Böyük sağrı
Böyük sağrı – bu nahiyədə piy toxumasının izafi inkişafı ilə əlaqədar formalaşır və adətən artıq çəki ilə müşayiət olunur. Lakin iri ölçülü sağrı nahiyəsi bədən quruluşunun individual xüsusiyyəti kimi normal çəkili qadınlarda da müşahidə edilir. Bu səbəbdən böyük sağrıya sahib olan pasiyentlərin şikayəti əsasən ölçü ilə deyil, forma və xarici görünüş: sellülit, sallanma, bədənin aşağı hissəsinin konturlarının dəyişməsi ilə bağlı olur. Sağrı nahiyəsinin forma və ölçüləri aparat üsulları (miostimulyasiya, elektrolipoliz, LPG-masaj, kriolipoliz, kavitasiya) və ya plastik cərrahiyyə (liposaksiya, liftinq) ilə korreksiya edilir.
İncə bel, yastı qarın və düzgün formalı sağrı – gözəllik etalonu hesab olunur. Yaş artdıqca sağrı nahiyəsində piy yığıntıları əmələ gəlir, dəri gərilir və sallanır. Bununla əlaqədar sağrının proyeksiyası pozulur, bədənin aşağı hissəsinin estetik konturu itir.
Böyük sağrı zərif cinsin nümayəndələrinin əksəriyyəti üçün «problemli zona» hesab olunur. Belə hallar irsiyyət, hormonal pozğunluqlar, eləcə də qeyri-düzgün qidalanma və hipodinamiya nəticəsində yaranır. Qadınlara sağrının həcmini kiçiltmək çətin başa gəlir, bu da fizioloji səbəblərlə bağlıdır. Normal çəkili qadınlarda bu nahiyədə piy toxumasının miqdarı kişilərlə müqayisədə təxminən 3 dəfə artıq olur.
Sağrı və bud nahiyəsinin piy hüceyrələri müxtəlif bioloji aktiv maddələrə həssas reseptorlara malikdir, piyin əridilməsinə yönəldilən biokimyəvi proseslər məhz onlar vasitəsilə həyata keçirilir. Lakin həmin reseptorların az sayda olması ilə əlaqədar bu nahiyələr pəhriz və idman hərəkətlərinin yerinə yetirilməsindən asılı olmayaraq, ən sonda və yalnız müəyyən ölçülərə qədər arıqlayır. Çəki artımı isə əksinə bədinin bu hissəsində daha tez nəzərə çarpır.
Qidalanma və həyat tərzini dəyişmək və ya idmanla məşğul olmaqla böyük sağrının həcmini azaltmaq olar. Bu üsullar nəticə vermədikdə plastik cərrahiyəyə müraciət olunur.
Böyük sağrının həcminin kiçildilməsi üsulları
Belətrafı, sağrıüstü və sağrıaltı nahiyələrdə piy toxumasının həddindən artıq inkişaf etdiyi hallarda, eləcə də dəri, əzələ və piy toxumalarının trofikasının pozulması, tonusun azalması – sallanma (ptoz) ilə təzahür edən sağrı nahiyəsinin involyutiv dəyişiklikləri (50 yaşdan sonra və ya travma, xəstəliklər nəticəsində) zamanı plastik korreksiyadan istifadə olunur.
İri sağrının həcmini kiçildilmək məqsədilə liposaksiya – dərialtı piy toxumasının dağıdılması (mexaniki yolla və ya ultrasəslə) və vakuum üsulu ilə xaric edilməsi yerinə yetirilir. Liposaksiyanın köməyilə idmanla əriməyən piy toxumasını (məsələn, sağrının yuxarı hissəsində) xaric etmək mümkündür.
Sağrının korreksiya üsulu dərinin elastiklik dərəcəsi və onun izafi miqdarı nəzərə alınmaqla seçilir. Elastik dəriyə malik cavan pasiyentlərdə liposaksiyanın cəmi 1 dəfə aparılması kifayət edir.
Sağrı nahiyəsində liposaksiya yerli və ya ümumi anesteziya altında aparıla bilər. Əməliyyat təxminən 1,5 saat davam edir. 5mm-dən böyük olmayan mikrokəsiklərdən piyi əridən və qanaxmanın qarşısını alan xüsusi məhlul yeridilir. Sonra nazik metal kateterli vakuum nasosla piy toxuması sorulur. Bu nahiyələrdə dəri və bədənin konturunun kələ-kötürlüyünü hamarlayan cüzi piy qatı saxlanılır. Kəsiklərə sorulan kosmetik tikiş qoyulur. Ultrasəs liposaksiya zamanı piy toxuması ultrasəs vasitəsilə dağıdılır. Reabilitasiya dövrü 3-4 həftə təşkil edir, bü müddətdə isti vannalar, hamam və sauna, ağır fiziki yüklənmələrdən imtina edilməli, xüsusi kompression geyimdən istifadə olunmalıdır.
Yaşla bağlı dəyişikliklər zamanı və ya kəskin arıqlama zamanı dərinin tonusu azalıldığından xüsusən sağrı nahiyəsində sallanma (ptoz) müşahidə edilir. Belə hallarda dəri və piy toxumasının artıq hissəsi kəsilməklə liftinq üsulu tətbiq edilir.
Əməliyyat zamanı adətən sağrının yuxarı hissəsində 14sm-ə qədər uzunluqda və ya daha böyük kəsiklə dərinin artıq miqdarı xaric edilir. Sağrının aşağı zonasında olan büküşlər hamarlanmaqla dəri vertikal istiqamətdə dartılır. Yara sahəsinə kosmetik tikiş qoyulur. Əməliyyatın davametmə müddəti orta hesabla 3 — 3,5 saatdır. Cərrahi müdaxilənin 3-cü günündə duş qəbul etməyə icazə verilir. Liposaksiya bir-birinə yaxın zonalarda aparılmadıqda kompression geyimə ehtiyac olmur. Əməliyyatdan 1 gün sonra pasiyent otura, o cümlədən avtomobil idarə edə bilər. Təbii büküşlərə qoyulan postoperasion tikişlər 6-8 aydan sonra demək olar ki, ətraf dəridən seçilmir.
Liftinq üsulu sağrının formasını yaxşılaşdırmaqla ona cəlbedici görünüş verir. Sağrı nahiyəsində aparılan plastik əməliyyatlarda müasir texnologiya, az invaziv üsullar və endoskopik texnikanın tətbiqimüsbət nəticələrin əldə olunmasına şərait yaradır.