gedir. Bu dövrdə pasiyent maye qəbulunu və fiziki yüklənmələri məhdudlaşdırılmalı, virus infeksiyalarından qorunmalıdır. Vitamin və immunostimulyatorların qəbulu arzuolunandır. Pasiyent əgər eynəkdən istifadə edirsə əməliyyatdan sonra müvəqqəti olaraq linza taxması məsləhət görülür, bu yolla burun çəpərinin yüklənməsinin qarşısı alınır.
Rinoplastikanın ən çox rast gəlinən fəsadları bitişmələr, tənəffüsün çətinləşməsi, iybilmə hissinin itməsidir. Statistik məlumatlara əsasən rinoplastikadan pasiyentlərin təxminən 25%-i burun formasından razı qalmadıqlarından təkrar əməliyyat etdirirlər.
Burun sümüklərində infeksion proseslərin profilaktikası məqsədilə travmalar, burun-udlaq xəstəlikləri, haymoritin qarşısı alınmalıdır.