Çömçə qulaq

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3611

çömçə qulaq nədir?Çömçə qulaq – qulaq seyvanı ilə başın ənsə hissəsi arasındakı bucağın artması nəticəsində yaranan  anadangəlmə qüsurdur. Belə hallarda qulaq seyvanının forma və ölçüləri normal olur, sadəcə onlar gicgah sümüyünə paralel deyil, 90˚-yə yaxın bucaq altında yerləşir. Çömçə qulağın əlamətlərinə qulaq seyvanının konturu və qarşı qıvrımın hamarlaşması aiddir. Bu estetik qüsur adətən psixoloji komplekslərin formalaşmasına və özünə qapanmaya gətirib çıxarır. Çömçə qulaq plastik cərrah tərəfindən ənənəvi və ya lazer otoplastika ilə korreksiya olunur.

  • Çömçə qulağın yaranma səbəbləri
  • Çömçə qulağın estetik korreksiyasının əsas prinsipləri
  • Çömçə qulağın otoplastika üsulu ilə korreksiyası

Çömçə qulaq barədə ümumi məlumat

Çömçə qulaq tibbi nöqteyi nəzərdən qulaq seyvanının ifadəli anadangəlmə deformasiyası hesab olunur. İnsanların orta hesabla 50%-i bu qüsurla doğulur. Çömçə qulağın oğlanlar və qızlar arasında rastgəlmə tezliyi təxminən eynidir. Qızlar deformasiyanı xüsusi saç düzümü ilə gizlədə bilsələr də, oğlanların əksəriyyətində bu üsuldan istifadə etmək mümkün olmur. Çömçə qulaq uşaqlar və yeniyetmələrdə emosional gərginlik və komplekslərin yaranmasına səbəb olur, bu da yetkin yaşlarda insanın psixika və xarakterində əks olunur.

Bətndaxili dövrün III ayından etibarən dölün xarici qulağı formalaşmağa və böyüməyə başlayır. VI ayda daxili büküşlər və qulaq seyvanının relyefi inkişaf edir. Doğuşdan sonra uşaqda çömçə qulaq aşkar olunduqda cərrahi üsul tətbiq edilmədən qulaq seyvanını fiksə etməklə ona düzgün forma  və vəziyyət vermək olar. Körpənin 6 aylığına qədər deformasiyalaşan qulağa yeni pozisiyanın verilmədiyi təqdirdə qığırdaq stabilləşir və belə hallarda artıq cərrahi korreksiya tələb olunur.

Hesab olunur ki, normada qulaq seyvanı ilə kəllə sümükləri arasındakı bucaq 30°-dən artıq olmamalıdır. Bununla yanaşı qulaq seyvanının xətti yanağa paralel olmalı, qulağın kənarı ilə ənsə sümükləri arasındakı məsafə təxminən 2 sm təşkil etməlidir. Qulaq seyvanının relyefi və konfiqurasiyası barmaq izləri kimi təkrarolunmaz xarakter daşıyır.

Deformasiya bir və ya ikitərəfli ola bilər. Çömçə qulağın dərəcə və növləri çox müxtəlifdir, bununla əlaqədar qüsuru vahid korreksiya üsulu mövcud deyil.

Çömçə qulağın yaranma səbəbləri

Qulağın bu tip deformasiyası qulaq seyvanının bir və ya bir neçə anadangəlmə xüsusiyyətləri ilə baölı ola bilər.

Çömçə qulaq adətən qarşı qıvrımın – qulaq seyvanının daxili hissəsində qıvrım paralel yerləşən qabarıqlığın natamam inkişafı, hamarlaşması nəticəsində formalaşır. Qarşı qıvrımın hamarlaşması onun tamamən olmaması və ya hissəvi ifadəliliyi (qüsurun qulaq seyvanının yalnız yuxarı qütbünü əhatə etməsi) ilə özünü büruzə verir.

Həmçinin qulaq seyvanının hipertrofiyaya uğrayan qığırdağı da çomçə qulağın inkişafına gətirib çıxarır. Məlumdur ki, qıvrım və qarşı qıvrımın ən hamar qığırdaq kompleksləri adətən xarici qulağın möhkəm qığırdağı üzərində yerləşir, onun böyüməsi qulaq seyvanının kəllə sümüklərindən  daha çox aralanması ilə nəticələnir.

Bəzən normal yerləşmiş qulaqda yalnız bir deformasiya – sırğalığın qabarmasına rast gəlinir, bu patoloji proses qulaq seyvanının hipertrofiyası və ya qıvrımın quyruq hissəsinin qeyri-adi formaya malik olması ilə əlaqədar baş verir.

Çömçə qulaq qulaq seyvanının bütün hissələrinin bərabər böyüdüyü (makrotiya) hallarda da müşahidə oluna bilər. «Normal» qulağın ölçüləri dəyişkən olur, bəzən onlar üz skeleti ilə qeyri-mütənasiblik təşkil edir. Çömçə qulağın bu variantı qulağın anadangəlmə xarakterli təcrid olunmuş izafi böyüməsi və ya üzün bir hissəsinin sürətli inkişafı zamanı qeydə alınır. Makrotiya (iri qulaqlar) həmçinin Reklinqhauzen neyrofibromatozu və ya damar anomaliyalarında rast gəlinir.

Çömçə qulağın estetik korreksiyasının əsas prinsipləri

Uşaqların əksəriyyəti çömçə qulaqla doğulur, lakin yaş artdıqca kəllə sümükləri böyüyür və bəzi insanlarda bu qüsurun ifadəliliyi azalır. Əməliyyat 6-8 yaşdan tez aparılmamalıdır. Çömçə qulağın korreksiyası uşağı psixoloji diskomfort və komplekslərdən azad edir.

6-8 yaşlarda qulaq seyvanı 90% formalaşır. Böyüklərdə qulağın estetik korreksiyası üçün heç bir yaş məhdudiyyəti yoxdur.

Laxtalanmanın pozulması, daxili orqanların ağır patologiyaları, onkoloji və və infeksion xəstəliklər, qulaqda gedən iltihabi proseslər, keloid çapıqlar, korreksiya olunmayan hipertenziya, şəkərli diabetə meyllik otoplastikanın aparılmasına əks-göstəriş sayılır.

Çömçə qulağın cərrahi korreksiyası kifayət qədər geniş yayılmışdır. Əməliyyat texniki cəhətdən mürəkkəb olmasa belə hər bir pasiyentə fərdi qaydada yanaşma tələb olunur.

Qulaq seyvanının forma, vəziyyət və ölçüsünün dəyişdirilməsinə yönəldilmiş plastik korreksiya otoplastika adlanır (yunan dilindən tərcümədə «othos» – qulaq deməkdir). Çömçə qulağın cərrahi korreksiyası estetik əməliyyat olub, pasiyentin sağlamlıq və həyatı üçün heç bir təhlükə törətmir.

Çömçə qulağın otoplastika üsulu ilə korreksiyası

Çömçə qulaq otoplastika (qulağın plastikası) ilə aradan qaldırılır. Əməliyyat zamanı anadangəlmə və ya qazanılmış xarakterli qüsur korreksiya olunur. Baxmayaraq ki, otoplastika mürəkkəb plastik əməliyyatlar sırasına daxil deyil, o, yüksək peşəkarlıq, təcrübə və dəqiqlik tələb edir.

Qığırdağın yeni forma və vəziyyəti pasiyentin antropometrik ölçüləri nəzərə alınmaqla cərrah tərəfindən təyin edilir. Yerli və ya ümumi anesteziya altında qulaq seyvanının arxasında kəsik aparılır və qığırdağa düzgün forma verilir. Otoplastika qulaq sırğalığının plastikası ilə birgə icra oluna bilər. Əməliyyat adətən 30-60 dəqiqə davam edir. Qığırdağın yeni formasını qorumaq üçün qulaqlara xüsusi yastıqlar qoyulur, üzərinə fiksəedici sarğı və ya bandaj yerləşdirilir. Onların 1 ay gəzdirilməsi mütləqdir.

Cərrah bıçağı ilə yerinə yetirilən klassik otoplastikadan əlavə lazer skalpelinin köməyilə lazer otoplastikası tətbiq olunur. Bu üsul heç bir iz qoymadan qulaq qığırdağını modelləşdirməyə imkan verir.

Otoplastikadan sonra həkimin təyinatlarına düzgün riayət etdikdə heç bir ağırlaşma olmur. Əməliyyatın nəticələri ömrün sonuna qədər dəyişməz qalır.

Otoplastika pasiyentləri estetik qüsurla yanaşı, kompleks və davranış stereotiplərindən də azad edir. Yeni qulaq formasına sahib olan insanlar daha mehriban və ünsiyyətcil olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: