İçəri batmış döş gilələri

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 16438

içəri batmış döş gilələrinin korreksiyasıİçəri batmış döş gilələri – süd vəzisinin inkişaf xüsusiyyəti olub, döş giləsinin areola ilə eyni vəziyyədə yerləşməsi və ya daxilə invertasiya etməsi ilə səciyyələnir. İçəri batmış gilələr qadın üçün estetik və psixoloji problem sayılır, eləcə də əmizdirmə prosesini çətinləşdirir. Bu problem konservativ üsul (vakuumla dartma) və ya cərrahi müdaxilə yolu ilə həll oluna bilər. Müalicədən əvvəl gilənin formasının dəyişməsinə səbəb ola biləcək süd vəzi xəstəlikləri (məsələn, süd vəzi xərçəngi) inkar edilməlidir.

  • İçəri batmış döş gilələrinin təsnifatı
  • İçəri batmış döş gilələrinin qeyri-cərrahi yolla müalicəsi
  • İçəri batmış döş gilələrinin cərrahi yolla korreksiyası

İçəri batmış döş gilələri barədə ümumi məlumat

Aydın nəzərə çarpan gilələrdən fərqli olaraq, yastı və ya içəri batmış gilələr areola səviyyəsindən yuxarı qalxmır. Bu problem həm estetik, həm də funksional xarakter daşıyır. İçəri batmış döş gilələrinin xarici görünüşü cinsi partnyorla münasibətə mənfi təsir göstərə bilər. Funksional problemlər əmizdirmə ilə bağlı ola bilər, belə hallarda uşağın döş giləsini tutması və ağzinda saxlaması çətinləşir. İçəri batmış gilələrlə bağlı digər problemlərə areolanın maserasiyası, eləcə də gilənin əmələ gətirdiyi çuxurda yağ və mexaniki hissəciklərin toplanmasını misal göstərmək olar. İçəri batmış gilələr irsi meyllik, cinsiyyət orqanlarının hipoplaziyası və ya hipofunksiyası, süd axarlarının natamam inkişafı, dar büstqalterdən uzunmüddətli istifadə nətucəsində formalaşa bilər.

Döş giləsinin səthinə 15-25 ədəd kiçik ölçülü süd axacaqları açılır. Onlar arasında süd vəzisinin daha dərin qatlarına birləşən birləşdirici toxuma komponentləri yerləşir. Birləşdirici toxumanın uzunluğu çox qısa olan ipləri gilələrin içəri batmasına səbəb olur. Bir sıra hallarda laktasiya prosesi ilə əlaqədar döş giləsinin forması dəyişir və areola səviyyəsindən yuxarı qalxır. Funksional pozğunluqlar batıq döş gilələri olan pasiyentlərin 50%-də qeydə alınır.

İçəri batmış döş gilələrinin təsnifatı

Plastik cərrah Slosser içəriyə batmış döş gilələrinin 2 tipini ayırd etmişdir: gizlənən və kip invertasiya olunan.

Gizlənən gilələr seksual stimulyasiya və ya əmizdirmə zamanı xaricə qabarır; invertasiya olunan forma isə heç bir zaman areola səviyyəsindən yuxarı qalxmır. Gizlənən gilələr yalnız psixoloji və kosmetik problem yaradır, kip invertasiya olunan gilələr isə həm də funksional pozğunluqlarla: döşlə əmizdirmənin mümkün olmaması, gilələrin iltihabı və qıcıqlanması ilə müşayiət olunur.

İçəri batmış döş gilələrinin qeyri-cərrahi müalicəsi

İçəri batmış döş gilələrinin korreksiyası məqsədilə süd vəzisinə qoyulan xüsusi vakuum ucluqdan istifadə etməklə qeyri-cərrahi müalicə tətbiq oluna bilər. Hermetizasiya üçün döş giləsinə vazelin çəkilir, ucluqdan hava çəkilir və o, xaricdən cərrahi plastırla fiksə edilir.

Vakuum ucluq gün ərzində gəzdirilir, arabir çıxararaq, süd vəzisində çat və qıcıqlanmaların olmasına nəzarət edilir. Müalicə bir neçə həftə davam edir, bu müddət ərzində birləşdirici toxumanın kiçik ölçülü dəstələri uzanır, döş giləsi qabarır. Kip invertasiya olunan gilələrdə aparat üsulu hətta üzün müddətli müalicə zamanı da effekt vermir. Vakuumla dartma üsulu əməliyyatönü mərhələdə məsləhət görülə bilər.

İçəri batmış gilələrin radikal korreksiyası plastik cərrahiyyənin köməyilə icra olunur.

İçəri batmış döş gilələrinin cərrahi yolla korreksiyası

Plastik əməliyyatın planlaşdırılmasından əvvəl pasiyent mütləq geniş müayinə olunmalıdır, belə ki, döş giləsinin formasının dəyişməsi süd vəzisinin ciddi patologiyaları (o cümlədən süd vəzi xərçəngi) ilə bağlı ola bilər.

Əməliyyatın hansı üsulla aparılması pasiyentin laktasiya qabiliyyətini saxlamaq istəyindən asılıdır. Belə ki, qadının planından asılı olaraq, süd axacaqlarının tamlığı qoruna və ya əməliyyat kosmetik qüsurun korreksiyası ilə məhdudlaşa bilər.

İçəri batmış gilələrin korreksiyası kiçik əməliyyat olub, yerli və ya ümumi anesteziya altında aparılır. Qadının döşlə əmizdirməni planlaşdırmadığı təqdirdə əməliyyat prosesində giləni fiksasiya edən birləşdirici toxuma dəstələri kəsilir, bu da döş giləsinin areola səviyyəsindən yuxarı qalxması ilə müşayiət olunur. Lakin bu halda süd axacaqları kəsişdiyindən uşağın əmizdirilməsi mümkün olmur.

Süd axacaqlarının tamlığının və onların funksiyalarının qorunması məqsədilə gilələrin mikrocərrahi korreksiyası icra olunur. Giləətrafı areolanın əsasında kiçik kəsik aparmaqla yalnız giləni daxilə dartan birləşdirici toxuma mənşəli iplər kəsilir. Bu zaman süd axacaqlarının bütövlüyü qorunur, döş giləsi önə qabarır, bununla da laktasiya qabiliyyəti təmin olunur.

İçəri batmış döş gilələrinin korreksiyası müstəqil və ya mammoplastika (süd vəzisinin balacalaşdırılması və ya dikləşdirilməsi) ilə müştərək şəkildə aparıla bilər. Gilələrin cərrahi yolla korreksiyası təxminən 1 saat davam edir. Süd vəzilərinin forma və ölçüsünün dəyişməsi ilə müşayiət olunmayan batıq gilələrin izoləolunmuş korreksiyası zamanı reabilitasiya dövrü tez başa çatır.

Ödemlər və göyərmələr bir neçə gündən sonra keçib gedir, tikiş zonası iz qoymadan sağalır. Əməliyyatdan sonra bir neçə həftə ərzində gilələrin həssaslığı azala bilər. Postoperasion məhdudiyyətlərə korreksiyadan sonra bir neçə həftə ərzində ağır fiziki yüklənmələr, sauna, hamam, çimərlikdən imtina aiddir. Əməliyyatın estetik nəticəsi adətən uzunmüddətli olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: