Mastoptoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 3010

mastoptoz nədir?Mastoptoz – süd vəzisinin yumşaq toxumaları və areola-gilə kompleksinin sallanması, onun deformasiyası və həcminin itirilməsi ilə xarakterizə olunur. Baxmayaraq ki, sallanmış süd vəzisi sadəcə estetik problemdir, xoşagəlməz görüntü qadının şəxsi həyatında müəyyən gərginliklər törədir, komplekslərin yaranmasına səbəb olur. Mastoptoz əksər hallarda süd vəzilərinin altındakı dərinin maserasiyasına gətirib çıxarır. Bu problemi aradan qaldırmaq üçün süd vəzisinin sallanma dərəcəsindən asılı olaraq, mastopeksiyanın müxtəlif növləri (periareolyar, vertikal, T-şəkilli və s.), süd vəzisinin dikləşdirilməsi ilə endoprotezlənmədən istifadə olunur. Əməliyyatdan əvvəl pasiyent mammoloji müayinədən keçməlidir.

  • Süd vəzisinin anatomo-fiziololoji xüsusiyyətləri
  • Süd vəzisinin sallanmasının səbəbləri
  • Mastoptozun dərəcələri
  • Sallanmış süd vəzisinin cərrahi korreksiyası (mastopeksiya)

Mastoptoz barədə ümumi məlumat

Gözəl sinə qadın seksuallığının simvoludur. Süd vəzisi estetik funksiya yerinə yetirsə də onun əsas vəzifəsi yenidoğulmuşun qidalandırılması üçün südün produksiyasıdır.  Çox zaman məhz doğuş və uzunmüddətli laktasiyadövrü mastoptoza səbəb olur. Əmizdirmə dövrü başa çatdıqdan sonra süd vəzilərinin həcmi kiçilir, areola və dəri dartılır. Təəssüf ki, heç bir idman hərəkəti, reklam olunan möcüzəli vasitələr sallanmış süd vəzisinin əvvəlki formasını qaytarmaq iqtidarında deyil.

Süd vəzisinin anatomo-fizioloji xüsusiyyətləri 

Süd vəziləri reprofuktiv sistemdə gedən hormonal və siklik dəyişikliklərdən asılı cüt orqandır. Onların quruluş və fəaliyyəti həyat boyu dəyişir: uşaqlıq, cinsi yetişkənlik, hamiləlik, laktasiya, menopauza dövründə.

Qızlarda süd vəziləri 10-11 yaşdan etibarən böyüməyə başlayır. Orqanın inkişafı 20-23 yaşlarda sona çatır. Aybaşı sikli, hamiləlik, doğuş və laktasiyanın hormonal dəyişikliklərinin təsiri altında süd vəzisinin dəri və toxumaları əvvəlcə gərilir, sonra yığılır. Areola və döş giləsinin rəng və ölçüləri fərdi xarakter daşıyır.

Süd vəzilərinin əsas morfo-funksional elementi süd hasil edən vəzi paycıqlarıdır. Döş giləsi ətrafında sirkulyar yerləşən vəzi seqmentləri bir-birindən nazik birləşdirici tozuma və piy qatları ilə ayrılır. Hər bir paycıqdan ayrılan süd axarları areola nahiyəsində süd axacağı sinusuna – kisəyəbənzər genişlənməyə açılır. Süd vəzisının bağ aparatı (Kuper bağları) döş əzələsinə birləşərək, korset funksiyasını yerinə yetirir.

Normada süd vəzisinin yuxarı kənarı II-III qabırğa səviyyəsində yerləşir, köndələn ölçü qoltuqaltı çüxurdan döş sümüyünə qədər davam edir, aşağı kənar  isə VII-VIII qabırğa səviyəsində süd vəzisinin altındakı büküşlə sərhədlənir.

Süd vəzisinin xarici görünüşü bir sıra faktorlardan asılıdır, onların arasında genetik amil mühüm rol oynayır. Süd vəzisində toplanan piy toxumasının miqdarı geniş spektrdə dəyişir. Bəzi yaşlı qadınlarda piy toxuması vəzi toxumasından xeyli üstün olur; belə qadınların süd vəzisinin ölçü və forması bədən kütləsindən çox asılıdır. Vəzinin ölçüsünə cinsi hormonlar təsir edir, bu səbəbdən aybaşı sikli və postmenopauza dövründə süd vəzisinin görünüşü dəyişir.

Süd vəzisinin strukturunda əzələ toxuması olmadığından onu idman hərəkətləri ilə böyütmək, eləcə də sallanmış süd vəzisini dikləşdirmək mümkün deyil.

Süd vəzisinin dərisi və bağları müxtəlif ifadə dərəcəsinə malik olur. Qadınların yalnız 5-15%-də süd vəzisi funksional və yaşla bağlı dəyişikliklərə az məruz qalır; əksəriyyətində doğuşdan sonra sinə sallanır, həcmi kiçilir; qalan 20%-də sallanma həcmin artması ilə müşayiət olunur.

Mastoptozun səbəbləri 

Süd vəzi toxumalarının sallanması qaçılmaz haldır. Başlanğıcda döş əzələlərini məşq etdirmək, qidalanma rejiminə fikir verməklə bu prosesi bir qədər ləngitmək olar. Lakin yaş artdıqca dəri və bağlar elastiklik və möhkəmliyini itirir, mastoptoz müşahidə olunur: süd vəzisi boşalır və sallanır, onun alt hissəsindəki büküş daha ifadəli olur.

Qadınlarda süd vəzisinin sallanma prosesi bir sıra amillərdən asılı olub, fərqli sürətlə baş verir. Əksər qadınlarda mastoptoz yaşlanma – vəzi toxumasının geriyə inkişafı (involyusiyası) və süd vəzisini fiksə edən mexanizmlərin zəifləməsi ilə əlaqədar baş verir.

Hamiləlik və laktasiya dövründə toxumaların gərilməsi nəticəsində süd vəzisi böyüyür və sallanır.  Sallanmanın dərəcəsi və geri dönməsi süd vəzisinin hamiləlikdən əvvəlki vəziyətindən asılıdır. Cavan qadınlarda süd vəzisi daha elastik olur, məşq etdirilmiş döş əzələləri orqanın həddindən artıq sallanmasının qarşısını alır. Laktasiya dövrü bitdikdən sonra belə qadınlarda süd vəzisi qısa zaman ərzındə bərpa olur. Digər hallarda orqanın qızlıq formasını müstəqil şəkildə geri qaytarmaq mümkün olmur.

Artıq çəkiyə malik olan qadınlarda süd vəzisinin toxumaları ağırlıq qüvvəsinin təsirindən aşağı enir. Eyni vəziyyət orqanın 2 və daha artıq ölçüdə böyüdülməsi zamanı təkrarlanır. Bağ aparatı iri ölçülü süd vəzisini saxlaya bilmir: bağlar gərilir, vəzilər sallanır.

Süd vəzisinin sallanması qamətin pozulması və ya uzun müddətli statik vəziyyətlə (məsələn, kompüter arxasında çox vaxt keçirmək) bağlı ola bilər, bu da vəzini fiksə edən əzələlərin zəifləməsi ilə izah olunur.

Mastoptozun dərəcəsi 

Süd vəzisinin sallanma dərəcəsi döş giləsinin submammar büküşə nəzərən vəziyyətindən asılıdır. Mastoptozun aşağıdakı variantları ayırd edilir:

  • psevdoptoz – süd vəzisinin böyük hissəsi submammar büküşdən aşağıda, areola-gilə kompleksi isə yuxarıda yerləşir;
  • I dərəcəli mastoptoz – döş giləsi submammar büküş səviyyəsində və ya ondan 1 sm-dən çox olmamaqla aşağıda yerləşir;
  • II dərəcəli mastoptoz – döş giləsi submammar büküşdən 1-3sm aşağıda yerləşir;
  • III dərəcəli mastoptoz – döş giləsi submammar büküşdən 3sm-dən çox olmaqla aşağıda və ya süd vəzisinin aşağı qütbünün sərhəddində yerləşir.

Qadın ovucunu süd vəzisinin altına yerləşdirməklə sallanmanın dərəcəsini təyin edə bilər. Əgər süd vəzisi 2 barmaqdan az hissəni örtürsə, bu mastoptozun I dərəcəsinə uyğun gəlir. II dərəcəli ptozda sallanmış orqan 2-4 barmağı, III dərəcədə isə bütün ovucu örtür.

Mastoptozun cərrahi korreksiyası (mastopeksiya)

Mastopeksiya (süd vəzisinin dikləşdirilməsi) üsulu ilə süd vəzisinə arzuolunan formanı vermək mümkündür. Sallanmış süd vəzisi, bu nahiyənin dərisi və gilələr ətrafında çat və yaxud postoperasion çapıqların olması mastopeksiyaya göstəriş sayılır.

Periareolyar mastopeksiya – mammoplastikanın az invaziv üsuludur. O, süd vəzisinin normal hündürlüyünün bərpa olunması ilə yanaşı həm də areola nahiyəsinin kiçildilməsinə şərait yaradır. Əməliyyat areola ətrafındakı kiçik kəsikdən icra olunur. Periareolyar mastopeksiya sallanmış süd vəzisini çox qaldırmağa imkan verməsə də onun vasitəsilə giləni balacalaşdırmaq və areolaya düzgün forma vermək mümkündür. Areolanın piqmentləşmiş toxumasında çapıqlar demək olar ki, nəzərə çarpmır.

Plastik cərrahiyyədə sallanmış süd vəzisinin daha ənənəvi korreksiya üsulu süd vəzisinin arxa səthində vertikal kəsikdən yerinə yetirilən dairəvi dartılmadır. Bu üsulun mahiyyəti artıq dərinin kəsilməsi, süd vəzisinə konusvari formanın verilməsi, gilələrin orqanın maksimal proyeksiyası hündürlüyünə qaldırılmasından ibarətdir.

Dartılma ilə yanaşı süd vəzisinin həcmini böyütmək lazım gəldikdə bu iki əməliyyat kombinə olunur. Bu zaman əməliyyatın texniki cəhətdən çətinləşməsinə baxmayaraq, estetik nəticə çox yüksək olur.

Mastopeksiya əməliyyatı ümumi narkoz altında həyata keçirilir, 1-3 davam edir. Ödemlər bir neçə həftədən sonra keçib gedir. Yekun nəticələr yalnız 6 aydan sonra qiymətləndirilə bilər.

Postoperasion dövrdə həkimin təyinatlarına düzgün riayət etdikdə ağırlaşmalar müşahidə edilmir. Süd vəzisinin yeni formasını qorumaq üçün əməliyyatdan sonra 1 ay ərzində xüsusi kompression geyimdən istifadə olunmalıdır.

Mastopeksiyadan sonra kəskin arıqlama və ya kökəlmə, hormonal preparatların nəzarətsiz qəbulu  məsləhət görülmür. Yeni hamiləlik və əmizdirmə, hormonal dəyişikliklər süd vəzisinin yenidən sallanmasına gətirib çıxarır. Mastopeksiyanın reproduktiv planı olmayan qadınlarda aparılması əməliyyatın nəticələrinin stabilliyinin qorunmasına səbəb olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: