Qeyri-estetik görünüşlü göbək

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2868

qeyri-estetik görünüşlü göbəyin korreksiyasıGöbək (latınca «umbilicus») yenidoğulmuşda göbək ciyəsinin kəsilməsindən sonra qarnın ön divarında əmələ gələn ilk qazanılmış çapıqdır. Göbəyin konfiqurasiyası: forma, ölçü və dərinliyi fərdi xarakter daşıyır. Qeyri-estetik görünüşlü göbək insanda psixoloji gərginlik və komplekslər yarada bilər. Xüsusən cavan qızlar göbəyin çirkin görünüşünə görə qısa kofta və ya çimərlik paltarı geyinməkdən çəkinirlər.

Normada göbək qarnın orta xətti üzərində qasıqla xəncərəbənzər çıxıntı arasında yerləşir. Göbəyin xarici forması qıfa bənzəyir, onun dərinliyi qarnın ön divarında dərialtı piy toxumasının qalınlığından asılıdır. Kök insanlarda göbək dərin və enli, arıq şəxslərdə isə dayaz olub, zirvə hissəsi dəri səviyyəsində yerləşir. Yenidoğulmuşun göbək ciyəsinin düzgün işlənilməsi və yaraya qulluq göbəyin formasına təsir edir. Yenidoğulmuşların 30-35%-i «dəri göbəyi» adlanan kiçik inkişaf anomaliyasına malikdir. Bu qüsur qarın dərisinin göbəyə keçməsi ilə xarakterizə olunur. Belə hallarda göbək ciyəsi kəsildikdən sonra göbək bütün həyat boyu qabarıq qalır.

Bəzən qarındaxili təzyiqin yüksək və ya göbək həlqəsinin diametrinin iri olması ilə əlaqədar qarın səthindən 0,5-1,5sm yüksələn enli göbək əmələ gəlir. Estetik cəhətdən çirkin görünməklə yanaşı o, həmçinin göbək yırtığını gizlədə bilər. Belə vəziyyətlərdə göbəyin plastikası ilə bərabər yırtıq qapısının plastikası tələb olunur.

Göbəyin qeyri-estetik görünüşü anadangəlmə və qazanılmış ola bilər. Göbək yırtığı, göbəkətrafı toxumaların iltihabı – omfalit, göbək dərisini zədələyən pirsinq, hamiləlik, bədən çəkisinin kəskin şəkildə artması və ya azalması, qarın toxumalarının yaşla bağlı dəyişiklikləri göbəyin forma və ölçüsünü dəyişə bilər.

Qeyri-estetik görünüşlü göbəyin korreksiya üsulu umbilikoplastikadır. Pasiyentlərin 92%-ni qadınlar təşkil edir. Çox zaman umbilikoplastika ambominoplastika (qarın plastikası) və göbək ciyəsinin plastikası (göstərişlər olduqda) ilə birgə aparılır.

Qeyri-estetik görünüşlü göbəyin plastik korreksiyası 

Umbilikoplastika vasitəsilə göbəyə düzgün forma və vəziyyət verir. Əksər hallarda pasiyentlər göbəyin   «Т» hərfi və ya kiçik vertikal büküş şəklində olmasını arzu edirlər.

Göbəyin həddindən artıq enli və ya dərin olması, dəri səviyyəsindən qabarması, uğursuz pirsinqdən sonra göbək dərisinin cırılması, göbək yırtığının olması, iltihabdan sonra yaranan çapıq dəyişiklikləri, göbək qıfında mayenin toplanması, abdominoplastika, qarnın liposaksiyası, qarın boşluğunda aparılan əməliyyatlar, hamiləlik, kəskin arıqlama, travmadan sonra göbəyin qeyri-estetik görünüş alması plastik korreksiyaya göstəriş sayılır.

Umbilikoplastika adətən yerli anesteziya və yüngül sedasiya ilə aparılır. Əməliyyat 30 dəqiqədən 1,5 saata (liposaksiya və ya abdominoplastika ilə birgə icra olunduqda) qədər davam edir.

İtirilmiş göbəyin bərpası texniki cəhətdən daha mürəkkəb sayılır. Qarın dərisindən hazırlanan loskut vasitəsilə pasiyentin istəyinə uyğun göbək formalaşdırılır. Postoperasion çapıq göbəyin daxilində olduğundan nəzərə çarpmır. Göbək nahiyəsindəki göyərmələr bir neçə gündən sonra keçib gedir.

Tikişlər öz-özünə sorulur. Əməliyyat izoləolunmuş şəkildə aparıldıqda pasiyent həmin gün evə buraxılır. Umbilikoplastikadan sonra 2 ay ərzində aşağı əyilmək və ağırlıq qaldırmaq məsləhət görülmür.

Göbək plastikasının postoperasion ağırlaşmalarına tikişlərin infeksiyalaşması, seroma və ya hematomanın formalaşması aiddir. Pasiyentdə piylənmə və ya göbək yırtığı inkişaf etmədikdə umbilikoplastikanın kosmetik nəticəsi ömürlük qalır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: